Əzbər ediləcək hikmətli sözlər
İnsan əvvəl cəhlinin və bilməzliyinin dərəcəsini bilsə, ondan sonra bildiyini təkmil və bilmədiyinin təhsilinə səy və diqqət eyləsə, çox şey öyrənər.
Dünyada insanın əvvəlinci vəzifəsi elm təhsil etməkdir. Elmsiz insan ruhsuz cism kimidir. Elmə talib olan alim hesab olunur. Amma özünü elmə malik bilən cahil sayılır.
Dünyada hər elmdən artıq elmi-əxlaqda çalışmaq insan üçün lazımlı bir şeydir. Çünki heyvanların cinsi elmi-heyvanat deyilən elm ilə bilinsə, insanların da yaxşısı elmi-əxlaq ilə məlum olur.
İnsana ömrü olduqca yemək və içmək nə qədər lazım olsa, elm və tərbiyə və əxlaqi-həsənə təhsil etmək o qədər lazımdır. Amma insanın insaniyyəti oxumaqla və heyvaniyyəti yemək ilə qaimdir. Pəs dirilik yeməkdən ötrü deyil, bəlkə yemək dirilikdən ötrü lazımdır.
Meyvəli ağaca daş atan çox olduğu kimi elm və mərifət sahibinə də zəhmət və əziyyət verən çox olur. Necə ki, meyvəli ağaca daş vuranda yemiş verər, elm və tərbiyə sahibi olan kimsəyə də hər kəs ilə müdara və rəftar eyləməlidir.
İnsanın elmi çoxaldıqca cəhli azalır. Cahil olan kimsə vaxtsız xoruza bənzər. Cahilə söz qandırmaq dəvəyə xəndək atılmaqdan çətindir.
Təzə əkilən tənəklərə və ağaclara su vermək nə qədər lazım olsa, uşaqlara da təlim və tərbiyə kiçiklikdə o qədər lazımdır.
Dünyada elmi təhsil etmək çətin olsa da, yaddan çıxarmağı çox asandır. Amma cəhalət və nadanlıq təhsili nə qədər asan olsa, zayil olmağı çox çətindir.
Aqil ata-ana övladını elmə və ədəbə rağib edəndir. Amma balasını bikar və əziz saxlayan adam övladının düşmənidir.
Ata-anasının gözəl-gözəl nəsihətinə qulaq asmayan uşaq axırda peşman olur. Nəsihətin qiyməti cavahirin qiymətindən artıqdır. Amma qədrini bilən gərək.
İnsanın vücudunun səmərəsi və faydası elm ilə hasil olur. Elm və mərifətsiz insan meyvəsiz ağaca bənzər.
Elmin ləzzətin anlamaq insan üçün bir böyük səadətdir. Amma səadət də bir xəzinədir ki, səy və qeyrət onun kilididir (açarıdır).
Fəzilətdən, ibadətdən, elm və mərifətdən məhrum olan adamlar üçün ölüm bir böyük nemətdir. Çalışmaq istəməyən insan yaşamağa layiq deyil.
Tənbəllik və kəsalət insanın vücudunda bir böyük mərəzdir. Odur ki, işləyən dəmir parıldar, işləməyən dəmir paslanır. Tənbəl adam badam yemək istər. Amma sındırmağının zəhmətindən qaçar.
Zaye olan vaxtın və fövt olan fürsətin iadə olunmadığı məlumdur. İnsanın ömrünün saniyələri dəqiqələrindən və dəqiqələri saatlarından, saatları həftə və ay və illərindən və illəri tamam ömründən hesab olunur. Buna görə insan heç bir vaxtını bihudə keçirtməsin gərək.
İnsan qarışqadan ibrət almalıdır. Çünki qarışqaların rəisi və əmr edənləri olmaya-olmaya yenə xoş havalarda və fürsət zamanında ittifaq ilə çalışıb, qış fəslində zərurət vaxtında insanlardan artıq rahat olub, asudə keçinirlər.
Bir işi başlayıb, nəhayətə yetirməyən adam gərək məyus olmasın. Əvvəlininci dəfədə babəca olmasa, ikincidə, nəhayət üçüncüdə yerbəyer olur. İnsan bu barədə hörümçəkdən ibrət götürməlidir.
Səfahətin əvvəlinci dərəcəsi insan özünü ağıllı bilməkdir. Çox səslənən təbilin içi hava ilə doludur. İnsanın bildiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir.
İnsanın öz nəfsi özünə böyük düşmən olduğundan hər şeydən əvvəl onu islah etməlidir. Öz qəbahətlərini görən kimsə özgələrin pisliyini görməyə vaxt tapmaz.
Yaxşılığı tərif eyləyən kimsənin sözü doğru olsa, özü əsla yaxşılıqdan əl çəkməz. Vaiz və naseh kimsənə dediyinə əməl etsə, sözünün təsiri artıq olur.
Yaxşılara yamanlıq eyləyən kimsənənin əməli günə tüpürən adamın məsəlinə bənzər. Çünki tüpürdüyü günə yetişməz, yenə öz üzünə düşər.
Həvəs ilə başlanan iş yarı olmuş kimidir. İş işləyib yorulan adamın istirahəti istirahətdir. Amma bekarlığın istirahəti zəhmət və əziyyətdən ibarətdir.
Tənbəllik və işsizlik fəğr və zərurət qapısının açarıdır. İşlək və çalışqan adamlara ən böyük cəza bekar qalmaqdır.
Dünyada sənət və kəsb fəğrü zərurətə müqabil bir qala kimidir. Gözəl sənətkarlıqda həm mənfəət və həm də ləzzət vardır.
İnsan ömrünü və cavanlığını bihudə keçirtməsə, axırdı peşman olmaz. Cavanlıq bir ziraətdir, hər nə əksə, qocalıqda biçər. Necə ki, deyiblər: - Cavanlıq əyyamında zəhmətçəkən qocalıq zamanında rahat olur.
İnsan böyük və elmli adamların kamalatını məmnuniyyət nəzərilə baxıb təhsin və qəbul eyləməlidir. İnsanın bir az nəqsi (nöqsanı) kamalatına xələl verməz. Necə ki, günün üzündəki ləkələr onun nuruna ziyan verməz.
İnsan öz-özünü tərif və tövsif etmək xəyalına düşməsin gərək. Çünki özü haqqında hər nə qədər az desə, özgələrin yanında o qədər məqbul və müstəhsən olur. Əlbəttə, kəmalat hər bir halda özünü göstərir.
Öz-özünü bəyənən adam özünü heç kimsəyə bəyəndirə bilməz. Necə ki, çox vədə edənlərin vədəsinə inanmaq olmaz.
Özgəsinin sözünün həqiqətini anlamayan adam öz danışdığını bilməz. Söz arasında tez-tez and içən öz yalanının isbatına çalışır.
Zəhərdən ölən az ola-ola, aləmdə hamı zəhərdən qorxar. Amma səfahət və cəhalət gündə min adam həlak etdiyi halda, yenə çox adam ona meyl edər.
Qılınc yarası sağalsa, dil yarası sağalmaz. İntiqamın böyüyü yamanlığın müqabilində yaxşılıqdır. İnsanların qüvvətlisi qeyz məqamında özünü saxlaşdırandır.
Səadət və rahatlıq zamanında insanın dostu çox olur. Amma müsibət və fəlakət dostları məhəkdən keçirib, çoxunu dağıdıb, azını saxlar.
Səadətə yetişən kimsə səadətdən məhrum olanların halını düşünməlidir. Bir müsibətə giriftar olan vaxt ondan bədtərini xatirə gətirib, mütəsəlli olmalıdır.
Pisliyi unudub, yaxşılığı yadda saxlamaq lazımdır.
Bir adama yaxşılıq edib əvəzini gözləmək bu gün əkdiyi ağacı sabah çıxarıb atmaq kimidir.
Dünyada yaxşılıqdan gözəl şey yoxdur. Amma yaxşılığa layiq olanları axtarıb tapmaq ondan da yaxşıdır.
Nəsihət vermək nə qədər asan olsa, qəbul eyləmək o qədər çətindir.
Qərəzkar adamların sözü kömürə bənzər. Dəydiyi yeri yandırmasa da, qaraldır.
Quzuların mələməyindən artıq bülbüllərin səsindən ləzzət aparan çobanın öz sürüsünə xeyri olmaz.
Sirr insanda əmanət olduğundan can kimi saxlamaq lazımdır. Bir sirrə iki şəxsdən artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir.
Dövlətmənd adamların malına-dövlətinə həsrət ilə baxıb, oğurlamaq fikrinə düşən adam heç vaxt dövlətli olmaz. Fağır və biçarələrin halına mərhəmət və mürüvvətlə baxan dövlətli heç bir vaxt fağır olmaz.
Vücudu xəstə olanlar təbibə, ruhi xəstə olanlar həbibə möhtacdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sidqi-ezber-edilecek-hikmetli-sozler
Use ← → keys to move, R for a random poem
More by this author
Gülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcə,Tökər göz yaşını gülzardan avarə düşdükcə.
Çoxlar şikayət eyləyir ol zülfi-tardanÇoxlar şikayət eyləyir ol zülfi-tardan,Bir tarı haqqı çəkərəm əl mən o tardan.
Səri-zülfün kimi könlüm pərişan olsa, istərsənSəri-zülfün kimi könlüm pərişan olsa, istərsən?Və yainki ləbi-ləlin kimi qan olsa, istərsən?
Hicrində, ey bağı, tökünüb tabu-taqətimHicrində, ey bağı, tökünüb tabu-taqətim,Gündən-günə ziyadə olub, dərdi-möhnətim.