Hekayət
Bir vaxt əkabirdən birisi bir günahkarın xüsusunda xəlifeyi-Bağdad
Əbu-Mənsura şəfaət elədi. Mənsur dedi ki, bu şəxsin çox böyük gü-
nahı var. Ol şəxs dedi ki, mən dəxi təvəqqe eləyirəm ki, bu böyük olan
günahdan keçəsən və illa, günahi-səğirdən şəfaətsiz də keçmək olur.
Xəlifə onu bağışladı.
Hekayət
Bir padşah özünün xas olan mülazimlərinin birisinə xəlvətdə dedi
ki, sənə bir sirr verim, gərəkdir heç bir kəsə deməyəsən. Mülazim əhd
elədi ki, demənəm. Padşah dedi ki, mən öz qardaşımdan bədzənn
olmuşam: qorxuram ki, məni öldürə. Sən gərək həmişə məni müha-
fizət edəsən. Və əgər ondan bir hərəkət bilsən, fürsət verməyib onu
öldürəsən.
Padşahın mülazimi bu sirri onun qardaşına dedi. Şahın qardaşı
mülazimdən çox rizaməndlik elədi.
Qəzadan ənqərib vaxtda padşah vəfat elədi. Padşahın qardaşı təxti-
səltənətdə əyləşdi. Filhal ki, səltənətə çatdı, qardaşının haman müla-
zimin tələb qılıb, hökm elədi ki, başın kəsələr.
Dedi: – Ey padşah, mənim günahım nədir?
Dedi: – Sənin günahın odur ki, qardaşının xələt və ənamından
bəhrəvər ola-ola, sən ki onun sirrin saxlamadın, mənim sənə heç etima-
dım yoxdur.
Hekayət
Bir gün bir xacə öz qulamı ilə səyahəti-bustanə getmişdi. Xacə
bağdan bir xiyar dərdi, öz qulamına verdi. Qəzara haman xiyar nəhayət
acıydı. Qulam o xiyarı şirin-şirin yedi. Xacə bir löqmə və xiyardan
qulamın əlindən alıb öz ağzına qoydu. Gördü ki, zəhri-həlahildən bir
nişanədir. Dedi ki, ey qulam, bu acılıqda xiyarı belə şirin-şirin nə üçün
yeyirdin?
Qulam ərz elədi ki, ey xacə, mən bəndə sənin mübarək olan
əlindən çox şirin olan şərbətlər içmişəm.
İnsafım rəva vermədi bir təlx olan xiyarı ki sənin əlindəndir, acıdır,
deyib yerə atam.
Xacə qulamın ədayi-şükr-nemətin görüb ol qulamı azad elədi.
Hekayət
Harun-ər-Rəşidin bağbanı bir gün bostandan xəlifə xidmətinə üç ədəd
xiyar nubar gətirdi. Bağban xəlifənin məclisində ayaq üstə durmuşdu,
ənam təmənnası var idi. Xəlifə bıçağıyla xiyarları bir-bir kəsib qabıqlı-
qabıqlı hər üçün yedi. Qurtarandan sonra bağbana ənam verib yola saldı.
Nədimlərindən bir nəfər ərz elədi ki, bu gün xəlifədən qəribə əhval
müşahidə olundu: üç nubar olan xiyardan bir dilim bir kimsəyə vermədi.
Bunda nə hikmət var idi?
Harun dedi ki, əvvəlinci xiyarı kəsib bir parça ağzıma qoydum,
gördüm ki, zəhri-qatildən bir əlamətdir. O səbəbdən onu özüm yedim,
qorxdum sizə ondan təarüf edim, siz bitəəmmül deyəsiz ki, nə acı xiyardır,
biçarə bağban ki, ənam fikrilə nubar gətiribdir, xəcalət çəkə. Fikr elə-
dim ki, ikinci xiyari kəsərəm, əgər şirin çıxsa, onu sizə təqsim elərəm.
Ol dəxi acı çıxdı. Üçüncü xiyar olardan bədtər çıxdı. O səbəbdən sizə
vermədim. Və illa, mən elə qarınqulu deyiləm.
Hekayət
Səhl ibn-Fəzl öz vəzirlik zamanında dostlarından bir nəfərə dedi
ki, xalqın tərəddüdündən təngə gəlmişəm və adamların şikayətindən
məlul olmuşam.
Ol dostu ona dedi ki, ey Səhl, izzət balışın dalından və [başının
altından] götür, vəzirlikdən əl çək, mənə ver; dəxi heç kəs sənin yanuva
gəlməz və zəhmət verməz.
Hekayət
Bir hakim qulluqdan məzul olmuşdu, cəzə-fəzə qılıb ağlayırdı. Bir
şəxs ona dedi ki, heyf ki, bir sən kimi hakim xidmətdən məzul olsun.
Hakimi-məzul dedi ki, belə təsəvvür eləmə ki, mən məzul olduğum
səbəbdən ağlayıram. Lavəlla, indi peşiman olmuşam ki, sahibixtiyar
olan vaxtda hər kəsə ki yaxşılıq elədim, niyə ziyadə eləmədim və niyə
bir kəsə yamanlıq elədim?
Hekayət
Bir padşahi-dərvişdust bir nəfər abidin ziyarətinə getdi. Ərz elədi ki,
ey şeyx, mən istəyirəm ki, həccə gedim, amma ümənayi-dövlət və cəmi
rəiyyətlərim razı olmurlar ki, vilayət bisahib qalsın. Mən belə eşitdim
ki, sən iyirmi dəfə Məkkeyi-müəzzəməyə müşərrəf olmusan. Nə olur ki,
bir həccinin savabın mənə satasan ki, mənə itaət hasil olsun, sənə dövlət.
Abid dedi ki, ey məlik, doğrudur ki, mən iyirmi beş dəfə həccə
müşərrəf olmuşam. Çünki mən əvamünnas kimi şöhrət üçün və fəxr
üçün getməmişəm. Mən hər dəfədə payi-piyadə getmişəm və hər bir
məkanda, mənzillərdə ibadətlər eləmişəm, bəlkə Allah-taala mənim
hər bir qədəmimə bir həcc və bir ömrə savabın yazıbdır. Mən bu
həcclərimin cümləsini sənə sataram. Bismillah!
Padşah dedi ki, ey şeyx, mənim cümlə xəzanə və mülk və əmlakım
ona baha deyildir, necə almaq olur”?
Padşah soruşdu ki, nə təriq ilə?
Abid dedi ki, ey padşah, sən bir məzlumun ədalətlə dadına yet-
diyin savabı mənə ver, mən cəmi həcclərimin savabın sənə verim.
Bəs bu hekayətdən məlum olur ki, bir məzlumun dadına yetmək yüz
min həccdən əfzəldir.
Hekayət
Abdulla Tahir bir gün öz oğluna dedi ki, ey nuri-dideyi-kirami, aya
dövlət bizim xanədanda nə vaxta kimi qalacaq?
Oğlu cavab verdi ki, madam ki, büsati-ədlü dad və fərşi-insafü
mürüvvət bu eyvana döşənəcəkdir. Zira ki, binayi-səltənət rişteyi-
ədalətlə mənsub və mərbutdur.
Hekayət
Bir gün bir nəfər şəxs hakimlərdən birinə öz dərdin şikayət elədi.
Ol hakim ona qulaq asmadı. Üçüncü dəfə ərz elədi, hakim qəzəbnak
olub itabla ona dedi ki, get, nə vaxta kimi dərdi-sər verəcəksən?
Ol şəxs dedi ki, ey hakim, sənin başın dura-dura bəs dərdi-sərimi
kimə verim?
Ol hakimə bu sözün lətifəsi xoş Gəlib, onun hacətin rəva elədi.
Hekayət
Bir gün bir padşah sübh tezdən şəhərdən çıxıb, şikara gedərkən bir
nəfər bağban onun qabağına gəldi. Çiynində bel var idi. Padşahın atı
ondan hürküb padşahı yıxdı. Padşah onun qətlinə hökm elədi və dedi
ki, sən nə şum adam imişsən ki, mən sənə rast gəldim, atdan yıxıldım?
Ol bağban dedi ki, ey padşah, gör sən necə şumsan ki, mən sabah-
sabah sənə rast gəldim, ölümə getdim.
Padşahın bu sözdən xoşu gəlib onun qətlindən keçdi.
Hekayət
Çün Hatəmi-Tai vəfat elədi, onu dəfn elədilər. Qəzara Hatəmin
qəbri bir məhəldə vaqe olmuşdu ki, seldən qəbrə xələl yetişirdi. Hatəmin
oğlu Ədi nam Hatəmin qəbrin açdı ki, onun nəşin seldən salamat olan
məkana nəql eləsin. Gördülər Hatəmin tamam əzası tökülüb, vəlakin
iki əlləri salamat qalıbdır. Xəlayiq bu hala təəccüb elədilər. Bir piri-
kühənsali-cahandidə o camaatın arasında var idi. Dedi ki, təəccüb
eləməyin ki, o bu əllərlə çox möhtaclara ehsanlar edibdir.
Hekayət
Günahkarlardan bir nəfər bir padşahi-ərəbin xidmətinə gəldi. O,
padşahların əqrəbasından çox adamlar öldürmüşdü. Padşah ona dedi:
– Bu qədər günahın ola-ola, sən nə cürətlə mənim hüzuruma gəldin?
Dedi ki, ey məlik, hərçənd mənim günahım böyükdür, amma bilirəm
ki, sənin rəhmin mənim günahımdan böyükdür.
Padşaha onun sözü xoş gəlib onun günahlarından keçdi və vüzə-
ralardan birisi ərz elədi ki, ey məlik, onun bu qədər günahı ola-ola, sən
onun bir sözünə aldanıb ondan əl çəkdin.
Padşahi-ərəb dedi ki, belə deyil. Mən fikr elədim ki, əgər ondan
intiqam alsam, mənim nəfsim şad olacaq; əgər əfv eləsəm, onun könlü
şad olacaq və mən savaba vasil olacağam. Əfvdə bir ləzzət vardır ki,
intiqamda yoxdur.
Hekayət
Həmişə Məmun xəlifə deyərdi ki, əgər xəlayiq bilsələr ki, mənim
üçün əfvdə nə ləzət var, əlbəttə mənim dərgahıma günah töhfəsindən
qeyri özgə töhfə gətirməzdilər.
Hekayət
İskəndər Ərəstudan soruşdu ki, filan günahkarın barəsində nə cəza
gərəkdir?
Həkim cavab verdi ki, ey padşah, əgər günah olmasaydı, əfv sifəti
ki fəzilətlərin əfzəlidir, bir kimsənədən zahir olmazdı. Bəs günah əfvin
ayinəsidir və günahkar o sifəti-alinin zühuruna səbəbdir.
İskəndər dedi ki, əfv etmək nə vaxtda yaxşıdır?
Həkim dedi ki, zəmani-qüdrətdə.
Hekayət
Bir padşah bir düşmənə zəfər tapdı, onu əsir elədi. Ona itabla xitab
elədi ki, özüvü necə görürsən?
Cavab verdi ki, Allah-taala bir şeyi dost tutur ki, o əfvdir və sən
bir şeyi dost tutursan ki, o zəfərdir. Çün allah-taala sənin xahişini
əmələ gətirdi, sən də Allah-taalanın xahişin əmələ gətir.
Padşahın bu sözdən xoşu gəldi, onu əfv elədi.
Hekayət
Soltan Səncərin müqərrəblərindən biri bir günah [iş] tutmuşdu.
Soltan xəvaslarının biri ilə ol günahkara cəza vermək barəsində məş-
vərət və məsləhət qıldı. Ol şəxs dedi ki, əgər mən padşah olsaydım,
onu öldürərdim.
Soltan dedi: – İndi ki, sən padşah deyilsən, gərək mənim kirdarım
sənin xilafuva olsun, mən onu əfv elədim. Əgərçi günah ondan yaman
görünürdü, amma əfv eləmək məndən yaxşı görünür.
Fərd
Bəndələrdən nə qədər sadir ola cürmi-əzim,
Leyk əfv eyləmək ol cürmü dəxi əzəmdir.
Hekayət
Harun-ər-Rəşid ki, xəlifeyi-Bağdad idi, onun əsrində bir nəfər ərabi
ki, səhralarda, şurəzar olan yerlərdə nəşv-nüma tapmışdı, müddəti-
ömründə bir saf olan şirin su görməmişdi. Bir gün azuqə təhsili üçün
vətəndən çıxıb bir özgə diyara mütəvəcceh olmuşdu. Bir pakizə olan
yerdə yağışdan cəm olmuş bir göl gördü. Bir qədər o saf sudan içdi,
gördü ki, çox şirin sudur. Öz-özünə dedi ki, yəqin bu su cənnətdən bu
yerə tökülübdür. Dedi: – Əcəb oldu, bu sudan töhfə apararam xəlifeyi-
Bağdada, ənam və caiz allam. Belə su xəlifə görməyibdir.
Bəs ərabi o sudan tuluğun doldurub Bağdada rəvan oldu. Qəzara,
iki ağac yol Bağdada qalmış, xəlifə xəvasları ilə şikara gedirkən ərabiyə
rast gəldi. Ərabi xəlifənin cəlalından bildi ki, xəlifədir. Yol kənarında
durub xəlifəyə dua dilin açdı. Xəlifə ondan soruşdu ki, ya əxəl-ərəb,
hansı qəbilədənsən?
Cavab verdi ki, filan qəbilədən.
Dedi hara gedirsən?
Dedi ki, sənin xidmətüvə cənnət suyu gətirmişəm.
Xəlifə qulama dedi ki, bir cam o sudan doldurub mənə ver.
Çün xəlifə bir cürə o sudan içdi, gördü ki, göl suyudur, ərabinin
tuluğunda qalıb dəxi ziyadə təəffün edibdir. Camı qulama verdi, bu-
yurdu ki, bu su heyfdir, tök camdakı suyu tuluğa və bu tuluğu ərabidən
alıb göndər Bağdada və tapşır ki, bu sudan bir kimsənə içməsin, tələf
olmasın.
Bəs üzün tutub ərabiyə dedi ki, məndən nə xahiş qılırsan?
Ərabi dedi ki, “xəlifətül-müslümin haza maül cənnəti”, səninçün
cənnət suyu gətirmişəm, gərək mənə yüz qızıl pul verəsən.
Xəlifə yüz qızıl pul ona verdi. Ərabi şadman dərhal qəbiləsinə şitab
qıldı.
Əyan həzrətdən sual etdilər ki, ya xəlifə, bunda nə hikmət vardı ki,
cənnət suyundan bizə bir qətrə vermədin? Onu saxlamaqda mübaliğeyi-
ziyadə buyurdun? Bağdada göndərdin və ərabiyə ənam edib ələl-icalə
müraciətinə təkid elədin?
Xəlifə cavab verdi ki, bu ərabi ki, filan qəbilədə olur, ol sərzəmin
bir şurəzar olan kəsif yerdir. Bu ərəb müddəti-ömründə bir saf və şirin
və cari olan su görməyibdir, biyabanda yağışdan cəm olan suyu görüb,
cənnət suyu hesab edib, mənim üçün ənam ümidi ilə töhfə gətiribdir.
Mən içdim, gördüm ki, çox mütəəffin, nagüvara sudur. Sizə ki, ondan
bir şürbə vermədim, qorxdum ki, içə bilməyib bir söz deyəsiz, ərabi-
nin damağına dəyə və o ki tapşırdım ki, heç bir kəs bu suya dəyməsin,
bu fikirlə onu dedim ki, ərabi xatircəm olsun ki, ol su nəhayətdə mənə
xoş gəlibdir və ol ki ərabiyə ənam edib öz qəbiləsinə müraciətinə israr
elədim, ondan ötrü idi ki, ərabi, məlum olur ki, Bağdadda cari olan
nəhri-əzim Dəcləni görməyibdir, ta Bağdada gedib Dəcləni görüb xəcil
olmasın.
Hekayət
Soltan Məlik şah Səlcuqi bir gün İsfahan şəhərinin Zindərud
çayının kənarında şikara məşğul idi. Onun mülazimlərindən biri bir
mərğzarda bir kök inək gördü. Tutub ol inəyi zibh elədi. Ətindən kabab
bişirdi, yedi.
İnək sahibi bir nəfər əcuzə övrət idi. Məlik şahın şikardan qayıdan
vaxtında Zindərudun körpüsünün üstündə atının cilovundan tutdu.
Haman qulam gəlib əlindəki taziyanə ilə ol övrəti vurdu ki, ey biədəb,
əldən qoy!
Padşah bildi ki, ona zülm olubdur. Qulamı mən elədi.
Ol övrət dedi ki, ey pəsəri-Arslan, əgər mənim dadıma bu
Zindərud çayının körpüsündə yetməsən, puli-siratda damənüvü tuta-
cağam. İndi hansın qəbul eləyirsən?
Soltan bu sözün məhabətindən piyada oldu, dedi ki, ey ana, o kör-
püdə cavab verməyə taqətim yoxdur, kim sənə zülm edibdir, bəyan elə?
Övrət dedi: – Ey məlik, həmin qulam ki, mənim başıma taziyanə
vurdu, bu gün mənim bir rəs inəyimi zibh edib, kabab edibdir. Mən bir
dul övrətəm, dörd baş yetim ol inəklə məişət qılırdıq.
Məlik şah buyurdu qulami-nafərmanı qətlə yetirdilər və özünün
məxsusi olan vəchi-həlalından iyirmi rəs inək ol pirəzəni-məzluma
əta elədilər. Pirəzən şad olub rəvan oldu və Soltan Məlik şah öz
dadxahlığına səcdeyi-şükranələr qıldı.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-hekayet-3
Use ← → keys to move, R for a random poem
More by this author
Qaşında zəxm görüb ey büti-hilal-əbru,Dedim ki, qəlpələnən Zülfüqarə bənzər bu.
Ümmi-sibyan oxuyub bintül-inəb nuş etsənÜmmi-sibyan oxuyub bintül-inəb nuş etsən,Etməz əbnayi-zaman tək səni layəqil məst.
Demə fəraq odunun duzəxə şəbahəti varDemə fəraq odunun duzəxə şəbahəti var,Behiştə duzəxin, ey bixirəd, nə nisbəti var?!
Vəsfi-ruyində bu rövşən qəzəl, ey mah, bu günVəsfi-ruyində bu rövşən qəzəl, ey mah, bu günYeri vardır yazıla səfheyi-əflak üzrə.