Günayla Tanı şahın görüş söylənci
Gün çıxanda oğurlandı Günay da,
Biclik ilə yox edirlər güclünü.
Bağladılar, dam-dustağa saldılar,
Biclik ilə yox edirlər güclünü.
Günay gördü Tanı şahı burada,
O gənci də tutubmuşlar arada,
Dedi: – Tanı, sən bu yerdə haradan?
Biclik ilə yox edirlər güclünü.
– Bunlar məni Qobuyerdə tutdular,
Gətirdilər dustaqlığa atdılar,
Çox o yana, çox bu yana dartdılar,
Biclik ilə yox edirlər güclünü.
Dedilər ki, şahlıq sənə çatacaq,
Sən şah olsan el sevincə batacaq.
Anan Manay yerdə dinc-dinc yatacaq,
Biclik ilə yox edirlər güclünü.
Mən şah olmaq istəmirəm doğrusu,
Şahlıqdandır yurda, elə nə olsa.
Oturmaram mən anamın yerində,
Şahlıqdandır yurda, elə nə olsa.
Alın yazım mənim belə yazılıb,
Bu yazıdan asılıyam, asılı,
Mənim könlüm tanrılara qısılıb,
Şahlıqdandır yurda, elə nə olsa.
– Bax, mənim də könlüm buna uymayır,
Tuncəri də bunlar başçı saymayır.
Şah sözündən Ağüzelli doymayır,
Şahlıqdandır yurda, elə nə olsa.
– Bu şahlığa elə Tuncər yaxşıdır,
Atası da Uğurelə başçıdır.
Həm də özü yamanlığa qarşıdır,
Şahlıqdandır yurda, elə nə olsa.
Neçə dustaq bu sözləri eşitdi,
Söz güclüdür iti-iti qılıncdan.
Dedilər ki, biz döyüşçü sizlərə,
Söz güclüdür iti-iti qılıncdan.
On idilər, istəkləri bir oldu,
Qaçmaq üçün gizli bir yol quruldu,
Neçə günə daş hörmələr yarıldı,
Söz güclüdür iti-iti qılıncdan.
Gecə ikən onlar çıxdı dustaqdan,
Yönəldilər Əkbitənə çaylaqdan,
Yan keçdilər kənddən, yurddan, ovlaqdan,
Söz güclüdür iti-iti qılıncdan.
On idilər, yolu on gün ölçdülər,
Ordan bura, burdan ora köçdülər,
Su yerinə qorxu-ürkü içdilər,
Söz güclüdür iti-iti qılıncdan.
Onçulara Tanı oldu onbaşı,
Şahdan yeydir öz yerində onbaşı,
Tuncər bildi, hamıdan çox sevindi,
Şahdan yeydir öz yerində onbaşı.
Tanı dedi, yaraq verin, at verin,
Onçuların dağ gücünü siz görün,
Mən düz yerə çevirərəm o yeri,
Şahdan yeydir öz yerində onbaşı.
Ağqurd Alpan gərək çıxa dustaqdan,
O, yarpaqdır, sanki düşüb budaqdan,
Doğru yolda biz düşmərik ayaqdan,
Şahdan yeydir öz yerində onbaşı.
Yola düşüb o gün getdi onçular,
Onbaşı baş, yerdə qalan yançılar,
Gözlərindən öclə acıq damcılar,
Şahdan yeydir öz yerində onbaşı.
Ağüzeldə dustaqlıqlar dağıldı,
Adam gərək açıq-saçıq yaşaya,
Ağqurd Alpan qucaqladı Tanını,
Adam gərək açıq-saçıq yaşaya.
Birləşdilər, dağ oldular laxlara,
Yayıldılar yamaclara, dağlara,
Ley oldular qudurqanmış toxlara,
Adam gərək açıq-saçıq yaşaya.
Tanı durdu İtigözlə üz-üzə,
Vuruşdular Ağüzellə göz-gözə,
Torpaq doydu qanla, çıxdı qan dizə,
Adam gərək açıq-saçıq yaşaya.
Tanı dedi: – Anam məni şah qoyub,
Addımbaşı şah deməkdən dil doyub,
İndi məni onbaşı tək el sayır,
Adam gərək açıq-saçıq yaşaya.
Ağqurd Alpan vurdu, aşdı İtigöz,
Bir dinclikdir tez torpağa qovuşmaq.
Qalxdı yerdən, bir də vurdu qılıncla,
Bir dinclikdir tez torpağa qovuşmaq.
Tanı dedi: – Haradadır Qıvraqər?
– Mən burdayam, Manay oğlu, yola gəl.
– Ay ağsaqqal, qalın qafa, küt təpər,
Bir dinclikdir tez torpağa qovuşmaq.
Tanı onu bizucuna keçirtdi,
Bir vurumla sonevinə köçürtdü,
Qalanlara dişlərini qıcırtdı,
Bir dinclikdir tez torpağa qovuşmaq.
Yarağını qoyub qaçdı qalanlar,
Şah yerinə tamarzı da olanlar,
Bitdi bunca qarışıqlıq salanlar,
Bir dinclikdir tez torpağa qovuşmaq.
Yeniyetmə yaş içində şah olmaq,
Yöndəmsiz şah elə gülünc görünər.
Mən anamı bilməyərək öldürdüm,
Yöndəmsiz şah elə gülünc görünər.
Bir ölkəni öz dalınca aparmaq,
Şah adını şişirdərək qabartmaq,
Gündə yeni olay-molay yaratmaq,
Yöndəmsiz şah elə gülünc görünər.
Odur mənim şah olmağım düz deyil,
Şah olmağa burda başçı az deyil,
Şah böyükdür, tək vurğulu söz deyil,
Yöndəmsiz şah elə gülünc görünər.
Mən gedirəm, bərkiyərəm döyüşdə,
Bilər ollam hər savaşda, hər işdə,
Şah olasan gərək böyük döyüşdə,
Yöndəmsiz şah elə gülünc görünər.
Qoşabaşlar Ağüzelə soxuldu,
Tək budağı öz içindən qurd yeyər.
Çıxdı qancıl qabağına onçular,
Tək budağı öz içindən qurd yeyər.
Üzləşdilər onlar hündür gədikdə,
Qoşabaşlar üç dağınıq bölükdə,
Onçularsa bir sırada, birlikdə,
Tək budağı öz içindən qurd yeyər.
Tanı çıxdı irəliyə qorxmadan,
Baş qoşabaş gövdəsinə baxmadan,
Ürəyini sarsıtmadan, sıxmadan,
Tək budağı öz içindən qurd yeyər.
Baş qoşabaş at səyirtdi arada,
Gəlib yenə durdu qabaq sırada,
O deyindi yersiz qara-quradan,
Tək budağı öz içindən qurd yeyər.
Ancaq Tanı gözləmədi döyüşü,
Üstünlüyü yelə verər gözləmək.
Çapdı onun üzərinə birbaşa,
Üstünlüyü yelə verər gözləmək.
Bizuc sökdü qoşabaşın böyrünü,
Düz kəsəndir hər bir yerdə əyrini.
O göstərdi acıqana yerini,
Üstünlüyü yelə verər gözləmək.
– Sənin yaşın azdır, durma duruşa,
Ər gərəkdir bu vuruşda duruşa,
Durma burda, böyük-kiçik qarışar,
Üstünlüyü yelə verər gözləmək.
Bunda bizuc, onda qılınc parladı,
Döyüş-vuruş səsləncləri gurladı,
İkisi də atlarını fırladı,
Üstünlüyü yelə verər gözləmək.
– Sən ananı öldürmüsən, Tanı şah,
Ölən ana tanrılaşıb qayıdır.
İkinizi öldürməyə gəlmişəm,
Ölən ana tanrılaşıb qayıdır.
– Baş qoşabaş, neçə kərə, bil ki sən,
Manay şahın üzərinə gəlmisən,
Sən üç kərə Mindiyarda ölmüsən,
Ölən ana tanrılaşıb qayıdır.
Dördüncü yol – ölmək – sona yetməkdir,
Yer üzündən sağollaşıb getməkdir,
Bu torpaqla öz üstünü örtməkdir,
Ölən ana tanrılaşıb qayıdır.
Mənim anam şahdan uca qadındır,
Ölüb, indi mənə daha yaxındır,
Hər vuruşum ona yeni çatımdır,
Ölən ana tanrılaşıb qayıdır.
– Mən vuruşa atılmışam səninlə,
Döyüşlərdə böyük-kiçik olmayır,
Biz onçunun qatdanmayır dizləri,
Döyüşlərdə böyük-kiçik olmayır.
Susaq daha, qoy qılınclar danışsın,
Qoy tanrılar onu məndən soruşsun,
Gücüm tanrı anam ilə qarışsın,
Döyüşlərdə böyük-kiçik olmayır.
Qılınc, bizuc toqquşaraq sıyrıldı,
Neçə yaraq düz ortadan qırıldı,
Qancıl susdu, sanki bağrı yarıldı,
Döyüşlərdə böyük-kiçik olmayır.
Toppuz dəydi, qalxan batdı, əzildi,
Səsdən-küydən sısqa ürək üzüldü,
Baş qoşabaş qorxdu, ağzı büzüldü,
Döyüşlərdə böyük, kiçik olmayır.
Ağqurd Alpan gözləmədi sonluğu,
Güclü odur süpürləyə güclünü.
Ulartıyla qurdlarını səslədi,
Güclü odur süpürlüyə güclünü.
Baş qoşabaş boğmaladı Tanını,
Ağqurd Alpan aldı onun yanını,
Nişan aldı iti oxla alnını,
Güclü odur süpürləyə güclünü.
Gəlib qurdlar gədik üstə uladı,
Hər bir yana qorxu-ürkü qaladı,
Baş qoşabaş toplumunu hayladı,
Güclü odur süpürləyə güclünü.
Qurdlar kəsdi qaçanların yolunu,
Çəngələdi atlarının yalını,
Parçaladı sağrısını, belini,
Güclü odur süpürləyə güclünü.
Tanı dedi: – Ağqurd Alpan sağ olsun,
Qurdun gücü tanrılarla bir olar.
İndi bildim qurdun gücü nə imiş,
Qurdun gücü tanrılarla bir olar.
Alpan dedi: – Qurdlar bizə doğmadır,
Onlar atan Üstüağdan qalmadır.
Nənən Mindon döşlərindən olmadır,
Qurdun gücü tanrılarla bir olar.
– Mən çağırsam, onlar gələr görəsən?
– Şah da olsan az yaşlısan hələ sən,
Onlar səndən küsüb, bunu biləsən,
Qurdun gücü tanrılarla bir olar.
Sən ananı öldürmüsən, Tanı, bil,
Qurdlar qancıl adamlarla tuş deyil,
İgidlik et, onlar içrə sən sevil,
Qurdun gücü tanrılarla bir olar.
Mən də on il qurd olmuşam sürüdə,
Qurd qorxaqla sısqaların sonudur.
Yaxın düşmür o, sağlama, güclüyə,
Qurd qorxaqla sısqaların sonudur.
Üstüağın süd qardaşı Ağqurddu,
Çox qancılı, acıqanı o yırtdı,
Çox gövdəli yastıbaşı bəyirtdi,
Qurd qorxaqla sısqaların sonudur.
Anan səni bağışlasa, ey Tanı,
Sən qalmazsan qurda daha yabanı,
Atacaqsan ağrı-acı, qadanı,
Qurd qorxaqla sısqaların sonudur.
Onlar soydur Minellinin kökünə,
Kölə olub şahlarının ərkinə,
Ağqurd alıb Üstüağı tərkinə,
Qurd qorxaqla sısqaların sonudur.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-gunayla-tani-sahin-gorus-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Qızağ getdi Turər şahın dalınca,Yollar boyu Qırğıatın belində.
Qızağın ölüm söylənciGünbatandan bir səs qalxdı bu yerdə,Üzübağlı bir atlıydı gəlirdi.
Batıda vuruş söylənciGünbatanda soraqlaşdı başçılarƏkbitənin Turər şahı dul qalıb.
Diriel söylənciBir gün qondu yəhərinə Göyərçin,– Düzər səni ağır gündə gözləyir.