Səkkizinci fəsil
Page 2 of 3 · 33%
– Al, bu kövsər suyundan iç! – dedi.
Məhərrəm əmi heyrətlə açılan gözlərini Eldara dikib:
– Nə, kövsər suyu? – deyə soruşdu.
Eldar sözünü təkrar etdi:
– Bu kövsər suyundan iç, Allah səni çağırır, gedək. Məhərrəm əmi suyu alıb içdi. Eldarın qoltuğunda gedə-gedə:
– Bircə o Allahı mənə göstərin! – dedi.
Məclis tamam dəsgahı ilə qurulmuşdu. Eldar əli ilə taxt üstündəki Rəşidi göstərib:
– Bax, Allah odur, nə şikayətin var, de!
Məhərrəm əmi bir-iki saniyə gözlərini Rəşidə dikib qaldı. Sonra yanındakı adamdan soruşdu:
– O kimdir?
Yanındakı kişi qəti səslə cavab verdi:
– Görmürsən kimdir, Allahdır, divan kəsir.
Məhərrəm əmi bunu eşidincə yıxıla-yıxıla irəli getdi. Üzünü Rəşidə tutub dedi:
– Ey böyük Tanrı, mənim ürəyimdə arzularım var.
Rəşid kişi qəti və qalın bir səslə:
– Ey mənim bəndəm, bu gün divan günümdür, qorxma, nə mətləbin var, danış! – dedi.
Məhərrəm əminin uşaq kimi sevincindən əli, ayağı əsdi.
– Ey Tanrı, hökm elə o Nəsirqulunu divan ayağına çəksinlər, ona deməyə sözüm var.
Rəşid kişi bir az düşündükdən sonra:
– Ey bəndəm, Nəsirqulu adlı bəndəm çoxdur, hansı Nəsirqulunu deyirsən?
Məhərrəm əmi Rəşidin sözünü yaxşı anlamadı. Eldar və başqaları Rəşidin sözünü ona başa saldıqdan sonra qoca bağırdı:
– O İran padşahı var ha... onu deyirəm...
Rəşid əli ilə saqqalını oynada-oynada:
– Doğru deyirsən, bacı oğlu, o mənim günahkar bəndələrimdəndir. Tez üzünü fərraşlara tutub bağırdı:
– Tez Nəsirqulunu mənim hüzuruma gətirin!
Göz açıb-yumunca fərraşlar əllərində toppuz Nəsirqulunu çəkə-çəkə gətirdilər. Rəşid üzünü Məhərrəm əmiyə tutub dedi:
– Bacı oğlu, bu sən istədiyin Nəsirqulu, de görüm sözün nədir?
Məhərrəm əmi qəzəblə onun üstünə kükrədi:
– Axmaq kişi, bu İranı niyə viran qoyursan? Firəngistandan bəri gedib gəzdin, özün üçün bir vaqon... yubka gətirdin, o sənin öz başına dəysin, de görüm xalqa nə gətirdin?
Rəşid kişi əlini qoltuqlu kresloya çırparaq:
– De, bacı oğlu, de, yaxşı deyirsən...
Məhərrəm əmi üzünü fərraşlara tutub bağırdı:
– Vurun bu axmaq kişini!
Hər yandan günahkarın üstünə toppuz endi. Nəsirqulu ölü kimi yerə sərildi. Fərraşlar onu götürüb apardılar.
Rəşid kişi üzünü Məhərrəm əmiyə tutub dedi:
– Bacı oğlu, daha nə istəyirsən?
Məhərrəm əmi yalvara-yalvara dedi:
– Başına dönüm Allah, o Həmidqulunu da əmr et gətirsinlər.
Rəşidin əmri ilə Həmidqulu adında bir kişini də çəkə-çəkə gətirdilər. Məhərrəm əmi onu görəndə dayanıb diqqətlə ona baxdı. Sonra soruşdu:
– Sənin adın nədir?
O kişi cavab verdi:
– Adım Həmiddir.
Məhərrəm əmi acıqlı gözlərini onun gözlərinə dikib bağırdı:
– Sarsaq kişi, sən neçin azadlıq istəyən ağıllı, oxumuş cavanları Qara dənizdə boğursan? Vurun bu qanlı sultanı!
Onun da üstünə hər tərəfdən toppuz endi. Onu da ölü kimi götürdülər. Rəşid kişi yenə soruşdu:
– Məhərrəm əmi, daha nə istəyirsən? Bu gün kefim yerindədir, nə istəsən edəcəyəm.
– Tək bircə arzum qaldı, onu da elə, daha heç zad istəmirəm.
– De, bacı oğlu, de!
– Xalqı soyan, mövhumatla başları dolduran mollaları gətirsinlər.
Rəşidin əmri ilə başı sarıqlı bir neçə kişi gətirdilər. Məhərrəm əmi yorulmuşdu. Nə durmağa, nə də danışmağa halı vardı. Ona görə mollaları acı-acı süzdükdən sonra üzünü Rəşidə tutub dedi:
– Bunlar xalqı aldadıb oxumağa qoymurlar. Əgər adam olsaydılar bizim ölkəmiz Rusiya olardı. Vurun bunları!
Fərraşlar əllərində toppuz hər yandan tökülüşdülər. Fərraşlar vurduqca mollalar bağırırdı.
Məclisi gülüşmə və gurultu bürüdü. Məhərrəm əmi əsə-əsə geri çəkildi. Eldar tez onun qoltuğuna girdi. Rəşid kişi gurlayan və qəti bir səslə bağırdı:
– Eldar, mənim qonağımı apar, yaxşı hörmət et!
Eldar Məhərrəm əmini evə apardı. O yorulmuşdu. Lakin ona zövq verən bu hadisədən üz-gözü nəşələr içində parıldayırdı.
Bu gəlişlə Məhərrəm əmi on beş gün bağlarda qaldı. Get-gedə vücudu qüvvətlənməyə, çaşqınlığı azalmağa başladı. Şüurunu toplamış olduğundan bura necə gəldiyini və kimin tərəfindən gətirildiyini soruşdu. Cavanlar:
– Biz səni qonaq gətirmişik, – deyə cavab verdilər.
– Bəs Firuzə nə oldu?
– O, şəhərdə qaldı.
Məhərrəm əmi Firuzəsini görmək istəyirdi. Çox xahiş etdikdən sonra cavanlar onu yenidən şəhərə apardılar.
Məhərrəm əmi qapını açıb içəri girən kimi Firuzə dəlitək yerindən sıçradı. Başına saldığı qara matəm cunasını yerə ataraq:
– Vay, Məhərrəm, gəldin? – deyə ağlaya-ağlaya boynuna sarıldı. Məhərrəm əmi “qeyb” olandan sonra Firuzənin yanında qalan Nəzakət də bir tərəfdən:
– Qurban olum sənə, ay ata, harada idin? – deyə hıçqıra-hıçqıra ağlamağa başladı. Məhərrəm əmi çaşmışdı, əvvəlcə döyükə-döyükə Firuzəyə və Nəzakətə baxdı, sonra birdən-birə o da hönkür-hönkür ağladı.
Eldar təsəlli verərək, onları bir qədər sakit etdi; sonra Məhərrəm əmini necə bağa apardıqlarını danışdı.
Firuzə sevindiyindən bilmirdi nə etsin. Pərvanə kimi Məhərrəmin başına dolanırdı. Əvvəlcə onun əlini, üzünü sərin su ilə yudu, yatağını səliqəyə salıb yerinə uzatdı, sonra qonşulara yüyürüb, Məhərrəmin gəlməsini xəbər verdi. Qonşular axıb töküldülər. Bu işdən xəbər tutan ziyalılar da çox sevindilər.
On beş gün bağ istirahətinin Məhərrəm əminin səhhətinə az-çox yaxşı təsiri olmuşdusa da, lakin tamamilə sağalmamışdı. O yenə arabir məntiqsiz sözlər deyir, qeyri-adi hərəkətlər edirdi.
Axşamüstü Zəki gəlib çıxdı. Məhərrəm əmini evdə görüb sevincindən nə edəcəyini bilmədi. Qocanı qucaqlayıb bağrına basdı, bir neçə dəfə alnından, üzündən öpdü. Lakin Məhərrəm əmi Zəkini ilk əvvəl tanımadı:
– Sən kimsən? – deyə soruşdu.
– Məhərrəm əmi, mən Zəkiyəm, Zəki! – deyə bir qədər ucadan o cavab verdi. Məhərrəm əmi Zəkini tanıyınca əlindən tutdu, ətrafı diqqətlə nəzərdən keçirdikdən sonra kəsə-kəsə:
– İndi sənə çox qəribə hadisə danışacağam, – dedi.
Məhərrəm əminin bu vəziyyəti Zəkini son dərəcə pərişan etdi. O bir qədər də qocaya yaxınlaşdı, onu dinləyir kimi bir vəziyyət aldı. Məhərrəm əmi isə mühüm bir hadisə söyləmək istəyən adamlar kimi ətrafı yoxladı, bürüşük gözlərini heyrətlə açmağa çalışaraq sözə başladı:
– Zəki, mən öz arzuma çatdım!
Zəki bu arzunun nədən ibarət olduğunu bilmək üçün heyrətlə soruşdu:
– Məhərrəm əmi, hansı arzuna?
Məhərrəm əmi özünü bir az da doğruldaraq:
– Zəki, – dedi, – bundan sonra qorxma, Nəsirqulunu da, Həmidqulunu da, mollaları da öldürtmüşəm.
Zəki Məhərrəm əminin dediklərinə diqqətlə qulaq asırdı. O, Allahın yanına getməsindən başlayaraq, bütün təfsilatı ona uzun-uzadı danışdı. Zəki dərin bir sükut və iztirab içində Məhərrəm əmini dinləyirdi. O, ata kimi sevdiyi bu namuslu qocanın ağır vəziyyətindən təsirlənərək, dalğın gözlərini yerə dikib düşünür, bir tərəfdən onun bu hala düşməsinə ürək yanğısı ilə acıyır, o biri tərəfdən də yoxsul bir kəndli ailəsindən yetişib, öz xalqına və məmləkətinə bu qədər məhəbbət bəslədiyinə heyrət edirdi.
Məhərrəm əmi başına gələnləri Zəkiyə danışdıqdan sonra süst düşdü. Firuzə onu yatağa uzadıb sakit etdikdən sonra bağ səfərini Zəkiyə nağıl etdi.
Ertəsi gün Zəki məşhur həkimlərdən bir konsilium təşkil etdi. Həkimlər xəstəni müayinə etdikdən sonra dedilər:
– Xəstənin vəziyyəti ağırdır. Nəbzi zəif vurur. Əsəbləri tam sarsılmışdır. Onun ən yaxşı müalicəsi sakitlik və dinclikdir.
Məhərrəm əmini xəstəxanaya qoymaq istədilər, ancaq bu da baş tutmadı. Qoca xəstəxana adı gələndə elə bil, bağrı çatlayırdı. Hətta bir gün “Bir dostun evinə gedirik” deyə onu xəstəxanaya tərəf gətirmişdilər. O, xəstəxananın qapısını görən kimi dayanmış, acıqlı-acıqlı ətrafındakılara baxaraq:
– Məni hara aparırsınız?! – deyə hiddətlənmiş, acığından hönkürə-hönkürə ağlamışdı. Onun yanında xəstəxana adı çəkmək mümkün deyildi. Nədənsə xəstəxanaya qarşı nifrəti vardı.
Odur ki, Firuzə onu evdə sağaltmağa qərar verib, bütün qüvvəsini sərf edirdi. Həkimlərin tapşırıqlarına əməl etməyə çalışır, xəstə üçün hər cür şərait yaradırdı. Ancaq nə edirdisə də Məhərrəm əminin gəzməyinin, küçəyə çıxmasının qabağını ala bilmirdi. Buna heç Zəki ilə Nəzakət də mane ola bilmirdilər. O hər gün istədiyi zaman evdən çıxır, istədiyi səmtə gedir, qabağına çıxan tanışlarla görüşür, rabitəsiz, məntiqsiz sözlər danışmaqda davam edirdi.
Bu vəziyyət Məhərrəm əminin əsəb xəstəliyini daha da artırır, vücudunu get-gedə zəiflədirdi. Səhhəti o qədər pozulmuşdu ki, artıq ən yavuq dostlarını da tanıya bilmirdi. Tanıyanda da yapışqan kimi ondan qopmaq istəmir, Allahla görüşməsindən başlayaraq, padşahları, mollaları fərraşlara döydürməsindən uzun-uzadı danışırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-esrimizin-qehremanlari-sekkizinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Düşmənin düşməndir, sən ki, bilirsən,Dostundan gəl gözlə özünü, oğlum.
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəniYıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,Bivəfalar əhdi tək sındırdılar peymanəni.
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
DağlarSalırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,