Daryaş söylənci
Daryaş çıxdı ortalığa söylədi:
– Yanılmışam, Tunqər, məni bağışla.
Səndə böyük ürək vardır, Turqsayaq,
Yanılmışam, Tunqər, məni bağışla.
Parsel hər il korluq çəkir vergidən,
Yardım görmür doğmasından, özgədən,
Nə doğma var, nə yabançı ölkədə,
Yanılmışam, Tunqər, məni bağışla.
Bu böyüklük məni bütün dəyişdi,
Yaxşılığa pislik etmək pis işdi,
Bağışla ki, mən səninlə deyişdim,
Yanılmışam, Tunqər, məni bağışla.
Tunq Parselə bağışladı borcları,
Bir bağışla dəyişilir acıqan.
Parsel Tunqa boyun əydi, baş əydi,
Bir bağışla dəyişilir acıqan.
“Acıqan da demək olmaz Parselə,
Həm qardaşığ, həm elliyik biz hələ,
Tutacağam yurdu, eli mən dilə,
Bir bağışla dəyişilir acıqan.
Ağüzər də gərək bunla barışsın,
Bu işlərə doğma kimi qarışsın,
Bunu öncə yoxsullardan soruşsun,
Bir bağışla dəyişilir acıqan.
Gərək indi Darvidelə yol tapam,
Küsülüdür, deyən, orda çox adam,
Deyir, burda nə arpa var, nə saman,
Bir bağışla dəyişilir acıqan.
Hər iki el yeni bir yol seçəcək,
Bu yol Hindel, Misireldən keçəcək,
Tunq söz əkib, Tunq bicləmə biçəcək,
Bir bağışla dəyişilir acıqan.
Bicləmədir eli qoyur yoluna,
O bənzəyir atın qulaq qılına,
Çətin anda girir mənim qoluma,
Bir bağışla dəyişilir acıqan.
Qız toplumu az qalıbdır, çox azdır,
Parsellilər acıqlıdır, konazdır,
Çayı, gölü, gölməçəsi dayazdır,
Bir bağışla dəyişilir acıqan.
Tanrı, mənə yardım elə, yol göstər,
Yardım elə yağ düşməsin köz üstə,
Var çoxalsın, çox da gəlsin az üstə,
Bir bağışla dəyişilir acıqan.
Mən Parseli, Darvideli qucaram,
Satallara yeni yollar açaram,
Mən Ağüzəm, Üstüağam, Bacaram,
Bir bağışla dəyişilir acıqan.”
Tunqər qısa yazı yazdı Başevə:
“Başev hər gün bilməlidir hər şeyi.
Parsel, Daryaş, Vergi, bir də Manayqız,
Başev hər gün bilməlidir hər şeyi.
Yazdı, ata, mən qalıram burada,
Baş vur mənə, hərdən-birdəm, arada,
Yardım olsun qoy Minelə yaradan,
Başev hər gün bilməlidir hər şeyi.
Bunlar bura “ölkə” adı qoyublar,
El olmaqdan çiyriyiblər, doyublar,
Başev, ölkə istəyinə dolublar,
Başev hər gün bilməlidir hər şeyi.
Mən burada yerinc kimi qalaram,
Yellidirlər, yellərini alaram,
Onlar Parsel, mən isə Minel olaram,
Başev hər gün bilməlidir hər şeyi.
“Başev”, “ölkə”, bu sözləri arayın,
Tək bunlardır Parsellinin harayı,
Yazı yazın hər günündə hər ayın,
Başev hər gün bilməlidir hər şeyi”.
Tunqər yazdı, ancaq soraq gəlmədi,
Başev boşdur, bunu Tunqər bilmədi,
Turq yox oldu, tanrılaşdı, ölmədi,
Başev hər gün bilməlidir hər şeyi.
Sak dağları dan yerinə boylanır,
Gəl-gəl deyir dağlar ulu günəşə.
Naxır, sürü, ilxı qalxır yaylağa,
Gəl-gəl deyir dağlar ulu günəşə.
Oynaqlayır, şıllaq atır dayçalar,
Çiçəklərdən boya alır xalçalar,
Dolub daşır fətir, külçə-xonçalar,
Gəl-gəl deyir dağlar ulu günəşə.
Quzu gəlib əmir dolu tuluğu,
Yerə dəyir qoyunların quyruğu,
Qızlar çəkir, süzmələyir qatığı,
Gəl-gəl deyir dağlar ulu günəşə.
Tüstülənir təndir-odun sobası
Xurcunlarda gül-çiçəyin boyası.
Unudulub burda qişlaq şorbası,
Gəl-gəl deyir dağlar ulu günəşə.
Papaq qoyub ağ buluddan Sak dağı,
Duman gəlir cizildadır ocağı.
İki uşaq otarırlar bir atı,
Gəl-gəl deyir dağlar ulu günəşə
Parsel çıxıb oba-oba yaylağa.
Səpələnib sürü, naxır otlağa
Soyutma ət bişirirlər qonağa
Gəl-gəl deyir dağlar ulu günöəşə.
Gözü yolda gözləyirlər Tunqəri
Osa gəlir gəzə-gəzə hər yeri
Öyünc olub yorulmayan dillərin
Gəl-gəl deyir dağlar ulu günəşə.
Tunq düşünür, çıxış yolu axtaraır,
Birində güc birində öc güclüdür.
Parsel, Daryaş öz yolundan dönməyir,
Birində güc, birində öc güclüdür.
Bunlar el yox, “ölkə” olmaq istəyir,
Bunlar Minel, Mindiyarı pisləyir,
“Xruş” deyib ona inam bəsləyir,
Birində güc, birində öc güclüdür.
Daryaş Xruş olmaq üçün atdanır,
Ancaq “Minel” deyib üç yol qatdanır,
Gizli vergi yığır, onla otlanır,
Birində güc, birində öc güclüdür.
Məndə güc var, onda öc var, nə olsun,
Orda-burda qoy deyinib yorulsun,
Lap Parselin adı “Ölkə” qoyulsun,
Birində güc, birində öc güclüdür.
“Ölkə” olsa aclarından ölərlər,
Minel nədir, kimdir, onda bilərlər,
Üstümüzə ac-yalavac gələrlər,
Birində güc, birində öc güclüdür.
Tunq düşünür, biləyində güc duyur,
Güclü susur, arxayındır özünə.
Deyir toplum, yaraq, Başev məndədir,
Güclü susur, arxayındır özünə.
Kim oynadır öz yerindən Parseli,
Burda, deyən Hindelin də var əli,
Yoxsa bizə kələzdənməz təkəlli,
Güclü susur, arxayındır özünə.
Göz qoydurram özlərindən Daryaşa,
Daryaş kimdir, ev-ev düşüb soruşar,
Belə getsə tez-tez ara qarışar,
Güclü susar, arxayındır özünə.
Var Darvidel,Qız toplumu, çuqçular,
Bir söz desəm bu Parseli uçurar,
Onda görər bu yerlərdə nələr var,
Güclü susar, arxayındır özünə.
Deyən bunlar arxayındır Asura,
Parsel hara, Hindel hara, biz hara,
Parsel olub Mindiyara bir yara,
Güclü susar, arxayındır özünə.
Bunca niyə mən də gedim uzağa,
Belə getsə sarılaram silaha,
Darvielli qaldıraram ayağa,
Güclü susar, arxayındır özünə.
Bir də vardır aldatmaqla bicləmə,
Həm də hərdən pişim-pişim yelləmə,
Bir də dibdən acıqanı belləmə,
Güclü susar, arxayındır özünə.
Yerinc evdə oturmuşdu tək, yalqız,
Düşünürdü,-daşınırdı dayaqsız,
Öz-özüylə danışardı o yalnız,
Güclü susar, arxayındır özünə.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-daryas-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
İki min-min köçkün gəldi Minelə,Çatan dönüb daldakını çağırar.
İki qardaş söylənciİki qardaş, iki oğul, iki qoç,Hərə dibdaş olmalıdır ölkəyə,
Tuncay-Yanqu söylənciYanqu durub xısın-xısın ağlayır,Göz yaşı var, el içində uludur.
Manyurd söylənciManaylaşıb Manyurd yeri yarandı,Ana hər gün, ata hərdən öyülür.