İki müztərib yaxud əzab və vicdan
Page 7 of 7 · 86%
Hələ sərin bir nəsim tək-tük qızıl tellərini üzümə, gözümə dağıdarkən ətri məni bütün-bütünə bihüş edir və ruhum içimdə ərir kimi oluram. Anası olduğunu hər kəlmə başı gez-tez “Mama” deyə səsləndiyindən bilirəm. Şişman arvad da elə uzun-uzadı deyir, gülür, söyləyir. O sıxı-sıxı anasının qoltuğuna qısılmış, analıq ətrindən zövq və nəşə alır və anasının sıcaq qanadları altında zövqiyab olurkən, mən də sıxı-sıxı bu mələkparəyə sığınıb onun qızlıq ətrini qoxuladıqca bütün-bütünə məsti-cəram oluram. Hələ sol böyrüm gözəl qıza o qədər soxulmuş ki, ürəyimin şiddətlə çırpıntısını hiss etdiyinə də şübhəm yox idi. Bu minval dadlı bir sükut içində...
Cavad
Rəmziyyəm!
Mən olduğum ev üç böyük otaqdan və bir eyvandan ibarətdir. Mərhum atamın zamanından qalmış köhnə və əski müxəlləfatdır. Balkonumuz ağaclı və sulu bir dərəyə baxır və önündə gözəl bir çiçək bağçası var. Xatırlayıram, o zaman mərhum pədərim bərhəyat idi. Yayı nə qədər gözəl çiçəklər əkmiş idi. Bənəfşə, yasəmən, mixək, qızıl güllərinin ətri odaları bürüyürdü. Hər səhər yerimdən qalxarkən bir dəstə çiçəklər dərib, anama gətirərdim. Səhərdən axşamadək bağçada haman güllər yaxud kələbəklər qovlamaqla keçirirdim. İndisə babam min zəhmətlə becərdiyi ağaclar, çiçəklər tamam quruyub məhv olmuşdur. İnan bağçaya baxdıqca ağlamağı gəlir. Ah, solmazmı, qurumazmı? Zatən mən də babamın ən ziyadə sevdiyi çiçəyi deyilmiyəm? Daima məni dizləri üzərinə alar, “canlı çiçəyim” deyə öpər, qucaqlardı. Ah, zavallı babam, bircə gözlərini aç da, canlı çiçək dediyin qızına bax! Necə solmuş, saralmış, artıq ayaqları məzara doğru titrəyir...
Balkona doğru yasəmən ağacları dırmaşmış... Bütün günlərimi haman balkonda keçirirəm. Zavallı anam isə məni sevindirmək, məni məşğul etmək üçün çox çalışır. Qonşu qızlarını və qadınlarını başıma cəm edir.. Çalırlar, oxuyurlar, oynayırlar. Heyhat!.. Bunlar mənim dərd, kədərimi unutdurmayır. Ən rahat vaxtım yalqızca, hər səhər, axşam bu balkonda yalqız oturub düşündüyüm saatlardır...
Günlərim çox uzun görünür. Günəş yaxır. Kitabsız, qəzetəsiz, cəmiyyətsiz yaşayıram... Yəqin ki, məhbəsə və mənfalara sürülənlər ilə də bu qism rəftar edirlər. Ah, mənim təqsirim nədir? Qəbahətim nədir?..
İki həftədən artıqdır ki, qızdırma içində yanıram. Payızın son günləri məni çox darıxdırmış. Günlər keçir, sovuq düşür, uzun-uzadı arası kəsilməyən incə yağışlar yağmağa başlamış. Ah, nə üçün mən cavan ömrümü bu dörd divar arasında keçirməyə məhkumam?..
Bu gün qəlbim çox sıxılmışdı. Babamın qərbinin ziyarətinə getdim. Nədənsə o məzar daşından ayrılmaq istəmirdim. Üzümü məzar daşına sövkəyib, hıçqırıqlarla ağladım...
Şiddətli külək və boran qalxmış, iri damlalı yağmur pəncərəmizi qamçılayır. Qaranlıq gecə pəncərəmizdən baxır. Baxdıqca mənə dəhşət verir. Qəlbimdə qara fikirlər və dəhşətli düşüncələr oyadır. Gecələri yatmayıram, qorxulu röyalardan bağıra-bağıra qalxıram.
Bütün günlərimi otağımda yalqız keçirirəm. Bütün qışım bu qərar keçəcəkmi, yaxud bütün ömrüm? Saatlarca gözlərimi ucu-bucağı görünməyən ormana dikib baxıram. Bir ay əqdəm bütün yaşıllığı və gözəlliyi ilə ruhlarımızı açan ağaclar çılpaq və qəmgin nəzərlərlə durur. Qara və iri buludlar göy üzünü bürümüş. Günəş görünməyir. Ara-sıra yağış da yağır. Yalqızlıq, soyuqdur və həzindir. Buradan çıxmaq olmayır. Bu qism ilə yaşamaq da mümkün deyil. Yalqız burada ölməkdən başqa bir çarə yoxdur. Mən öləcəyimi hiss etmişəm. Röyamda babamı gördüm.
Yata bilmirəm. Şamı söndürüb qaranlıq fikirlər başımın kasəsində qara qarğalar kimi uçuşur. Gözəl və şad xatiratım söndü, məhv oldu. Buradan nereyə qaçım? Nereyə qaçırsam o qaranlıq mazi məni təqib edir, bir an rahat buraxmayır. Alaca səhər pəncərədən üzünü göstərir. Dururam... Ah, istəyirəm ki, bir kərrə yenə Cavadın üzün görəydim, sonra öləydim...
Sitarə
Ciddi qardaşım!
Hər səhər erkən durur, çayımı içər-içməz evdən çıxıram, gətirdiyim kitablardan ən çox sevdiyimi özümlə bərabər alır və xəlvət, sakit, həm də şairanə bir guşə araram. On dörd, on beş bahar görmüş bir şam ağacının yaşıl kölgəsi altına uzanıram. Üstümə yaydığı gözəl qolqanadları ilə oynayır, lətif və ruh oxşayıcı qoxusundan nəşələnir və ətək-ətək zövq və ləzzət düşürürəm. İncə, yaşıl yarpaqları o qədər xoşuma gəlir ki, saatlarca o incə yarpaqlara gözlərimi dikər, duraram. Birdən-birə bütün dünyadakı gözəllərin kirpikləri bu ağacda canlanmış kimi, sürü ilə üstümə hücum edər kimi görünür. Bu hal qəlbimin ən incə tellərinə toxunduğundan könlümün dərin guşələrində (eyb olmasın) bir para aşiqanə hisslər oyatmağa səbəb olur. Ah, bu yaşıl kirpiklərin nə qədər can alıcı, ruh verici olduğunu bilsəniz? İndi siz “yaşıl da kirpik olurmu? Nə qədər münasibətsiz təşbih” deyə yenə irad edəcəksiniz. Siz nə qədər tənqid edəcəksinizsə ediniz, belədir, kefinə bax. Bizim Məngilisin abu-havası, yeri, göyü yaşıl olduğu kimi, gözəllərinin üzləri qıpqırmızı, gül kimi və kiprikləri yamyaşıl yarpaq kimidir. Əyər inanmırsan, o sən, bu Məngilis. Gəl gözünlə gör. Xülasə, hər yer yaşıl, hər şey yaşıl, hətta usancdan yanaqları tərlər içində qalmış gözəl bir qız kimi, ağacların yarpaqlarında sallanan o günəşin al şəfəqlərinə qarşı parıl-parıl parlayan şəbnəmlər də yaşıldır. İndi “Bu qədər də mübaliğə olurmu?” deyə mənə darılacaqsan. İnan qardaşım, mübaliğə deyil, həqiqətdir. Hələ sonrası var, diqqət et! Arabir yaxın ağacların yaşıl yarpaqları arasında titrəyə-titrəyə yayılan qəhqəhələr, busələr, hətta qulaqlara çarpan o incə səslər də yaşıldır. Nə isə, on dörd, on beş bahar görmüş bu şam ağacı mənə hər bir şeyi yaşıl göstərdiyi üçün hər şeyin yaşıl olduğuna hökm edəcəyim gəlir. Sizin ki, fəlsəfəyə dair məlumatınız çox-çoxdur. İndi bunu siz nəyə məna edəcəksiniz isə orası sizin işiniz...
Fikircə romantizm məsləkini təqib etdiyim kimi, ləfz və mənaca dəxi demokratlıq tərəfdarıyam. Onun üçün də mənim əsərlərim ləfz, vəzn və qafiyə etibarı ilə zəngin ola bilməz. Mən ləfzi mənaya və qulağın ləzzətini ruha fəda etmək tərəfdarıyam. Mən, qardaşım, daima qırıq ürəklərdə, yırtıq libaslarda, uçuq, sökük daxmalarda dolaşıram, onların bütün dərd-kədərlərinə şərik olur kimi onlar ilə bərabər gülür, bərabər ağlaram. Aristokratlığı sevmədiyim üçün onlardan bəhs etməyi sevməm. Olsa belə azdır. Bu qırıq ürəklərin ünsiyyəti təsirindən qəlbimdə təbii qırıqlıq, ruhumda acı bir sönüklük kök saldığı üçün mən ziynətə, kəlmələrin, vəzn və qafiyələrin zahiri gözəlliyinə diqqət edə bilmərəm. Qardaşım, qəlbim qırıq olduğu kimi, kəlmələrim, vəzn və qafiyələrim də, təbii ki, qırıq olacaq. Məşhur fars şüərasından Qaaninin tar, rübab şeri və ahəngi digərlə təhziz etmiş həzin, mütəntən, mütərra, ahəngdar nəğmələr icad edər şeri musiqi ilə məzc edir.
Sevgili qardaşım! Şirin məktubunu hənuz Məngilisdə ikən aldım. Vaqon olmayıb, əlli nəfər şagird ilə Dilcanda qaldığınızı yazmışdınız. Ziyadəsincə müntəzir və pərişan oldumsa da, sonra bir neçə gün keçmədi ki, vaqonların açıldığını qəzetədə oxuyub xatircəm oldum. Ümidvaram ki, sağ-səlamət bu vaxtadək İrəvana yetişmişsiniz...
Cavad
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-iki-muzterib-yaxud-ezab-ve-vicdan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Cəfərqulu xana məktubSəbəb nədir kim, yazdığım kağıza,Heç cavab yetişməz bizim diyara?
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,