Yerinc Tunqər söylənci
Mindiyarın səsləncləri gurladı,
Səslənc çox-çox yatanları ayıldır.
Parsel san ki ayılaraq diskindi,
Səslənc çox-çox yatanları ayıldır.
Hamı gəldi yerincevə durmadan,
Gəldi bir-bir qılınc vuran, ox atan,
Gəldi bütün qışı yatan, yatağan,
Səslənc çox-çox yatanları ayıldır.
Tunqər dedi: – Yerinc mənəm bu gündən,
Gəldim sizi yoxlamağa yenidən,
Ad çıxarın, əkin, biçin, səpində,
Səslənc çox-çox yatanları ayıldır.
Küsüb gedib Əkbitənə Manayqız,
Gedib həm də qan-qadasız, olaysız,
Biz qalmışıq daha burda Manaysız,
Səslənc çox-çox yatanları ayıldır.
Biri çıxır önə, deyir, mən başam,
Manayqızla mən yaxınam, yoldaşam,
Mənəm burda yerincliyə yaraşan,
Səslənc çox-çox yatanları ayıldır.
Tunqər deyir: – Kimsən, söylə, nəçisən,
Darvideldən, ya Parseldən elçisən,
Hindellisən, Parsellisən, kəndçisən,
Səslənc çox-çox yatanları ayıldır.
– Kim olsam da sənə qarşı qancılam,
Sən at olsan mən də sənə ağ çulam,
Gəldim ox tək gözlərinə sancılam.
Səslənc çox-çox yatanları ayıldır.
Acığından Tunqun gözü bərəlir,
Çil-çil atdan düşür gəlir irəli,
Bu Daryaşdır, qaşı-döşü gərilib,
Səslənc çox-çox yatanları ayıldır.
Köksü, başı, boynu ətli, iridir,
Yekə burnu deyən bir az əyridir,
Ancaq Daryaş əl-ayaqdan itidir,
Səslənc çox-çox yatanları ayıldır.
O əl atır, tunqu çəkir araya,
Tunq silkənir lapdan çıxır ortaya,
Yaraqlılar düzülübdür sıraya,
Səslənc çox-çox yatanları ayıldır.
Daryaş alır Tunqu göyə qaldırır,
Bununla da o, gücünü bildirir,
Yerə qoyub o hamını güldürür,
Səslənc çox-çox yatanları ayıldır.
Tunq daryaşı süpürləyir, sürüyür,
Yerdən üzür ayağını, kürüyür,
Alır onu başı üstə, yürüyür,
Səslənc çox-çox yatanları ayıldır.
Atır onu gölməçəyə, qayıdır,
Daryaş san ki beli sınmış ayıdır,
Kimsə deyir, bu da yerinc payıdır,
Səslənc çox-çox yatanları ayıldır.
Daryaş Tunqu buyruxlayır güləşə,
Kim üstündür, bunu güləş göstərər.
Sayıqlayıb onu tutur söyüşə,
Kim üstündür, bunu güləş göstərər.
Deyir: – Kim güc gəlsə yerinc o olsun,
Bu Parseldə basar başçı qoyulsun,
Gənc olsa da o ağsaqqal sayılsın,
Kim üstündür, bunu güləş göstərər.
Yaxalaşıb qurşaqlaşır iki ər,
Tutaşırlar, biri buğa, biri nər,
Çəkilibdir baxanlardan sıx çəpər,
Kim üstündür, bunu güləş göstərər.
Dirək qollar, güclü, dəmir çiyinlər,
Dağ köküslər, üstün, qızmış beyinlər,
Cırıq-cırıq olur qalın geyimlər,
Kim üstündür, bunu güləş göstərər.
Biri beldən, biri qıçdan yapışır,
Iki kəldir, iki qurddur, qarpışır,
Bir yer üçün iki yerinc çarpışır,
Kim üstündür, bunu güləş göstərər.
Tunq düşünür, “Boynun tutum, sıxım mən”,
Daryaş deyir, “İtələyib yıxım mən”,
Tunq düşünür,”Bürmələyim, boğum mən”,
Kim üstündür, bunu güləş göstərər.
Hey-hey, hay-hay, boğaz yırtan nərilti,
Çəkişmədən qopan boğuq bəyirti,
Boğazlarda qırıq-qırıq xırıltı,
Kim üstündür, bunu güləş göstərər.
Köküslərdə axır tər su yerinə,
Aman vermir kəllər biri-birinə,
Tunq Daryaşın birdən girir böyrünə,
Kim üstündür, bunu güləş göstərər.
Tunq silkənib bərk yuxarı dartınır,
Sıxır onun qoltuğunun altını,
Kəsir onun uduğunu, hortunu,
Kim üstündür, bunu güləş göstərər.
Daryaş deyir: – Burax gözüm qaralır,
Övkələnir üzü-gözü saralır,
Valaylayır düşür Tunqdan aralı,
Kim üstündür, bunu güləş göstərər.
Yalan hərdən gərək olur doğruya,
Çox qısqırtma yalan üstə doğrunu.
Biri bulaq, biri sısqa-bir içim,
Çox qısqırtma yalan üstə doğrunu.
Yalan çatdı harayına yerincin,
Doğru, yalan ayrıdırlar nə üçün,
Biri bulaq, biri isə bir içim,
Çox qısqırtma yalan üstə doğrunu.
İkisi də aldatmağa boyludur,
Biri dikdir, biri üzüquyludur,
Biri susqun, o birisi küylüdür,
Çox qısqırtma yalan üstə doğrunu.
Biri sağda səndən, biri soldadır,
Hamı yalan, hamı doğru yoldadır,
Bunca hamı bir-birini aldadır,
Çox qısqırtma yalan üstə doğrunu.
Doğruluqdan hamı qaçır çəkinir,
Dirrik yalan üstə qurub yükünü,
Doğru ölmür, yavaş-yavaş tükənir,
Çox qısqırtma yalan üstə doğrunu.
Biz yalanla aldadırıq doğrunu,
Biz yalanla azaldırıq ağrını,
Çatdadırıq qancılların bağrını,
Çox qısqırtma yalan üstə doğrunu.
Biz yalanı pisləyirik, söyürük,
Doğruluğu pişim-pişim öyürük,
Ancaq hər gün yalan çörək yeyirik,
Çox qısqırtma yalan üstə doğrunu.
Doğruluğu ovud, tut, al qucağa,
Yalanısa çox da qovma uzağa,
Bir də gördün gərək oldu qulluğa,
Çox qısqırtma yalan üstə doğrunu.
Kim desəki doğru gücdür, yalandır,
Yalan ötən, doğru isə qalandır,
İkisi də bir anadan olandır,
Çox qısqırtma yalan üstə doğrunu.
Pis ayaqda verir önə döşünü,
Görür hərdən yüz toplumun işini,
Yaz eyləyir sözlə qarın qışını,
Çox qısqırtma yalan üstə doğrunu.
O itildir, qılınc edir xışını,
Qartal edir ölü serçə quşunu,
O dirildir yaralının leşini,
Çox qısqırtma yalan üstə doğrunu.
Tunq söylədi: – Beş il vergi boşluyuq,
Vergi dönür, el-obaya paylanır.
Yoxsullara yardım olsun varlılar,
Vergi dönür, el-obaya paylanır.
Varlı, yoxsul bir-birinə arxadır,
Yoxsul qayış, varlı isə toqqadır,
Harda bu var, orda yoxsul azdır,
Vergi dönür, el-obaya paylanır.
Biri dedi sısqa səslə arada,
– Parsellidən güclü toplum yaradaq,
Səs-küy düşdü bu sözlərlə sırada,
Vergi dönür, el-obaya paylanır.
Bu ağır iş tapşırılsın Daryaşa,
Sanıram ki, bu iş ona yaraşar,
Qoy o mənlə girsin böyük yarışa,
Vergi dönür, el-obaya paylanır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-yerinc-tunqer-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Çox gənc idi şahlıq üçün Tanı şah,Bir ölkəni dolandıra şah gərək,
Üztut söylənciTuncər getdi Qobuyerə üztuta.Yalvaranda yalvarasan tanrıya.
Ağüzel söylənciTanı şahı tapmadılar,Özü itən tapılarmı?
Günayla Tanı şahın görüş söylənciGün çıxanda oğurlandı Günay da,Biclik ilə yox edirlər güclünü.
Poems by other poets
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Çevril bir bəri bax, ey yari vəfadar getməÇevril bir bəri bax, ey yari vəfadar getməQoyub hicrində məni böylə giriftar getmə.
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü
YaşayarVarlığın dərdini ərdəmli ərənlər daşıyar,Dərd nədir anlamayan cingənə yüz il yaşayar.