Diriel söylənci
Bir gün qondu yəhərinə Göyərçin,
– Düzər səni ağır gündə gözləyir.
Dirielli qırıq-qırıq, didərgin,
Düzər səni ağır gündə gözləyir.
Mən gedirəm, ardımca gəl, yubanma,
Heç bir yerdə bir an belə dayanma,
Getür-qoya, xırdalığa qapanma,
Düzər səni ağır gündə gözləyir.
Döyüşlərdə üzyumuşaq olma sən,
Sızıltını ürəyinə salma sən,
Yolun düzdür, düz yolundan qalma sən,
Düzər ağır gündə səni gözləyir.
– Dirielli başsız qalıb, basılıb,
Çatdır məni o ellərə Qırğıat,
Bir cığırda, bir obada dayanma,
Çatdır məni o ellərə Qırğıat.
Çap dirriyə, yaxın elə uzağı,
Keç şaxtanı, dağıt buzu, sazağı,
Haradasan dirielli Qızağım,
Çatdır məni o ellərə Qırğıat.
Yetir məni ilk sevgimin yerinə,
Uç, qanadlan o dağların birinə,
Dönüm döşün köpüyünə, tərinə,
Çatdır məni o ellərə Qırğıat.
Turər çatdı Dirielə bir günə,
Yollar dolu yaralıdır, ölüdür.
Qol-qıç kəsik, baş-döş kəsik çoxunda,
Yollar dolu yaralıdır, ölüdür.
Yaxdı Turər bağırtısı dağ-daşı,
Onun ilə Qoşar durdu yanaşı,
Vuruşurdu Düzər, bir də elbaşı,
Yollar dolu yaralıydır, ölüdür.
Tura qazma qazılmışdı örtülü,
Bu qazmanın üst örtüyü yırtılıb,
Bir neçəsi düşüb, bura qatılıb
Yollar dolu yaralıydır, ölüdür.
Qulağına bir səs çatdı Turərin,
– Qazmaları, qurmaları atıl, keç.
Qırğıatın yalından öp, öy onu,
Qazmaları, qurmaları atıl, keç.
Daşqırbaşı gəlir hoy-hay dilində,
Qaya tobpuz o hərlədir əlində,
Bizuc ilə vur daşqırı belindən,
Qazmaları, qurmaları atıl, keç.
Böyük güc var Turər, sənin içində,
Qayaquşun hənirtisi biçimdə,
Çox ayıq ol bu yerləri keçəndə,
Qazmaları, qurmaları atıl, keç.
– Daşqırbaşı, Dirieli qırıbsan,
İndi mənim qılıncımı dadginən.
Üç yol səni bağışladım, buraxdım,
İndi mənim qılıncımı dadginən.
Bu elləri niyə qırıb, çatıbsan,
Minlərini qan gölünə qatıbsan,
Adamlığı ürəyindən atıbsan,
İndi mənim qılıncımı dadginən.
Bizuc ilə vurdu Turər daşqırı,
O yıxıldı, düşdü haray, qışqırıq,
Al, topbuzu baş dağıdır, döş qırır,
İndi mənim qılıncımı dadginən.
Daşqır aşdı ayaq altda süründü,
– Turər, məni bir də, bir də bağışla.
Bizuc dəyib belim dibdən qırılıb,
Turər məni bir də, bir də bağışla.
Şorultuyla qan ağzından töküldü,
İlan kimi qıvrılaraq büküldü,
Qan üzünün dərisindən çəkildi,
Turər, məni bir də, bir də bağışla.
Mən də səntək başbilənəm, önərəm,
Daha qanlı işlərimdən dönərəm,
Kölə ollam, ayağına enərəm,
Turər, məni bir də, bir də bağışla.
Daşqır öldü düz günorta çağında,
Turər, Düzər Daşqıranı dağıtdı.
Dirielli bu qırğından qurtardı,
Turər, Düzər Daşqıranı dağıtdı.
Yarağını atıb qaçdı çoxusu,
Batmanqılınc Turərdəndi qorxusu,
Səpələndi derd bir yana qurqusu,
Turər, Düzər Daşqıranı dağıtdı.
Dağlar qardı, yollar buzdu büsbütün,
Ağır oldu döyüş-vuruş iki gün,
Qan qusanlar nə diriydi, nə ölgün
Turər, Düzər Daşqıranı dağıtdı.
Nə görübdür qan içməkdən beləcə,
Yaranışdan acığını çıxanlar.
Yarımçıqdır, haradansa qırıqdır,
Yaranışdan acığını çıxanlar.
Düzü sevməz, əyri gözü götürməz,
Quru əli yazda çiçək bitirməz,
Görpü olub əli ələ yetirməz,
Yaranışdan acığını çıxanlar.
Gəlişiylə Tanrısına nə verdi,
Gəlib getdi, qandan başqa nə gördü,
Yeyib, içdi, köpüb şişdi, gəbərdi,
Yaranışdan acığını çıxanlar.
Könül, qışda, qarda çiçək açarsan,
Başqasına yardım əli uzatsan.
Ovcun içi yuva olar quşlara,
Başqasına yardım əli uzatsan.
Bu qırğında nə görübsən, a qancıl,
Öz içində tikan əkən yabançı,
Ürəyində nə qayğı var, nə sancı,
Başqasına yardım əli uzatsan.
Başın üstə Tanrını gör, düz yaşa,
Yaxşılıqla günlərini vur başa,
Sən görgörə, görgör sənə yaraşar
Başqasına yardım əli uzatsan.
Daşqırandan bir iz-ətər qalmadı,
Dirielli yenə qalxdı, dirildi.
Son uduqda Tanrı yardım kəsildi,
Dirielli yenə qalxdı, dirildi.
Haradasa əziləni görən var,
Acıqlılar arasına girən var.
Düzlük vardır, nə qədər ki ərən var,
Dirielli yenə qalxdı, dirildi.
Tanrım, bu el işığını bol elə,
Bu ili də sulu, qarlı il elə,
Lil çayları durult, böyük göl elə
Dirielli yenə qalxdı, dirildi.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-diriel-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Çinel Vayqan ad qoymuşdu xaqana,Hər bir igid ad qazanar işiylə,
İlam söylənciAsurelin yolu üstə İlam var,İç tutumu, çöl üzü var hər adın.
Tanı şahın itməsi söylənciÇox gənc idi şahlıq üçün Tanı şah,Bir ölkəni dolandıra şah gərək,
Üztut söylənciTuncər getdi Qobuyerə üztuta.Yalvaranda yalvarasan tanrıya.
Poems by other poets
Bu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Könlüm səni istərYüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər
GedərAyaq kəsmə dost kuyindən, nazlı yar əldən gedər,Naşı bağban bağ bəsləyib heyva, nar əldən gedər.