Contents
  1. Birinci şəkil
  2. İkinci şəkil
  3. Üçüncü şəkil
  4. Dördüncü şəkil

Page 2 of 4 · 25%

İkinci şəkil

Nüşabənin sarayı. Nüşabə sevgilisi Salurun divardan asılmış
şəkli qarşısında diz çöküb and içir.

Nüşabə
Salurum! And olsun günəşə, aya,
Köksümdə tikdiyin odlu saraya,
Səndən başqasına vermərəm könül.
Yox, könül sövdası oyuncaq deyil!
Eşqin bu könlümdə atmış rişələr,
Əcəlsə qoymadı versin bir səmər.
Həyat bağçasında sənsiz mən nəyəm? Eşqimin gözündə donmuş qətrəyəm.
Bu hala bilmirəm ağlayım, gülüm,
Qəlbi istəyindən ayırır ölüm.
Sehirli, əsrarlı bu həyat nədir?
Həm gülünc, həm qorxunc bir əfsanədir. Yoxsa bu fırtına, qasırğa, boran
Ki, məni qoynunda oynadır hər an
Eşqimi söndürmək istəyir, heyhat!
Onu söndürəmməz bütün kainat!
Fələklər dönsə də, ürəyim dönməz!
Zülmət hökm etsə də, al günəş sönməz! Yarasa işığa olsa da düşmən,
Günəşli eşqimə keşikçiyəm mən.

Sükut

Salurum! Nə qədər canımda can var,
Mənə kipriyimlə od daşıtsalar,
Dar, qaranlıq məzar olsa məskənim,
Neştərlə dəlinsə bütün bədənim,
Tufanlar qopsa da, bu eşqin ancaq
Vətənin eşqilə əvəz olacaq!

Səhnə qaranlıqlaşır. Yenidən işıqlanır. Nüşabənin sarayıdır. Nüşabə taxt üstündə
oturmuş, ətrafda vəzirlər, əyanlar, sərkərdələr, saray adamları dayanmışdır.

Nüşabə
Ölkələr düşməni rumlu İskəndər
Hind ilə İranda qazanmış zəfər.
İndi də yurduma göz dikmiş yağı.
Atalar qoruyan ana torpağı
Elimin əlindən almaq istəyir,
Qul kimi zillətə salmaq istəyir.
Bax, bu məqsəd ilə hüduda yaxın
Meşədə yerləşmiş bu vəhşi axın.

Uluca
Kəllərlə çarpışmış bu igid əllər,
Ona neylər rumlu kərtənkələlər!

Dilbər gəlib baş əyir.

Dilbər
Hökmdar!

Nüşabə
Nə oldu tapşırıqlarım?

Dilbər
Qaplan bəy xidmətə hazırdır, xanım!

Nüşabə
De gəlsin!

Dilbər gedir.

Qeysərə qazılsın quyu. Yurduna çevirək o lehmə suyu.

Qaplan gəlib baş əyir.

Qaplan
Uğurlar, xaqanım!

Nüşabə

Xoş gördük, Qaplan!

Hazırsan?

Qaplan

Hazıram, şövkətli xaqan.

Nüşabə

Səfərin nə füsun işlədər, görək!

Uluca

Əmin ol, çox gözəl səmər verəcək.

İgiddir, qılıncdan kəskin ağlı var.

O elə şeytandır, dovşanı nallar.

Nüşabə

Hərəkət edən vaxt böyük İrana,

İki şey mən vədə vermişdim sana: (Bayrağı və tuğranı Qaplana uzadaraq)

Bu kəyan bayrağı, bu da bir tuğra,

Keyqubad möhrü də vurulmuş bura,

Tuğrada adını yazmışam: Qubad.

Almaz

Qaplana yaraşır bu uydurma ad.

Nüşabə

Nəsəbin Kəyanə mənsubdur, ancaq

Uydurma olsa da bu tuğra, bayraq,

İskəndər kinilə çırpınan İran

Bu bayraq altına axar hər yandan.

Özünlə silah da, əsgər də götür,

Döyüşdə sınanmış ərlər də götür!

Qaplan
Əmrinə itaət bir vəzifədir,
Verdiyin hər fərman bizə töhfədir.

Nüşabə
Gecikmə, yolunu İran gözləyir.
Qeysərə qarşı kin, üsyan gözləyir!

Qaplan
Sağ ol, ey hörmətli, şövkətli xaqan.

Nüşabə
Yaxşı yol!

Uluca

Zəfərlə qayıt, qəhrəman!

Qaplan gedir. Uluca Nüşabəyə yaxınlaşır.

Uluca
Qaplan bəy bu işin altından çıxar.

Nüşabə
Düşməni qılınc və siyasət yıxar!
Nifaq törətməsə kiçik xanlıqlar,
Ellərin taleyi gün kimi parlar.
Dost olsa həm Şəki, həm də ki, Gəncə, Ellərim düşmənə olmaz əyləncə.

Uluca
Tək əldən səs çıxmaz, birləşsək, zəfər Bizimdir, şübhəsiz, neylər İskəndər.

Dilbər içəri girib baş əyir.

Di lbər
Şövkətli hökmdar, Uluğ bəy gəlmiş.

Nüşabə
Qoy gəlsin, vaxtında görülsün hər iş.

Dilbər gedir. Uluğ bəy içəri girib baş əyir.

Uluğbəy
Gün aydın!

Hamı
Gün aydın!

Nüşabə

Əmrimi aldınmı, Uluğ?

Uluğbəy
Şövkətli hökmdar, çatınca buyruq
Bir anda yayıldı bütün ölkəyə,
El coşdu, axışdı döyüş var deyə.
Bir bayram müjdəsi oldu bu xəbər.
Bu daşqın sevincdən coşdu hər əsgər
İşini-gücünü büsbütün atdı,
Cıdır düzlərində silah oynatdı.
İgidlər hər yandan hey axıb gəlir,
Getdikcə ordunun ruhu yüksəlir.

Nüşabə
Düşmən həm güclüdür, həm də hiyləgər, Qüvvətlə, hiyləylə qazanır zəfər.
Qüruru sığmayır uca göylərə.

Uluğbəy
Onu biz göylərdən endirrik yerə.

Nüşabə
Qardaşın Salurun qəlbi var səndə.

Uluğbəy
Qəhrəman orduma əminəm mən də.

Nüşabə
Şanlı tariximiz görməmiş ləkə,
Zəfərlər qazanmış bu şanlı ölkə!

Uluğbəy
Vətənə kin ilə girərsə düşman,
Açarıq elə bir dəhşətli tufan,
Toz-torpaq içində sürünər yağı,
Çeynər cəmdəyini atlar dırnağı.
Elə dərs verərik işğalçılara,
Bir də üz çevirməz bu şən diyara! Nə cəza vermişsə Tomris Xösrövə, Biz də o cəzanı verərik devə!

Nüşabə
Nəsildən yadigar qalmış bu hünər.

Uluca
Məsəldir: ot – kökü üstündə bitər.

Nüşabə
İradə düyünlər açandır, gedək!
Hüdudu, ordunu yoxlamaq gərək.

Nüşabə qabaqca, Uluca, Uluğ bəy, Almaz, İnci və başqa
sərkərdələr onun ardınca gedirlər.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets