Ədhəm
Dağın döşündə qaralmaqda bir aul; o gözəl
Və şən mühiti bəzər yamyaşıl uca məşəl.
Üzük qaşı kimi qucmuş onu sərin bağlar,
Geniş dərə, qara orman, uca sıra dağlar.
Çiçəklər ilə döşənmiş çayır, bayır, gülşən,
Budaqda quşlar ötür hey şirin-şirin, şən-şən.
Uçur buludlar üfüqlərdə toplanır əlvan,
Üzür yaşıllıq içində dərə, təpə, orman.
Uzaqda qarlar içində şəfəq vurar Kazbek,
İlan kimi ətəyindən axar köpüklü Terek.
Yosunlu daşlara hiddətlə çarparaq çağlar,
Səda verər iki yandan qucaqlaşan dağlar.
Qanadların qayaya çırparaq uçar qartal,
Yerə dikər gözünü, ov üçün baxar, dərhal
Keçər hücuma, qanadlı bir ox kimi şığıyar,
Havalanar, azacıq sonra caynağında şikar.
Qovar yamacda bir ahunu ov üçün səyyad,
Mələr balaları ardınca hey edər fəryad.
Dönər sürü, naxır, ilxı yaşıl yamaclardan,
Mələşmədən verər əksi-səda bu dəm hər yan.
Enər yaxın dərəyə qızlar əllərində səhəng,
Dodaqlarında gözəl nəğmə, incə bir ahəng.
Çinar dibində oturmuş qoca, cavan yeksər.
Keçən savaşlara dair nə duyğular bəslər!
Biri tüfəngini tərif edir, biri hünərin,
Biri qılıncını, bir başqası atın, yəhərin,
Vüqar ilə çinara söykənib qoca Ədhəm,
Keçən zamanlara aid nələr deyir bilməm,
Yavaş-yavaş danışır gördüyü zamanlardan,
O qəhrəmanlara dair düzüncə bir dastan,
Ürəkləri qovurar intiqam şərarələri,
Gəzər dodaqları kinli döyüş təranələri:
Biz çəkildik dağ başına,
Qonduq yamaclar qaşına.
Çatmaz bura düşmən əli,
Burda yanar el məşəli.
Qorxumuz yox, olsa yağı
Yurdumuzun solu, sağı,
Hər qaya bir sipər bizə,
Hər daş böyük səngər bizə.
Bir gülləmiz keçməz boşa,
Oxlarımız dəyməz daşa.
Atımızın cinsi bəlli,
Döyüş bizə bir təsəlli.
Ana yurdumuz bu torpaq
Yetişdirməz xain, qorxaq.
Təlaş içində yetişdi qaça-qaça Aslan,
Əli, ayaqları titrər kimi bağırdı: “Aman!
Amul bəyin ürəyindən vuruldu bir xəncər!”
O anda ortalığı aldı bir dumanlı kədər.
Qımıldanıb qoca Ədhəm baxıb ona, durdu:
“Kim idi qatili?” – ondan vüqar ilə sordu.
“Ədil, Gəray bəyin oğlu, pozuldu hər adət!”
Üzündə ixtiyarın oynadı kədər, hiddət.
Dedi: “İnanmayıram, bu bizim Amul olmaz!
Yel olsa da keçə bilməz yanından o yaramaz”.
“Ədil Amul bəyi yensin, mahal bir iş bu, fəqət,
O xain, alçaq ona vermədi bir an fürsət”.
Bilincə vəqəni qaşlar çatıldı şiddətlə,
Yerindən oynadı bir dağ kimi o hiddətlə.
Qonub kəhər atına qəlbi kin ilə doldu,
Qanadlı ox kimi gözdən bir anda qeyb oldu.
Dağı, daşı çaparaq ildırım kimi dolaşır,
Yanır qoca ürəyi, intiqam üçün alışır.
Uzaqda kölgə görüncə deyir: “Deyilmi yağı?”
Yaxınlaşınca sönür tez ümidinin çırağı.
Köpüklənir tər içində uçur kəhər madyan,
Burun dəlikləri şişmiş, saçır köpük və duman.
Dəli kimi dolaşır, bir şey olmayır hasil,
Nə etsin? Ah, nə çarə? Tapılmayır qatil.
Tapılmayır, dolaşır hər qədər keçidli dağı,
Ümidi məhv olaraq enmək istəyir aşağı.
Dolandırır gözünü hər yana bir ovçu kimi.
Uzaqda atlı görüncə alovlanır ələmi.
Edir qaraltıya diqqət, duyunca düşmanını,
Damarlarında onun oynayır alovlu qanı.
Uçur həmin ovun ardınca sanki bir qartal
Baxınca arxasına, Ədhəmi görüb dərhal
Vurur atı, çaparaq yel kimi gedir qatil,
Görünməyir, qayalar ortada olur hail.
Uçur dalınca onun intiqam üçün Ədhəm,
Gözündə dalğalanır qəm tozu, tutub matəm
O, yorğa madyanı məhmizləyib deyir: “Ey atım!
Yetir ona özünü, yoxsa ki, sönər həyatım”.
Gecəydi... at yıxılınca enişdə başaşağı.
Qırıldı qatil Ədilin qolu və sağ ayağı.
Süründü bir qaya altında oldu tez pünhan.
Sızıldayır ayağı, səs çıxarmayır; bu zaman
Yetişdi Ədhəm onu görməyib qopardı fəğan,
Kədərli qəlbinə çökdü isitməli həyəcan.
Piyada çox aradı, çox dolaşdı hər tərəfi,
Şaşırtmış idi onu ixtiyarlığın kələfi.
Uzaq, yaxın qaralan hər çalı və sarp qayalar
Ona Ədil görünürdü; gözündə od parlar.
Həzin-həzin dolaşır, titrəyir əli, ayağı,
Qaralmış idi acıqdan üzü, gözü, dodağı.
Gedir, yenə dayanır, hey dərin-dərin inlər,
Çox axtarır onu, ancaq tapılmayır bir əsər.
Təkan verib qayaya gözlərində kin və ələm,
Həzin-həzin düşünürdü yenə qoca Ədhəm,
Başında qanlı xəyalat, atəşin xülya,
Önündə al qan içində Amul durur guya,
Baxıb ona deyir: “Aldınmı intiqamımı, ah!”
Dumanlara bürünüb qeyb olur yenə nagah,
Atıb tüfəngini Ədhəm uşaq kimi ağlar,
Həzin iniltisi, fəryadı dağ-daşı dağlar.
Keçirdi o gecəni dərd içində bu minval,
Ona verirdi təsəlli ümidi-istiqbal.
Dumanlı gözləri bir qanlı məşələ dönmüş,
Baxır o yan-bu yana; odlu gözləri sönmüş.
Şəfəq söküldü, üfüqlər qızardı qat-qatışıq –
O al dodaqlı gəlin saçdı kainata işıq,
Ayıldı dağ, dərə, orman, çayır, bayır, gülşən,
Sevimli quşlar ötüşdü şirin-şirin, şən-şən.
Qanadların qayaya çırparaq cəsur şahin,
Ov axtarır od içində, baxışları kəskin.
O, ovçu gözlərini bir zaman dikib dərəyə,
Yığır qanadlarını, ox kimi enincə yerə,
Civildəşir, sığınır yarpaq altına quşlar.
Sükut içində bulaqlar həzin-həzin çağlar.
Tüfəng əlində o, ətrafı diqqət ilə gəzər,
Nə eyləsin ki, Ədildən görünməyir bir əsər.
O çeynəyir bığını, titrəyir əli, ayağı,
Qısa cığırla enir bir kiçik dağı aşağı.
“Nicat tapdımı xain?” – deyə qıyır gözünü,
Qədəm-qədəm dolaşır, axtarır yenə izini.
“Görünməyir, bir əsər yox, sevinmədi muradım.
Bu ixtiyar zamanımda qırıldı qol-qanadım.” –
Deyə oturdu bir az baxdı hey sola və sağa,
Tüfəngə söykənərək dikdi gözlərin uzağa.
Üzünə qəm tozu çökmüş niqab şəklində,
Gözündə göz yaşı titrər sərab şəklində,
Önündə durmuş atı bir qaya kimi ölgün,
Həzin-həzin o qoca dağlıya baxır küskün.
Hava, fəza o qədər saf ki, zərrələr titrər,
Yaşıl bir atlas içində sevimli mənzərələr:
Terek qayalara çarpar, köpüklənir, çağlar,
Beşikdə sanki ağır xəstə bir uşaq ağlar.
Nədir düşündüyü, bilməm onu qəm almışmı?
Təbiətə, bu gözəlliklərə bayılmışmı?
Dumanlı fikrinə şəfqətli bir xəyalmı gəlir?
Ya intiqam – deyə, gizlin tökür acı tədbir?
Baxışlarında qəzəb, kin və intiqam odu var.
Gözündə ancaq onun bir böyük ümid parlar.
Üfüqdə pənbə şəfəqlər yavaş-yavaş saralır,
Duman enir dərəyə, parlayan sular qaralır,
Dəyərli bir ovunu qeyb edən bir ovçu kimi,
Kədər ilə qayıdır o evə, tamam əsəbi.
Dünən Amul bəyi gömmüşdülər soyuq məzara,
Qapı ucunda oturmuşdu hüznlə Zəhra,
“Oğul, Amul!” – deyə çarpazlamışdı cüt qolunu,
Maraqla gözləyirdi ancaq Ədhəmin yolunu.
“Neçin bu dərdli qoca gəlmədi?” – deyə hərdən,
Soluq yanaqlara yaşlar tökürdü gözlərdən.
Uzaqdan Ədhəmi Zəhra görüncə çırpınaraq,
Qaçıb atın cilovundan tutub dedi: – Mənə bax!
Nə oldu, uf, yaşayırmı hələ bizim düşmən?
Bəs oğlumun qanını almadınmı, ey qoca sən?
Suala qarşı donub qaldı o qoca məbhut.
Baxışdı göz-gözə onlar, uzandı xeyli sükut.
Atından endi, nəhayət, soruşdu: – Harda Amul?
– O dəfn edildi dünən, bir qərib kimi yoxsul.
Atanla yan-yanadır, get görüş, gecikmə, aman!
Qonaq var evdə, yubanma ki, dərd edir tüğyan.
Kədərli çöhrəsini sardı kinli bir matəm,
Dedi: – Onun qanını almamış hələ getməm.
Atı verib qarıya o köhnə adət ilə,
Qonaq olan otağa girdi çox nəzakət ilə.
Yatırdı xəstə yataqda, görüncə Ədhəm onu
Dərindən inlədi: “Eyvah, bu nə qəza oyunu!”
Amul məzarda yatır, intiqam üçün özənir,
Evimdə qanlısı bir dost kimi müsafirdir.
Yorulmuş idi, yatırdı, yataqda xəstə yağı.
Qoca o çal başını dikdi bir qədər aşağı.
Başında qanlı fikirlər duman kimi coşdu,
Dəniz kimi ürəyi çalxanıb, haman daşdı.
Düşüncəli sifətində bulud kimi dərd-qəm,
Dayandı düşmən önündə sükut ilə Ədhəm.
Nədir görən ürəyindən keçən, ədavətmi?
Bu qatilin ona göstərdiyi xəyanətmi?
Yanırmı şölələnib intiqam üçün ürəyi?
Nə gözləyir, nəyə durmuş, nədir daha diləyi?
Məramı olmasa aydın, baxışlarında fəqət
Var idi bu qonağa qarşı mərhəmət, şəfqət.
Davam gətirmədi qəlbi, nə çarə, naləsinə,
Oyandı düşməni sərsəm kimi onun səsinə.
Görüncə Ədhəmi qalxdı, oturdu qanlı yağı,
Siması andırır idi dumanlı, çənli dağı.
Qoca bir azca mətanətlə topladı özünü,
Əlilə sildi yaşarmış zəif, sönük gözünü:
– Amandasan, – dedi, – qorxma, yat, ol bir az rahət.
Üzündə cilvələnirdi onun ziya, şəfqət.
Bu incə hörmətə qarşı Ədil əyib başını,
Kədərlə çatdı, odur, enli və çatıq qaşını.
Qoca verirdi təsəlli: – Qonaq, düşünmə bir an.
Kiçik bu daxmama bir quş kimi sığınmışsan.
Bunu özün də bilirsən ki, yox zaval qonağa,
Tutar bu adəti girsən bu kənddə hər ocağa.
Unutdum oğlumu, keçdim qanından, etmə kədər.
Bu bir qəza işidir, hər başa gələr və keçər...
Uzan, uzan yatağında bir azca ol rahət,
Sınıqçılıqda qazandım bu ölkədə şöhrət –
Deyə, ayaqlarını açdı o qoca Ədhəm,
Təmiz yuyub yaraya qoydu faydalı məlhəm.
Beş-altı gün ona göstərdi çox böyük hörmət,
Ədil bəyin ayağı tapdı bir qədər səhhət.
Görüşdü evdə böyüklə, kiçiklə xəstə qonaq,
Gedirdi evlərinə. O qoca da tez qaçaraq,
Minib atı yola salmaq üçün o mehmanı.
Bu mərhəmətlərə qarşı Ədilin vicdanı
Çox ağrıdırdı onu, qəlbi hey sızıldardı,
Canında sanki tutuşmuş böyük alov vardı.
Yola çıxınca dedi xəstə: – Ey böyük insan,
Bir azca dinlə məni, bax, odur məzarıstan.
Amul bəy ilə görüşmək mənim bu son diləyim,
Onu ziyarət üçün çırpınır, inan, ürəyim.
Bu arzumu qəbul et, mənim ilə birlikdə,
Onunla mən görüşüm; dostum idi dirlikdə.
Səma də lənət edir tutduğum bu xain işə.
Ricam budur, ata can, mane olma bu görüşə.
Sükut içində atı sürdülər: məzarıstan
Tökürdü qəlbinə hər atlının zəhər kimi qan.
– Amul bəyin məzarı hardadır? – deyə sordu.
Qoca işarə ilə göstərib yenə durdu.
Atından endi Ədil, qarşısında diz çökdü,
Götürdü torpağını öpdü, öpdü, yaş tökdü.
Uzatdı xəncəri: – Al intiqamını, bəlkə,
Başımdan uçsun içimdə sızıldayan bu ləkə!
Qocada sönmuş idi artıq intiqam və kin,
Atından endi yerə, verdi qatilə təskin.
Ədil coşurdu, ona etməyirdi heç təsir.
İçində qəlbini sanki qara ilan gəmirir:
– Sağ ol, – dedi, – ata can, yandırır məni vicdan,
Bu hal ilə yaşaya bilmərəm; bu haqsız qan,
Bu mərhəmət mənə onsuz da bir məzar olacaq.
Ağır gəlir üzərimdə günah və qan daşımaq.
Neçin bu əllərim onda qırılmadı, heyhat!
Şərəf sönərsə, ölümdən ucuz deyilmi həyat?
Mən istərəm, ata, atəş içində çırpınaraq,
Məni yakan suçu başqa günah ilə almaq.
Fəqət Amuldan ayırma məzarımı, bu qana
Bulaşmasın əlimiz, ibrət olsun anlayana!
Bağışla, el nəzərində, ata, mən indi nəyəm?
Amulla yan-yana yatmaq! – Bunu, bunu dilərəm. –
Deyib o, xəncərini soxdu qəlbinin başına,
Uzandı al qan içində böyük məzar daşına.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-edhem
Use ← → keys to move, R for a random poem
More by this author
Azayın atası Böyük Vətən müharibəsinin lap birinci ilində əsgər getmişdi. Anası da dəmir yolunda işə düzəlmişdi. Atasının ayrılığı Azaya çox təsir edirdi, onu hər yadına salanda faşistlərə lənət oxuyurdu.Bir gün Azay yuxudan həyəcan içində oyandı. Çox halsız və nəşəsiz idi. Anası oğlunun bu vəziyyətindən narahat oldu:
İki yoldaşNizaminin atası Böyük Vətən müharibəsi günlərində əsgər getmişdi. Əvvəlləri hər ay məktub göndərirdi. Məktublarında cəbhə həyatından, döyüş səhnələrindən, oradakı dostlarından yazır, evdəkilərin halını soruşurdu. Bir məktubunda da yazırdı ki, son döyüşlərdən birində qəhrəmanlıq göstərib, onu “Şərəf nişanı” ordeni ilə təltif ediblər. Hətta o zərfin içində döşündə “Şərəf nişanı” ordeni olan şəklini də göndərmişdi.Son məktubundan üç-dörd ay keçdi, ancaq Nizaminin atasından nə məktub gəldi, nə də bir xəbər. Nazim və anası hər gün həyəcan içində məktub gözləyirdilər.
Lovğa ovçuSalman adlı bir ovçu var idi. Ovçular bir yerə toplananda Salman öz ovçuluq məharətindən uzun-uzadı danışır və onların yanında öyünürdü. Yoldaşları ona çox zaman dodaqaltı gülüb bir söz demirdilər.Bir gün iki ovçu, Heydər ilə Atakişi dovşan ovuna çıxmışdılar. Xeyli axtarışdan sonra qarşılarına zorba bir dovşan çıxdı. Heydər fürsəti fota verməyib cəld dovşanı nişan aldı. Atəşin açılması ilə dovşanın səndələyib yerə yıxılması bir oldu. Dovşanı götürüb getmək istərkən gördülər ki, budur, uzaqdan ovçu Salman gəlir. Atakişi gülə-gülə Heydərə baxdı:
Sözün qiymətiNağılVarlı bir tacirini üç oğlu varmış. Tacir kiçik oğlunu hamısından çox istəyirdi. Böyük qardaşlar paxıllıq edib deyirdilər: “Atamız onu görəsən nəyə görə bizdən çox istəyir? Onun bizdən nəyi artıqdır?”
Poems by other poets
Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.Qaranlıqdır bana dünya.
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.