Gecə vuruş söylənci
Əkbitənin səsləncləri gurladı,
Gələn, gedən, yanqın, basqın nəsə var...
Tunq toplumla Misirelə gedirdi,
Gələn, gedən, yanqın, basqın nəsə var...
Mal buynuzu səsləncində səs ötkəm,
Bu səs çılğın, diskintili, döyüşgən,
Basar olur çarpışmada o hərdən,
Gələn, gedən, yanqın, basqın nəsə var...
Misireldə üz vermişdi qan-qada,
Efiopi yürüşdəydi Elata,
Öz oğluna yardım gedir Tunq ata,
Gələn, gedən, yanqın, basqın nəsə var...
Dalğalanır ön sırada başraqlar,
Titrəyişdə al ipəkdən saçaqlar,
Gün altında parıldayır yaraqlar,
Bir az solğun görünürdü yanaqlar,
Gələn, gedən, yanqın, basqın nəsə var...
Tunq qabaqda tunc iplikdən çuxası,
On min atlı yaraqlısı, atlısı,
Atlarının oynağanı, yorğası,
Parıldayır qayışının toqqası,
Gələn, gedən, yanqın, basqın nəsə var...
Lap öndəcə gözətçilər, busqular,
Lap arxada ikiatlı qoşqular,
Yelləməkdə ağ başraqlı asqılar,
Xarıldayır dörd təkərli qurqular,
Gələn, gedən, yanqın, basqın nəsə var...
Dörd göy salğı içindəsə Elçiçək,
Dörd bir yanı sarı ipək, al ipək,
Boşqablarda ərik, alma, çiyələk,
Hər qulluqçu durub baxır kölətək,
Gələn, gedən, yanqın, basqın nəsə var...
Çil-çil atsa oynaqlayır, döş gərir,
Göz oxşayır daş-qaş içrə yəhəri,
Ortülüdür yalmanının üzəri,
Gələn, gedən, yanqın, basqın nəsə var...
Tunqər oğlu Çatan şahı düşünür,
Necə şahlı ölkədir Mindiyar.
Tunqər isə şahlarşahı sayılır,
Necə şahlı ölkədir Mindiyar.
Düşünür ki, Misireli alaram,
Yurdu firon şahlıqından salaram,
Çatan dönər, mən orada qalaram,
Lap Nil boyu nə vardırsa talaram,
Necə şahlı ölkədir Mindiyar.
Gözətçilər soraq tutub hər işdən,
Dedilr ki Tunqər düzdə, örüşdə,
Beş toplum var, Misrə sarı yürüşdə,
Dən vurular qanqadadan, döyüşdən,
Biz çəkindik onlar ilə görüşdən,
Necə şahlı ölkədir Mindiyar.
Danışırlar, biz Fironu tutarıq,
Çatanını dustaqlığa atarıq,
Bu ölkəni allıq, qana qatarıq,
Sürüyərik, ölkəmizə qatarıq,
Necə şahlı ölkədir Mindiyar.
Tunq gözlədi qap-qaranlıq gecəni,
Misireli arşın - arşın ölçəni,
Dedi gecə onlar yatıb dincəlir,
Seçdi gecə gözü yaxşı görəni,
Necə şahlı ölkədir Mindiyar.
Dedi: – Toplum iki yerə bölünsün,
Acıqanın lapdan önü alınsın,
Arxadan da hərləməyə salınsın,
Necə şahlı ölkədir Mindiyar.
Gecə toplum atsız, səssiz yürüşdə,
Çığırtılar, bağırtılar, təpişdə,
Hamı pərtdir bu bicləmə gedişdən,
Hamı bilir sağ çıxammaz döyüşdən,
Necə şahlı ölkədir Mindiyar.
Qaranlıqda döyüşçülər qısılıb,
Bütün yollar hər bir yandan kəsilib,
Acıqanlar sanki sapdan asılı,
Çoxu gecə tutuq düşüb, basılıb,
Necə şahlı ölkədir Mindiyar.
Acıqanın baş önəri çılğındır,
İşi-gücü dağıtmaqdır, qırğındır,
Səsi kobud, nəriltisi yoğundur,
Döyüşlərdə leş yeyəndir, quzqundur,
Necə şahlı ölkədir Mindiyar.
– Ahay kimsən, gələn toplum, qorxaxsan,
Gecəquşu, sən işığa yamaqsan,
Sən içiboş yar-yaraqlı papaqsan,
Gündüz topal, gecə isə çolaqsan,
Necə şahlı ölkədir Mindiyar.
Tunqər dedi: – Çıx qabağa deyim mən,
Qaranlıqda vayzaqlama, öyünmə,
Nağaratək danqıldanma, döyünmə,
Necə şahlı ölkədir Mindiyar.
Bu gecənin qaranlığı qapqatı,
İki qılınc göydə küt-küt parladı,
Bir-birinə baxdı ərlər gözaltı,
Çox gözlərdə qılınclardan parıltı,
Bir birinə yaxınlaşan qaraltı,
Necə şahlı ölkədir Mindiyar.
Çaqqıldadı, şaqqıldadı qılınclar,
Qarşılaşdı, Efiopi Mindiyar,
Topbuz səsi guruldadı dalbadal,
Bağırtıdan, səsdən batdı qulaqlar,
Səsdən başqa bu gecədə heç nə var,
Necə şahlı ölkədir Mindiyar.
Yanır gecə ulduzları, sayrışır,
Yaraqlılar biri-birinə daraşır,
Çaşıb çoxu kölgəsiylə çarpışır,
Necə şahlı ölkədir Mindiyar.
Gecə baxdı, qorxdu, yumdu gözünü,
Gün göründü, göylər açdı üzünü,
Ölənləri saydı, yüzdə yüzünü,
Çılğın önər susdu, kəsdi səsini,
Necə şahlı ölkədir Mindiyar.
Birdən Çatan toplumayla yetişir,
Atasının toplumuna bitişir,
Qalanlarla vuruşaraq didişir,
Necə şahlı ölkədir Mindiyar.
Çatan dedi: – Kəsi olum Tunq ata,
Yol var sanki ürəklərdən ürəyə.
Bu döyüşdə sən basarsan, oğlun yox,
Yol var sanki ürəklərdən ürəyə.
Bu yürüşü ata, hardan bilmisən,
Nə yaxşı ki, ağır gündə gəlmisən,
Toplumunu iki yerə bölmüsən,
Acıqanın ürəyini dəlmisən,
Yol var sanki ürəklərdən ürəyə.
Yüz il qabaq ata, bizi aldadıb,
Dilə tutdun, atımızı nalladın,
Dörd qardaşı atsayağı çulladın,
Saçımızı öpdün bir-bir yalladın,
Hərəmizi bilməzliyə yolladın,
Yol var sanki ürəklərdən ürəyə.
Ana gəldi, Çatan döndü uşağa,
Şah atından düşdü qaçdı qabağa,
Ayağına düşdü, döndü dolağa,
Yol var sanki ürəklərdən ürəyə.
Qoşar çıxdı irəliyə,
Şaman gəldi qan elədi,
Mən tanrıyam yerdə deyə,
Dörd yanına od pülədi,
– Balıq balığı qovlayar,
Böyük kiçiyi ovlayar,
Tülkü hamını tovlayar,
Çalış gözün açıq olsun,
Sümük sümüyü bərkidər,
Bala yuvanı tərgidər,
Yoxsul yayınar vergidən,
Burda gözün açıq olsun,
Için, çölün ayıq olsun,
Minel qızı, baxma belə,
Ölüşgəyib durma elə,
Çıx qabağa gülə-gülə,
Ver saçları sərin yelə,
Bax gözlərin açıq olsun,
Atan, anan ayıq olsun,
Turqa deyin Qoşar gəlib,
Biz dardaydıq, hardan bilib,
Acıqanı yoldan silib,
Qılınc vurub, yüzü ölüb,
Çatan gözün açıq olsun,
Atan, anan ayıq olsun,
Çatan burda Firon deyil, şah idi,
Yannan gələn əl-ayaqlı baş olar.
Seldən, sudan aldı gözəl Saranı,
Yannan gələn əl-ayaqlı baş olar.
Şahdır Çatan başkəndə yox, Nileldə,
Burda nələr yaradıbdır qırx ildə,
El danışır öz diliylə hər yerdə,
Yannan gələn əl-ayaqlı baş olar.
Nil çayının su qırağı daş hörmə,
Çox qabarma çayım, daha köpürmə,
El-obanı yerdən silib, süpürmə,
Burulqanda sudan ip-sap əyirmə,
Yannan gələn əl-ayaqlı baş olar.
Firon gəlir Çatan şahı yoxlasın,
Tunqər ilə barış, əltut bağlasın,
Mindiyarla çox yaxınlıq saxlasın,
Yannan gələn əl-ayaqlı baş olar.
Salxım saqqal, topa birçək, qalın qaş,
Uzun boyun, xirda burun, iri baş,
Qara gozlər soyuq daşdır, qara daş,
Yannan gələn əl-ayaqlı baş olar.
Tunqa baxdı o “düzgəldin” söylədi,
Toplumuna çoxbasarlıq dilədi,
Sağ əlini hamılığa yellədi,
Yannan gələn əl-ayaqlı baş olar.
Bağışlarla sevindirdi qanağı,
Elçiçəyə sırğa, Tunqa qolbağı,
Topluma da yağlı çörək, bığyağı,
Yannan gələn əl-ayaqlı baş olar.
Sonra dedi: – Neçə quyu qazdırın,
Yaralını diri-diri basdırın,
Hay-küy salın, qaçanları azdırın,
Tutuqları daş işinə yazdırın,
Yannan gələn əl-ayaqlı baş olar.
Firon dedi: – Tunq, Elçiçək, Eldəbir,
Gərək bizdə qonaq qalsın düz bir il,
Çıxıb yola Başev, sizi gözləyir,
Çalhaçaldır, toy-düyündür, səs-səmir,
Yannan gələn əl-ayaqlı baş olar.
Tunqa dedi tutuq düşən həbəşlər,
Yaraqlıya qorxmaz başçı gərəkdir.
Biz Mindiyar yaraqlısı oluruq,
Yaraqlıya qorxmaz başçı gərəkdir.
And içirik Tunqa, bir də tanrıya,
Döyüşlərdə Mindiyara yarayaq,
Orda qalaq, biz ordaca qarıyaq,
Yaraqlıya qorxmaz başçı gərəkdir.
Firon dedi: – Öncə işə başlayın,
Gedin şoran torpaqları xışlayın,
Qazıntıda, tikintidə işləyin,
Yalvar-yaxar yaşamağı boşlayın,
Yaraqlıya qorxmaz başçı gərəkdir.
Dedi: – Gedin daş işinə həbəşlər,
Sizi gözlər Misireldə çox işlər,
Qamçı, təpik, hədələmə, söyüşlər,
Fironun da öz yeri var demişlər,
Yaraqlıya qorxmaz başçı gərəkdir.
Tunq qızardı, acıqından tutuldu,
Qara qaşlar çəkilərək, çatıldı,
Boynundakı damarları dartıldı,
Yaraqlıya qorxmaz başçı gərəkdir.
Elçiçək də sanki bir az qısıldı,
Bu döyüşdə Basar sanki basıldı,
Çatanın da içi yandı, qazıldı,
Yaraqlıya qorxmaz başçı gərəkdir.
Tunq udqundu, Firon kəsdi səsini,
Başa düşdü sanki yersiz sözünü,
Dönüb Çatan şaha tutdu üzünü,
Yaraqlıya qorxmaz başçı gərəkdir.
Dedi: – Çatan, yorğun düşüb Tunq ata,
Dörd təkərli qoşqunu qoş beş ata,
Gedək Başev şənliyinə, büsata,
Qonaqları biz göstərək elata,
Yaraqlıya qorxmaz başçı gərəkdir.
Tunq atanın adı-sanı ucadır,
Elçiçəklə tunq zirvədə haçadır,
Həbəş hələ atlaşmayıb, dayçadır,
Yaraqlıya qorxmaz başçı gərəkdir.
Firon dedi: – Tunqa qoşqu ayırın,
Başev yola göz tikibdir, buyurun,
Ərlər, Tunqun arxasınca yüyürün,
Yaraqlıya qorxmaz başçı gərəkdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-gece-vurus-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Ərqaya da çox sevirdi Qızağı,Dəli sevgi yetmə gəncə yaraşır.
Köləbaşı söylənciGetdi, çatdı bu, Türərə,Sözün yeldən qanadı var.
Başev söylənciBaşev hələ gözləyirdi Turəri,Soyuq idi sözlər, gözlər, baxışlar.
Acıqanla vuruş söylənciQızağ getdi Turər şahın dalınca,Yollar boyu Qırğıatın belində.
Poems by other poets
شوشت حال قلبی من صد غک المشوش
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?
AmandıBaşına döndüyüm ədalət şahı,Şahım, bu yollara düşmə, amandı.
Qurban olduğumGənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.