Page 2 of 2 · 50%

Əlhəqq, mənim kimi aciz və bibizaətlərin dilində o qədər yara (güc) və qələmində o tavana yoxdur. Amma onların qəzetəyə olan meylü məhəbbəti və qəzetələrinin qədrü-qiyməti barəsində nümunə olaraq bir neçə müxtəsər fəqərələr zikr etmək fayda və münasibətdən xali deyildir.

Firəngistan alimləri və mütəməddin millətlərin danişməndləri hər məmləkət əhalisinin mədəniyyət və mərifətini o məmləkətin mətabe və məkatibinin ədədi və mətbuatının miqdarı ilə müvazinə edirlər.

Avropa üdəbasından bir şəxs Amerika səyyahlarının birisindən sual edir ki, - siz bir şəhərə varid olanda o şəhərin əhalisinin dərəcəyi-mərifətini və payəyi-fəzilətini nə ilə məlum edirsiniz?

Səyyah cavabında deyir ki, mən hər bir vilayətə varid olanda o şəhərin kitabxana və mətbəələrinin və cərayid və məkatib (məktəblər)-inin kisrət və qillətini mizani-mülahizəyə alanda əhalisinin daniş və binişini, maarif və mədəniyyətinin qədr və əndazəsi məlum olur.

1898-ci sənədə Amerikanın «Merlmak» adlı gəmisi ki, Kuba adasının Havana bəndərində ispaniyalıların iğva və təhrikilə çapılıb, sınıb, tələf olmuşdu. O günlərdə məzkur gəminin qərq olmasına dair əhvalat əxz edib, qəzetəyə dərc etmək üçün «Santuri» qəzetəsinin müdiri «Qibson» namında bir generala gəminin nə səbəbdən və necə qərq olmağı barəsində bir müfəssəl məqalə yazmaq üçün 30.000 frank vədə etmişdi.

Yenə həmin sənədə İngilis qəzetəçilərindən birisi admiral Duveyə teleqrafən izhar edir ki, əgər Filipin cəzirələrinin (adalarının) xüsusunda bir müxtəsər məqalə yazıb göndərsəniz 2500 frank idarəmizdən Sizə yetişəcəkdir.

Admiral teleqraf ilə cavab verir ki, bəndənizi məzur tutunuz, bir ilə məqalə yazmağa. Kisrəti-məşğələ mənə manedir.

İngilis dövlətinin sabiq sədri-əzəmi (baş naziri) mistr Qladuston əyyami-sədarətində qəzetə xəbərnigarlığı ünvanı ilə fəxr edirdi. Bəzi övqat ki, «Taymız» qəzetəsinə bir məqalə yazardı 5000 frank ücrət (maaş) alırdı.

1989-ci sənədə Amerika ilə İspaniya müharibəsi əsnasında Firəngistan qəzetəçilərinin çoxusu müharibə əxbarını təhsil etmək (əldə etmək) üçün həftədə 15 000, bəlkə ziadə xərcgüzar olurdular. Qəzetə idarələri tərəfindən hər ləngərgahda (limanda) nə qədər əmələ, nəqqaş, mühərrir, əkkasdan mürəkkəb (ibarət) xüsusi məcmələr mövcud idi. «Niyurq herald» qəzetəsinin idarəsi tərəfindən həmişə dörd gəmi «Santiyaqo» və «Portofino» sahillərində təhsili-əxbar üçün dolanırdı.

Avropanın məşhur səyyahlarından «Misyo Nans» ki, 1893-cü sənəsi Qütbi-şümalidən övdət edəndə onun məiyyətində olan şəxslərdən birisi Afrikada bir qəzetəçi ilə görüşüb, qəzetəçi iki saat zaman qədərincə ondan Qütbi-şümaliyə dair məlumat əxz etmək üçün altı yüz lira təxsis etdi. Həmin gün qəzetədə elan eylədi ki, «filan səyyahın Qütbi-şümaliyə dair məlumatı və təhqiqatı filan gün, filan nömrədə dərc olunacaqdır».

Bu xəbər müntəşir olandan sonra səyyahın təhqiqatı dərc olunan nömrə sair günlərin nüsxəsinə nisbətən 3400 liralıq artıq satılmışdı.

Müxtəsəri-kəlam, qəzetənin qədr və mənziləti və aləmi-mətbuatın şərafəti və fəziləti barəsində minlərcə bu günə əxbar hər gün qəzetələrdə dərc olunmaqdadır.

Hələ qəzetə barəsində bəzi təəccübəfza və heyrətbəxşa fəqərələr var ki, onlara müsəlmanlar içində məhz qülv və sırf yalan əsnadı verilmək üçün burada zikr etməkdən sərfi-nəzər olunur. Bunu da xəyalıma gətirirəm ki, məgər bu yazdıqlarıma inanacaqlarmı! Nəzəri-etimad ilə baxıb, təsdiq edəcəklər ki, hələ bunlardan mafövqini də yazım?! Xeyr! Xeyr!

Bunların hamısı sidqi-məhz və məhzi-sidq və eyni-həqiqətdir. Heç vaxt bu böyüklükdə yalanı ucalıqda yerdə demək olmaz.

Qəzetənin mühəssənatı və əhəmiyyəti çox-çoxdur. Onun tərif və tövsifi, izzət və ehtiramı, məziyyət və lüzumu bundan ziyadədir ki, əsrimizdə hər məmləkətin müəzzilat ümurunun nəticəsi və hər millətin nətayici-əfkarının səmərəsi və hər dövlətin politikasının təğyirat və təbdilatı küllən qəzetə ilədir.

Qəzetəni alıb oxumaqdan ar etməyəlim. Qazet kəlməsini dilimizdə zikr etməyə ikrahımız olmasın. Əgər olursa da türki dilimiz ilə bir lisani-lətafət asan və əzəb ül-bəyandır ki, əba və əcdadımızdan gəlib bizlərə yetişənədək hər əsrin təğazasınca və hər qitə əhalisinin istilahınca münasib libas ilə zivərlənibdir. Fars gülüstanından güllər yığıb və ərəb bustanından sünbüllər götürüb. Əgər qazet ləfzində «Qərabət» və «Tənəffür» varsa, ruznamə deməyə haqqımız var. Xüsusən, dini lisanımız olan ərəbi dilində cəridə deməyə daha artıq istehqağımız vardır. İndiki zamanda cəridə bir ayineyi-ibrətnümadır ki, hər millət ondan rugərdan olsa, qüsur və nöqsanına düşünməz və üyubatını görüb, islah edə bilməz.

Dust darəm hər an ke, eybe-məra həm ço ayine rubəru quyəd. Nə ke, çon şane ba hezar zəban poşte sər rəfte mubemu söylər.

Hələ ibrətnüma olmaqdan maəda bir mirati-cahannümadır ki, öz evində və öz mənzilində əyləşmiş ikən dünyanın hər bir tərəfində zühura gələn əcayib və qərayibi, dövlətlərin hal və hərəkətini, millətlərin ətvar və əfkarını, dostların və düşmənlərin küftar və rəftarını, heyvanat və nəbatatın ənva və əqsamını, əlhasil, övzayi-aləmin hər bir keyfiyyatını vazeh surətdə sənə nişan verir.

Cəridə bir müəllimi-səyyar və bir müsafiri-təyyardır ki, hər məkanda və hər buğədə olan üləmanın elmini, üdəbanın ədəbiyyatını, hükəmanın nəsayehini, şüəranın əşarını, üğəlanın nətayici-əfkarını, keçmiş millətlərin və dövlətlərin inqiraz və istiqlalını zəhmət və ücrətsiz sənə təlim edər.

Cəridə elə bir xoşməşrəb müsahibdir ki, səni yalandan, qeybətdən, iftiradan, süxənçilikdən və sair boş və biməna söhbətlərdən mən edər.

Yalqızlıqda məhbubi-xoşbəyan və bir munisi-şirinzəbandır. Günüzlər fürsət zamanında bir rəfiqi-şəfiq və istirahət məqamında həmdəmi-sədiqdir. Uzun gecələrdə bir nədimi-cahandidə və bir həkimi-karazmudədir ki, siyasi fəqərələr, elmi mübahisələr, fənni və ədəbi məqalələr, şirin və ruhəfza hekayələr, güvara və qəmzədə söhbətlər ilə səni bərxurdar və əhvali-aləmin dəqayiq və nükatından xəbərdar eylər.

İndi mehriban qardaşlar, sevgili yoldaşlar! Qeyrət dəmidir, fürsət zamanıdır, qəflət etməyəlim, maarifə meyl edəlim, cəhalətdən çıxalım, qazet oxuyalım! Qazet oxuyalım! Qazet oxuyalım!

Cənabi-müdiri-möhtərəm Məmmədağa həzrətləri!

Rus lisanına kamilən vaqidə və aşina olmadığıma görə işbu zeyldə yazılan məqalənin məzmununa habi əlahiddə bir məktub «Kaspi» idarəsinə göndərə bilmədim. Cənabınızdan qaibanə və məxsusanə təvəqqe odur ki, bu bir neçə sətirlərə müqəddəs cəridənizdə yer verəsiniz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets