Page 2 of 2 · 50%

Səfibəy. Qorxma, oğlum, düşmənin qabağından qaçma, tülkü kimi quyruq bulama. Onları itaətdə saxlamağa hələ gücümüz çoxdur.

Mürşüd gəlir.

Səfibəy (Mürşüdü görüncə bağırır). Bura gəl!

Ülkər, Fərrux və Soltan xanım gedirlər.

Mürşüd. Nə buyurursan, ağa?

Səfibəy. Bizim borcu nə üçün vermirsən?

Mürşüd. Hansı borcu?

Səfibəy. On doqquz manatı!

Mürşüd (heyrətlə). Hansı on doqquz manatı?

Səfibəy. Axmaq, öküz başını unutdunmu?

Mürşüd. Öküz başı... ha...

Səfibəy. Ha...

Mürşüd. Onu mən sizdən altı şahıya almışdım. Bugünkü kimi yadımdadır. Öküzün araba altında ölmüşdü. Ətini gədələrə satdırdın. Başını da altı şahıya mənə verdin.

Səfibəy (cib dəftərçəsini çıxarıb baxır). Altı şahıya satmışdım, doğru, indi altı aydır.

Mürşüd. Altı şahı altı ayda necə on doqquz manat oldu?

Səfibəy. Sizin kimi heyvanlarla alış-veriş etməkdən pis şey yoxdur. (Hesab çotkəsinə salır) Altı şahı+altı şahı üç abbası – bir ayda. Üç abbası+üç abbası – altı abbası iki ayda. Altı abbası+altı abbası – iki manat iki abbası üç ayda. İki manat iki abbası+iki manat iki abbası – dörd manat dörd abbası dörd ayda. Dörd manat dörd abbası+dörd manat dörd abbası – doqquz manat üç abbası beş ayda. Doqquz manat üç abbası+doqquz manat üç abbası – on doqquz manat bir abbası. Bir abbası da sənə qurban. Düz on doqquz manat eylər. Bu açıq hesabı da anlamaq istəmirsən!

Mürşüd (özünü şaşırıb barmaqları ilə hesablayır, başını titrədir). Ağa, bu hesabdan mənim heç başım çıxmır.

Səfibəy. Çıxmaz, əlbəttə, çıxmaz!..

Mürşüd. Ağa, başın üçün, mən elə bildim ki, o öküz başını mənə bağışladın. Kasıb kişisən, götür get, nə zaman olsa, verərsən, dedin.

Səfibəy. Axmaq, dədəmə ehsan verirdim? Pulu ver!

Mürşüd. Aman, ağa, mənim pulum hanı? Olsaydı vaxtında altı şahını verərdim.

Səfibəy. O mənim işim deyil. On doqquz manatı gətir!

Mürşüd. Yoxdan nə verim? Altı şahı – on doqquz manat, heç səndə insaf yoxdur?

Səsə yoldan ötən kəndlilər və İldırım gəlir. Mürşüd və kəndlilər İldırımı görüb Səfi
bəylə bir qədər cəsarətlə danışırlar. İldırım çəkilib kənarda durur.

Səfibəy. Sus, axmaq. Kişi borcunu gülə-gülə alar, gülə-gülə də verər. Hamınız beləsiniz. (Bir kağız göstərib) Bura bir qol çək, sonra görüşərik.

Mürşüd. Mənim yazı-pozum yoxdur. Olsa da çəkmərəm.

Səfi bəy. Mən çəkdirərəm. (Üzünü kəndlilərə tutur) Yaz gələndə ac quzğun kimi üstümü alıb, hamınız tülkü kimi quyruq bulayırsınız. Min hiylə qurub hərə bir şey istəyir, ilan dili çıxarır, yalvarır, yaxarır, ayaqlarıma döşənir. Payız gəlincə hamısı mənə düşmən kəsilir.

Qocakəndli. Sənə ki pislik etmirik?! Nə almışıq, on qat artığıyla vermişik. Bu kənddə bir çuvala on çuval, bir manata on manat verməyən adam yoxdur.

Səfibəy. Yoxdur!.. Onu məndən soruş.

Rüstəmin arvadı Nazlı gəlir.

Cavankəndli. Bizim mümkünümüz olsa nə üçün alırıq? Bir verirsən, on alırsan. Daha nə istəyirsən?

Səfibəy. Nankorlar! Yaxşılığım gözlərinizi tutsun. Gedin, bundan sonra dən yerinə sizə zəhirmar verərəm.

Cavankəndli. Siz yağ içində böyrək kimi bəslənirsiniz, bizim malımızı it, yaxamızı bit yeyir.

Qocakəndli. Ay bəy, bunlar bir şey ki demir. Yəni deyirlər ki, versən də alırsan.

Rəcəb görünür. Nazlı onu görüncə.

Nazlı. Ax... Bir topal yabıya qurban olan balalarım!

Qocakəndli. Bəy, bax, biz belə işləri deyirik. Biz səndən haqq, ədalət istəyirik.

Nazlı. Onu kimdən istəyirsən? Bundanmı? Kəfən oğrusundan insaf umursan?

Səfibəy. Sən sus, qarı. Yoxsa...

Nazlı. Çox susdum... Dərdimi hər kəsə açdım. Döymədiyim qapı qalmadı. Mən indi qışqırmaq istəyirəm. Ver oğlumu, zalım, ver! Ətini yedin, qanını əmdin, sümüklərinidəmi gəmirmək istəyirsən?

Səfi bəy İldırımın həyəcanlandığını görərək bir qədər yumşalır. Hərdənbir gözaltı
İldırımın nəzərdən keçirir.

Səfibəy. Ağlama, qarı. Sənin topal oğlun heç kəsə lazım deyil. Sabah Dursunu gətir, bunu apar.

Nazlı. O topal idimi? Yük daşımaqdan beli bükülüb, ayaqları topal olub. İndi də gözünü Dursuna dikmisən? Onu görə bilməzsən, evini daşqalaq edərəm!

Səfibəy. Atalarının borcunu ödəməyincə, mənə qulluq edəcəklər.

Fərrux gəlib dinləyir.

Cavankəndli. Bəy ilə bostan əkənin tağı çiynində bitər!

Nazlı. Hansı borcu? Topal yabının pulunumu? Onu iyirmi manata almışdıq. On manatını o zaman verdik. Qalan on manat əvəzinə qapımdan qızıl inəyimi aparmadınmı? O da borcunu ödəmədi. Evimi, eşiyimi satdırmadınmı? Bunlar bəs gəlmədi, indi də oğlanlarıma göz dikmisən? Bir qoyundan iki dəri soyulmaz...

Səfibəy. O mənim haqqımdır, istəyəcəyəm.

İldırım. Səfi bəy, belə olmaz, haqsızlığın da bir ölçüsü var! Bu qarının oğlunu ver getsin, onu bu qədər mələtmə!

Səfibəy. İldırım! Sən bir igid oğlansan, bizim ticarət işimizə qarışma!

İldırım (həyəcanla). Bu, ticarət deyil, quldurluqdur!

Səfibəy. Sən hələ uşaqsan, bu işləri qanmazsan!

İldırım. Sənin kimi yaşlı uşaqları qandırmağa daha çox ehtiyac var.

Fərrux (irəli gəlib hiddətlə). İldırım, sən cığırından çıxırsan.

İldırım. Şeytan yumurtası, sən sus!

Fərrux. Hər zaman bizi təhqir edirsən. Mən susmaq deyil, susdurmaq istəyirəm, al!

Tapançasını çıxarıb İldırımı vurmaq istəyir. Güllə Mürşüdə dəyir.

Mürşüd. Ax... (Ürəyini tutub yerə yıxılır)

İldırım. Xəyanət toxumu, sən nə etdin? (Fərruxu yaxalayıb əlindən tapançasını alır) Bilmirsənmi sənin kimi qorxaqların gülləsi İldırıma dəyməz. Kələ-kölələr neylədi ki, kərtənkələlər neyləsin... Bu işi üstümə götürdüyüm üçün məzlumların qanını almaq mənə düşər. (Fərruxu tapançanın dalı ilə vurur)

Fərrux. Burax!

Səfibəy (vəziyyətini pozmamağa çalışaraq). İldırım, o da bir igiddir. Bu dəfə onu mənə bağışla!

İldırım. Qorxmayın, onu mən özüm öldürməyəcəyəm. Bir uşağın qanına əl bulamaq özü alçaqlıqdır. Sənə öz qanunlarınızla cəza verdirəcəyəm. Bu qanı, bunların qanını isə mən sizin hamınızdan alacağam, gedək!

Bu zaman Mürşüdün iniltisi eşidilir.

Mürşüd. Uf... Ölürəm, su!..

İldırım. Ölməzsən, qorxma.

Rəcəb su gətirir. Mürşüd suyu alıb içir.

Mürşüd. İldırım, uşaqlarım əmanəti.

(Canını təslim edir)

İldırım. Miskinlər üçün ölüm ən böyük səadətdir.

Bir neçə kəndli ilə Fərruxu qabağına salıb aparır.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Köç

Mayın gözəl bir səhəri idi. Dan yeri yenicə ağarmağa başlamışdı.Yatağımda yatırdım. Birdən-birə anamın yavaşca: “Oğlum, qalx, yaylağa gedirik” deməsindən gözlərimi açdım. Anam başımı əlləri içinə alaraq bir də: “Qalx oğlum! səndən başqa hamı hazırdır, arabamız da gəlib” – dedi.

191031 min
Daşqın

Baharın dumanlı səhərinin rütubətli havasını udduqca yatağımdan qalxmaq istəmirdim. Boğazıma qədər yorğana sarılaraq gəmiklərim qızındıqca nəşəli bir kəsalət içində gözlərimi qapayıb qulaqlarımın ucunda çınlayan həzin bir gurultunu dinləyirdim. Birdən-birə artırmadan: “Kür daşmış, Kür daşmış!” – deyə ucadan heybətli səsdən dimdik qalxdım. Əlbəsəmi geyinər-geyinməz Kürə baxan uzun artırmaya qoşdum. Dəli Kür iki metroya qədər yüksəlmiş, sahilləri hiddətlə çeynəyən acıqlı boz dalğalar uzaq ormanlardan, bağlardan qoparıb gətirdiyi iri ağacları və sahildəki yoxsul taxta külbələri önünə qataraq qamçılaya-qamçılaya uzaq yerlərə götürüb gedirdi. bir çocuq hissi ilə bu amansız daşqının yapdığı fəlakətlərin seyr və tamaşasına dalmışdım...Sahil boyu uzanıb gedən sarp qayalar, yaşıl təpələr və hər tərəfdə gurultu qoparan tamaşaçılar, sevincindən hoppanıb-düşən çocuqlar bu mənzərənin gözəlliyini bir qat daha artırmışdı. Birdən-birə sahillərdən qopan müdhiş bir bağırtı qəlbimdə dərin bir həyəcan oyatdı. Nəhrin qaynağına doğru baxarkən suyun ortasında bir dəyirmançı külbəsinin qara dalğalarla çarpışa-çarpışa aşağı doğru axıb gəldiyini gördüm. İçindəkilər uzaqdan bir pişik yavrusu qədər görünürdü. Əllərini sahillərə doğru uzadaraq yardım istəyən bağırtıları hiddətli boz dalğaların gurultuları içində yayılıb gedirdi. Uzaqdan seyr edən tamaşaçılar bu müdhiş mənzərəyə çox acıdıqları halda, kimsədə onları qurtarmaq arzusu yox idi. Kür nəhri təbii halında axdığı zaman tam ortasında kiçik bir adacıq görünürdü. Sellərin gətirdiyi ağaclardan bir neçəsi haman quruda dərin köklər atmış olduğundan yerləşib qalmışdı. Yay zamanı ora kiçik yaşıl bir ada kimi canlanırdı. Üzgüçülər çox vaxt üzə-üzə gedib dörd tərəfi su olan o quruda, o kiçik adacıqda dincəlirdi. Bu dəfə də sellərin ilk gətirdiyi bir neçə qol-budaqlı iri ağac o dayaz yerdə möhkəm yerləşib qalmışdı. Külbə get-gedə yaxlaşır və nəhrin ortası ilə ağaclara doğru qoşurdu. Bu hal sahildə alay vuran tamaşaçıların qəlbində ümid nuru doğurmuş olduğundan hamı böyük bir maraq içində işin nəticəsini bəkləyib dururdu.

19104 min
Göbələk

Tiflisdə olduğum günlərin ən bəxtiyar saatlarını “Gəncə bağında” keçirirdim. Qaynaşan gurultulu həyatdan özünü bir dağ yamacına çəkmiş və hər tərəfi uca, qalın divarlarla qucaqlaşmış bu bağın iri dəmir qapısından içəri girincə hər şeyi unudur, qarşımda başqa dünya, başqa aləm açılırdı. Təbiətcə ən gözəl bir lövhəyə təqlid edilərək düzəldilmiş bu bağın çox təbii görünən pərişan gözəllikləri, dolaşıq eniş-yoxuş yolları, başlarını bir-birinə əymiş uca və sıx ağacları vardı. Hər gün kəsə cığırlarla aşağıya, dərəyə qədər enər və orada bir daş üstündə oturub, saatlarla fikrə gedər, düşünərdim.Payızın dumanlı bir günü idi. Adətim üzrə, “Gəncə bağını” gəzdikdən sonra qısa addımlarla evə qayıdırdım. Birdən-birə arxadan eşidilən bir səsdən geri döndüm. Üst-başı təmiz, səliqəli geyinmiş bir gənc əli ilə “dur!” işarəsini verdi. Durdum. Yaxınlaşdı. Görüşdük.

19129 min
Pirin kəraməti

İyun ayının isti bir səhəri idi. Dar bir cığırla sıx ağacların altından kiçik bir təpəyə dırmanırdıq. Dostum Ağabəy: “Burada sənə göstərəcək maraqlı bir yer vardır” – deyib, daha sürətlə irəliləməyə başladı.Yoxuşu çıxdıq. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı döşü ilə yeriyir və dostumun mənə göstərəcəyi maraqlı yerin nə olduğunu görmək üçün tələsirdim. Fəqət bu təpədəki incə, pərişan gözəllik məni o qədər məşğul etmişdi ki, hər şeyi unutmuşdum. Ətrafımızdakı fındıq, zoğal ağaclarına sarılmış yabanı üzüm və böyürtkən kollarının iri yarpaqları buranı sərin və yaşıl kölgəliyə çevirmişdi. Otların, çiçəklərin gözəl qoxusu yaxındakı yeni biçilmiş tarlaların ətrinə qarışdığından insan. ətrafı bürüyən rayihədən doymurdu. Arabir müxtəlif ağacların budaqları arasına sığınmış quşların cikkiltisi, kəsik-kəsik fəryadı eşidilirdi.

19129 min

Poems by other poets