Üçüncü hissə, 14. Komandir
Sel yolunun ayağında iri bir daş vardı. Uşaqların yorulduğunu görüb bu daşın altında dincəlmək, çörək yemək qərarı verdim. Gecə boyu yol gəlmişdik, üstəlik, səhər tezdən narahat bir yenişi aşağı düşmüşdük. Gün xeyli qalxmışdı. Qısa istirahətləri nəzərə almasaq, buracan dayanmadan yerimişdik.
Daşın altını, elə bil, bizim üçün hazırlamışdılar. Sel yolu ovcumuzun içi kimi görünürdü. Ardımızca gələn olsa, çılpaq yamaclarda sərçə kimi dənləyərdik. Amma gündüz su şırnağı ilə qalxsaq özümüz qarşı dağın hədəfinə çevrilərdik.
Dağların, qayaların, uçurumların arasında bir çimdik duz kimi itən kəşfiyyat qrupumuzun yerini öyrənmək üçün gərək quş olub uçaydılar.
Sel yoluna gözətçi qoyub daşın altında oturduq. İlk işimiz təzə yol yoldaşlarımızla tanışlıq oldu. Sürücü - Qay, gursaçlı - Qarik Vardenis rayonunun Böyük Mərzə kəndinin sakinləri idilər. Uşaq - Albert Qarikin bacısı oğluydu.
Böyüklər özlərini sərbəst aparırdılar. Uşaq da ən yaxın postdan qayıdacağına inanmışdı. Baxışlarındakı qeyrimüəyyən qorxunu nəzərə almasaq, bizimlə birlikdə kəşfiyyata gəldiyini düşünmək olardı. Onun on üç yaşı vardı. İrəvanda orta məktəbdə oxuyurdu. Kənddə aqronom işləyən dayısı Qarikgilə yay tətilinə gəlmişdi. Evdə darıxdığı üçün dayısı özüylə sahəyə gətiribmiş, iş uzanıb, qalıb “Qaz-53”-ün kabinəsində.
Ağsaqqal qonşularına yaxşı xidmət edirdi. Kəlbəcərlə Vardenis sərhəddir axı. Hərəsinin qabağına bir parça quru çörək qoymuşdu. Yemək istəmirdilər. Mən təkid edəndə yedilər. Biz də hərəyə bir tikə çörək, bir dilim kartof çeynəyib üstündən şəkərli su içdik. Səfərov istehzasından qalmadı, qarnını sığallayıb “Yaman yeyibiçdik haaa!!!” - deyəndə hamı güldü. Qariklə Qay da bizə qoşuldu.
Uşaqlar ermənilərdən “Freedom” siqareti alıb çəkdilər. Kefi durulan Gizir Səfərov oxumağa başladı:
“Yes heros zinvor! Yes heros zinvor!”
Ermənilərin üçü də diksindi.
Səfərov Kəlbəcərin Dəmirçidam kəndindəki bölüyün səhər düzülüşü zamanı oxunan bu sözlərin mənasını soruşdu. Qarik cavab verdi:
“Mən qəhrəman əsgərəm” deməkdir!”
Səfərov dəli oldu:
“Doğrudan?”
“Hə. Əsgər marşıdır.”
“Səncə, sizin əsgərlər doğrudan qəhrəmandır?”
“Qəhrəman olmasalar, o qədər torpağı tutardılar?!”- Ağsaqqal bayaqdan qabağında qalan bir qırıq çörəyi ağzına atıb çeynəyə-çeynəyə biveccə, bir az da acıqla dilləndi.
“Ağsaqqal, sən mumla! Deyir, dəvə taxıla girdi, dedilər, necə çıxardaq ki, sünbülü tələf eləməsin, ağsaqqal dedi, yıxın sürüyün!”
“Düz deyirəm, dana!” - Əsgər Mazanov höcətləşdi - “Erməniyə verdiyin suala bax!”
“Dedim, sən mumla! Qoy Qardik cavab versin. Qardik oldu hə, adın?”
“Qarik” - gursaçlı həvəssiz dilləndi.
“Hə, Qarik. Cavab ver görək, doğrudan erməni əsgərləri qəhrəmandır?”
“Onlar qəhrəman olsa, biz sizin əlinizdə girov qalmazdıq!”
“Bərk de, qoy Ağsaqqal da eşitsin. De, de! Çəkinmə.” Qarik dediyi sözləri bir az bərkdən təkrarladı. Səfərov: “Ay sağ ol! Halal olsun! Əyri yamaca çataq, səni İrəfiyevlə güləşdirəcəm! Tanıyırsan İrəfiyevi?”
“Tanımıram.”
“Əsl “heros zinvor” odu. Qorxumuzdan gətirmədik ki, bütün Vardenisi Göyçə gölünə tökər, Polkovnik Nəbiyevlə üz-göz olarıq.”
Səfərovun son sözləri məni də güldürdü. Sonra üzünü Ağsaqqala tutdu:
“Nə burnunu sallamısan? Biz rusa uduzduq, bu yamaqlı gədələrə yox! Döyüşə-döyüşə torpağımızın səksən faizini aldıq, qaldı iyirmi faiz, onu da alacağıq. Ona görə burdayıq, Ağsaqqal! Gəzməyə gəlməmişik!”
Ağsaqqal laqeydcə başını bulayıb susdu.
“Sən niyə danışmırsan, ə, qırışmal!” - Səfərov əlinin zərbiylə yanında büzüşmüş Qayın çiyninə necə çırpdısa, altından toz qalxdı. Həddini aşacağını görüb onu söhbətə tutdum:
“Səncə, bizim gəldiyimizi, sahədən adam götürdüyümüzü nədən anladılar?”
“Necə yəni nədən? Ştık-nojım qalmışdı.” - elə fəxrlə dedi ki, guya yaxşı bir iş olmuşdu.
“Sən onu çıxarmışdın?”
“Yox çıxarmamışdım.” - əlini Qaya uzatdı - “Bunu kombayndan salanda bir az əl-qol atdı, yəqin, orda düşüb.”
“Başqa nədən? Yaxşı-yaxşı düşün.”
“Qaz-53”-ün şüşəsi qırılmışdı, qapıları açıq qalmışdı. Kombaynı işləyə-işləyə, işığı yanılı qoymuşduq.”
“Biz taxıl oğruları ola bilərdik. Sahədəki adamlar da qorxudan qaça bilərdilər. Kimliyimizi necə anladılar?”
“Maşının yanına Albertin qanı tökülmüşdü.” - Qarik dilləndi.
“Sən əsgərlikdə olmusan?” - mən soruşdum.
“Hə. Çitada. Döyüş batalyonunda xidmət etmişəm. Sizinkilərdən yaxşı dostlarım vardı. Çox mərd, qorxmaz uşaqlar idi. Ruslarla, çeçenlərlə dalaşanda biz cənublular bir olurduq.”
“Gopa basma, ə!” - Səfərov onun üstünə qışqırdı - “Siz biznən heç vaxt bir olmamısız! Qılığımıza girib, bıçağı arxadan kürəyimizə vurmusuz!”
“Bizim günahımız yoxdur. Arsax üçün əsgər yığılanda bizim kəndə də gəldilər, hamısını qapıdan qovdum, dedim, biz onlarla qonşuyuq, neçə illər bir yerdə yaşamışıq, aramıza düşmənçilik salmayın.”
“Sənə hardan inanım?”
“Yalan demirəm, sizinkilərlə həmişə dostluğum olub.”
“Düz deyir o?” - əlinin ucuyla Qayı itələdi. Qay başını razılıq anlamında yellədi. Gizir Səfərov əsəbi halda dilini çıxarıb şəhadət barmağıyla göstərdi, Qayın səsi eşidildi:
“Biz müharibə istəmirik. Dinc adamlarıq.”
“Ona görə Xocalını qırdınız?”
Ermənilərin ikisi də başını aşağı saldı, bircə Albert nə baş verdiyini anlamadan ürkək nəzərlərini üzümüzdə gəzdirir, mərhəmət axtarırdı. Onu həmin an qardaşım Zabilə oxşatdım. Zabil də kəndimiz dağılan gün Xaçını keçib Çulluya qaçanda bu yaşdaydı və adamların üzünə elə bu cür çaşqınlıqla baxırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-ucuncu-hisse-14-komandir
Use ← → keys to move, R for a random poem
More by this author
Kəşfiyyat sözünü eşidəndə gözlərimə işıq gəlir. Yan düşüb yatmaqdan yanımız ağrıyır. Sağ olsun, cavan əsgərlər, işə-gücə də qoymurlar. Özümü lap kənd yerlərində zərli mütəkkəyə dirsəklənib mürəbbəli çay içən qocalar kimi hiss edirəm. Bütün günü ya Mazanovla mübahisə edir, ya da İrəfiyevlə məzələnirəm. Danışmağa söz də qalmayıb. Getdikcə zayıllayıram. Bir az gəzsəydik, həm yelimizi tökərdik, həm də təzə söz öyrənərdik.Komandir məni çağırıb elə beləcə də dedi: “Səfərov, səfər var!”
İkinci hissə, 10. KomandirDüzü, burdakı uşaqların cəsarəti məni valeh edirdi. Bir kəlmə “Kim kəşfiyyata getmək istəyir?” deyirdim, hamı qabağa çıxırdı. Bəzən seçəndə kimisə aparmadığım üçün utanırdım. Ölümdən qorxmurdular. Onu dəfələrlə görmüşdülər. Müharibədə can qoyan bu bığlı-saqqallı kişilər ilk könüllülərdən idilər və orduya sevgiylə bağlanmışdılar. Onlardan peşəkar olmaq olardı, lakin torpağı onlar qədər sevmək mümkün deyildi. Əsas sevgidir. Sən silahın, texnikanın dilini öyrənib, döyüşün bütün sirlərinə yiyələnə bilərsən, içində sevgi yoxdursa, bilik və səriştə heç nəyə yaramayacaq.Əməliyyat planına əsasən biz Alaxançallı kəndindən Lev istiqamətinə keçib, ən azı bir nəfər “dil” gətirməliydik. Altı nəfərin əsir düşməsi söhbətinə görə düşmən təmas xəttini gücləndirmiş, əlavə tədbirlər almışdı. İşimiz çətin olacaqdı.
İkinci hissə, 11. QırğıKəşfiyyat qrupuna seçiləndə xeyli sevindim. Belə də olmalıydı. Komandirlə ən uğurlu əməliyyatı mən keçirmişdim. Səs-sədamız bütün Murova yayılmışdı. Bu qələbədən sonra məni kəşfiyyata aparmamaq insafsızlıq olardı. Gizir Səfərova qalsa, məni seçməzdi. Yalnız özünü gözə soxurdu. Gələn gündən komandirlə münasibətlərini sazlamışdı. O, bundan əvvəl də həmişə eqoistlik edirdi. Qoçaqlıq, igidlik məqamı gələndə yaşının çoxluğundan istifadə edib irəli atılır, təşəbbüsü ələ almağa çalışırdı. O, “Erkək” idisə, mən də “Qırğı” idim. Ömründə can verməzdim ona.Budəfəki ağır əməliyyat olacaqdı. Bir-birimizi daha yaxından tanıyacaqdıq. Komandir də kimin nəyə qadir olduğunu görəcəkdi.
İkinci hissə, 12. KomandirTəmas xəttini Gizir Səfərovun cəsarəti və zəhməti hesabına keçdik. O, mənə məsafə saxlamaq işarəsi verib, qollarını çırmaladı. Elə bil kiminləsə güləşə hazırlaşırdı. Aşağı əyildi, çılpaq biləklərini qabağa verib otların arasında simli minaların olub-olmadığını yoxlaya-yoxlaya ehtiyatla irəlilədi. Bizdə ön xəttin mina xəritəsi yox idi. Vaxtilə buraları tərk edən briqadadan heç nə qalmamışdı və bu, kəşfiyyatçıların işini çətinləşdirirdi.Təmas xəttini keçib daşlı-çınqıllı bir yarğana yenirdik. Ayağımızın altından çıxan balaca bir daş da səs-küy salıb yerimizi bəlli edərdi. Uşaqlara daş yomalamamaq və sürüşüb qayadan uçmamaq üçün xüsusi tapşırıq vermişdim. Son dərəcə ehtiyatlı davranmalıydılar.
Poems by other poets
Şə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
دلدار ما به عهد محبت وفا نکرددل برد و رفت و هیچ دگر یاد ما نکرد
Məxluqdan xaliqəBilmirəm mən yeri, dünyanı yaratdın nə üçün?Dağlan, bağı, gülüstanı yaratdın nə üçün?
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd