Murad
Tiflis şəhərinin yaxınlığında Kolbasan adlı kənd var idi. Bu kəndin dörd bir yanı bağlıq, meşəlik yerlər idi. Elə ki bahar olurdu, ağaclar çiçəkləyir, təpələr, yamaclar yumşaq ot və çiçəklərlə döşənirdi; rəngbərəng güllərin ətri kəndi bürüyürdü. Səhər-axşam quşların gözəl nəğməsinin arası kəsilmirdi. Bahar çağı bu kənd o qədər gözəl olurdu ki, insan baxmaqdan doymurdu.
Belə tərifini etdiyimiz kənddə Bilqeys və Murad adında bacıqardaş yaşayırdı. Bilqeys olduqca mehriban və tərbiyəli bir qız idi. Hər gün bağçalarındakı tut ağacının altında palaz salardı; oyuncaq şeylərini də yığıb öz-özünə oynardı. Arabir qonşuları Səltənət də gələrdi. Hər ikisi birlikdə deyər, gülər, oynardılar; otaq bəzəyərdilər, bir-birinə qonaq gedib gələrdilər. Ayaqsayma, gəlin-gəlin oynardılar. Arabir də atası aldığı “Uşaq gözlüyü” kitabının şəkillərinə tamaşa edər və oxuyardılar. Günləri xoş və asudə keçərdi.
Amma Murad heç qapı-bacada tapılmazdı. Səhər evdən çıxar, bir də axşam evə qayıdardı. O gün olmazdı ki, Muradın üstü, başı cırılmış evə qayıtmaya idi. Hər kəslə döyüşər, söyüşərdi. Ona görə də onu heç kəs sevməzdi. Hətta öz ata və anası da Muradı sevməzdi. Onun əlindən bacısı Bilqeysin ki heç rahatlığı yox idi. Onun oyuncaqlarını dağıdar və sındırar, bəzən də özünü döyüb qaçardı. Ona görə Bilqeys qardaşı Muradla heç oynamaz və ondan qorxardı.
Bilqeys mehriban bir qız olduğu üçün, qapılarındakı heyvanları və quşları da çox sevərdi. Heyvanlar və quşlar da əvəzində Bilqeyisi sevərdi və ondan qaçmazdılar. Çox vaxt olurdu ki, bağçada oynadığı zaman Mərmər pişik, Dəmir it, Məstan xoruz, toyuq-cücələr Bilqeysin başına cəm olar və onun əlindəki çörək parçasını alıb yemək istərdilər. Bilqeys isə çörəyi parça-parça edib, bir az Məstan xoruza, bir az toyuq-cücələrə, bir az da it və pişiyə atırdı. Hamısı soxulub yeməyə məşğul olardı. Bilqeys qara, iri gözlərini onlara dikib, baxardı. Bir də görərdi ki, it öz çörəyini yeyib qurtardı. Yavaş-yavaş ağzını pişiyin qismətinə uzadır; pişik də mırıldaya-mırıldaya çalışır ki, ağzındakı çörəyi yeyib qurtarsın; həm də pəncələri ilə yerdə qalan çörəyi bərk-bərk tutub, acıqlı-acıqlı itə baxır, amma it baxmayıb soxulur ki, pişiyin, ya xoruz-toyuğun çörəyini qapıb yesin; bu vaxt xoruz qaqqıldaya-qaqqıldaya itin üstünə atılırdı; ya da pişik belini qaldırıb, dişlərini itin üstünə qıcayıb mırıldayır və birdən-birə sıçrayıb itin üzünü cırmaqlayardı.
Bilqeys bu tamaşadan doymazdı, gülə-gülə onların davasına baxardı.
Murad isə yoldaşlarını və bacısını incitdiyi kimi, heyvanları da incidərdi. Hələ qapılarındakı Dəmir köpəyə onun əlindən gün və dirilik yox idi. Qapı ağzında uzanıb yatarkən, Murad əlindəki daş ilə itin harasına gəldi vurardı. Yazıq it quyruğunu böyrünə qısıb, vəngildəyə-vəngildəyə qaçar, yainki iri qara ağzını açıb Murada hürərdi. Odur ki, Muradı heç sevməzdi. Onu harada görsə, qaçıb gizlənərdi. Mərmər pişik də Muradı sevməzdi. Onun kölgəsini uzaqdan görəndə, quyruğunu qısıb, tələsik özünü bir yerə soxub gizlənərdi; çünki həmişə Murad onun quyruğundan tutub dartardı. Murad pişiyin arxasınca düşdüyü zaman pişik əvvəlcə qaçar, Muradın ona yaxınlaşdığını görüncə birdən-birə dayanardı, belini dikləyib dişlərini qıcayıb, “puf” – eləyib Muradın üstünə atılardı. Hətta bir neçə dəfə əllərini, üzünü cırmaqlayıb Muradı ağlaya-ağlaya evlərinə göndərmişdi.
Elə ki, axşam olurdu, təpələrdən, yamaclardan naxır mələşə-mələşə kəndə gəlirdi. Murad əlinə çomağını alıb naxırın içinə girərdi, əlindəki çomaqla o inəyin, bu öküzün harası gəldisə vurardı.
Murad bir dəfə bir qara inəyin arxasınca düşdü. İnək axırda təngə gəlib, döndü və Muradı buynuzlarına götürüb, yerə elə çırpdı ki, qurbağa kimi yerə sərildi. Murad tamam bir saat özünə gəlmədi. Ondan sonra Murada və Dəmir köpəyə, nə Mərmər pişiyə, nə də inəklərə yaxın gedə bilmirdi.
Bağçalarındakı yasəmən ağacı altında bir səbət içində toyuqlar yumurtlayırdı. Bir gün Murad bağçada gəzirdi. Çil toyuq yumurtlayıb çıxanda, Murad gördü. Yavaş-yavaş gəlib yumurtaları cibinə doldurdu ki, aparsın. Məstan xoruz bunu uzaqdan görüb, uça-uça Muradın üstünü aldı.
Murad çox qorxmuşdu, bilmirdi ki, nə etsin. Axırda arxasında gizlətdiyi yumurtanı atıb qaçdı, xoruz əl çəkməyib, onun arxasınca düşdü. Muradın ayağı bir ağaca ilişib yıxıldı; cibindəki yumurtalar sındı, cibi və paltarı yumurtaya bulandı.
Murad qorxusundan evə gedə bilmirdi. Çünki paltarları başdanayağa yumurta sarısı idi.
Murad bağçada bir alma ağacının altında oturub nə edəcəyini düşünürdü. Gördü ki, Bilqeys bağçaya çıxdı, “Məstan, Məstan!” deyə bağırdı. Bağçanın o iri başından xoruz uça-uça gəldi. Bilqeys xoruzun başına bir papaq tikmişdi.
Mehriban qız o balaca əllər ilə xoruzun papağını başına qoydu, lent ilə bağladı, sonra şirin dil ilə dedi ki:
– Məstan xoruzum, ceyran xoruzum, gör sənə nə gözəl papaq tikmişəm!
Deyəsən ki, xoruz da Bilqeyisin mehriban dilini anlayırdı; gözlərini Bilqeysin üzünə dikib, dinməz-söyləməz dururdu. Bilqeysin qəlbinə dəymək istəmirdi; Çünki Bilqeys onları çox sevirdi. Hətta sarı toyuq da cücələri ilə Bilqeysin Məstan xoruza bağışladığı papağa diqqətlə baxırdı. Bilqeys çox şad idi.
Murad gördü ki, xoruzun başı Bilqeyslə məşğuldur, cəld qaçıb yenə də yasəmən ağacının altına getdi, qorxa-qorxa ətrafa baxdı ki, görsün bir kimsə varmı. Heç kəsi görmədi, yavaşca gəldi, yumurta səbətini arxasına aldı ki, qalxıb getsin.
Yaxında qazlar otlayırmış, Murad isə onları görməmişdi. Yumurtalarını səbətlə oğurlayıb, aparmaq istədiyini görən qazlar birdən-birə hər tərəfdən Muradın yolunu kəsdilər. Murad heç bilmədi ki, qorxusundan nə etsin; çünki qazların hər biri Muradı bir tərəfə çəkirdi; xüsusən anaş qazdan çox qorxmuşdu; çünki o çox acıqlı idi. Qorxurdu ki, sıçrayıb gözlərini çıxarsın. Axırda arxasından səbəti ağzı üstə yerə atdı, yumurtaların hamısı sındı.
Murad bu dəfə əvvəlkindən də çox qorxmuşdu. Yenə alma ağacının altında oturdu. Çox qəmgin idi. Fikir edirdi ki, evə getsə, anası onu döyər; çünki həm paltarı yumurtaya batmışdı, həm də səbətdəki yumurtaları sındırmışdı.
Murad bu fikirləri eləyirdi, bir də gördü ki, Bilqeys əlində “Uşaq gözlüyü” əlifba kitabçası bağçaya çıxdı. Məstan xoruz, sarı toyuq və cücələri Bilqeysin ətrafını aldı. Bilqeys oturdu, kitabını açdı, sarı toyuğun başına əl çəkib dedi ki:
– Gözəl toyuğum! Gəl sənə bu şəkilli kitabdan dərs verim, yaxşı?..
Sarı toyuq bir Bilqeysin üzünə baxdı, bir də kitabı dimdiklədi. Bilqeys dedi:
– Deynən “A”. Toyuq heç səs çıxarmadı. Bilqeys gördü ki, toyuq oxumur, cücənin birini kitabın üstünə qoyub dedi:
– Gözəl cücəm, deynən “A”.
Cücə kitaba baxdı, baxdı, birdən-birə dimdiyini yuxarı qaldırıb: “cik-cik” deyə səsləndi. Bilqeys şadlığından bilmədi ki, nə etsin.
Bu zaman anası pəncərədən gülə-gülə Bilqeysin dərs verməsinə baxırdı. Bilqeys bir adam axtarırdı ki, cücəsinin kitab oxumasını ona göstərsin. Anasını pəncərədə görəndə, sevinə-sevinə qışqırdı:
– Ana can, bircə cücəmə bax, gör nə yaxşı oxuyur! Gözəl cücəm, deynən “A”.
Cücə Bilqeysə baxıb yenə də “cik-cik”, deyə səsləndi. Bilqeys gülə-gülə qara iri gözlərini anasına dikib dedi:
– Ana can, gördün nə yaxşı oxuyur!
Anası gülə-gülə cavab verdi:
– Gözəl qızım, məgər sən pis oxuyursan ki, cücən də pis oxusun?.. Bu aralıq Məstan xoruz da Bilqeysin başının üstündə durmuşdu. Xoruz kitaba baxdı, baxdı, birdən-birə ucadan banladı. Bilqeys balaca əlini xoruzun başına çəkib dedi:
– Məstan xoruzum, sən böyüksən, oxumaq bilirsən. Qoy, bu balaca cücəni öyrədim. Qoçaq cücəm, de görüm “A”.
Cücə sarı dimdiyini açıb: “Cik-cik”, deyə oxudu.
Murad alma ağacının altında oturub qəmgin-qəmgin bunlara baxır, öz-özünə fikir eləyirdi: “Nə üçün Bilqeysi hamı sevir? Hamı ona məhəbbət yetirir? Amma məni heç kəs sevmir, hamı mənə nifrət edir? Nə üçün?..”
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-murad
Use ← → keys to move, R for a random poem
More by this author
Bir tülkü gedənlər hinə girib kəndin toyuq-xoruzunu yeyirdi. Kənd əhli bu tülkünün əlindən təngə gəlmişdi. Nə qədər çalışırdılar, onu tuta bilmirdilər.Bir gün həmin kəndin dəvələrindən biri otlaya-otlaya kənddən uzaqlaşır. Doyduqdan sonra dincəlmək üçün bir baş tülkünün yuvasının ağzında uzanır. Özü bilmədən elə uzanır ki, quyruğu yuvanın ağzına düşür. Tülkü dəvəni görüb çox şad olur, öz-özünə düşünür: “Bu ovu mənə baxtım gətirib, quyruğundan tutub bu dəvəni yuvama çəkərəm, sonra da düz bir ay ləzzət ilə yeyərəm”.
Dəvə, tülkü və qurdBir kəndli dəvəni o qədər işlətmişdi ki, bir dəri, bir sümük qalmışdı. Dəvənin işləməyə artıq taqəti yox idi. Ona görə də kəndli dəvəni səhrada buraxıb getdi. Dəvədə nə tərpənməyə, nə də yeməyə hal var idi. Dəvəni bu vəziyyətdə görən tülkü ona yaxınlaşdı:– Dəvə baba, bu səhrada tək başına nə edirsən? Nə üçün bu qədər zəifləmisən?
ŞələquyruqQarasu kəndində Qırt-qırt xanım adlı bir toyuq və Şələquyruq adında bir xoruz var idi. Bunlar kəndin yaxınlığında bir qaratikan kolunun altında yuva eləmişdilər və bir-birilə çox məhəbbətlə dolanırdılar. Qırt-qırt xanım hər gün bir yumurta yumurtlayardı. Elə ki yumurta çoxalırdı, Şələquyruq onları səbətlərə doldurub şəhərdə satardı. Qırt-qırt xanım qızı Cik-ciklə birlikdə kənddə qalıb yuvalarına gözətçilik edərdilər.Şələquyruq satdığı yumurtaların puluna şəhərdən qırmızı köynək, güllü dəsmal və bir çox şeylər alıb gətirərdi.
Cümənin qəzəbiBir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin-biçini əmələ gəlmirdi. Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu, çiçəklər solurdu, ağacların yarpaqları tökülüb, çılpaq qalırdı; dərə, təpə, çöl, çayır payız vaxtı kimi qəmgin və çılpaq bir halda görünürdü. Mal, heyvanın otlaması üçün nə ot və nə saman tapılırdı. Yazıq heyvanlar acından qırılıb, tələf olurdu. Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü...Bir gün kəndin ağsaqqalları yığışıb, məsləhət elədilər ki, “allah nə üçün bizə qəzəb eləyir və göydən yağış yağmayır?”
Poems by other poets
Göz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Təcnis: Adəm ata üçün fərman enəndəAdəm ata üçün fərman enəndə,Yetmiş iki millət söylər aman hey,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,