XV
Badam təzə xidmətindən çox məmnun idi. “Fabrik işlərinin bu qədər maraqlı olduğunu bilmirdim, yoxsa çoxdan girmişdim” – deyirdi. O indi iclaslara gedir, yoldaşları ilə yarışır, staxanovçu olmağa çalışırdı. Fabrik həyatı, əmək və sənət onun görüşünü, xasiyyətini, vərdişlərini gündən-günə dəyişirdi. O, indi əvvəlki tənbəl, bacarıqsız, biliksiz Badam deyildi; girir-çıxır, yeni həyat və quruluşun hər üzünü, hər səhifəsini öyrənməyə çalışır. savad məktəbinə gedirdi.
Badam fabrikdə təmizlik briqadasına üzv seçilmişdi. Briqada üzvləri qərara almışdı ki, əvvəlcə öz evlərini gəzsinlər. Bu qərar Badamı çox qorxutmuşdu. Özü briqada üzvü olduğu halda, ev-eşiyi təmiz olmazsa, yoldaşlarının yanında qızaracağından qorxurdu. Odur ki, işdən evə gəlincə ev-eşiyi süpürdü, təmizlədi, şeylərin üstünü sildi. Xasayın və Zinyətin iş köynəyini dəyişdirdi. Stolun üstünə yeni süfrə sərdi, çarpayılara ağ mələfə çəkdi. Divardan üç üz silən asdı. Bu çalışmalarda qızı Zinyət də ona kömək edirdi. Badam evinə-eşiyinə baxıb sevinə-sevinə:
– Doğrudan da, təmizlik yaxşı şeydir – dedi. Sonra boş çiçək qablarını Xasaya və Zinyətə verdi. Bağçaya gəldilər. Saxsıları torpaqla doldurdular, hər birinə bir çiçək əkdikdən sonra sulayıb pəncərəyə qoydular. Xasay heyrətlə otaqlara baxdıqdan sonra gülə-gülə:
– Ana, otaqlarımız indi nə yaxşıdır, baxdıqca adamın ürəyi açılır – dedi.
Zinyət də Xasayın sözünü təsdiq etdi:
– Doğrudur, təmizlik ürək açır.
Xasay tez mətbəxə qaçdı, məktəbin ona bağışlamış olduğu dülgərlik şeylərini bir qutuda gətirib dəhlizə qoydu. Özünə bir guşə düzəltdi; divara şəkillər yapışdırdı. Sonra mətbəxdən taxtalar götürüb işləməyə başladı.
– Xasay, nə qayırırsan? – deyə Zinyət qardaşının məqsədini bilmək istədi. Xasay işləyə-işləyə cavab verdi:
– Özümə yazı stolu qayırıram.
Xasay işləyirdi. Zinyət ayaqda durub onun çalışmasına baxırdı. Badam da açıq pəncərəyə söykənib dərsini hazırlayır və arabir qələtlərini Zinyətdən, Xasaydan soruşurdu.
Kamil müəllim Xasayın ailə həyatının gündən-günə yaxşılığa doğru irəlilədiyini bilirdi. Ev tərbiyəsi, ailə quruluşu həyatının ona gözəl təsir edəcəyindən əmin idi. Bir tərəfdən də öz nəzarətini onun üzərində artırmışdı. Onu evdə yoxlamaq üçün tez-tez müxtəlif briqadalar göndərir, hər tərəfdən ona təsir etməyə çalışırdı.
Badam fabrikdən təmizlik briqadası gözlərkən məktəbdən səhiyyə briqadası gəldi. Sədr Xasayı işləyən görüncə: “Afərin Xasay, işlə, işlə” – dedi. Badam irəli gəlib xoş üzlə onları qarşıladı, dörd-beş ay əvvəl qapıdan qovduğu briqadanı hörmətlə qəbul etdi.
– Buyurun, baxa bilərsiniz.
Briqadanın sədri otaqlara diqqətlə baxdıqdan sonra:
– O evdəki təmizliklə bu evdəki təmizlik, o qəbul ilə bu qəbul arasında nə böyük fərq var. Sizi bu sürətlə dəyişdirən qüvvətə afərin, sağ ol, Badam bacı – deyə otaqdan çıxdı.
Briqada getdi. Zinyət, Xasay və Badam məmnun halda bir-birinə baxdılar. Zinyət dedi:
– Ana, nə yaxşı ki, bu gün otaqlarımızı təmizləyib bəzəmişdin, yoxsa utanacaq idik.
Xasay anasını qucaqlayıb:
– Ana, otaqlarımızı həmişə belə təmiz saxla – dedi.
Badam Xasayın başını sinəsinə sıxıb cavab verdi:
– Yaxşı oğlum, sən ağıllı ol, dərslərinə yaxşı çalış, müəllimlərin-
Badam sözlərini hələ bitirməmişdi. Kamil müəllim əlində bir bağlı içəri girdi. Görüşdülər. Əlində iri qəzetlərə bükülmüş bağlını Xasaya uzadıb:
– Al, bunu sənə Azərlə Zivər göndərmişdir – dedi.
Xasay bükülünü alıb müəlliminə təşəkkür etdi.
Badam:
– Oğlum, görürsənmi? Sən müəlliminin bu qədər yaxşılığından necə çıxacaqsan?
– Xasay yaxşılıq altında qalan oğul deyil. O mənim yaxşılığımın əvəzini artıqlaması ilə qaytaracaq.
Bu sözləri deyib Kamil müəllim üzünü Xasaya tutdu:
– Xasay, bilirsənmi mən nə üçün gəlmişəm?
Xasay diqqətlə onun üzünə baxdı. Kamil müəllim ciddi bir tövr almışdı. O bir az susdu, sonra təkrar sözə başladı:
– Bu gün səninlə ciddi danışmağa gəlmişəm. Badam bacı, sən də fikir ver. Müəllimlərdən bir qismi sənin düzələcəyinə inanmır. O gün bu xüsusda müəllimlərlə yenə danışırdım. Hamı deyirdi: “ondan adam olmaz, məktəbin intizamını pozur, dərslərinə çalışmır, onu qovmaq lazımdır”. Mən razı olmadım. Bir ay vaxt almışam, bu bir ayda sən tamamilə dəyişməlisən. Bu sözə nə deyirsən?
– Nə deyəcək? Sən ona atalıq etmisən, o sənin sözünü yerə salsa, gərək adam olmasın – deyə Badam dərhal cavab verdi.
– Əvvəlki Xasay vardı ha, bax, səni o Xasay kimi görmək istəyirəm, sən gərək mənim üzümü qızartmayasan.
Kamil müəllim bu sözləri o qədər təsirli söylədi ki, Xasayın qəlbi titrədi. O bir dəqiqə donub qaldı. Kamil müəllim sözünə davam etdi:
– Sən gərək mənim fikrimin doğru olduğunu isbat edəsən!
Xasay başını qaldırdı. Gözlərini Kamil müəllimin üzünə dikib cavab verdi:
– Söz verirəm! Qorxmayın, müəllim, Xasay sizi utandırmaz.
Kamil müəllim çox sevindi, üzünün çizgiləri, qaşının çatıqları açıldı, sevinclə parıldayan gözləri ilə Xasaya baxdı.
– Bir aya qədər səni yenə birinci görməliyəm. Buna da söz verirsən?
– Ona da söz verirəm.
Xasay son sözlərini daha qəti dedi. Kamil müəllim gülə-gülə Ba-
– Badam bacı, nə deyirsən, Xasay kişi kimi mənə söz verir; onu heç kəs mənim kimi tanımır, onun bir sözü mənim üçün hər şeydən qiymətlidir. Sağ ol Xasay, deməli sabahdan mən papağımı yan qoyub gəzə bilərəm.
Badam məmnun bir tövrlə:
– Sən papağını yan qoy, qorxma, Xasay səni utandırmaz – dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-xasay-xv
Use ← → keys to move, R for a random poem