Məclis vaqe olur hacının hücrəsində. Mirzə Yusif stolun dalında oturub hesaba
baxır:

Səfər

Qardaşımdır, Yusif, bu tacirbaşı,
Mən də onun kiçik, doğma qardaşı.
Bir az burda isinməkçin qoy gəlim,
Titrəyirəm, tutmur soyuqdan əlim.

Yusif

Eybi yoxdur, gəl, qardaşıım Səfər, gəl, İstəsən də yat, bir qədər də dincəl.

Səfər

Qovmazsan ki, məni, Yusif, burdan sən? Bax, soyuqdan titrəyirəm, görürsən.

Yusif

Bu nə sözdür, heç belə şey olarmı,
Müsəlman da qonağını qovarmı?

Səfər

Yusif, Allah xoşbəxt eləsin səni,
Düz bir ildir qardaşım qovub məni.
Bu dərbədər Səfər qadanı alsın,
Qoy dərdimi deyim, qəlbim boşalsın.
Nə qədər ki, pulum, malım, var idi,
Mənə hər kəs yoldaş idi, yar idi.
Hər yerdə aş vardı orda baş idim,
Xana qardaş, bəylərə yoldaş idim.
Məstkən molla evinə də gedərdim,
Bir süfrədə çox vaxt nahar edərdim.
İndi heç kəs salamımı almayır,
Yoldaşlar da məni yada salmayır.
Uydum mən axmaq içkiyə, qumara,
Qoydum pulu xanəndəyə, qızlara.
Aşna dediklərim məni soydular,
Axır belə yaman günə qoydular.

Yusif

onun sözünü kəsərək

Yaxşı, indi ki, sən bunu duyursan,
Neçün qumara, içkiyə uyursan?

Səfər

Neçün? Bu aşkar şeydir, axmaqlıqdan, Bədbəxtlikdən, yəqin ki, sarsaqlıqdan.

Yusif

Gəl tərk et içkini, olma qumarbaz.

Səfər

Sən bilmirsən, Yusif, tərk etmək olmaz. Kimsə ki, düşsə belə bir pis yola,
Çox çətindir bir də o aqil ola.

Yusif

Necə? Nə yol?

Səfər

Dinlə şərhi-halımı,
Qoy nəql edim, sən də bil əhvalımı.
İyirmiydi atam öləndə yaşım,
Ayrılmaq istədi məndən qardaşım.
Gər danışsam məni necə ayırdı,
Mülkün çoxun öz adına qayırdı.
Bu...uzundur, Allah özü alimdir,
Mənim bu qardaşım necə zalimdir.
Hər nə isə, axır mənlə bölüşdü.
Mülklər ona, mənə pul, veksil düşdü.
Mən də burdan haydı, getdim Tiflisə,
Yoldaş oldum naəhlə, hər pisə.
Traktirdə, duxanda, padvallarda,
Keyf elədim teatrda, ballarda.

Yusif

Teatra getmək gətirməz nöqsan,
Görər o güzgüdə öz eybin insan.

Səfər

Məgər heç mən ayıq olurdum gecə,
Ta biləydim artist oynayır necə?
Anlamırdım əsla hara gedirdim,
Gedib yar-yoldaşı qonaq edirdim.
Kefli idim, pulum nə qədər vardı,
Ancaq ayıldım onda ki, qurtardı.
Baxdım gördüm nə tas qalıb, nə hamam, Çıxmış əlimdən var-yoxum bittamam. Könlüm içki istəyir, nə etməli,
Pul da yoxdur, kimə, hara getməli? Tutdum satdım bircə-bircə paltarı,
Nəyim vardı: kürkü, börkü, şalvarı.
İndi görürsən bu kökdə laəlac,
Bu qış fəsli əynim cındır, qarnım ac.
Hardan getsəm baxır mənə cəmaət,
İnan ki, öldürür məni xəcalət.
Bir qəpiyim yoxdur cibimdə, acam,
Bir günümün ruzisinə möhtacam.
Ancaq oğurluğa gəlir gümanım,
Yox, ona da razı olmur vicdanım.
Soyuq dəyib, bax qurutmuş belimi,
Ovuşdurub hovxururam əlimi.
Dırnaqlarım donur, yerə döyürəm,
Öz-özümü yorulunca söyürəm.
Səhər tezdən tingələrdə dururam,
Gəlib-gedən məxluqa baş vururam,
Bundan, ondan qəpik-quruş alıram,
Üç gün-üç gün çox vaxtı ac qalıram.
Yox bir adam gedib dərdimi deyim,
Sən de görüm: nə qayırım, neyləyim?

Yusif

Bu yaramaz, yox, çarə tap başına,
Məndən olsa yenə de qardaşına.

Səfər

Yox, demərəm, çün bir dəfə getmişəm, Ağlayaraq dərdimi ərz etmişəm.
Qovdu məni, düşdüm ayaqlarına,
Çox yalvardım arvad-uşaqlarına.
Dedim: saxla məni, qul olum sənə.
Qardaş yox, saleh oğul olum sənə.
Dedi: yoxdur heç şeyə ləyaqətin,
İtil burdan, basar məni nikbətin.
Nə etməli, Allah versin bəlasın,
Napak qulun haq dinlər iddəasın. Yusif istəyir çıxarıb ona pul versin

Yusif, mənə pul vermə... Yəni yox,
Deyirəm ki, versən, az ver, vermə çox.

Yusif

Buyur, nə qədr istər isən verərəm,
Səndən məgər müzayiqə elərəm?

Səfər

O ağ puldur, istəmirəm, qoy dursun, Bu bir şahı hələ bəsimdir bu gün.

Hacı Dəmir daxil olur

Hacı

Sən burdasan yenə, kim verdi rüsxət? Bir də bura gəlməyə etdin cürət?
Deməmişəm bu ətrafa dolanma,
İtil burdan, daha artıq dayanma!

tərəfə

Bax, bax buna, üz-gözündən bit yağır, Məsx olubdur, insana da oxşamır.
Şəxsi tutanda Allahın qəzəbi,
Əlbəttə ki, özü olar səbəbi.

Səfər

Qardaş, sənə bircə kəlmə sözüm var.

Hacı sözünü kəsərək

Hacı

Çıx bayıra, etmə buranı murdar.
Get, get. Hələ bu saat şüğlüm çoxdur.
Danışmağa səninlə vaxtım yoxdur.

Səfər gedir, Hacı çəkib hücrənin qapısını örtür

HacıYusif, bu gün bir yaxşı fikr etmişəm, Ağsu bəyi Əhməd bəy, eşitmişəm, –
Bir az pul istər edə müamilə,
Artıq tənzil ilə bir neçə ilə.
Fikrim budur onu çağırım qonaq,
Az pul verib kəndini girov alaq.
Vədə tamamında işi düzəlməz,
Nə ki, fərin, əslin də verə bilməz.
İldən-ilə şişib artar tənzili,
Təzələrəm nastoykayla veksili.
Sonra çıxardaram kəndi əlindən,
Dolanarıq fariğ-bal hasilindən,
Bir nəfər də var aramızda dəllal,
Tanırsanmı? Binəkdar Şuşan baqqal.
Bir az şey də ona rüşvət verərik,
Gələcəkdə kəndə yiyələnərik.
Sabah gecə gələcəkdir o bizə,
Sən də nahar yeməginən gündüzə.
Axşam olcaq tez gəl bizdə, şam elə,
Yaz kağızın, işi tez tamam elə.
Mən gedirəm, var qeyri-yerdə işim,
Ancaq bununçündü bura gəlişim.

Hacı gedir. Yusif yalnız, tərəfə

Yusif

Görürsüzmü necə qara vicdandır,
İnsan cildində yırtıcı heyvandır.
Utanmır da, deyir mən müsəlmanam,
Hacıyam, möminəm, əhli-Quranam.
Görüz necə pambıq ilə baş kəsir! Öz doğma qardaşı soyuqdan əsir,
Köhnəciyin qıyıb ona verməyir,
Artıq-artıq min-min yaman söz deyir. Hər gün gedir camaatla namaza,
Başlayır məsciddə razü niyaza.
Bığın vurdurmuş, uzatmış saqqalı,
Ağzın etmiş qırxıq pendir motalı.
Əldə təsbih, dodaqların tərpədir,
Xalq da elə zənn edir ki, zikr edir.
Halbuki, tənzilin sayır pulunun.
Şəhrin yetim-yesirinin, dulunun
Bu fənd ilə əldən alır var-yoxun,
Qəbul edir, dolaşdırır az-çoxun.
Sonra vermir, göyə çıxsa da ünü,
Göy əskiyə düyünləyir gününü.
Mən də onun acığına Səfəri,
Tapıb verəcəyəm həmin xəbəri.
Gecə gəlsin, həm qoy yesin aşından, Əhməd bəyin yanında qardaşından
Pul istəyəndə kəsilər əlacı.
Az da olsa, boş yola salmaz Hacı.
Qoy hücrəni bağlayım. Durum gedim, Səfəri bu işdən xəbərdr edim.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets