Üçüncü hissə, 12. Komandir
Ətrafı bir də gözdən keçirib mövqe tutduq, Səfərovla Əsədovun təhlükəsiz hərəkət etməsi üçün şərait yaratdıq. Səfərov bizə yaxınlaşan kombaynın arxasına keçib pilləkənin üstünə atıldı. Arxa şüşədən içəri boylanıb qapının tutacağından yapışdı. Qırğı kombaynın qabağında peyda olub silahını kabinəyə tuşladı. Kombayn dayandı. Gizir Səfərov qapını açıb sürücüylə boğuşdu, onu dartıb yerə saldı. Sürücü “Bandit!” deyə qışqırdı.
Qırğı da gursaçlını dartıb düşürdü. Gursaçlı baş verənləri o dəqiqə anladı: “Tooork!!!”
Sürücü boynunu qısıb Gizir Səfərova tabe olsa da, gursaçlı sağa-sola vurnuxur, gözünü “Qaz 53”-dən çəkmirdi. Köməkləşib onları maşının yanına gətirdik. Gursaçlının qapısı açıq qalan və şüşəsi qırılan maşını görüb həyəcanlanması diqqətimdən yayınmadı. O, əlimizdən çıxıb qaçmağa çalışırdı:
“Məni burda öldürün! Sizinlə heç yerə getməyəcəm!” - bizim dildə aydın danışırdı.
Boğazından yapışıb yavaşca dedim:
“Getməsən, uşağı öldürəcəyik!”
Yumşaldı.
“Mənə nə edirsiniz edin, uşağa dəyməyin” - deyib yalvarmağa başladı.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-ucuncu-hisse-12-komandir
Use ← → keys to move, R for a random poem
More by this author
Mən Gizir Səfərov olam, qorxudan bu hala düşəm? Gözgörəti qocalırdım. Boynuma alıram. İndən belə girov-mirov vecimə deyildi. Sağ-salamat qayıtmaq barədə düşünürdüm. Əməliyyat dedilər, gəldik, baxdıq, mümkün olmadı. Həmişə mümkün olmur ki! Qoy bir dəfə də “olmadı” kəlməsini qəbul eləsinlər.Komandir gedən gecə nə qədər sarsıntı keçirmişdimsə, Ağsaqqalın bizi gətirib çıxardığı meşədə zol düşüb yatdım. Deyəsən, atdığım dərman indi təsir eləmişdi. Oyananda gün sifətimi yandırırdı. Qaranlığa öyrəşən gözlərim bol işıqda öz-özünə yumulub göynəyirdi. Beş-on dəqiqə heç nə görmədim. Arada, elə bildim, ölmüşəm, cənnətdəyəm. Cənnət dediyin elə bu turşməzə işıq bolluğudur. Lakin dizlərimin sızıltısı, ayaqlarımın göynərtisi sağ olduğuma dəlalət edirdi. Canımı bu ağrılardan belə rahatlıqla qurtara bilməzdim.
İkinci hissə, 24. KomandirSuyumuz da qurtarmışdı. Əsgər Mazanovun yığdığı qırxbuğumu ovub yedik. Ağsaqqal özü də bir topa pencəri ağzına atıb gəvələyərək söylədi:“Kaş duz olaydı!”
İkinci hissə, 25. QırğıKolluqdan hərəkətə başlayanda susuzluqdan yanırdım. Dilim-ağzım quruyub bir-birinə yapışmışdı. Elə bil boğazıma yapışqan tökmüşdülər. Ağsaqqalı yanlayıb bizə su tapmasını xahiş etdim. O, bir az irəlidə çaydan keçəcəyimizi söylədi və keçi inadkarlığı ilə dəstənin qabağına düşdü. Şər qarışmışdı.Dərəyə doğru xeyli yenəndən sonra balaca çayın şırıltısını eşitdik. Komandir sudan çox içməməyi məsləhət gördü. Düz deyirdi. Suyu çox içəndə hərəkət eləmək olmurdu.
İkinci hissə, 26. KomandirƏsgər Mazanovun bələdçiliyi çöl divarına “101” yazılmış tuneldə sona çatırdı. Buralar artıq mənim tanıdığım yerlər idi. Murova gələndən təmas xəttini üç-dörd dəfə Zoda gedən maşın karvanlarını müşahidə etmək üçün keçmişdim. Kəlbəcərin qızıl dağlarında qızğın iş gedirdi. Bir az müşahidə edəndə, deyirdin, uzağı, on günə yaxın ətrafdakı dağları daşıyıb aparacaqlar. Qızıl mədənlərinin mühafizəsi yüksək səviyyədə təşkil olunmuşdu. Ancaq yollarda “cücə” yaxalamaq mümkün idi. Mən tuneldən son vəziyyəti yoxlamaq üçün çıxmışdım. Zod tərəfdən gəlib qızıl yataqlarına qalxan dolama yolları müşahidə edəcəkdim.Gəlib-gedən maşınların işıqları görünürdü. Bəzi mədənlərdə traktorların da işığı nəzərə çarpır, diqqətlə qulaq asanda səsi eşidilirdi. Hava ağaranda hər şey aydın göründü. Budur, dağ yolları üçün nəzərdə tutulan “alabaş” avtobus səhər növbəsinin işçilərini mərkəzi meydana gətirdi. Avtobusdan əvvəl üç silahlı hərbçi düşdü, dalınca fəhlələr, mühəndislər. Yaxınlıqda polis maşını görünür. Üstü “miqalka”lı ağ “Niva”dır.