İkinci pərdə
Səhnə Qəzvin bazarlarından birini təsvir edir. Bazarın bir tərəfi açıqlıq, meydan, xara-
balıq... Yusif Sərracın dükanı, divarlardan yəhər, cilov və sair asılmışdır. Usta Yusif
əlindəki cilovu tikib hazırlamağa çalışır. Bazarda baş verən hadisələri nifrətlə seyr edir.
Boynundan iri və kiçik muncuqlar asmış, uzun yun papağına qaz, xoruz və toyuq
lələyi taxmış bir dərviş, əlində kəşkül və təbərzin, oxuya-oxuya gedir. Kəşkülünü
yoldan keçən adamlara tərəf uzadıb pul istəyir.
Dərviş
(Oxuya-oxuya meydanı dolaşır)
Nə mərizü nə təbibəm, hələ ləngü ləngü ləngəm.
Nə həbibü nə qəribəm, hələ ləngü ləngü ləngəm.
Na zi xakü nə badəm, hələ ləngü ləngü ləngəm.
Nə sitarəyəm, nə mahəm, nə gəda, nə padişahəm.
Bə miyani in dü rahəm, hələ ləngü ləngü ləngəm.
Nə zəmin, nə asimanəm, nə əz inü nə əz anəm,
Nə diyari-laməkanəm, hələ ləngü ləngü ləngəm!
Yusif. Avazın yaxşı gəlir, ancaq özün alimibiəməlsən. Mənim tiryəkə verəcək pulum yoxdur... (Rədd edir, dərviş acıqlı-acıqlı baxaraq uzaqlaşır)
Xosrov ilə Budaq Yusifin dükanına gəlirlər.
Hərikisi. Salam, usta Yusif!
Yusif. Əleyküməssəlam.
Xosrov. Usta Yusif, yenə nə var, qaşların yaman çatılıb?
Usta Yusif əlilə meydanı göstərir.
Yusif. Bu meydanda adamdan başqa hər şey var: ilanoynadan, falabaxan, cibkəsən, duayazan. Mövhumat, yoxsulluq gündən-günə artır. Hələ o başı çarşablı qoca arvada baxın, bayaqdan bir parça arpa çörəyi almaq istəyir, pulu çatmır. (Dəsmala bağlayıb-yemək üçün gətirdiyi çörəyi göstərərək) Budaq, bu çörəyi o qoca arvada ver.
Budaq çörəyi alıb gedir.
Xosrov. Bu il quraqlıq keçdiyindən çörəyin qiyməti çox bahalanıbdır.
Yusif. Padşah və onun talançı vəzirləri vaxtında Qəzvinin ətrafına su çəkdirsəydi, belə bahalıq olmazdı. Eh, Xosrov, xalqı düşünən kimdir, onların başı ancaq kefə, camaatı talamağa məşğuldur.
Budaq gəlib onları dinləyir. Meydanda darğa və
iki fərraş görünür. Hamı bir-birinə dəyir.
Yusif. Qarğabaşı gəldi. (Gülüşürlər)
Darğa əlindəki matraq ilə adamları vura-vura keçir.
Darğa. Boş yerə meydanı niyə tutmusunuz?
Alverçilər ovcuna pul basır, o, alıb keçir.
Yusif. Maliyyə vəzirinin əmrilə xidmətçilərə məvacib verilmir, onlar camaatı soymaq ilə yaşayırlar.
Xosrov. Bir bax, tiryək pulunu qazandı. Bu saat özünü vuracaq tiryəkxanaya.
Səhnə qaralır; tiryəkxanada bir nəfər tiryək çəkir, çubuğu və iki əlini göyə uzadır.
Tiryəkkeş. Bax, bax, mən indi mələklərin qanadları üstündə uçuram. (Birdən ucadan) Yol verin, yol verin, uçuram...
Dərviş daxil olur, tiryəkkeşə.
Dərviş. Pədərsüxtə, sən uçmaqda davam elə, hoqqanı bura ver, qoy bir-iki qullab da mən vurum. (Tiryəkkeşin əlindən çubuğu dartıb alır, özü çəkməyə başlayır. Tiryəkkeş başını mütəkkəyə qoyub uzanır, dərviş çubuğu çəkə-çəkə tiryəkkeşi ayağı ilə vurur) Ey, təpik atma, ayaqlarını yığışdır.
Darğa daxil olur.
Darğa. Siz burda niyə vuruşursunuz? Qalxın ayağa!
Tiryəkxana sahibi darğaya tez bir çubuq uzadır və ona yer göstərir.
Tiryəkxanasahibi. Buyurun, ağa, əyləşin, çəkin.
Darğa tiryək çəkir. Tiryəkkeş bərk xorna çəkdikdən sonra
başını qaldırır, sərxoş halda dərvişə baxır.
Tiryəkkeş. Ey, mən hardayam? Yerdəyəm, ya göydə?
Dərviş. Heç birində, cəhənnəmin təkində.
Tiryəkkeş (gözünü silə-silə). Nə dedin? Harda?
Dərviş (çəkə-çəkə). Cəhənnəmin təkində.
Tiryəkkeş əlilə döşünü qaşıya-qaşıya.
Tiryəkkeş. Ürəyim narşərab istəyir, görəsən, orda narşərab verirlər?
Dərviş. Verirlər, verirlər, özü də lap kasa-kasa verirlər.
Tiryəkkeş. Aha, elə de. (Oturur, diqqətlə dərvişə baxıb) Ey, sən kimsən?
Dərviş. Mən... narşərabam.
Tiryəkkeş. Narşərab?
Dərviş (halsız). Al, al, narşərabı. (Çubuğu ona uzadır) Başımı hara qoyum? (Uzanmaq istəyir)
Tiryəkkeş (dərvişdən bərk-bərk yapışıb). Ey, tut məni, yıxılıram.
Dərviş. Burax məni, mən uçmaq istəyirəm.
Tiryəkkeş. Göydən yıxılıram, yıxılıram. (Dərvişi tutur)
Dərviş. Ey, burax məni, mən göydə uçmaq istəyirəm.
Darğa. Mən də, mən də. (Dükançıya) Ey, de görüm, göydə də darğabaşı var?
Tiryəkxanasahibi. Var, ağa, var.
Darğa (pulunu dükançıya uzadır). Al pulu saxla, qorxuram göydə darğabaşı alsın... (Uzadır)
Səhnə qaranlıqlaşır, yenə əvvəlki meydan.
Yusif. Bax, budur Şah Abbasın yaratdığı həyat...
Xosrov. Usta Yusif, səninlə tanış olduğuma, bilsən, nə qədər peşmanam.
Yusif. Nə üçün? Mən sənə nə eləmişəm?
Xosrov. Bundan artıq nə edəcəksən? Nə gecə yuxum var, nə gündüz rahatlığım. Düşüncə, kədər içində üzülüb gedirəm.
Yusif başını qaldırır.
Yusif. Nə demək istəyirsən?
Xosrov. Demək istəyirəm ki, sən nə üçün mənim gözlərimi açdın? Nə üçün bu bədbəxt məmləkətdə olan bütün çirkinlikləri mənə göstərdin?
Yusif. Əvvəllər bu çirkinlikləri görməyirdinmi?
Xosrov. Görürdüm, ancaq o qədər mütəəssir olmurdum. Çünki cahil idim. Əqlim, şüurum, mühakiməm zəif idi. Hökumətin, hətta ən kiçik bir məmurun etdiyi haqsızlığı mən bir qanun sanırdım, məmləkətin ehtiyacını, zamanın tələblərini bu qədər dərindən düşünə bilmirdim.
Budaq. Mən də... mən də!
Xosrov. Bilirsənmi, dost, mən o zaman nə özümün, nə də camaatın əzildiyini bu qədər dərindən hiss edə bilmirdim.
Budaq. O zaman da istibdad pəncəsində əzilirdik, indi də. Yalnız bir fərqi var. O zaman bu heyvan kimi yaşayışın səbəblərini görmürdük, anlamırdıq. İndi isə o səbəbləri anladığımız üçün əzab çəkirik.
Xosrov. Doğrudur! Doğrudur... O zaman gözümüz açılmamışdı. Hökumət başında duran şöhrətpərəstlər gözümüzün qarşısında qalın və qara pərdə asmışdı.
Yusif. Bəs mənim gözlərimi kim açdı? Yoxsul bir kəndli oğlu idim, oxumaq üçün atam məni İsfahana mədrəsəyə göndərdi. Orada səkkiz il oxudum, çalışdım, nədənsə xoşuma gəlmədi. Oradan Həmədana getdim. Sərraclıq sənətini orada öyrəndim. Mənim gözlərimi həyatın ağır zərbələri, alnımın təri və əlimin zəhməti açdı.
Budaq. Doğrudur, ehtiyac adama hər şeyi öyrədir.
Yusif. Bu məmləkətin islahata çox böyük ehtiyacı var. Əlimdə hakimiyyət olsa idi, mən bilirəm nələr edərdim: qadınlara azadlıq verərdim; məktəblər açardım... Eh... Bunlar haqqında düşünməli və çarə aramalısınız.
Xosrov. Usta Yusif, sənin hər sözün bir həqiqətdir. Sən yalnız əsrimizə deyil, əsrlərə nüfuz edə bilmiş böyük bir qüvvətsən.
Rəhman tələsik gəlir.
Rəhman. Usta Yusif, muştuluğumu ver!
Yusif. Nə var?
Rəhman. Muştuluğumu verməsən demərəm.
Yusif. Yaxşı, muştuluğun borc olsun.
Rəhman. Yox, bu elə muştuluqdur ki, nağd olmalıdır... Kişi, sənin xəbərin yox... dünya aşıb-daşıb...
Xosrov. Doğrudan, nə olub?
Rəhman. Tez ol, ver, söyləyim.
Budaq ona bir cilov uzadır.
Budaq. Al, bu sənin muştuluğun, keçir başına.
Xosrov (yəhəri göstərib). İstəyirsən bu yəhəri də verim, qoy belinə, bundan artıq muştuluq?
Rəhman. Heyvan özünsən!..
Yusif. Yaxşı, zarafatı burax, söylə görək nə var?
Rəhman. Zarafat deyil, canın üçün, doğru deyirəm. Yaxşı bir plov verərsənmi?
Budaq. Verər, yaxşı, verər.
Rəhman. Özü də Tubu xanım bişirmək şərtilə.
Yusif. Yaxşı, razıyam.
Rəhman. Sizdən də qonaqlıq alacağam.
Xosrov. Eh, səbrimiz tükəndi, de görək nə var?
Rəhman. Nə olacaq, Şah Abbas taxt-tacından əl çəkib.
Yusif. Burda xəriflədin, yalandır!
Xosrov. Əlbəttə, yalandır! Biz də deyirik, görəsən nə var?
Yusif. Mən onun dabbaqxanada gönünü tanıyıram. O, canından əl çəkər, taxt-tacından əl çəkməz.
Rəhman. Doğru deyirəm, bunu bütün şəhər danışır.
Yusif meydançada bir-birilə qorxa-qorxa, gizli-gizli danışan adamlara baxır.
Yusif. Baxın, meydan bir-birinə dəymiş... Burda bir iş var.
Hamı meydana tamaşa edir.
Iadam (qorxa-qorxa, yavaşca). Xəbərin var?
II adam. Nədən?
Iadam. Deyirlər, Şah Abbas taxtından əl çəkibdir.
lI adam (qorxa-qorxa). Sus! Nə danışırsan, kişi? Başımızı qana salarsan...
Iadam. Bütün şəhər danışır.
II adam. Yum ağzını, eşitsələr dərimizə saman təpərlər. (Qolundan tutur, danışa-danışa gedirlər)
III adam. Bura bax!
IV adam. Hə, nə var?
III adam. Sən də eşitmisən?
IV adam. Nəyi?
III adam (qorxa-qorxa). Belə xəbər var ki, Şah Abbası taxtından yerə salıblar.
IV adam (ətrafa qorxa-qorxa baxaraq). Kişi, sən xərifləmisən... görünür, başın qaşınır. Mən hələ yaşamaq istəyirəm.
III adam. Canım üçün, hamı danışır.
IV adam. Sənə sus deyirəm, qırışmal! (Qolundan tutub sürüyür) Gəl gedək, başını bıçağa sürtdün; gəl, tez ol!
III adam (qorxa-qorxa). Hara?
IV adam. Darğanın qulluğuna. (Onu çəkir)
III adam. Kəblə Hüseyn, Allah rizasına, yaxamdan əl çək! Məni balalarının başına çevir. Canın üçün, daha danışmaram.
IV adam. Gəl-gəl, deyirəm. Mən canımdan keçməmişəm. (Çəkə-çəkə aparır)
Xosrov. Yusif demişkən, burada bir iş var.
Vəzirlər böyük dəbdəbə ilə meydan başında görünürlər.
Budaq onları əlilə göstərərək.
Budaq. O nədir?
Yusif. Yenə bu şikəmüddövlə başındakı həşəratı ilə hansı cəsəd üstünə qonmağa tələsir?
Xosrov. Kim bilir, bütün İran onun üçün cəsəd deyilmi?
Rəhman. Usta Yusif, birbaş bizim üstümüzə gəlir.
Yusif. Gəlsin, yel qayadan nə aparar!..
Budaq. Allah, sən bizi bunların şərrindən saxla.
Vəzirlər dəbdəbə ilə Yusif Sərracın dükanı ağzında dayanırlar.
Mollabaşı, Sərdar Zaman xan irəli gəlir.
Mollabaşı. Salaməleyküm, usta Yusif!
Yusif. Əleykəssalam...
Mollaba şı. Usta Yusif, qəza və qədərdən qaçmaq olmaz! Bu gündən siz Allahın əmrilə İran taxt-tacının sahibi Yusif şahsınız!
Camaat. Yaşasın Yusif şah!
Sərdar Zamanxan. Şah Abbas səltənəti sizə təslim etməyə əmr vermişdir. Özü də dərvişlik qəbul edib. Saraya buyurun, İran taxt-tacı sizi gözləyir.
Hamı heyrət içində.
Yusif (ətrafa). Keçəl suya getməz. (Onlara) Ağalar, təvəqqe edirəm mənə dolaşmayın. Onsuz da bizi hər zaman dolayırlar!
Sərdar Zamanxan. Bu nə sözdür, Yusif şah... Atamın ərvahı üçün, sizi dolamırıq, sözümüz həqiqətdir. Siz həqiqətən İran taxttacının sahibi Yusif şahsınız!
Yusif (ətrafa). Dilləri qoyun, işləri oyun. (Onlara). Ağalar, mən hara, padşahlıq hara? Yaxşı sənətkarın sənəti onun üçün şahlıqdır. Fəqir bir sərracam, mənə dolaşmayın!
Mollabaşı. Əstəğfürullah, Yusif şah, siz İran taxtının sahibi
Yusif şahsınız!..
Camaat. Yaşasın Yusif şah!..
Sərdar Zamanxan. Xələt gətirin, qibleyi-aləmi geyindirək.
Yusif. Ağalar, İranda məgər adam qıtlığıdır? Siz nə üçün ancaq məni görə bildiniz?
Mirzə Möhsün. İran taxt-tacına hər kəsdən daha layiq, müstəhəq olduğunuz üçün.
Mirzə Yəhya. Kamal və şüurunuzu hər kəsdən çox bəyəndiyimiz üçün.
Xosrov. Demək, İranda insanlara öz əqil və kamalı ilə qiymət verilməyə başlanmışdır. Nə şad xəbər, gün hardan doğmuşdur?
Rəhman. Bu, gözəl bir faldır. Göz var görmək üçün, ağıl var bilmək üçün.
Budaq. Usta Yusif, qəbul et! İran məmləkətinin sənə böyük ehtiyacı var.
Rəhman. Bu, İran üçün böyük bir səadətdir! Yusif şah həmişə deyirdi: ehtiyac təkamülün babasıdır.
Yusif. Görək bu nə siyasətdir!
Yusif şahı geyindirirlər. Dərviş, əlində kəşkül, oxuya-oxuya gəlir.
Dərviş
Nə mükəddərəm, nə şadəm, nə nihan, na aşikarəm,
Nə zi xakü nə badəm, hələ ləngü ləngü ləngəm.
Kəşkülü vəzirlərə tərəf uzadır. SərdarZaman xan kəşkülə bir ovuc pul tökür.
Sərdar Zamanxan. Yeni padşahımız Yusif şahdan xələt almaq lazımdır!
Dərviş oxuya-oxuya kəşkülü Yusif şaha tərəf uzadır.
Dərviş
Nə sitarəyəm, nə mahəm, nə gəda, nə padşahəm
Bə miyani in dü rahəm, hələ ləngü ləngü ləngəm.
Yusifşah (onun sözünü kəsərək). Məscid tikilməmiş, kor qapını aldı. (Kəşkülü rədd edərək) Dərviş! Mənə qəsidə lazım deyil. Mən o şahlardan deyiləm.
Dərviş (ona acıqlı baxaraq). Səndən şah olmaz!..
Budaq. Əyri düzü bəyənməz, bu da bizi bəyənməz.
Rəhman. Çəkil burdan!
Yusifşah (Rəhmana). Hər hürənə daş atsan, daş üstündə daş qalmaz.
Xosrov. Yusif şahın hər sözü bir hikmətdir.
Budaq. Allah İrana səni anlayan baş, eşidən qulaq, sevən qəlb kəramət etsin.
Mollabaşı. Yusif şah ədaləti ilə özünü İran xalqına sevdirəcək.
Mirzə Möhsün. Şübhəsiz, şübhəsiz!..
Sərdar Zamanxan (amiranə bir səslə). Hazır!.. (Yusif şaha) Buyurun, qibleyi-aləm, buyurun!
Yusifşah (yoldaşlarına). Sağ olun, dostlar, inşaallah, görüşərik.
Hamı. Sağ ol, Yusif şah, sağ ol!
Budaq. Keçən keçdi, gələn üçün xeyir olsun.
Musiqi, dəbdəbə və təntənə ilə Yusif şahı aparırlar, dostları arxadan
heyrətlə ona tamaşa edirlər.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-aldanmis-ulduzlar-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gəlmiş ol alicənabın qasidi istər tüfəngEy gözüm, nəzzarə qıl, bax hər yana axtər tüfəng
İllər yaman tələsdiSaçlarıma ağ cığırlar salmağa,Günlər, aylar, illər yaman tələsdi.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!