Ağüzün sevgi söylənci
Keçdi yüz gün Araz üstdə döyüşdən
Sevgi birdən gəlir,-demə!, Yalandır.
Ağüz sevdi Dəmirqızı,-Demrisi.
Sevgi birdən gəlir,-demə!, Yalandır.
Gözəl idi Muğan qızı – Dəmirqız,
Muğan kimi ip-istiydi dumansız,
Baxışları iti, duru, toransız,
Sevgi birdən gəlir,-demə!, Yalandır.
Onu bir yol Elçiçəklə görmüşdü,
Ona bir də, bir də könül vermişdi,
Sanki ilkin sevgi gülü dərmişdi,
Sevgi birdən gəlir,-demə!, Yalandır.
Döyüşkənlik yontasıydı Dəmirqız,
Qancıllara qarşı yürük, amansız,
Ana, qardaş itirmişdi bu sərt qız,
Sevgi birdən gəlir,-demə!, Yalandır.
Öz-özüylə bir sırada, - yanaşı,
Onu görmək istəyirdi yüzbaşı,
Adı-sanı toplumlarda dolaşır,
Sevgi birdən gəlir,-demə!, Yalandır.
Başçılıqda, bicləmədə iti göz,
Min-min qancıl qabağında dəmirdöz,
Dönməz idi, enməz idi bu gənc qız,
Sevgi birdən gəlir,-demə!, Yalandır.
Ancaq Ağüz bilməyirdi Başevdə
Ilk sevginin güzgüsüdür soluqluq.
Elçiçək də gizli onu sevirdi,
Ilk sevginin güzgüsüdür soluqluq.
O, Ağüzü hərdən gizli güdürdü,
Gizlicədə hərdən mahnı ötürdü,
Ova çıxıb yal-yamacda itirdi,
Ilk sevginin güzgüsüdür soluqluq.
Bəyənmişdi özlüyündə Ağüzü,
Tək gəzirdi boylan-boylan dağ-düzü,
Götür-qoyla arayırdı hər sözü,
Ilk sevginin güzgüsüdür soluqluq.
Deyirdilər, Elçiçəklə Minbaşı
Yaman-yaman bir-birinə yaraşır,
Öz sevgisi, öz yolu var hər yaşın,
Ilk sevginin güzgüsüdür soluqluq.
Eşitmişdi, inanmışdı bu sözə,
Vurulmuşdu gizli-gizli Ağüzə,
Çəkilmişdi üz-gözündən bər-bəzək,
Ilk sevginin güzgüsüdür soluqluq.
Bu sevginin önü varsa sonu yox,
Bu sevginin yolu varsa yönü yox,
Bu sevginin gecəsi çox, günü yox,
Ilk sevginin güzgüsüdür soluqluq.
Əl-ayağa düşüb Başev gözləyir,
Gizli sevgi didib üzər sevəni.
Qorxurdular bunu bilə Turq ata,
Gizli sevgi didib üzər sevəni.
Ancaq bunu Turq bilirdi, dinmirdi,
Elçiçək də sevgisindən dönmürdü,
Qız öz sevgi zirvəsindən enmirdi,
Gizli sevgi didib üzər sevəni.
Ağüzər də düşünürdü ayrıca,
“Hörükləri Dəmirqızın var, haça
Boydan bəstə, düşüncədən çox uca,
Gizli sevgi didib üzər sevəni.
O elə bil tunc yaraqlı sonadır,
Dəmirqızdır, mənə gücdür, arxadır,
Həm döyüşçü, həm də gözəl başqadır,
Gizli sevgi didib üzər sevəni.
Mənlə olar o, döyüşdə, vuruşda,
Çətinlikdə, gözlənilməz duruşda,
Biz sevgiyə yer qoyarıq bu başdan,
Gizli sevgi didib üzər sevəni.
Mən əzilib büzüləni sevmirəm,
Arı beli üzüləni sevmirəm,
Hər boyundan asılanı sevmirəm,
Gizli sevgi didib üzər sevəni.
Onu sevib hər an aşıb daşaram,
Mən onunla toysuz sevgi başlaram,
Ona döyüş gündəmimi aşlaram,
Gizli sevgi didib üzər sevəni.
O mənimlə olmalıdır hər yanda,
Hər an birgə olmalıdır ər-arvad.
Döyüşdə də, dinclikdə də, evdə də,
Hər an birgə olmalıdır ər-arvad.”
Ağüz belə düşünürdü, sanırdı,
Düşündükcə Dəmirqızı anırdı
O qız üçün alovlanıb yanırdı,
Hər an birgə olmalıdır ər-arvad.
Bir gün lapdan ova çıxdı Ağüzər,
Meşəliklər, yallar, yollar, kövşənlər,
Dovşan, maral, donuz, ayı, ta nələr,
Hər an birgə olmalıdır ər-arvad.
Qobuyerin ormanları seyrəlib,
Gur-gur axan bulaqları kövrəlib,
Çaylar, göllər sızıldayır, təklənib,
Hər an birgə olmalıdır ər-arvad.
Niyə belə sarsılıbdır bu ovlaq,
Niyə daha oxumayır buz bulaq,
Yoxdur burda bir gəzişən, bir qonaq,
Hər an birgə olmalıdır ər-arvad.
Ağüzərin sıxılırdı ürəyi,
Dəmirqıza bağlanmışdı istəyi,
O olmuşdu Ağüzərin dirəyi,
Hər an birgə olmalıdır ər-arvad.
Üz-gözündən kimsəsizlik yağırdı,
Gizli sevgi onu sıxıb boğurdu,
“Ovlaq” durub Ağüzərə baxırdı,
Hər an birgə olmalıdır ər-arvad.
Bir səs gəldi, lap uzaqdan, uzaqdan,
“İkiləşmə, yıxar səni ikilik.
Qızçiçəyəm, görünmürəm gözə mən,
İkiləşmə, yıxar səni ikilik.
Mən Bacarın sevgisiyəm, sonası,
Tuncər ilə Qarçiçəyin anası,
Iki varlıq arasının durnası
İkiləşmə, yıxar səni ikilik.
Iki tanrı arasında tutuğam,
Alt, Üst yerin ikisindən qopuğam,
Dolanışdan dolanışa atığam,
İkiləşmə, yıxar səni ikilik.
Məni dinlə, sənə yardım edərəm,
Görünmərəm, hara desən gedərəm,
Mən varlığam, harda desən bitərəm,
İkiləşmə, yıxar səni ikilik.”
Bir az qorxdu səsdən öncə Ağüzər,
Ələ aldı öz-özünü bir təhər,
Səsi birdən qamarladı küləklər,
İkiləşmə, yıxar səni ikilik.
Dalğalandı bu səs, azca boğuldu,
Səs dağlara səpələndi, dağıldı,
Sonra geri döndü, yenə doğuldu,
İkiləşmə, yıxar səni ikilik.
Danışırdı lap uzaqdan Qızçiçək,
“Böyük gərək böyük yerdən yapışa.
Sən görübsən Dəmirqızı, sevibsən,
Böyük gərək böyük yerdən yapışa.
Elçiçək də səni sevir, biləsən,
Bilib gərək doğru yola gələsən,
Ürəyini iki yerə böləsən,
Böyük gərək böyük yerdən yapışa.
Bir də bil ki, gizlənərək Eldəbir
Daşağızda çox-çox ağır gündədir,
Onun böyük gələcəyi öndədir,
Böyük gərək böyük yerdən yapışa.”
Ağüz dedi,”Eldəbiri taparam,
Alıb onu mən Muğana çaparam,
Sevimlimi Muğaneldən qaparam”
Böyük gərək böyük yerdən yapışa.
Dağ döşündə yerləşirdi daşağız,
Gördü yazıq Eldəbiri ac, yalqız,
Cüt almadı Eldəbirlə Dəmirqız,
Böyük gərək böyük yerdən yapışa.
Dedi: – Sənsən, deyən, burda Eldəbir,
Dur ayağa, gedək, bacın gözləyir,
– Yox, getmərəm, öldürərlər.-O deyir,
Böyük gərək böyük yerdən yapışa.
O yapışdı Eldəbirin əlindən,
Yaxşılıqdır yol göstərmək yolçuya.
O, geriyə, bu irəli çəkirdi,
Yaxşılıqdır yol göstərmək yolçuya.
– Məni burax, yol azmışam, artığam,
Mən anamı öldürmüşəm, yanığam,
Qancıl kimi bu ellərə tanığam,
Yaxşılıqdır yol göstərmək yolçuya.
– Daşağızda sən acından ölərsən,
Gedək, çöldə sən özünə gələrsən,
Sevgi nədir, ana nədir, bilərsən,
Yaxşılıqdır yol göstərmək yolçuya.
Dilə tutur Eldəbiri, danışır,
– Oğul hələ sənin kaldır gənc yaşın,
Yaraqlı ol, dur bacınla yanaşı,
Yaxşılıqdır yol göstərmək yolçuya.
Daşağızdan çıxar-çıxmaz Eldəbir,
Ağüz ona inam verir, güc verir,
Qobuyeri, Muğaneli göstərir,
Yaxşılıqdır yol göstərmək yolçuya.
Deyir: – Tanrı yerincidir analar,
Analarda tanrı kimi dözüm var,
Anaların oylağıdır Mindiyar,
Yaxşılıqdır yol göstərmək yolçuya.
Ürəyini verib anan sənə ki
Öz sevginə yetişəsən sən təki,
Hər ana da sevgisiyçin çox çəkib,
Yaxşılıqdır yol göstərmək yolçuya.
Sənin bacın başçı olub ellərə,
Gec-tez hərə öz yerini tutacaq
Demris deyil, Dəmirqızdır indi o,
Gec-tez hərə öz yerini tutacaq.
Sən də mənə bir yaraqlı olarsan,
Toplumlanıb toplumumda qalarsan,
Döyüşlərdə yaşa-başa dolarsan,
Gec-tez hərə öz yerini tutacaq.
Eldəbiri bu danışıq ovutdu,
Yuxudaydı, sanki onu ayıltdı,
Ölmək-qalmaq yasağından qayıtdı,
Gec-tez hərə öz yerini tutacaq.
Dedi: “Gedib bir yaraqlı olaram,
Qan öcümü acıqandan alaram,
“Ana” deyib mən də qılınc çalaram,
Gec-tez hərə öz yerini tutacaq.
Bu minbaşı, deyən, yaxşı ərəndir,
Qabaqları çox-çox qabaq görəndir,
Yaxşı-yaman, ölçü-biçi güdəndir,
Gec-tez hərə öz yerini tutacaq.
Ana borcu, səni necə qaytarım,
Ana, ana, səni harda axtarım,
Mənim sevgim, lay-la yuxum, toxtarım,
Gec-tez hərə öz yerini tutacaq.
Sənə borcum tükənməzdir, bitməzdir,
Yanıq-yanıq sancılarım bitməzdir,
Könül yaram sağalsa da getməzdir,
Gec-tez hərə öz yerini tutacaq.
Öz-özünə dedi: Ay küt, ay andır,
Sevgi gec-tez ötüb gedir, yalandır,
Təkcə ana bu varlıqda qalandır,
Gec-tez hərə öz yerini tutacaq.
– Ana, sənə kəsi olum, hardasan?
Ana gücdür, ana yanan ürəkdir.
Ürəyimi sənə verim keçinim,
Ana gücdür, ana yanan ürəkdir.
Haçan, haçan mışıl-mışıl yatırsan,
Haçan, harda istəyinə çatırsan,
Harda solub qaranlığa batırsan,
Ana gücdür, ana yanan ürəkdir.
Böyük tanrı, məni bir də bağışla,
O qorudu məni qardan, yağışadan,
O qorudu məni oddan, qarğışdan,
Ana gücdür, ana yanan ürəkdir.
Ana, sənə kəsi olum, ağlama,
Mənim üçün ürəyini dağlama,
Dəniz anam, daha dincəl, çağlama,
Ana gücdür, ana yanan ürəkdir.
Bir səs gəlir uzaqlardan, anadır,
Bir söz ötür qulaqlarda, anadır,
Titrəyişdir dodaqlarda anadır,
Ana gücdür, ana yanan ürəkdir.”
Düşünürdü, ağlayırdı Eldəbir,
At aşırdı dağ yolunu birbəbir,
Ana elə hərbir, hər bir yerdədir,
Ana gücdür, ana yanan ürəkdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-aguzun-sevgi-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Ağqurd Alpan dedi: – Mənə izin ver,Ağsaqqalsız, şahsız qalmaq çətindir.
Manay şah söylənciManay şahın səsləncləri gurladı,Ölkə gərək bir səs, bir söz tanıya.
Maha söylənciBir gün Maha gəldi şahın yanına,Soyuq olur qadınların öpüşü,
Günay-Tuncər söylənciManay şahın səsləncləri gurlayır,Öz yerində hamı qat-qat güclüdür.