Günay-Tuncər söylənci
Manay şahın səsləncləri gurlayır,
Öz yerində hamı qat-qat güclüdür.
Ağüzelə Tuncər yerinc qoyulub,
Öz yerində hamı qat-qat güclüdür.
Ancaq vardır hər adamın öz yeri,
Adam ilə artır yerin dəyəri,
Orda çoxu tanımayır Tuncəri,
Öz yerində hamı qat-qat güclüdür.
Hamı ona uğur deyir gələndə,
El sevinir bu gəlişi biləndə,
Öyüd, öymə, mahnı, qoşma dilində,
Öz yerində hamı qat-qat güclüdür.
Yerinc evi Ağüzlərlə doludur,
Bu yer dağın sınıqqaya yalıdır,
Günbatanın, günçıxanın yoludur,
Öz yerində hamı qat-qat güclüdür.
Tuncər hündür, qarasaqqal, gülərüz,
Görkəm ilkin tanışlıqdır uzaqdan.
Enli qılınc, iri toppuz, ox, bizuc,
Görkəm ilkin tanışlıqdır uzaqdan.
Beli ensiz, köksü enli, üzü ağ,
Çiyinləri əlçatmazdır, üç qulac.
Ağsaqqallar gördü onu bu sayaq,
Görkəm ilkin tanışlıqdır uzaqdan.
Ayağında çəkmə vardır, boğazlı,
Çəkmələrin ağızları qotazlı,
Atı qıvraq, yal-yalmanı palazlı,
Görkəm ilkin tanışlıqdır uzaqdan.
Əkin-biçin, su yer oldu sorğusu,
Vergi, bölgü, bir də qalınc qurğusu,
Hər sözündə el, yaşayış vurğusu,
Görkəm ilkin tanışlıqdır uzaqdan.
– Uğurludur – dedi hamı – gəlişin,
Hər gəlişdə bir öyrəniş, dirçəliş.
Bu il taxıl, çovdar, arpa bol olub,
Hər gəlişdə bir öyrəniş, dirçəliş.
– Ağüzeldə yoxdur biclik, əyrilik,
Bizdən uzaq neçə üzlü, ikilik.
Biz tapmışıq doğruluqda dirilik,
Hər gəlişdə bir öyrəniş, dirçəliş.
Qancılımız Daşqırandır, min ildir,
Oğurluqdan, qandan doyan deyildir,
Üzləri də içləri tək çil-çildir,
Hər gəlişdə bir öyrəniş, dirçəliş.
Sən Minelli Bacar oğlu Tuncərsən,
İnamında Sərtişərsən, Gücərsən,
Vuruşlarda min öndərə dəyərsən,
Hər gəlişdə bir öyrəniş, dirçəliş.
Bu il çatıb Günay ərlik yaşına,
Hər şey gözəl, maraqlıdır bu yaşda.
İri gözlər, gül yanaqlar, gur saçlar,
Hər şey gözəl, maraqlıdır bu yaşda.
Yerişində ürkək kəklik səkməsi,
Ceyran kimi hər bir səsdən ürkməsi,
Yaxasında qoşa qızıl düyməsi,
Hər şey gözəl, maraqlıdır bu yaşda.
Qovur quşu, kəpənəyi, dovşanı,
Minir, çapır atı, qurdu, qabanı,
Yıxılarkən o səsləyir Aşanı,
Hər şey gözəl, maraqlıdır bu yaşda.
Tuncər gördü onu ceyran ovunda,
At belində qız su kimi oynağan.
Yaralanmış qaban qızı qovurdu,
At belində qız su kimi oynağan.
Tuncər görüb onu lapdan dayanır,
Bizuc ilə yerə sancır qabanı,
Ov bizucun dörd yanında dolanır,
At belində qız su kimi oynağan.
Tuncər deyir: – Gözəl, atın yorulub,
Nədən belə yanaqların saralıb?
Ay oynağan, haralısan, haralı?
At belində qız su kimi oynağan.
– Mən Günayam, Manay şahın bacısı,
Ağüzelin yerincinin yançısı,
Minel dəniz, mən dənizin damcısı,
At belində qız su kimi oynağan.
– Qız, sən bunca gözəlliyin şahısan,
Yerinc şahın hər bir yerdə yançısı.
Mən Tuncərəm, Manay şahın yerinci,
Yerinc şahın hər bir yerdə yançısı.
Biz bir soylu, bir Minelli diyardan,
Köklərimiz Üstüağdan, Bacardan,
Bir istəkdən, bir diləkdən tapardan,
Yerinc şahın hər bir yerdə yançısı.
Belə görən səni, sənə vurular,
İçdən yanar, çöldən solub saralar,
Dağ olsa da qabağında qırılar,
Yerinc şahın hər bir yerdə yançısı.
İstəyirsən gedək ova yenidən,
Görüm necə ox atırsan, Günay, sən,
Biz yayınaq qoruncların gözündən,
Yerinc şahın hər bir yerdə yançısı.
– Mənəm yerinc, sən deyilsən, ay igid,
Yerinc oğul, bacı, qardaş olmalı,
Sən gəlibsən, sən də mənim yançım ol,
Yerinc oğul, bacı, qardaş olmalı.
Çapıb gedək Manay şahın yanına,
Məni niyə yaraşdırmır adına,
Gedək baxaq bu işlərin ardına,
Yerinc oğul, bacı, qardaş olmalı.
– Yerinc sənsən, mən də sənə yardımçı,
Sənsiz mən də, Manay şah da yarımçıq,
Sən dağ olsan, mən də sənə yapıncı,
Yerinc oğul, bacı, qardaş olmalı.
Gənc olsan da dilin, boyun, buxunun,
Sən yerinc ol, mən də sənin yaxının,
Bu saymazlıq, gözəl, mənə toxunur,
Yerinc oğul, bacı, qardaş olmalı.
Qız çevrilib bir də baxdı Tuncərə,
Bu dirrikdə hamı kimin kimidir.
Bunu bacım başçı qoyub üstümə,
Bu dirrikdə hamı kimin kimidir.
– Bəyənmirəm mən bunu da, onu da,
Bacı bunca bacısını unudar?
Hər gəlişin başlanğıcı, sonu var,
Bu dirrikdə hamı kimin kimidir.
– Bura qurdlar, yırtıcılar oylağı,
Bura yığım, satqı, gəlir qaynağı,
Var hamının yeri-yurdu, oylağı,
Hər gəlişin başlanğıcı, sonu var.
Bir baş bilən olmalısan elə sən,
Burda çətin baş çıxara biləsən,
Yan adam tək düşəcəksən dilə sən,
Bu dirrikdə hamı kimin kimidir.
– Mənə Manay tapşırıbdır bu işi,
Təkbaşına iş çətin ki, baş tuta,
Mənə yardım əli uzat, Günay qız,
Təkbaşına iş çətin ki, baş tuta.
Soy-kökümün yeni açmış çiçəyi,
Ağüzelin göz oxşayan göyçəyi,
Vurulmuşam sənə səni görcəyin,
Təkbaşına iş çətin ki, baş tuta.
Sən yanımda olsan, bil ki, bir şaham,
Özgə gərək deyil mənə bir daha,
Başev olar mənə sənsiz bir kaha,
Təkbaşına iş çətin ki, baş tuta.
Buyuruğun göstərişdir hamıya,
Sənin ilə hamı məni tanıyar.
Üz döndərsən məndən, könlüm qanıyar,
Təkbaşına iş çətin ki, baş tuta.
Gedə-gedə danışırdı tanışlar,
Unudulmur ilk tanışlıq, ilk görüş,
Deyişmələr, gülüşmələr, küsülər,
Unudulmur ilk tanışlıq, ilk görüş.
Çöl toyuğu pırıltısı koldadır,
Uçar suyun xarıltısı soldadır,
Busan qurdun hənirtisi daldadır,
Unudulmur ilk tanışlıq, ilk görüş.
Yaşıl yalın "gəl-gəl" deyən çəkimi,
Daş üstündə mamırların pərçimi,
Qayaların lay-lay, qat-qat biçimi,
Unudulmur ilk tanışlıq, ilk görüş.
İkisi də əl tutmaqdan çəkinir,
Söz verməkdən, söz atmaqdan çəkinir,
Dönüb dala qayıtmaqdan çəkinir,
Unudulmur ilk tanışlıq, ilk görüş.
Uzaq düşdük, dönək yenə ovlağa,
Ovlayanlar, ovlananlar bir olur,
Ovçuların qışqırığı, hoydusu,
Ovlayanlar, ovlananlar bir olur.
Dovşan, qaban, cüyür, toyuq vurulub,
Qan quruyub, dəri üstə qaralıb,
Günbatan yer qarış-qarış daralır,
Ovlayanlar, ovlananlar bir olur.
Tuncərin də ovu Ağüz Günaydır,
Qız sevgisi, ev diləyi qolaydır,
Sevgi göy yal, dar cığırlar dolaydır,
Ovlayanlar, ovlananlar bir olur.
Yerinc gəlir, yançısı da yanında,
Bir vurğunluq duyur Tuncər qanında.
Çox tutum var bu görüşün sonunda,
Ovlayanlar, ovlananlar bir olur.
Yerinc evi bər-bəzəkli, işıqlı,
El-obanın ocaq yeri yerincev,
Ağsaqqallar oturublar yan-yana,
El-obanın görüş yeri yerincev.
Çiyinlərdə xırda qızıl qotazlar,
Döşəmədə zolaq-zolaq palazlar,
Oturublar gülər üzlü konazlar,
El-obanın görüş yeri yerincev.
Günay qız da yançı gəlib Tuncərə,
Birləşiblər danışıqda son kərə,
Qızla oğlan çatıb dolğun yetərə,
El-obanın görüş yeri yerincev.
Ağsaqqallar baxır, baxır, qımışır,
Düşüncələr alınlarda qarışır,
Hamı sonda bu gedişlə barışır,
El-obanın görüş yeri yerincev.
– Deyənlər var, o doğulub meşədə,
– Adam harda doğulsa da adamdır.
– Qurd içində qurd südüylə boy atıb,
– Adam harda doğulsa da adamdır.
– Onu atıb Məniş adlı birisi,
Hindlilərin, həbəşlərin yerlisi,
Tapıb, qapıb çöldə bir qurd sürüsü,
Adam harda doğulsa da adamdır.
– Deyənlər var itə dönüb, itləşib,
Qurdlar ilə oynaqlayıb, cütləşib,
Qurdlar kimi qancıllaşıb, sərtləşib,
Adam harda doğulsa da adamdır.
– Görən igid qurd dilini anlayır?
– Həm ulayır, həm kişnəyir, banlayır,
– Az deyinin, özgəsini danlayın,
Adam harda doğulsa da adamdır.
– Nə deyirsən buna?
– Dişim ağrayır.
– Qurd yeyən diş çox çətin ki sağala,
Qurd yeyibsə, bir it bağla, qurd qaçar,
Qurd yeyən diş çox çətin ki sağala.
Bir dişim var, o da bir az laxlayır,
Gəl it kimi səni ora bağlayım.
Diş çürüdən qurdun gücün yoxlayım,
Qurd yeyən diş çox çətin ki sağala.
– Bağla, ancaq mən qorxuram, ay balam,
Qurd görəndə mən özümü bulayım,
– Çox axmaqsan, mən axmağam, sən adam,
Qurd yeyən diş çox çətin ki sağala.
Atmacalar, göynəçələr gərnəşir,
Acı sözlər bir-birinə dirəşir,
Tuncər belə Ağüzellə görüşür,
Qurd yeyən diş çox çətin ki sağala.
Keçmişimiz, soy-kökümüz Turərdir,
Köksüz heç nə qala bilməz torpaqda,
Bu ölkəyə o, Mindiyar ad qoyub,
Köksüz heç nə qala bilməz torpaqda.
Hamı bilsin, mən bu elin oğluyam,
Həm atama, həm anama bağlıyam.
Elsiz, yurdsuz dibdaşından laxlayar,
Köksüz heç nə qala bilməz torpaqda.
İnnən belə Günay mənim yançımdır,
İşdə, gücdə yerinc, evdə bacımdır,
Kim ki ona baş əymədi, qancıldır,
Köksüz heç nə qala bilməz torpaqda.
İndi gəlin çətinlikdən danışaq,
Nə yerdədir-deyin taxıl, yal-yaraq,
Hər bir işdə gərək el-el bir olaq,
Köksüz heç nə qala bilməz torpaqda.
– Yerinc gələn Tuncərimiz sağ olsun,
Necə desən elə olar tutduğun.
Yer işinə mənəm baxan – Qalqonaq,
Necə desən elə olar tutduğun.
Bu il taxıl qalınc-qalınc bolcadır,
Bağlar dolu alma, armud, alçadır,
Üzümüzü ağ eləyən yoncadır,
Necə desən elə olar tutduğun.
Keçən ilin qıtlığını addadıq,
Quraqlığın kol-kosunu oddadıq;
Yoxsulluğun dizlərini qatdadıq,
Necə desən elə olar tutduğun.
Neçə kəndi Daşqır çapdı, sil-süpür,
Qalınclarda qoymadılar bir çöpü,
Nə basdırma, nə ət, nə də yağ, kürü,
Necə desən elə olar tutduğun.
– Yerinc gələn Tuncərimiz sağ olsun,
Yolsuz gələn yolla çolaq qayıdar,
Yal-yarağa baxan mənəm, Qurdqayıt,
Yolsuz gələn yolla çolaq qayıdar.
Beş yol olub burda Daşqır basqını,
Öz qanında üzdürmüşük quzğunu,
Qoymamışıq kəndə düşə qırğını,
Yolsuz gələn yolla çolaq qayıdar.
Quruçayda önlərinə çıxmışıq,
Qansızları iki yandan sıxmışıq,
Od vurmuşuq, hamısını yaxmışıq,
Yolsuz gələn yolla çolaq qayıdar.
Bizə gərək üç min atlı, yaraqlı,
Naxır, sürü güdən əli çomaqlı,
Acıqanı qovan yüngül ayaqlı,
Yolsuz gələn yolla çolaq qayıdar.
– Yerinc gələn Tuncərimiz sağ olsun,
Özbaşına qoymaq olmaz daşı da,
Mən iç işə baxan Toxdaq oğluyam,
Özbaşına qoymaq olmaz daşı da.
Altı kənddən el daşınır Arana,
İstəmirlər savaş-dalaş yarana,
Daşqır çapır kəndi, qatır al qana,
Özbaşına qoymaq olmaz daşı da.
Yer dəyişən, qız qaçıran çoxalıb,
Dirəşmələr artıb, üzə ağ olub,
Yerincevlə Başev tez-tez lağ olur,
Özbaşına qoymaq olmaz daşı da.
Buyuruq ver, Daşqırları əzək biz,
Çapqınçının yollarını kəsək biz,
Yurd boyunca taxıl əkək, gəzək biz,
Özbaşına qoymaq olmaz daşı da.
– Yerinc gələn Tuncərimiz var olsun,
Gücə gücdür, qana qandır, öcə öc.
Mən ağsaqqal bir qocayam, Al kişi,
Gücə gücdür, qana qandır, öcə öc.
Köklərimiz yaxşı deyib öyüdü,
Vermə suyu, qurut bunca söyüdü,
Sağ qalırsa qancıl, bir də qayıdır,
Gücə gücdür, qana qandır, öcə öc.
Qan düşübsə, qan yolunu seç deyib,
Qan tökənin al qanını iç deyib,
Qonşun pisdir, ordan yığış, köç deyib,
Gücə gücdür, qana qandır, öcə öc.
Yaraq verin, öndə gedim, at çapım,
Acıqanın yuvasını mən yapım,
Gözlərinin bəbəyindən od qapım,
Gücə gücdür, qana qandır, öcə öc.
– Yerinc gələn Tuncərimiz sağ olsun,
Acıqanı bağışlamaq ağırdır.
Mən el qızı yeniyetmə Günayam,
Acıqanı bağışlamaq ağırdır.
Min illərdir bizi çapıb soyurlar,
Özlərini başlar başı sayırlar,
Daraşıbdır Mindiyara çayırlar,
Acıqanı bağışlamaq ağırdır.
Manay şahın göstərişi verilsin,
Vuruşmanın yır-yığışı görülsün,
Acıqanlar yer üzündən sürülsün,
Acıqanı bağışlamaq ağırdır.
Mən yançıyam, sənə bağlı el qızı,
Mən bu yolda qılıncçıyam ən azı,
Alnımdaca bu sevgidən var yazı,
Acıqanı bağışlamaq ağırdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-gunay-tuncer-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Mindiyarın səsləncləri gurladı,Səslənc çox-çox yatanları ayıldır.
Daryaş söylənciDaryaş çıxdı ortalığa söylədi:– Yanılmışam, Tunqər, məni bağışla.
Daryaşın Hindelə getməsi söylənciYol almışdı yoldaşlığa Daryaş da,Son tutacaq, əltut yeri uludur,
Kumar söylənciQız toplumu meşəlikdə busurdu,Min yaraqlı gizlənmişdi susurdu,