Danışdıq, barışdıq mərhəmət ilə,İnciklik araya qatma, hayıfsan!Sən tacir olmazsan bir manat ilə,Namusu, qeyrəti atma, hayıfsan!

Mövlam məni nəzərindən salmayıb,Huşum cəmdi, ağlım heç azalmayıb.Fani dünya Süleymana qalmayıb,Oyan bu qəflətdən, yatma, hayıfsan!

Siz təlaş eylərsiz iynə-biz iləBizim barat gəlib-gedir yüz ilə.Əyri ol əyriylə, düz ol düz ilə,Hər yetəni sən aldatma, hayıfsan!

Düşəndə məclisə, ağır yığnağa,Bizə hörmət qoyur irəncbər, ağa...Söz uzansa, həcv çıxar qurşağa,Sözün dalın çox uzatma, hayıfsan!

Qəsəm olsun xudkeşlərin sərinə,Yalan söz iyidi salar dərinə.Köhnə dağarcığı tumaş yerinəAşıq Ələsgərə satma, hayıfsan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets