Yağış bizi Ağ çınqıl yoxuşuna dikələndə tutdu. Uşaqların biri sürüşüb çaya düşdü. Maral olmasa, bilməyəcəkdik bəlkə. “Kimsə yıxıldı” - dedi. Bu vaxt əsgər başını çıxarıb bir dəfə çığırmağa imkan tapdı. Qırğı ilə özümüzü yetirib avtomatı uzatdıq, yapışdı, dartıb çıxartdıq. Silahı suda qalmışdı. Qırğı özünü selə vurdu, suyun altına girib nə qədər axtardısa, tapmadı. Maral suya atılıb silahı çıxartdı. O, əsgər selə yıxılan yeri yadında saxlamışdı.

Şıdırğı yağışın qara məhlula çevirdiyi qatı qaranlığı yara-yara üzüyuxarı addımladıqca xırda çınqıl ayağımızın altında aşağı axırdı. Nə qədər gedirdik, çaydan aralanmırdıq. Selin qıjıltısı bütün səsləri batırırdı. Çınqılla birlikdə axıb çaya düşsək, salamat qurtara bilməzdik. Uşaqlar fərqində deyildilər: sel bizi aparırdı. Kəşfiyyatda olduğumu unudub qışqırdım:

“Bir-birinizin avtomatından yapışın!”

Uşaqlar bir-birinə tutundular və biz ağır-ağır addımlamağa başladıq.

“Tədricən sola!” - hansı tərəfə daha tez dikləşə biləcəyimizi təxmin edirdim. Sola hərəkət etdikcə sel sanki xəfifləyirdi. Dik yoxuş burnumuza dirənmişdi. Qaranlıq hər yanı elə bürümüşdü ki, bura nə vaxtsa günəş işığı düşəcəyinə heç kim inanmazdı. İndi şimşəyin çaxması üçün dua edirdim. Çünki yalnız onda ətrafı bir anlıq görür, uşaqları saymağa çalışırdım. Şimşəyin çaxması həm də bu dünyada işığın tamam itmədiyinə bir işarə kimi içimdə ümid qığılcımı yandırırdı. Başımızdan, elə bil, vedrəylə su tökürdülər. Kameranı islanmasın deyə sellofana büküb zabit çantasına qoymuşdum:

“Hamınız burdasınızmı? Səsinizi çıxarın!”

Uşaqlar sırayla öz familiyalarını söylədilər: “Əsədov, Rəfiyev, Şabanov...”

Soyuqdan titrəsək də, bir-birimizdən yapışıb addımlayırdıq. Hərəkətsiz dayanmaq ölümə bərabər idi. Yuxarı qalxa bilməsək də, hər halda, çınqılla dərəyə də axmırdıq. Kimsə taqətdən düşüb yıxılarsa, aşağı sürüşməsin deyə sonuncu əmrim belə oldu:

“Silahların kəmərini bir-birinə keçirin!”

Sola gedirdik, ancaq dərə bitmirdi. Deyəsən, heç dərə yox idi burda, Ağ çınqılın hər tərəfi ilə sel axırdı. Ən doğrusu üzüyuxarı addımlamaqdır. Nə qədər çətin də olsa!

Gecənin qaranlığı ildırımötürəndəki əsgərlərin paltarının rəngindəyidi. Bu qaranlıq mənə qara pişiyi xatırlatdı. Arada çığırtı da eşitdim. Yağış onun səsiylə yağır, sel onun səsiylə axırdı. İçimdəki həyəcan da o lənətə gəlmiş pişik kimi çığırırdı. Qəfil yoxuşun başında gümüşü işığı gördüm. Göründü və çəkildi. Dizlərimə necə güc gəldisə, özümdən asılı olmadan qışqırdım:

“Qurtulduq!”

Söz ağzımdan çıxmamış bütün qrup üzvlərinə sirayət elədi və məni yoxuş yuxarı çəkdilər. Mən də son gücümü toplayıb bir bədənə çevrilən qrupu irəli dartmağa başladım. Özümüz özümüzə kotan kimi qoşulmuşduq və Ağ çınqılı şumlaya-şumlaya yoxuşun başına - gümüşü işığı gördüyüm yerə qalxırdıq.

Yoxuşun başında parlayan işığın görünməsiylə şimşəklər susdu, yağış yavaşıdı, çaylağın altından axan sel zəiflədi. Ayağımız yer tutdu. Mən gümüşü işığın sayəsində həm də hansı istiqamətə gedəcəyimizi müəyyən etdim.

Bir azdan Murov dağları başa-baş gümüşü işığa bələndi: səhər açılırdı!

Lap düşmənin ortasıyla addımlasam da heç nədən qorxmurdum.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, 24. Komandir

Atamın ağlaya-ağlaya çıxması məni də qəhərləndirdi. O, təkcə mənim gəlişimə sevindiyi üçün ağlamırdı. Bu göz yaşlarının içində çox şey vardı. Çox şey! Qaçıb onu qucaqlamaq, Yeddixırmanın qaşında gördüyüm, sonra Murovda - Ömər aşırımında və Yeddiqardaşda qarşıma çıxıb məni ən doğma insanlara, doğma torpaqlara bağlayan gümüşü işıqdan danışmaq istədim. Ancaq yaşadıqlarımı anlada bilməyəcəyimdən qorxdum. Bu, elə bir duyğu idi ki, haqqında yalnız susmaq olurdu.Atamı bağrıma basdım. Onun doğma qoxusu məni uşaqlığımın ən xoşbəxt anlarına apardı. Onda hər şeyimiz vardı. Bizi xoşbəxt edən heç nəyi əlimizdən almamışdılar. Atamı da heç vaxt ağlayan görməmişdim.

20181 min
Üçüncü hissə, 25. Zabil

Həmişə fikir vermişəm, görüşün ilk dəqiqələri çox həyəcanlı olur. Bu həyəcan, uzağı, beş dəqiqə çəkir. Sonra hamı sakitləşir və adam kimi söhbət etməyə başlayır. Mən qardaşımla oturub şirin-şirin söhbət eləməkdən ötrü bu həyəcanlı anların tez bitməsini istəyirdim. Amma bitmirdi. Yaxın-uzaqda yaşayan qohumlar onun gəldiyindən xəbər tutub özlərini yetirirdilər. Gələn-gələn özünü saxlaya bilməyib ağlayırdı. Əllərinə fürsət düşmüşdü. Qardaşımın belə qəfil gəlişiylə kəndimizlə anam təkrar yada düşmüşdü. Mən onda anladım ki, nə qədər torpağımız işğaldadır, heç bir dərdimizi unuda bilməyəcəyik. Hər dəfə bir bəhanə ilə faciəmiz təzədən başlayacaq, biz onu ilk dəfə yaşayırmış kimi təzədən ağlaşacağıq.Axırda atam özü təpindi qohumlara, uşağın üstünə ağlaşmayın dedi. Uşaq e! Məni gülmək tutdu. Yaxınlaşıb astaca qoluna toxundum:

20182 min
Üçüncü hissə, 26. Komandir

Doğmalarla söhbət eləmək həmişə mənə çətin gəlib. Bilmirəm hansı sözü seçəm, necə işlədəm. Mən doğmalara sevgisini ifadə edə bilməyən adamlardanam. Uca hislərin qarşısında susuram. Hərbi xidmətlə bağlı verilən suallarda da belədir. Cavab tapa bilmirəm. Ömür boyu əsgərlik xatirələrini danışan, hələ üstəlik bəzəyibdüzəyən adamlara həsəd aparmışam. Mənə qalsa, sevgidi, dostluqdu, kişilikdi - bunlar haqda danışmaq ayıbdı. Etməli olduğun işi niyə danışasan? Heç ağac deyir ki, baxın, necə meyvə gətirmişəm? Günəş deyir ki, sizə təmənnasız isti bəxş edirəm?İndi atamın qarşısında da belə tərk-silah olmuşam. Nə deyim, nə danışım? Hamısını özü bilir. Vaxtımın az olmasını da, bir az səhlənkarlığımı da, əslində, gəlmək və görmək istədiyimi də. Məndən olsa, doğmalarla üz-üzə oturub saatlarla bir-birimizə baxarıq. Mənim üçün bunun əvəzi yoxdur. Doğmalar həm də ona görə doğmadır ki, onlarla bu cür rahat ola bilirsən.

20181 min
Üçüncü hissə, 27. Zabil

Məktəbdən qayıdanda onu evdə görmədim. Halbuki elə bilirdim iki-üç gecə qalacaq. Məzuniyyəti üç günlük götürmüşdü. Ya bizimlə darıxdı, ya da vacib işləri vardı. Tezdən dərsə gedirdim, o, içəri otaqda yatmışdı. Sən demə, oyaqmış. Köhnə ayaqqabıda islanmasın deyə ayaqlarıma sellofan sarıdığım yerdə yaxaladı məni. Qolumdan tutub küçəyə çıxardı:“De görüm, yaxşı ayaqqabı harda satılır?”

20182 min

Poems by other poets