Kəşfiyyat sözünü eşidəndə gözlərimə işıq gəlir. Yan düşüb yatmaqdan yanımız ağrıyır. Sağ olsun, cavan əsgərlər, işə-gücə də qoymurlar. Özümü lap kənd yerlərində zərli mütəkkəyə dirsəklənib mürəbbəli çay içən qocalar kimi hiss edirəm. Bütün günü ya Mazanovla mübahisə edir, ya da İrəfiyevlə məzələnirəm. Danışmağa söz də qalmayıb. Getdikcə zayıllayıram. Bir az gəzsəydik, həm yelimizi tökərdik, həm də təzə söz öyrənərdik.

Komandir məni çağırıb elə beləcə də dedi: “Səfərov, səfər var!”

Biz kəşfiyyata öz aramızda “səfər” deyirik. Bu sözü mənim soyadımdan götürmüşdülər. Tək taqımımızda yox, bütün bölükdə məndən çox “səfər”ə gedən olmamışdı. Axırıncı əməliyyata komandirin özüylə getmişdim. Mən olan qrup heç vaxt çıxılmaz vəziyyətə düşməyib. Ancaq komandirlə gedəndə bir balaca karıxdıq.

Onda Orucov yenicə gəlmişdi. Uşaqlar onu görəndə dedilər, bu ki uşaqdır, bizə necə rəhbərlik edəcək? Doğrudan da, arıq, cansız bir uşaq idi. İstədim deyəm, ay bala, sən niyə gedib həkimdən, müəllimdən olmamısan, Murov sənin yerin deyil, heç nə yox, dağda-daşda qartallar caynağına alıb aparar səni.

Biz Murovun köhnə döyüşçüləriyik. Dağların dəlmə-deşiyini siçanlardan yaxşı tanıyırıq. Murovun xasiyyətinə də bələdik. Nə vaxt yağış yağacaq, nə vaxt dolu düşəcək, nə vaxt ildırım çaxacaq, bilirik.

Orucov bölüyə gələn vaxt mənim azı üç-dörd il döyüş stajım vardı. Sən demə, komandir də döyüşübmüş. Hətta yaralanıbmış. Bunu sonralar bildim. Hələ ona xeyli vardı. Hələ öz aramızda onu sayaq-saymayaq deyə düşünürdük. Bəzən, az qala, atası yaşda olan əsgərlər onun sözünə qulaq asmırdılar. O isə hər şeyə səbrlə dözürdü. Ən əsası, bizi qərargaha satmırdı! Bir dəfə aramızda yumruq davası düşmüşdü. Əməlli-başlı. Komandirin bu dəfə ciddi ölçü götürəcəyini düşündük. Yenə də səs çıxmadı. O özü taqımdakı vəziyyəti qaydaya saldı, bizi bir yerə yığıb məclis təşkil etdi, hamını barışdırdı. Orda dediyi sözlər dəqiq yadımdadır:

“Kəşfiyyat başqa taqımlara oxşamır, biz bir-birimizi qardaşdan artıq sevməliyik, yoxsa düşmənin içinə gedə bilmərik!”

Biz onsuz da barışacaqdıq, lakin bizdən cavan, təcrübəsiz bir gəncin belə hərəkət etməsi, belə sözlər deməsi mənə qəribə gəldi. Tezliklə ona isinişdim. Hiss etdim ki, elə-belə zabit deyil. Ən azı, hamı kimi deyil. Taqımın əsgərləri məni lağa qoyurdular, deyirdilər, komandirə yaltaqlanırsan. Hələ o İrəfiyev var ha, deyirdi, yəqin, rütbə almaq istəyirsən. Az qaldım “ştık-noj”la burnunu kəsəm. Dedim, ə, debil, neçə ildi bir yerdəyik, mənim kiməsə yaltaqlıq elədiyimi görmüsən? Layiq olduğum yerdə də geri durmuşam, gizlənmişəm. Heç nə lazım deyildi mənə. Nə rütbə, nə vəzifə.

Avtomatın ucuyla yerə “x” çəkdim, dedim, uşaqlar, baxın, bura yazdım, əgər Orucov Murovun ən möhtəşəm zabiti olmasa, adımı dəyişəcəm. Mən ona yaltaqlanmıram, mən ona dəyər verirəm!

Orucovla “Yay postu”na qalxanda düşmənin pusqusuna düşdük. Bu postun adı təsadüfi qoyulmamışdı. Elə bir yer idi ki, qışda dayanmaq mümkün deyildi. Nə geyinirsən-geyin, blindajı nə qədər isti eləyirsən-elə, soyuğa-sazağa davam gətirmirdin. Yelçəkən yer idi. Həmişə şaxta qarışıq külək əsir, tez-tez çovğun olurdu. Əlini əlcəkdən çıxaranda dırnaqlarından cızıltı səsi eşidirdin. Elə bil əlini toka qoşurdular. Şaxta qılınc kimi kəsir deyirlər haa, qətiyyən bu sözün şişirtmə olduğunu düşünməyin. “Yay postu”nda, doğrudan, belə idi. Neçə nabələd əsgərin qulağını, burnunu, barmağını şaxta kəsib atmışdı. Orda nə erməni həmişəlik mövqe tuta bilirdi, nə biz. O postda təbiət özü mövqe seçirdi və hər iki tərəfə meydan oxuyurdu.

Yaz başı bizdən və düşmən tərəfdən kim cəld tərpənsə, gedib orda dayanırdı. Atəşkəs olduğu üçün kim ora çıxırdısa, qışa qədər qalırdı. “Yay postu”nun bizdə olması kəşfiyyat üçün çox əhəmiyyətli idi. O istiqamətdən təmas xəttini keçənlər bunun nə demək olduğunu yaxşı bilir. Düşmən tərəfdə, ölümün ağuşunda çevrilib arxaya baxarkən bizimkilərin yerləşdiyi hər zirvə inanılmaz təsəllidir. Biz düşmənin dərinliklərində kürəyimizi o zirvələrin qaraltısına söykəyirik. Ordan gələn küləklər bizi üşütmür.

Qar əriməyə başlamışdı. “Yay postu”nu qalxmağın vaxtıydı. Orucov yenicə gəldiyindən buralara elə də bələdçiliyi yox idi. Əgər olsaydı, müşahidə aparmadan, postun boş olduğuna əmin olmadan bir addım da atmazdı. Əslində, biz də müşahidə aparmışdıq. Kəşfiyyatçı nə qədər naşı olar ki, bilmədiyi, ən azı böyük ehtimalla təxmin etmədiyi yerə addım atsın. Post boş idi. Biz düşmənlə eyni vaxtda qalxırdıq ora, sadəcə onlar bizdən bir az qabağa düşdülər.

Ağ “masxalat”da qarın içi ilə hərəkət edirdik. Qabaqda “mişen” vardı. İrəfiyev. Bizdən, təxminən, on addım irəlidəydi. Arxada, beş-altı addım aralıda komandirlə mən uzanmışdıq. Posta yaxınlaşırdıq ki, düşmən əsgərləri qəfil dağın başına çıxdılar. Biz görünməmək üçün botinka və silahlarımızı qara gömməyə başladıq. “Mişen” də eyni hərəkəti edib görünməz oldu. Üçbucaq yoxa çıxdı. Düşmən bizim mövqelərə baxırdı. Onlara bu qədər yaxın olduğumuzu ağıllarına gətriməzdilər. Bizi görsəydilər, İrəfiyevi yüz faiz vuracaqdılar. Orucovla mənim qaçıb qurtarma şansımız yüzdə-iyirmiydi.

Qara qarışıb yox olmaqdan başqa əlacımız yox idi. Amma nə qədər? Ayağımı don vurdu. Bir az da qalsaq, yəqin, barmaqlarım qaralacaqdı.

Birdən baxdım ki, komandir yoxdur. On beş-iyirmi dəqiqə keçmiş yan tərəfdəki mövqelərimizdən “Yay postu”nu pulemyotla atəşə tutdular. Başımızın üstündə dayanan əsgərlər cavab atəşi açmaq üçün səngərə qaçdılar. Güllələrin bizə atılmadığını görüb başımı yavaşca qaldırdım. İrəfiyev qara elə gömülmüşdü ki, elə bildim, ölüb. Ona qartopu atdım. Dəymədi. Birini də atdım. Yenə dəymədi. Üçüncü düz yanbızından dəydi. İrəfiyev geriyə hərəkət eləməyin mümkünlüyünü qartopudan başa düşdü və biz xilas olduq.

Komandir bizi səngərdə qarşıladı. Heyrətdən gözüm kəlləmə çıxmışdı. Ordan quş olub uçmaq da mümkün deyildi. Düşmənin burnunun ucundan, düşmən cəhənnəm, mənim beş-altı addımlığımdan hara yoxa çıxdı, səngərə necə qayıtdı, ömür boyu mənim üçün sirr olaraq qaldı. Arada soruşurdum, gülüb başını bulayırdı.

Beləliklə, mən də, mənə “komandirə yaltaqlanırsan ki, rütbə alasan” deyən Əsgər İrəfiyev də bizi ölümdən xilas edən kiçik leytenant Orucova ömür boyu minnətdar olduq.

İrəfiyevlə xeyli məzələndim: “Sən çox şeyi başınla yox, dalınla anlayırsan. Qartopu arxadan dəyən kimi vəziyyəti qiymətləndirdin.”

Cırnayırdı. Hətta bir dəfə söyüş də söydü. Vurdum. Ağzı qanadı. Komandir hardansa eşidib gəldi. Beynimi o qədər xarab elədi ki, İrəfiyevdən üzr istədim. Təsəvvür edirsiniz? Mən olam, İrəfiyevdən üzr istəyəm! Hər yadıma düşəndə gic gülmək tutur məni.

“Yay postu” fəlakəti bu balaca, cansız, göygöz oğlanı hamıya tanıtdı. İcazəsiz atəş açdığı üçün qərargahda danlananda isə əməlli-başlı təsirləndik.

İndi mənə “səfər” var” deyirdi.

Güldüm, cavabım belə oldu: “Əladı ki!”

Gülə-gülə kəmərimdən tutub dartdı: “Erkəksən!”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, 26. Komandir

Əvvəlcə külək olub əsdim, doğma qoxusu canıma hopan torpağın üstünə yata-yata uzaq-uzaq təpələri aşdım, sonra çiçək qoxusuna çevrildim. Otdan-ota, güldən-gülə, çəməndən-çəmənə keçdim. Yorulanda lalənin bağrına hopdum, nərgizin təbəssümündə gizləndim, bənövşənin qoxusunda əridim. Tanış pıçıltısı könlümü ovsunlayan çayın gileyli nəğmələrinin üstündən sükut kimi axdım. Qurd olub yüyürdüm, ilan olub süründüm, quş olub uçdum. O vaxtacan ki, bənövşəyi qaranlığın bətnində məğrurca dikələn bir dağ, o dağın sol yamacında səssiz hənirtiylə kiriyən bir məzar gördüm. Bənövşəyi qaranlığın içindən məzara ağ işıq tökülürdü. İşığa qarışıb məzara hopmaq istədim. Əlim, ayağım, paltarım işığın içində əriyib yox olmağıma imkan vermədi. Əlimi-əlimdən, ayağımı-ayağımdan, bədənimi-bədənimdən sıyırıb çıxara bilmədim. İşıq axdı - mən baxdım, mən baxdım - işıq axdı. Yalnız gözlərimdən tökülən gümüşü istilik o işığa qarışa bildi. Mən kənarda qaldım. Ayaqlarımın sızıltısı, qəlbimin göynərtisi işıqla aramda keçilməz bir dünya yaratmışdı. Bircə qəlbimdəki intizarın səbbi alınmışdı. Əlimdə ixtiyar olsa, qalan ömrümü elə beləcə, bu inanılmaz mənzərəyə baxa-baxa keçirərdim. Nə geriyə dönərdim, nə sağa-sola baxardım, nə başqa bir şey düşünərdim. Uzaqlar necə yaxın, ucalar necə alçaq, dərinlər necə dayaz görünürdü. Gedə bilmədiyim yollar ovcumun içində qıvrılırdı. Səadət çox yaxındaydı. Əl atıb tutmağım qalırdı. Başımın üstündəki dağ da sevindiyindən cilvələnirdi.Lakin bir qüvvə həm də məni geriyə itələyirdi. Arxada məni gözləyənlərin səsini eşdirdim. Məzara tökülən işıq şəlaləsi məni sinəmdən, qoyub gəldiyim yollar kürəyimdən çəkirdi. Quş olub uçdum, ilan olub süründüm, qurd olub qaçdım. Gileyli nəğmələr oxuyan çayın sükutuna dönüb geri axdım. Çəməndən-çəmənə, güldən-gülə, otdan-ota qayıdan qoxuya döndüm. Bir də baxdım, küləyəm. Əsə-əsə boz təpələri aşdım və adama çevrildim. Uzaqlar uzaqda, ucalar ucada, dərinlər dərində qaldı. Ancaq o işıqdan içimdə böyük bir səadət duyğusu parlamışdı. O işığı da götürüb Seyid Lazım ağanın ziyarətgahındakı nurani kişinin yanına tələsdim.

20182 min
Dördüncü hissə, 27. Sevinc

İlk dəfə idi Seyid Lazım ağanın ziyarətinə onsuz gedirdim. Çox sevirdi buranı. Həmişə bizi gətirirdi, uşaqlara tanıdırdı. Deyirdi, ağa Tanrının seçdiyi bəndələrdən olub. Qapısına gedən adam naümid qayıtmayıb, qapısına getdiyi adam övladının qanından keçib! Hökumətin görə bilmədiyi işlər bircə kəlməsiylə yerinə yetib. Öləndə öz vəsiyyəti ilə burda - Çəmənlidəki baba mülkündə basdırılıb, məzarı böyük ziyarətgaha çevrilib.Ağanın oğlu ziyarətgahın yanındakı uzun çardağın başında oturub danışırdı:

20181 min
Dördüncü hissə, 28. Komandir

Nə Ağstafa Murov idi, nə də mən həminki adam. Arada Polkovnik Nəbiyevə qulaq asmayıb bura qərargah rəisi gəlməyimə peşman olurdum. Yadımdadır, o, soyuq nəzərlərini üzümdə gəzdirib demişdi:“Getməyini istəmirəm! Mənə burda çox lazımsan. Amma seçim özünündür.”

20181 min
Dördüncü hissə, 29. Mayor Poladov

Onunla üçüncü dəfə Şəmkir korpusunda rastlaşdım. Onda mən də orda xidmətdə idim. Murovun qəhrəman kəşfiyyatçısı gələn gündən zabit kimi ad çıxarmışdı. Əsgərlərlə ünsiyyəti, hərbi hissədə gördüyü işlər, əsgərlərə öyrətdiyi biliklər görünməmiş nümunə idi. Onun yorulmadan, usanmadan, bezmədən bu qədər əziyyətə qatlaşması mənə qəribə görünürdü. O, ətrafdan təcrid olunaraq, dərvişvari xidmət keçirirdi. Maaş-zad verməsəydilər, gedib istəməzdi də. Bizə fədakarlıq kimi görünən işləri o, borc kimi yerinə yetirirdi. Tabor komandiri əlini cibinə qoyub dolayı gəzir, yeri gələndə beşdən-üçdən qazanırdı. Hərdən dözmürdüm, deyirdim, Orucov, komandirin kefdədir, sənsə özünü şəhid edirsən, heç olmasa arada istirahət elə, məzuniyyət götür, evə get. Eşidəndə ki, yeddi aydır evə getmir, az qaldım dalaşam! Dedim, müharibənin ən ağır vaxtlarında da ayda bir-iki dəfə evimizə dəymişik, ailəmizlə görüşmüşük, belə olmaz axı. Bircə onda mənimlə razılaşırdı, “Düz deyirsən!” söyləyirdi.Xidmət! Xidmət! Xidmət! Onun üçün bircə söz vardı. Söz yox, dua idi ağzında.

20181 min

Poems by other poets