Dəyərli bir xatirə
İsti bir yay axşamı idi. təmiz hava almaq və sərinləmək fikri ilə şəhər bağçasına çıxdıq. Hər ikimiz subay idik. İri kölgəli bir ağac altında skamya üzərində yan-yana oturub söhbət edir, hər kiçik bir hadisədən qəhqəhələr qopararaq əylənirdik. Dostum bizdən bir az uzaq, baş-başa dayanmış iki gənci işarə ilə göstərərək:
– Bax, nə qədər fikirdədirlər – dedi. – Kim bilir, bunların xəyalı hansı aləmlərdə dolaşır, hər halda bizim aləmimizdən çox uzaq. Yaxşı diqqət et, baş-başa verərək, şirin-şirin danışmaları nə qədər təbii!.. Fəqət kim bilir, indi o gəncin qəlbini ovlayaraq onu bir top kimi oynadan bu qız başqasının heç də xoşuna getməyən bir simaya və bədənə malikdir. Məncə gözəllik üçün müəyyən bir ölçü yoxdur. babalarımızdan qalma sadə bir misal var: “Ürək sevən gözəldir”.
İnsanların mühiti, görüşləri başqa-başqa olduğu kimi, zahiri görünüşləri də başqa-başqadır. Bir qismi mavi gözləri, ağ bənizi, hamar saçları çox sevdiyi kimi, bir qismi də qara gözlərə, qara qıvırcıq saçlara, açıq-buğdayı rəngə daha ziyadə məftuniyyət göstərir. Bizim kimi dəli təbiətli insanlar sarışın bir çöhrədən, süzgün baxışlardan, gəlişi gözəl, dağınıq saçlardan daha çox xoşlanırlar. Bu bildiyimiz qara, ağ, sarı, qırmızı rənglərin birisi digərindən daha gözəl olduğu nə ilə isbat edilmiş? Bu isbat edilmiş olsaydı, bu gün bir qanun halını alar, bütün dünya bir rənglə boyanmış olardı.
Birisinə son moda ilə şux geyinmiş, üzünü, dodaqlarını boyalarla rəngləmiş bir qadın nə qədər xoş gəlirsə, məni də modasız, boyasız, riyasız, saf, sadə bir gözəllik məftun edir. İnsan qidanı, havanı, həyatı, xülasə hər bir şeyi bu sadə olan təbiətdən aldığı halda, özünü bir çox düyünlü bağlar əlində əsir etməkdən böyük zövq alır. Bax, bunun hikmətini mən anlaya bilmədim.
Bu aralıq şux geyimli, üzü, dodaqları boyalı gənc, gözəl bir qadın önümüzdən keçirdi. Dostum: “Mənə bax nə haldayam, yara bax nə sallanır” mahnısını yavaşca oxudu. O bir kəklik kimi süzərək qabağımızdan sürətlə keçib getdi. Dostum:
– Bunun ruzgarı adamı aparır. Hələ bir yerişinə bax! – dedi, sonra başındakı iri, olduqca iri şlyapasını göstərərək, istehzalı bir qəhqəhə qopardıqdan sonra:
– Bilmirəm, bizmi mühitə uymuruq, yoxsa get-gedə insanlarınmı zövqü pozulmağa başlayır? bu iri qazan o incə başlara heç yaraşan şeydirmi?
– Nə etsin, bu yazıq moda əsiridir, sıradan qalmaq olmaz, – dedim. – Belə iri şlyapaları geymək üçün saçın üstündən süni saçlardan qayrılmış bir parik qoymalı və onu möhkəm tutmaq üçün şlyapanın yanlarından uzun, başı düyməli iynələr keçirmək lazım imiş!..
Üç gün əvvəl konkaya minib məşğələyə gedirdim. Korset ilə belini bir-birinə bitişəcək qədər sıxmış, daha aşağıdan iki yanına bir batman pambıq tıxa-tıxa yerləşdirmiş bir qadın da konkaya mindi. Dodaqlarını həddən ziyadə boyamış, üzünə o qədər rəng sürtmüşdü ki, kiçik sarı gözləri qazana bənzəyən iri şlyapası altında iki siçan başı kimi görünürdü. Önümdə skamyaya oturdu. Yox, hələ təzəcə oturmaq üzrə idi. Yanındakı zavallı bir gəncin başı şlyapanın altında sıxılıb qalmış olduğundan başını o dəyirman çarxı altından qurtarmağa çalışarkən alnından qan fışqırdığını gördüm. Gənc əli ilə alnını tutaraq, yerindən sıçradı və digər əli ilə qadının başından o dəyirman çarxını alıb küçəyə vızıldatdı. İndi həmin qadının parikləri dağılmış, başını ancaq öz təbii saçları örtmüşdü. iynə ilə gəncin alnını o qədər dəlmişdi ki, qanı saxlamaq mümkün olmurdu. Qadın qıpqırmızı kəsilərək hiddətindən gözləri yaşarmışdı. Söylənə-söylənə parik saçlarını yerdən toplayıb gülünc bir halda aşağı endi. Gənc də başını sarıtdırmaq üçün yaxındakı aptekə getdi.
Bu qadın söhbətimizin uzanmasına gözəl bir mövzu oldu. Söz sözü çəkərək bir çox şeydən, hətta həyatın mühüm məsələlərindən sayılan təəhhüldən bəhs etdik. Nəhayət, bir nöqtədə birləşərək modasız, boyasız, riyasız, sadə və gözəl bir həyat yoldaşı tapmağa qərar verdik.
Günəş qürub etmək üzrə idi. təmiz hava almaq məqsədi ilə dəniz sahilinə çıxdıq. qayıqlar ötə-bəriyə axır, dəniz seyri həvəskarlarını əyləndirici musiqilərlə istədikləri tərəfə daşıyırdılar. Heç soruşmadan ən irəlidə yelkən açmış bir qayığa atıldıq. Qayıq hərəkət etdikdən sonra onun Qaraşəhərə getdiyini və aldığımız biletlə orada teatra tamaşa edərək yenə geri dönmək mümkün olduğunu öyrəndik. Bu təsadüfdən hər ikimiz məmnun qaldıq. Gözümüz önündə yüzlərcə ağ köpüklər üzərində axıb gedən qayıqlar, qulaqlarımızı oxşayan munis nəğmələr və çalğı qəlbimizi şirin nəşələrə, daşqın sevinclərə qərq etmişdi. Hiss etmədən qayıq Qaraşəhər körpüsünə yan aldı. Endik. Tamaşa veriləcək binanı tapıb daxil olduq. Oturar-oturmaz işıqlar söndü, tamaşa başlandı. Şair dostum: “Mərhəba, qanacaqları varmış, bizi gözləyirlərmiş...” dedi. Tamaşa İtaliya həyatından alınmış “Quyruqlu məhəbbətlər” sərlövhəli beş pərdədən ibarət bir dram idi. Pyes zadəgan ailəsinə mənsub bir əyyaşın əhvali-ruhiyyəsini kəskin boyalarla təsvir edirdi. Neapol şəhərində böyük bir mövqeyə və nüfuza malik Jak adlı birisi əyyaşlığa aludə olur, bütün vaxtını ballarda, müsamirələrdə, ziyafətlərdə, qumar və içki məclislərində keçirir; maaş kifayət etmədiyindən hökumət pullarını da sərf etməyə başlayır. Müfəttiş təftişə başladığı zaman intihar edir. Birinci səhnə əsil mövzu ilə təzad təşkil edən gənc çoban bir italyan qızını təsvir edirdi. Lətif və mütənasib vücudunda ətəkləri və döşü zəngin ipəklərlə işlənmiş ağ bir don, qara saçlı kiçik başında ağ, sadə bir şlyapa vardı. Qoyunları quzularla qarışıq seyrək ağaclı, otlu bir çəmənə yaymış, özü isə topladığı çiçəklərdən başına bir çələng hörməyə çalışır, dodaqlarından uçan şux təbəssümlər kimi qızıl qanadlı kəpənəklər arxasınca çocuqcasına qoşaraq əylənir, quzuları qucağına alaraq oxşayırdı.
Hazırlamış olduğu çələngi şən və şux uşaqlara məxsus bir əda ilə başına taxarkən, yoldaşım qolumu dürtmələdi:
– Budur, xəyalımızda yaratdığımız qız! Bizim üçün ideal olan gözəlliyə yalnız təmiz havada, belə açıq-saçıq çəmənlərdə sərbəst bir quş kimi yaşamış, daxili, xarici təmiz kənd qızlarında təsadüf etmək mümkündür – dedi.
Birinci səhnə bitincə bu canlı lövhədən aldığımız təsirləri ifadəedici baxışlarla bir-birimizi süzərkən yoldaşım heyrəti andırar bir səslə:
– Bəh, ən canlısı burada imiş, heç xəbərimiz yox! Qalx, qalx yerimizi dəyişdirək! – dedi. Sağ tərəfimə baxarkən gözlərim mənimlə yan-yana oturmuş təbii gözəlliyin ən canlı bir nümunəsi olan pərişan saçlı bir gənc qıza ilişdi. Yoldaşım əllərini bir-birinə çırparaq:
– Belə saf və səmimi simalar, məsum baxışlar durarkən o qazan qapaqlı, üz-gözü boyalı, içi-bayırı riyalı qadınlara məftuniyyət göstərənlərin zövqünə çaşıram – dedi.
O gecəni çox şən keçirdik. Yoldaşımın ricası ilə son pərdə yerimizi dəyişdirdik. Səhnə qapandıqdan sonra hər ikimiz eyni düşüncə, eyni mühakimə, eyni təsirlə şəhərə döndük. Aristokrat həyatının bütün iç üzünü açaraq, onun kirli, çirkin və iyrənc cəhətlərini gözümüz önündə canlandırmış olan bu dram hər şeydə sadəliyə, təbiiliyə olan eşq və marağımızı bir qat da artırmışdı. Qayıqda şəhərə dönərkən dostum qulağıma əyilərək:
– Qəlbimi bağlayan o canlı tellərdən yüz dastan yazacaq olsam, yenə də azdır. Ondan aldığım təsiratı kamalınca təsəvvür etmək iqtidarım xaricindədir – dedi.
– Hansı telləri?
– Səhnədə şəkillər dəyişdikcə, maraqlı və canlı lövhələr bir-birini təqib etdikcə, yanımdakı mənə daha sıxı, daha səmimi yaxınlaşır, adətən baş-başa çatırdıq. Bu zaman onun qızlıq ətri ilə bəslənmiş saçlarından ayrılan incə tellər üz-gözümü şirin-şirin oxşayaraq, məni tamamilə başqa aləmlərdə yaşadırdı. O tellərdəki cazibəni, onun məndə buraxmış olduğu təsirləri bütün ömrümdə heç bir şeydən almadım, desəm, mübaliğə deyil. O tellərin mütləq canlı olduğuna inamım var.
– Məsələ o tellərin yalnız canlı olmasında deyil; bu zövqü riyalı, boyalı xanımların tellərindən, şübhəsiz, almazdıq. O adi tellərin canlı olduğunu sənə duyuran, ən incə və şəffaf duyğuları o şair qəlbinin isti guşələrinə damla-damla axıdan, daşqın zövq və nəşəni sənə verən yenə sadəlik, səmimiyyət və təbiilikdir.
Dostum fikrimi təsdiq üçün əlavə etdi:
– İnan, qardaşım, mən ona qarşı anasına ən çox bağlı olan çocuğun həyatından daha səmimi idim.
Gecə bir-birimizdən çox gec ayrıldıq. Əllərini əllərim içində sıxarkən:
– Bu gözəl xatirə sənə dair yazacağım romanın ilk başlanğıcını təşkil edəcək; onu bitirmək üçün sən mənə material verməyə çalış – dedim.
O çox səmimi gülərək:
– Yox, yox, yazma! – dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-deyerli-bir-xatire
Use ← → keys to move, R for a random poem
More by this author
Zalım əcəl, bağçamdan qopardı şən gülümü,Bahar ikən susdurdu o körpə bülbülümü.
BizimdirBu gördüyün şən-şən ellər bizimdir!Qarlı dağlar, coşqun sellər bizimdir!
Hər şey varBu ölkədə nələr yoxdur görənə?Hər yan, hər şey bir-birindən gözəldir.
Bir az da atəş qat!Gənc xanəndəmiz Bülbülə*Nədir, nədir o gözəl səsdə titrəyən fəryad,