Əhvalat padşahın sarayında vaqe olur.

Xidmətçi. Şahzadə xanımın əhvalı necədir?

Dayə. Elə əvvəlki kimidir, bütün gecəni yatmayıb. Yeməyir, içməyir, uzun-uzadı ağlayır.

Xidmətçi. Nə üçün ağlayır? Doğrudan xəstəmi, yoxsa, elə şıltaqlıq edir?

Dayə. Heç başım çıxmır. Nə sual verirsən, cavabsız buraxır, ancaq ayaqlarını yerə döyüb qışqırır ki: “Mənə danışan kukla verin!”

Xidmətçi. Çox təəccüblüdür... Yaxşı ki, göydəki ayı, ulduzları istəmir.

Dayə. Elə ki onu görürəm çox çəkməz göydəki aya, ulduzlara da əl atar.

Xidmətçi. Bunlar hamısı ona verilən tərbiyənin səmərəsidir.

Dayə. Sus! Sus! Gəlirlər.

Xidmətçi çıxır. Padşah, xanım, mürəbbiyə və əsgərlər daxil
olurlar. Padşah taxta oturur. Xanım da yaxındakı şahanə bəzənmiş kürsüdə əyləşir.

Padşah (üzünü mürəbbiyə və dayəyə tutur). Sizi bu gün dəvət etmişəm ki, qızımın barəsində danışaq.

Mürəbbiyə. Padşahımıza itaət borcumuzdur.

Xanım. Qızımızın bu halı məni çox darıxdırır. Hər necə olsa gərək buna bir çarə edəsiniz!..

Mürəbbiyə. Xanım, bizim də çalışmağımız odur. Amma nə fayda ki, heç bir çarə tapa bilmirik.

Dayə. Xanım, mən də, hər nə qədər gücüm, bacarığım var, işlətdim, heç bir fayda vermədi.

Padşah. Bəs sizin bu elminiz nəyə lazımdır? Siz ki, bir uşağın şıltağını sakit elə bilmirsiniz, daha nəyə gərəksiniz?

Mürəbbiyə. Padşahımız, şahzadə xanımın gecələr gördüyü yuxuların təsiri o qədər şiddətlidir ki, heç bir şeylə onu sakit edə bilmirik.

Dayə. Dünən pəncərədən bütün oyuncaqlarını atıb qırmış.

Padşah. Ay!

Xanım. Uf!

Mürəbbiyə. Eh!

Dayə. Ox!

Padşah. Demək ki, gözümüzün ağı-qarası bir qızımız gözümüz baxa-baxa puç olacaq.

Xanım. Bizim o rəiyyətimiz, fəqir adamlar da bizdən xoşbəxtdir. Onların bizim qədər dərdləri yoxdur.

Padşah. Heç kəs bizə kömək etmir, dadımıza yetişmir.

Mürəbbiyə. Ay!..

Dayə. Oy!..

Xidmətçi (daxil olur). Padşah, izin verin, mən də öz fikrimi söyləyim?

Xanım. Nə barədə?

Xidmətçi. Şahzadə xanımın barəsində. Şahzadə xanımı başqa uşaqlarla oynamağa qoymurlar.

Xanım. O, padşah qızıdır. Ona görə qoymuram və qoymayacağam.

Xidmətçi. Odur ki, sarayda tək qalıb darıxır, danışan kukla istəməsi də buna görədir.

Xanım. Nə demək istəyirsən? Mən qızımı buraxım başqa uşaqlarla oynasın? Sözün var söz danış. Bu olan iş deyil!

Xidmətçi. Xanım, mənim başqa təklifim var.

Padşah. Söylə görək!

Xanım. Tez ol, söylə!..

Xilmətçi. Şahzadə xanım elə bir kukla istəyir ki, insan kimi danışsın.

Mürəbbiyə. Ay söz söylədin ha... Bunu biz özümüz də bilirik.

Xanım (mürəbbiyəyə). Qoy sözünü qurtarsın.

Xidmətçi. Danışan kuklanı isə ələ gətirmək mümkün deyil.

Dayə. Bu, çağırılmış bayatıdır. Bunun üstündə biz iki aydır başımızı yormuşuq.

Xanım (acıqlı). Qoyun görək nə demək istəyir.

Xidmətçi. Danışan kukla yox isə, amma kuklaya bənzər elə göyçək, gözəl qızlar var ki, danışırlar. O qızlardan birini razı etmək olar ki, şahzadə xanıma bir neçə günlüyə kukla olsun.

Padşah. Elə qızı haradan tapmaq olar?

Xidmətçi. Bizim qonşuluqda bir fəqir dul arvadın beş kiçik uşağı var. Böyük qızı o qədər gözəldir ki, insan onu doğrudan kukla zənn edər. Anasına bir qədər pul versəniz, yəqin razı olar. Çünki çox fəqirdir.

Xanım (əllərini ovuşdurur). Ax, əgər bu iş baş tuta bilsə!

Mürəbbiyə. Doğrudan gəlin bunu da imtahan edək. Şahzadə xanımı inandırmaq üçün o qızın ayaqları altına yaylı bir sandaliya qoyaq deyək ki, yayı quranda qız hərəkət edir, danışır.

Xanım. Bununla bir çarə olurmu?

Padşah. Bu dəxi axırıncı ümidimizdir. Nə eybi var, bunu da imtahan edərik, bəlkə yaradan səbəb saldı. (Xidmətçiyə) Bütün şərtlərə razıyam, yubanma get o qızı gətir.

Xidmətçi gedir.

Şahzadəxanım (ağlaya-ağlaya daxil olur və ayaqlarını yerə döyə-döyə). Mən onu istəyirəm, onu istəyirəm. Mən istəyirəm elə bir kukla olsun ki, mənimlə gəzsin, danışsın, tez olun, mənə elə bir kukla alın!.. Mən padşah qızıyam, necə ola bilər ki, siz mənə danışan kukla ala bilmirsiniz?

Xanım. Ey mənim gözəl qızım, sən nə üçün ananı bu qədər incidirsən?

Şahzadəxanım. Mən danışan kukla istəyirəm, bu saat istəyirəm, bu dəqiqə istəyirəm.

Xanım. Səbr elə, gözəl qızım, adam göndərmişəm. İndi tapıb gətirərlər.

Şahzadəxanım. Yox, mən indi istəyirəm, yoxsa...

Padşah. Neyləyək, ay qızım, danışan kukla heç yerdə yoxdur. Sən o yuxunu görəndən bəri özünü də, bizi də rahatsız edirsən. Kukla adam ilə yuxuda danışar, amma oyaqlıqda danışmaz. Qızım, bircə fikir elə, sən ki indi oyaqsan.

Şahzadəxanım. Kukla, kukla, tez olun... Kukla... Yoxsa naxoşlayıb öləcəyəm.

Xanım. Ax, nə çarə edim ay Allah?! Doğrudan bu tövr olsa, naxoşlayacaq... Yenə yatanda rahat olur.

Şahzadəxanım. Tez olun, bu saat mənə danışan kukla verin, yoxsa ürəyim gedir, ölərəm. Vay, vay, ürəyim getdi...

Xanım. Qızım, qızım!..

Şahzadəxanım. Vay, vay, ürəyim getdi. Öldüm...

Hamı onun ərafını alıb, sakit etməyə çalışır.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets