Vayqan söylənci
Çinel Vayqan ad qoymuşdu xaqana,
Hər bir igid ad qazanar işiylə,
Çin Vayqanı göndərmişdi Xançuya,
Hər bir igid ad qazanar işiylə.
Yarıb, qırıb, dağıdırdı o qancıl,
Minelliyə, Mindiyara yabançı,
Bığı seyrək, üzü-gözü sarımtıl,
Hər bir igid ad qazanar işiylə.
Qocalmışdı, ərpimişdi Düzər də,
O düşmüşdü gücdən, heydən, kəsərdən.
Onda qalınc qalmamışdı Gücərdən,
Hər bir igid ad qazanar işiylə.
Vuruşurdu ancaq onun toplumu,
Qaralırdı düşüncəsi, anımı,
Qoca quşun yuxularda qonumu,
Hər bir igid ad qazanar işiylə.
Düzər üç gün vuruşmuşdu Vayqanla,
Üç gün çəkər vuruş gücü qocanın,
Tutuqlayıb Vayqan onu almışdı,
Üç gün çəkər vuruş gücü qocanın.
Basıq toplum çəkilmişdi Arana,
Düzər bata bilməmişdi Vayqana,
Nərildəyib o dönmüşdü qaplana,
Üç gün çəkər vuruş gücü qocanın.
Bacar gəlib çatdı bura on günə,
Sıraları bənzəyirdi düyünə,
Basıq qalmış yaraqlılar ölgünə,
Üç gün çəkər vuruş gücü qocanın.
Gecə Bacar o toplumla görüşdü,
Tanışlardan o, Vayqanı soruşdu,
Gecə ikən o, vuruşa girişdi,
Üç gün çəkər vuruş gücü qocanın.
– Uğureldən Xançuyacan Mindiyar,
Dilibirlər kim olsa da bir eldir.
Yer-yer, yurd-yurd, ulus-ulus yaşayır,
Dilibirlər kim olsa da bir eldir.
Buzboğazla Durudaşlar boyunca,
Yerləşiblər, otlayırlar doyunca,
Çinelli də əllərində oyuncaq,
Dilibirlər kim olsa da bir eldir.
Yetərincə qıra bilsək Mineli,
Sınar böyük Mindiyarın şah beli,
Göydə qalar Bacar şahın boş əli,
Dilibirlər kim olsa da bir eldir.
Çinellinin Bacarı var, Vayqan ər,
Bundan sonra kimliyini bilərlər,
Qılıncıyla qırılarlar, ölərlər,
Dilibirlər kim olsa da bir eldir.
Bardaş qurub Vayqan belə deyirdi,
Dalda hamı nə istəsə danışar.
Vayqan kəsib doğrayırdı hamını,
Dalda hamı nə istəsə danışar.
– Uğureli alıb Çinə qataram,
Qobuyeri, Qobudüzü tutaram,
Ordan keçib Əkbitənə çataram,
Dalda hamı nə istəsə danışar.
Mindiyarı qata bilsəm Çinelə,
Yeri-göyü keçirərəm mən ələ,
Hamı gərək qulluq edə bir dilə,
Dalda hamı nə istəsə danışar.
Yoxsa Minel Çini yeyib qurtardı,
İstəsəydi Çini bütün tutardı,
Yüz min, min-min olsaydılar, nə vardı,
Dalda hamı nə istəsə danışar.
Baş əydilər minbaşılar, dedilər:
– Qollarınca yeri quca bilərsən.
Yelçəkəndən yeləsənə bir il yol,
Qollarınca yeri quca bilərsən.
Mindiyarı tutmaq çox-çox çətindir,
Burda yerlər, ellər itim-itimdir,
Mindiyarsa nə Hindeldir, nə Çindir,
Qollarınca yeri quca bilərsən.
Vayqan dedi: – Buna çatar qollarım,
Boşa çıxır dənizlərdə dalları,
Mən keçərəm dağ, su, quru yolları,
Qollarınca yeri quca bilərsən.
Kim mənlədir tezdən dursun sırada,
Görək kimi ər yaradıb yaradan.
Döyüş özü seçir ağı qaradan,
Qollarınca yeri quca bilərsən.
Günəş çıxar-çıxmaz Xançu çölündə,
Döyüşlərdə çaqqıldayar qılınclar.
Minelliylə Çinellilər üz-üzə,
Döyüşlərdə çaqqıldayar qılınclar.
Bacar baxdı Vayqan necə vuruşur,
Nə sayaqdır vuruşuyla duruşu,
İki toplum selə dönüb, qarışıb,
Döyüşlərdə çaqqıldayar qılınclar.
Vayqan, Bacar yüz-yüz adam qırdılar,
Toplumları sağa, sola yardılar,
Kələzdənib bir-birinə, durdular,
Döyüşlərdə çaqqıldayar qılınclar.
– Baş aparma, Vayqan, dayan, danışaq,
İstəyirsən döyüşmədən barışaq,
Ya da öncə qurşaq tutaq, yarışaq,
Döyüşlərdə çaqqıldayar qılınclar.
– Mən Bacaram, Gücər oğlu, Minelli,
Basıqların danışmağa sözü yox.
Səninkilər dağılışıb qaçışır,
Basıqların danışmağa sözü yox.
– Mən gəlmişəm öz gücümü yoxlayım,
Səni basım, kəsim, əzim, doğrayım,
Sonra sənin leşin üstə ağlayım,
Basıqların danışmağa sözü yox.
Mənimkilər uca tutur ölməyi,
Tutuqluqdan ölüb çıxa bilməyi,
Nəyə gərək basa-basa gəlməyin,
Basıqların danışmağa sözü yox.
– Onda daha uzatmayaq gedişi,
Bax, gör, nədir ordan bura gəlişim,
Görünür ki, ölüm çağın yetişib,
Basıqların danışmağa sözü yox.
Göz bərəltdi Vayqan böyük Bacara,
Qorxudandır qorxutmağı qorxağın,
Əl-qol ölçüb, yersiz çiyin oynatdı,
Qorxudandır qorxutmağı qorxağın.
Vayqan dedi: – Səni mal tək kəsərəm,
Toplumumla yastıladıb əzərəm,
Boş başını sərçə kimi üzərəm,
Qorxudandır qorxutmağı qorxağın.
Bacar dedi: – Bu gün hamı biləcək,
Qancıllara yoxdur burda gələcək,
Etmədiyi işi gopla deyəcək,
Qorxudandır qorxutmağı qorxağın.
Vayqan çəkib qılıncını oynatdı,
Artıq sözlər boğazında qaynatdı,
Vurub öncə barmağını qanatdı,
Qorxudandır qorxutmağı qorxağın.
Çəkişmələr, qarpışmalar, vurumlar,
Ölməməkçin öldürməyə nə var ki,
Toppuz endi, qalxan batdı ortadan,
Ölməməkçin öldürməyə nə var ki.
Hamı durub baxdı iki ərənə,
Göz qoydular yastıburun kürənə,
Bu vuruşun sonu çətin görünə,
Ölməməkçin öldürməyə nə var ki.
Axşam düşdü, diz qatdadı atlar da,
Leşə gəldi iri quşlar, qurdlar da,
Hamı qorxdu bu qaranlıq qatlardan,
Ölməməkçin öldürməyə nə var ki.
Bizuc, qalxan, toppuz, qılınc yoruldu,
Torpaq göyə, göysə yerə sovruldu,
Bağırtıdan göyün bağrı yarıldı,
Ölməməkçin öldürməyə nə var ki.
Vayqan gördü heydən düşüb qolları,
Dəmir deyil, qol-qıç işdən yorulur.
Dedi: – Qalsın vuruşumuz yarımçıq,
Dəmir deyil, qol-qıç işdən yorulur.
Bacar dedi: – Bir də haçan görüşək,
Get, qardaşın Çayqan gəlsin döyüşə,
Onunla da son döyüşə girişəm,
Dəmir deyil, qol-qıç işdən yorulur.
Vayqan güldü, dedi: – Bacar, öyünmə,
Bu, üstünlük deyil hələ, sevinmə,
Güclü bilib sən özünü, deyinmə,
Dəmir deyil, qol-qıç işdən yorulur.
Bunu deyib Vayqan döndü geriyə,
Gördü dönüb o, ölümcül diriyə,
Nə qol qalxır, nə də qıç var yeriyə,
Dəmir deyil, qol-qıç işdən yorulur.
Çayqan gəldi, götürdülər Vayqanı,
Döyüş gərək dayanmaya yarımçıq,
Çayqan dedi, gəl mənimlə sən vuruş,
Döyüş gərək dayanmaya yarımçıq.
Buna varam,-dedi Bacar,-döş-döşə,
Düşək atdan, öncə sənlə güləşək,
Güləşməklə biz başlayaq döyüşə,
Döyüş gərək dayanmaya yarımçıq.
Güləşdilər, Çayqan yumru, gödəkdi,
Pota döşdü, ağır, yoğun biləkdi,
Xırda başdı, bir də enli kürəkdi,
Döyüş gərək dayanmaya yarımçıq.
Hardan tutdu, Çayqan çıxdı əlindən,
Bacar tutdu qurşağından, belindən,
Çırpdı yerə, hədələdi ölümlə,
Döyüş gərək dayanmaya yarımçıq.
Bayqan gəldi, dedi: – Mənəm üçüncü,
Olacağı üçüncü yol sına sən,
Üç qardaşın gücü məndə toplanıb,
Olacağı üçüncü yol sına sən.
Vuruşmağa gəlməmişəm mən ancaq,
Gəlmişəm ki, biz əl tutaq, barışaq,
Yetər daha el qırıldı bu sayaq,
Olacağı üçüncü yol sına sən.
Qoy toplumlar çəkilsinlər qırağa,
Baş əysinlər uğurelli qonağa,
Əl atmasın Minellilər yarağa,
Üstünlüyü üçüncü yol sına sən.
Ancaq məni qoy Xançuya baş olum,
Çinel, Minel arasına yol salım,
Vergiləri ildə üç yol mən alım,
Üstünlüyü üçüncü yol sına sən.
Bacar dedi: – Oğlum Tuncər baş olar,
Hər ölkədə yerli gərək baş olsun.
Çineldə də qorxu-ürkü azalar,
Hər ölkədə yerli gərək baş olsun.
Səni yerinc qoya bilər Əkbitən,
Bundan qabaq gərək sən and içəsən,
Bizə qancıl olmayasan daha sən,
Hər ölkədə yerli gərək baş olsun.
– Nə buyursan, mən elə də edərəm,
Lap istəsən gedib gözdən itərəm,
Ölüb, bir də sən deyən tək bitərəm,
Hər ölkədə yerli gərək baş olsun.
– Mən istərəm bir də səni yoxlayam,
Sözdə, işdə, gücdə səni bağlayam,
Sonra səni yerinc kimi saxlayam,
Hər ölkədə yerli gərək baş olsun.
– Uğurelə bir də ayaq basmayın,
Hər ölkənin cızığı var, yeri var,
Mindiyardır, Xançu, Sancu, Qobudüz,
Hər ölkənin cızığı var, yeri var.
Tanı şahdır Mindiyarın yiyəsi,
Biz də onun qılıncının tiyəsi,
Hamı gərək bu gənc şahı bəyənsin,
Hər ölkənin cızığı var, yeri var.
Mən Bacaram, dediyini qanıram,
Odur səni, Bayqan, kölə sanıram,
Burda keçmiş döyüşləri anıram,
Hər ölkənin cızığı var, yeri var.
Üzləşmədi, vuruşmadı toplumlar,
Böyük Çinə üstün gəldi Mindiyar,
Üstün yeni yerlər tutsa, yeri var,
Hər ölkənin cızığı var, yeri var.
Bayqan dedi: – Qardaşlarım qabadır,
Çox şahları gözdən salıb qabalıq,
Mən onların üzüyola qardaşı,
Çox şahları gözdən salıb qabalıq.
Mən bilirəm qabaların dilini,
Sovuraram göyə yanıq külünü,
Dilə tutsan, yola gələr, dəlini,
Çox şahları gözdən salıb qabalıq.
Bacar dedi: – Onda işin bu olsun,
Get, onların burunları ovulsun,
Qoy qabalar Çineldən də qovulsun,
Çox şahları gözdən salıb qabalıq.
Bacar onu tutuqluqdan buraxdı,
Bu bağışdan Bayqan çaşdı, duruxdu,
Hara getsin, indi hara, qarıxdı,
Çox şahları gözdən salıb qabalıq.
Düzər gəldi, ağ saçları pırtlaşıq,
Qocalanda çəkil, otur yerində,
O, Gücərin yerindəydi Qobuda,
Qocalanda çəkil, otur yerində.
Neçə yüz il yerinc idi Xançuda,
O, Gücərin yerindəydi Qobuda.
Bir çinlini qaytarmadı qapıdan,
Qocalanda çəkil, otur yerində.
Əkbitənə bir yol o, yol salmadı,
Döyüşlərdən, vuruşlardan qalmadı,
Qocalığı öz boynuna almadı,
Qocalanda çəkil, otur yerində.
Qocaldıqca qolu-qıçı qurudu,
Döş-başını buz soyuqlar bürüdü.
Ancaq yenə Mindiyarı qorudu,
Qocalanda çəkil, otur yerində.
O söylədi: – Mən qocalıb getmişəm,
Eniş-yoxuş illəri var hər yaşın,
Yeni yerinc siz göndərin yerimə,
Eniş-yoxuş illəri var hər yaşın.
Bacar dedi: – Əkbitənə qayıdaq,
Gözlər səni Körfəz ilə Yastıdağ,
Qoşaboğaz, Kürlə, Qobu, Buzbulaq,
Eniş-yoxuş illəri var hər yaşın.
Düzər dedi: – Mən hamıdan küsmüşəm,
Neçə yüz il bu ucqarda dözmüşəm,
İndi daha öz-özümdən bezmişəm,
Eniş-yoxuş illəri var hər yaşın.
Bacar dedi: – Öz yerində qalarsan,
Yerinc gəlsə sən ağsaqqal olarsan,
Gəncləşərsən, yüz-yüz yaşa dolarsan,
Eniş-yoxuş illəri var hər yaşın.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-vayqan-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Qırx min qancıl yola düşdü yaraqla,Çapqınçılıq döyüş deyil, oyundur.
Alpislə Odərpay söylənciÜç yüz yaşa gəlib çatdı Odərpay,Minellinin iç tanrısı ocaqdır,
Alpislə Daryaşın görüş söylənciAlpis gəzdi, bir gün gördü Daryaşı,Dolanışın döşü eniş-yoxuşdur.
Şimşəkquyruq söylənciBir gün Daryaş bir at görür Sakdağda,At igidin yaraşığı, adıdır.
Poems by other poets
Yeddi nəslinçün yaratdın gün-güzəran dəf kimi,Bilmədin bir gün əsəbdən partlar insan dəf kimi.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
AyAldanmış əməllər kimi sən, ey sarı məş’əl!Mümkünsə çəkil get, günəşin fövqinə yüksəl!
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,