Günlər keçdi, Tanı gəlib çıxmadı,
Gözləməkdən gözün kökü saralar,
Bir gün Tanı gəldi, çatdı Başevə,
Gözləməkdən gözün kökü saralar.

Ovçulara oxşayırdı uzaqdan,
Çiynində yay, əlində ox, bir oğlan,
Haralısan, hara belə, haradan,
Gözləməkdən gözün kökü saralar.

Deyən odur, şahın yerinc oğulu,
At dırnağı tapdağında doğulub,
Körpə ikən qan içində boğulub,
Gözləməkdən gözün kökü saralar.

– Gedin deyin, oğlun gəlib, Manaya,
Öz oğlunu atan qancıl anaya.
Görsə məni üz-gözümdən tanıyar,
Gözləməkdən gözün kökü saralar.


Manay qaçdı balasını görməyə,
Körpə atan ana, yenə anadır.
Görüşdülər onlar qapı ağzında,
Körpə atan ana, yenə anadır.

– Tanrım, mənə güc ver, gücüm tükənib,
Bundan sonra öz oğluma söykənim,
Bu oğlumsa niyə məndən çəkinir,
Körpə atan ana, yenə anadır.

Ah, necə də oxşayırsan atana,
Qaş-qabaqdan, üz-gözündən anana.
Gəl yaxına, qurban qada-balana,
Körpə atan ana, yenə anadır.

Anasını görüb Tanı dinmədi,
Könlündəki od-acılar sönmədi,
Dediyindən, tutduğundan dönmədi,
Körpə atan ana, yenə anadır.


Bir an bıçaq parıldadı əlində,
Kim öldürər tanrılaşan ananı?
Anasının ürəyinə sapladı,
Kim öldürər tanrılaşan ananı?

– Məni atdın itin-qurdun ağzına,
Kölə oldum bir Darvidel qızına,
Getdin çatdın Ağqurd Alpan arzına,
Kim öldürər tanrılaşan ananı?

– Oğlum, dayan, daha vurma, yıxıldım,
Könlümdəki istəklərim dağıldı,
Sən döyüşlər qucağında doğuldun,
Kim öldürər tanrılaşan ananı?

Oğlum, dayan, daha vurma, ölürəm,
Səni yoldan çıxaran var, bilirəm,
Bunca səni mən şah görmək dilərəm,
Kim öldürər tanrılaşan ananı?


– Mən ölürəm, ay eşidib görənlər,
Hər gəlişin başlanğıcı, sonu var.
Tanı oğlum Mindiyara şah olsun,
Hər gəlişin başlanğıcı, sonu var.

Mən onsuz da öləcəkdim bu günlər,
Nəyə gərək sınıq-salxaq ölgünlər,
Sümüyümdə, iliyimdə düyünlər,
Hər gəlişin başlanğıcı, sonu var.

Mən yaşadım Mindiyarın adını,
Gördüm şahlıq, bolluq, qıtlıq dadını,
Şah olsa da Ağüzelin qadını,
Hər gəlişin başlanğıcı, sonu var.

Ağüzeldə sonevimi qazdırın,
Öz anamın yanındaca basdırın,
Bir daş üstə dediyimi yazdırın,
Hər gəlişin başlanğıcı, sonu var.


"-Mindiyarın minel-minel gücü var,
Tanrısoydur güclü ölkə, güclü şah.
Bu ölkədə ev tik, su çək, yaz, yarat,
Tanrısoydur güclü ölkə, güclü şah.

Buzboğazdan Körfəzəcən dilibir,
Odərlərin eli birdir, dili bir,
Oxşarlıqda içi birdir, çölü bir,
Tanrısoydur güclü ölkə, güclü şah.

Çinel, Hindel, Misirelə yapışıq,
Min eli var yurdun oxşar, qatışıq.
Asurellə Balasqeli qatışıq,
Tanrısoydur güclü ölkə, güclü şah.

Yarı gör-gör bizim dildə danışır,
Ölkəmizin başrağı var, barışıq,
Acıqanla, qancıllarla çarpışır,
Tanrısoydur güclü ölkə, güclü şah".


Bunu deyib Manay birdən keçindi,
Görkəmindən işıq uçar ölənin.
Üz-gözündən yal-yaraşıq çəkildi,
Görkəmindən işıq uçar ölənin.

Tanınınsa qan dayandı beynində,
O diz çökdü anasının önündə,
O şah oldu şahın ölüm günündə,
Görkəmindən işıq uçar ölənin.

Başbilənlər gizli gözdən yayındı,
"Qarğışlayar bizi günəş, ay indi",
Söylədilər, bu nə işdir, oyundur,
Görkəmindən işıq uçar ölənin.

Tanı şaha göz bərəltdi tanrılar,
Belə şahın gərək qolu qanrıla,
Boğazlaya onu acı ağrılar,
Görkəmindən işıq uçar ölənin.


Şah nə desə, yurda, elə yasadır,
Yeydir şahın son istəyi, son sözü.
Tanı qalxdı anasının yerinə,
Yeydir şahın son istəyi, son sözü.

Qızbal gəldi, dedi: – Mən qız anayam,
Qızbal deyil, Darvidelli Mahayam,
Ağqurd mənə vurğun, mən də onayam,
Yeydir şahın son istəyi, son sözü.

Dedim, başda mən Ağqurdu tovlayım,
Onu bəzək-düzək ilə ovlayım,
Bu yol ilə şahı yıxım, ovlayım,
Yeydir şahın son istəyi, son sözü.

Gözləmirdim olacağı bu sayaq,
Ağqurd, indi gəl, Tanıyla bir olaq,
Darvidelin yerlərini qoruyaq,
Yeydir şahın son istəyi, son sözü.


Bunu deyib gəldi şahın önünə,
Çaşqınlıqdan adam bir an keyələr,
Bu Qızbaldır belə, yoxsa Mahadır,
Çaşqınlıqdan adam bir an keyələr.

Yaylıq ilə üz-gözünü sildi o,
Maha olub Maha kimi güldü o,
Baş əyərək şaha başəy qıldı o,
Çaşqınlıqdan adam bir an keyələr.

"Maha" deyib öz-özünü öyürdü,
Ağqurd Alpan gözlərini döyürdü,
Başev gizli üçünü də söyürdü,
Çaşqınlıqdan adam bir an keyələr.

– Ağqurd Alpan, keçmiş ola bu yalan,
Mən səninçin Maha deyil, Qızbalam,
Bu yol ilə döndün çətin bir yola,
Çaşqınlıqdan adam bir an keyələr.


Tanınınsa düyünlüydü qaşları,
Anasına əl qaldıran qan qusar.
Dayanmışdı sallaq, başı aşağı,
Anasına əl qaldıran qan qusar.

Ağsaqqallar irişərək baxırdı,
Bu son itki Minel üçün ağırdı,
Ağrı-acı qız, qadını boğurdu,
Anasına əl qaldıran qan qusar.

Tanı dedi: – Bağışlasın el məni,
Yas tutmasın anam ölən bu günü,
Ucaldaram yetərincə ölkəni,
Anasına əl qaldıran qan qusar.

Anam deyib, ölkə məni şah sansın,
Hamı, hamı gərək mənə inansın,
Qoy Tanı şah döyüşlərdə sınansın,
Anasına əl qaldıran qan qusar.


Bir il keçdi, üzü yer-yer qırışdı,
Öz yaşından qorxaq yaşlı görünər.
Utanmaqdan usanmadı Tanı şah,
Öz yaşından qorxaq yaşlı görünər.

Hamı dedi, Üstüağın oğludur,
Kökü qana, qancıllığa bağlıdır,
Buz bağlamış ürəyindən dağlıdır,
Öz yaşından qorxaq yaşlı görünər.

Qan-qan dedi, Çinel qalxdı ayağa,
Hindel çəkdi toplumunu qırağa,
Asurel də əl apardı yarağa,
Öz yaşından qorxaq yaşlı görünər.

Yeniyetmə qasırğadan qorxmadı,
Guruldadı, guruldadı, yağmadı,
Ağsaqqalın dediyinə baxmadı,
Öz yaşından qorxaq yaşlı görünər.


Ağsaqqallar üz döndərdi Tanıdan,
Su yolunda sınar bir gün su qabı,
Baş əymədi Darvidellə Ariel,
Su yolunda sınar bir gün su qabı.

Tuncər, Günay gəldi şahla barışa,
Yollandılar Asurelə vuruşa,
Şah da durdu Başev ilə baş-başa,
Su yolunda sınar bir gün su qabı.

Eşitcəyin bunu Bacar, Qızçiçək,
Çinel üstə güclü toplum çəkərək,
Dedilər ki, dözüm, vuruş, güc gərək,
Su yolunda sınar bir gün su qabı.

Qızbal-Maha yasaq oldu yasaya,
O, ayrılıq saldı yenə araya,
Ağqurd Alpan daha nəyə yarayar,
Su yolunda sınar bir gün su qabı.


Ağqurd Alpan bu gedişdən duruxdu,
Qız sevgisi yurd sevgisi olammaz.
İki yandan iki yanı boşaltdı,
Qız sevgisi yurd sevgisi olammaz.

Qızbal dedi, Darvidelə calaşaq,
Minel ilə, Mindiyarla dalaşaq,
Ölkələşib Darvideldə dolaşaq,
Qız sevgisi yurd sevgisi olammaz.

Ağqurd Alpan keyəlmişdi, susmuşdu,
Tanı şahdan incimişdi, küsmüşdü,
Öz-özüylə o, and-aman kəsmişdi,
Qız sevgisi yurd sevgisi olammaz.

İstəyirdi Qızbalını, elini,
Darvidellə bağlı duzlu gəlini,
Ancaq hələ qanmayırdı dilini,
Qız sevgisi yurd sevgisi olammaz.


Tuncər mindi Gümüşatı, səyirtdi,
Tanrısoydur quşun, atın uçarı,
Uçar idi alnındakı lələklə,
Tanrısoydur quşun, atın uçarı.

O da yeni vurumbatmaz ərəndi,
Olacağı, gələcəyi görəndi,
Döyüşlərə qol-qanadlı girəndi,
Tanrısoydur quşun, atın uçarı.

Ata Tuncər yoxluğundan yanırdı,
Yola çıxcaq Tuncərini anırdı,
Gözlərində ağrı-acı donurdu,
Tanrısoydur quşun, atın uçarı.

Qızçiçəkdi təkcə könül dincliyi,
Onla keçib neçə yüz il gəncliyi,
Var Qızçiçək, Tuncər, Bacar üçlüyü,
Tanrısoydur quşun, atın uçarı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise