Bostançı
Yayın üzüm, əncir bişirən qızğın günlərindən biri idi. Günəş göydən qum üzərinə alov saçdıqca yer qorlu külə dönür, istidən nəfəs almaq olmayırdı. Zəhra qarı istidən qaçıb bir əncir ağacı kölgəsində uzandı. Bir az sonra yuxuya getdi. Oyandığı zaman günəş yavaş-yavaş əyilirdi. Yatdığı yerdən qalxıb oturmaq istəyirdi ki, sinəsində soyuq bir şeyin hərəkət etdiyini duydu. Tez əlini sinəsinə aparıb onun nə olduğunu bilməyə tələsdi. Əli köksü üzərində qıvrılıb yatmış ilana dəyər-dəyməz: “Vay, ilan!” deyə, dəli kimi bağırdı və həyəcanlı halda sinəsi ilə ilanı yerə atmaq istədi. Ancaq ilan da vaxtında öz işini görmüşdü. Zəhra qarı oyananda o da oyanmış, onun qışqırığı ilə ilanın sancıb qaçması bir olmuşdu.
Balaca Səməd nənəsinin bağırtısını eşidincə əvvəlcə qorxub dayandı, sonra bir az özünə ürək verib, irəli gəldi. Bu zaman ayaqları ucundan bir ilan fışıltı ilə qaçıb yox oldu. Səməd onu görüncə qaça-qaça gəlib evdəkiləri xəbərdar etdi.
– Ana, ana, nənəmi ilan yedi.
Hamı bağa qaçdı. Zəhra qarı köksünü tutub çığırır və ağrıdan uşaq kimi ağlayırdı. Ailə üzvləri dərin həyəcan içində idi. Kərim kişi tez həkim çağırmağa getdi. Arvad-uşaq bir-birinə qarışmışdı. İlan qarının döşündən vurmuşdu. Gəlini Ziynət dəsmal ilə qarının döşünü bərk sıxıb bağladı və ilan vuran yerə qatıq sürtdü.
İndi hamı səbirsizliklə həkimi gözləyirdi. Nəhayət həkim gəldi. Təcili yardım göstərib, yazıq qarının bədənini bir neçə yerdən çərtdikdən sonra getdi. O, bir də iki saatdan sonra gələcəyini bildirdi.
Üç gün keçmədi Zəhra qarı sağalıb ayağa qalxdı.
Bu hadisədən sonra Kərim kişi nəvələri Səməd ilə Zibanı bağbostan tərəfə buraxmadı. İlanları tələf etmək üçün iki kirpi tapıb bostana buraxdı.
Bir gün Ziba əncir dərirkən gördü ki, kirpi bir ilanın quyruğunu ağzına salıb çeynəyir. İlan çırpınır, quyruğu üstə qalxıb, özünü gah yerə, gah da kirpinin tikanlarına çırpır. Tikanlar onun cəmdəyinə batıb parçalayır.
Ziba sevinə-sevinə evə qaçdı: “Ana, ana! Tez gəlin, kirpimiz ilan yeyir”, deyə evdəkiləri çağırdı. Hamı bağa qaçdı. Kirpinin ilan yediyinə tamaşa etdilər.
Ziba soruşdu:
– Ana, nə üçün ilan kirpini çalmayır?
Zibaya babası Kərim kişi cavab verdi:
– Qızım, baxsana, kirpi ilanın quyruğundan tutub öz başını içəri çəkibdir. İlan onun harasından vursun? O, istədiyi qədər qoy özünü kirpinin tikanlarına çırpsın daha da bədəni parçalanıb əziləcək. Kirpi öz işindədir. O, içəridən xımır-xımır yeyir.
Bu zaman sonuncu dəfə olaraq ilan başını qaldırıb dikəldi və canının ağrısından özünü kirpinin üstünə çırpdı. Bir az sonra quru ağac kimi dümdüz yerə sərildi. Səməd əlindəki ağacla ilanın başını əzə-əzə:
– Nənəmi sənmi yemişdin? – deyə ilanı öldürdü.
O gün uşaqlar üçün toy-bayram idi. Kirpilər onların gözündə böyümüşdü.
Kərim kişinin sənəti dəmirçilik idi. Oğlu Bahadır sənət məktəbində çilingərlik öyrənib zavoda düzələndən sonra atasının qocalığını nəzərə alaraq, onu işləməyə qoymamışdı. Bundan sonra o, ata-baba bağında təsərrüfat işləri ilə məşğul oldu. Uşaqlıqdan ata-babasından görüb öyrəndiklərini təsərrüfatına tətbiq etdi. Çox çəkmədi ki, Kərim kişi bağ-bostan işlərinin bilicisi kimi məşhur oldu. Onun bostan məhsullarının, xüsusən qovuş-qarpızının tərifi dillərdə söylənilirdi.
Bostanın oğlan çağı idi. Göy tağlar hər tərəfə qol-budaq atmışdı. Tağların yaşıl yarpaqları arasından görünən qovun-qarpız insana fərəh verir və göy çəməndə sakit-sakit yan-yana otlayan quzu sürüsünü xatırladırdı.
Bostanın qovun-qarpız hissəsi Kərim kişinin ən çox əmək sərf etdiyi və ən çox sevdiyi hissə idi. Hər gün yetişmiş qovun-qarpızı dərdiyi zaman onları bir-bir əlində oynadaraq, bir neçə saniyə baxdıqdan sonra fərəhlə yavaşca yerə qoyardı.
Bir gün bostanı gəzərkən məhsulun bir neçəsini parçalanmış və bir tərəfi yeyilmiş gördü. Kərim kişi parçalanmış qovun-qarpızı dərib əlində baxarkən, qaşlarını çataraq, söylənməyə başladı.
Bahadır işdən qayıtmışdı. Atasının bostanda olduğunu bilib, oğlu Səməd və qızı Ziba ilə bərabər atasının yanına gəldi. Kərim onları görüncə parçalanmış qovun-qarpızı göstərib:
– Oğlum, görürsən? Ən yaxşılarını puç eləyiblər, – deyə şikayətləndi. Bahadırın gümanı uşaqlara gəldi.
– Ata, yoxsa nəvələrinin işidir?
Uşaqlar bir ağızdan dedilər:
– Baba, biz bostana heç ayaq basmırıq.
Kərim kişi bir an fikirləşib dedi:
– Bostanda ən şirin qovun-qarpızı çaqqal yeyər.
Bahadır zarafatla:
– Canın sağ olsun, qovun-qarpızdan qoy çaqqallar da yeyib, sənin canına dua eləsinlər.
– Yox, Bahadır, elə demə, zəhmətimizlə şişib öküzə dönən müftəxorları biz ləğv elədik. Bu müftəxorları da ləğv etmək lazımdır!
Kərim kişi o gecə yatmadı. Tüfəngini götürüb, bostanın yaxınlığındakı böyük əncir ağacı altında uzandı. Altına bir çuval saldı, yanına yoğun bir ağac qoydu.
Aydınlıq gecə idi. Bostanın içi gündüz kimi işıq idi. Çox gözlədi. Neçə dəfə çubuğunu doldurub çəkdi. Səs-səmir eşidilmədi. Yerindən qalxıb bostanı başdan-başa dolaşdı, bir şey görməyib, yenə geri döndü və ağac altında çuvalın üstündə uzandı.
Hava sakit və durğun idi. Bütün mövcudat dadlı yuxuya dalmış olduğundan, ortalığa dilsiz bir sükut çökmüşdü. Yalnız göydə oynayan ulduzlar, yerdə əyyaş cır-cıramalar oyaq idi. Mürgüləyən təbiət Kərim kişiyə layla çaldığından o da başını ağacın gövdəsinə dayayıb cır-cıramaların yeknəsəq və ahəngsiz nəğmələrinə dalmışdı. Bu aralıq səs eşidildi. Bostançı tez gözlərini açıb oturdu və tüfəngini götürüb sıx və iri əncir yarpaqları arasından diqqətlə səs gələn tərəfə baxdı. Bir şey görmədi. Ancaq eşitdiyi səsdən Kərim kişi bostana heyvan gəldiyini hiss etmişdi. İndi onun nə heyvan olduğunu və harada durduğunu öyrənmək istəyirdi. O, gözlərini bostana dikib aramsız gözlərkən nə gördü? Bir tülkü əncir ağacı yanında çömbəlib oturmuş, yaxında adam olubolmadığını bilmək üçün tez-tez havanı iyləyir və əli ilə arabir yuvarlaq bir şeyi tərpədir. Kərim kişi diqqətlə baxıb gördü ki, tülkünün oynatdığı kirpidir. Bundan bir şey anlamadı. O elə bildi ki, tülkü kirpi ilə oynayır. İşin sonunu maraq içində gözləyib dururdu.
Tülkü kirpini yuvarlaya-yuvarlaya əncir ağacından uzaqlaşdırdı, arxası üstünə çevirdi. Bir az marıtdayıb ona baxdıqdan sonra ağzını kirpiyə tərəf uzadıb yenə tez geri çəkildi. Kərim kişi içində gülərək:
– Sənə tülkü deyərlərsə, ona da kirpi deyərlər. Tikanlardan özünə elə hasar çəkməyib ki, onu yeyə biləsən, – dedi.
Tülkü kirpinin başı üzərində durub, başını gizlədiyi yerə ağzından damla-damla su axırdı. Kərim kişi ürəyində: “Dayan, görək nə edəcək?” deyə düşündü. Kirpinin nəfəsi tutulmuşdu: Çox çəkmədi ki, başını çıxartdı. Bunu görcək tülkü dərhal onun başını ağzına salıb çeynəməyə başladı. Tikanlar artıq onu qorxutmayırdı. Çünki kirpi ayaqlarını uzadıb tikansız, yumşaq qarnını açıq buraxmışdı. Kərim tülkünün hiyləsini ancaq indi anladı, əvvəldən tülkünü öldürmədiyinə peşman oldu. Tez nişan alıb tüfənglə vurdu. Tülkü dərhal yerə sərildi. Kərim kişi tülkünün yanına gəlib dərisini soydu.
Bu aralıq yenə səs eşidildi. Bostançı tez öz yerinə çəkilib durdu. O bilirdi ki, yer-yemişi parçalayan başqa heyvandır. Kərim ziyançı oğrunu tutmaq istəyirdi. Əncir ağacının yarpaqları arasından dörd gözlə bostana baxırdı. O bir şey görməyirdi. Ancaq bir az uzaqda “trap, trup” səsi eşidildi. Bu, kiçik heyvan ayaqlarının səsi idi. Səs getdikcə ona yaxınlaşırdı. O bir də diqqətlə baxdı. İki dovşan iri qulaqlarını şəkləyib bostanın içində dolaşırdı. Onlar arabir iki ayaqları üstündə qalxıb ətrafı yoxlayır, sonra tağların arasında atıla-atıla gəzirdilər.
Kərim kişi oğruları tapmışdı. Onun qəlbi sakit-sakit çırpınırdı və dovşanları tutmaq yolunu düşünürdü. Bostan oğruları qarpız, qovunları qoxlaya-qoxlaya keçirdi. Hər ikisi bir tağ yanında durdu, qorxaq baxışlarla ətrafı süzdükdən sonra iri bir qarpızı yeməyə başladılar. Kərimin səbri tükənmişdi. Dovşanın qorxaq heyvan olduğunu o çox yaxşı bilirdi; onlar bərk səs eşitdikləri zaman qorxudan durduğu yerə sıxılıb qalır. Kərim tüfəngi götürüb dovşanları nişan aldı. Tüfəng açılınca çuvalı götürüb onlara tərəf yüyürdü. Dovşanlar bir-birinə yaxın olduğundan seçmələr dovşanların ayaqlarını yaralamışdı. Kərim asanlıqla dovşanları tutub çuvala saldı.
O, artıq vəzifəsini bitirmişdi. Çuvalı arxasına atıb evinə getdi, çuvalı bir bucağa qoyub yatdı.
Səhər Ziba Kərim kişidən əvvəl oyanmışdı. Dovşanların çuval içində atılıb-düşdüklərini görüncə qardaşını səslədi:
– Səməd, Səməd, bura gəl! Çuvalın içində bax gör babam nə gətirib.
Səməd gəlib əli ilə çuvalı yoxladı və tez əlini çəkib:
– Dovşandır, dovşandır! – deyə sevincindən bağırdı. O elə çığırdı ki, səsinə Kərim kişi yuxudan oyandı. Başını yasdıqdan qaldırıb:
– Ey, uşaqlar! Əl vurmayın, qaçırarsınız, – dedi.
Səməd babasının boynuna sarıldı:
– Babacan, bunları bizə ver, saxlayaq.
Kərim kişi:
– Yox, quzum, bunlar bostan oğrusudur. Həm də yaralıdırlar Bu gün anan bunların ətindən dadlı yemək bişirər, yeyərik, – dedi.
Söhbətə, işə getməyə hazırlaşan Bahadır qarışdı. O gülə-gülə:
– Yenə nə bişirib yeyirsiniz? – deyə zarafatla soruşdu.
Səməd tez çuvalı göstərib:
– Bax, bu dovşanları...
– Gecə tüfəng atılanda mən oyaq idim, bildim ki, oğruları tutmusan, – deyə Bahadır fərəhlə atasına baxdı. Kərim kişi yerindən qalxıb:
– Hələ ondan əvvəl bir tülkü vurmuşam, – deyə yasdığının yanından tülkü dərisini götürüb, ortalığa atdı. Hamı heyrət içində dəriyə baxdı.
Uşaqlar sevindiklərindən sıçrayırdı. Bircə Kərim kişi sevinmir, nəyi isə düşünürdü. Oğlunun ona baxdığını görüb dedi:
– Bahadır, bu tülkü gecə mən bir dağ çəkib ki...
– Necə?
– Zalım, kirpini yedi.
– Kirpini yedi? Necə yedi?
– Mən heç inanmadım ki, kirpini o yeyə bilsin. Gözüm baxa-baxa onu elə hiylə ilə öldürüb yedi ki, lap matım çəkildi.
Səmədə ağlamsınaraq soruşdu:
– Baba, demək, kirpimiz öldü, eləmi?
– Öldü, bala, öldü! – deyə Kərim kişi kirpinin ölümünə heyfsiləndi və gecəki hadisələri bir-bir nəvələrinə nağıl etdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-bostanci
Use ← → keys to move, R for a random poem