Asurelin yolu üstə İlam var,
İç tutumu, çöl üzü var hər adın.
Bu başkənddə yaşayanlar çoxelli,
İç tutumu, çöl üzü var hər adın.

Asurelli, Darvidelli, Minelli,
Burda hamı alverdədir yüzəlli,
Burdakılar yüzdillidir, yüzelli,
İç tutumu, çöl üzü var hər adın.

Tuncər, Günay, dalda qaldı elatlar,
Qulaqları qıdıqladı bu adlar,
Gəlib çatdı Asurelə yel atlar,
İç tutumu, çöl üzü var hər adın.

Yaraqlılar toplum-toplum yol ölçdü,
Gənc ərənlər öndə gedib yol seçdi,
Su yerinə isti, odlu yel içdi,
İç tutumu, çöl üzü var hər adın.


Asurel şah ayıq idi, bic idi,
Bicdir çox-çox ağıllını aldadan.
Tanı şaha üç yol elçi göndərdi,
Bicdir çox-çox ağıllını aldadan.

Son elçini Tuncər yolda əylədi,
– Tanı şahın ərəniyəm söylədi,
Həm Günaydan, həm özündən küylədi,
Bicdir çox-çox ağıllını aldadan.

Elçi dedi: – Şah başımın böyüyü,
O əldirsə, mən o əlin sümüyü,
O ocaqsa, mən ocağın körüyü,
Bicdir çox-çox ağıllını aldadan.

Şahım sizə yaxın olmaq diləyir,
Tanı şahın istəyidir istəyi,
Birdir, deyir, iki şahın ürəyi,
Bicdir çox-çox ağıllını aldadan.


Elçi dedi:--Şahım vergi istəyir,
Gücsüz gərək para verə güclüyə.
Belə olsa döyüş-vuruş nə gərək,
Gücsüz gərək para verə güclüyə.

Tuncər dedi: – Gücsüz kimdir, güclü kim,
Yox özümdən güclüsü ki baş əyim,
Gedin Asur şaha belə söyləyin,
Gücsüz gərək para verə güclüyə.

Günay dedi: – Çox güclüdür Mindiyar,
Min-minəcən yaraqlanmış əri var,
Tuncər, Ağqurd, Günay, Tanı, həm Bacar,
Gücsüz gərək para verə güclüyə.

Get şahına bunu çatdır, ayılsın,
Dediklərim qoy bu yurda yayılsın,
Qoy ölkədə düzgün ölçü qoyulsun,
Gücsüz gərək para verə güclüyə.


Bir atlı qız gəlib dedi Günaya,
– Dağ da dözməz iki yandan vurulsa.
Qonşu bizə basqın edib dənizdən,
Dağ da dözməz iki yandan vurulsa.

Birdən bizi daldan vursa Mindiyar,
Asureli diz çökdürər, dağıdar,
Ancaq bil ki, igidlikdə ölçü var,
Dağ da dözməz iki yandan vurulsa.

Günay dedi: – Qız, sən kimsən, nəçisən?
Mindiyarın Asureldə köçüsən,
İgidlikdə, incəlikdə ölçüsən,
Dağ da dözməz iki yandan vurulsa.

Qız söylədi: – Mən Minelli bir qızam,
İlameldə kimsəsizəm, yalqızam,
Burda Minel iyi verən yarpızam,
Dağ da dözməz iki yandan vurulsa.


Tuncər dedi: – Kimlərdəndir soy-kökün,
Hər budağın kökü, kökün təki var.
– Mənim böyük Turərdəndir soy-köküm,
Hər budağın kökü, kökün təki var.

– Sən biləni, Asurelə girək biz?
– Mən biləni etməzsiniz bunu siz,
– Niyə, bəyəm siz Minelli deyilsiz?
Hər budağın kökü, kökün təki var.

Minellilər dardakını vurmazlar,
Yaralını, yarılmışı yarmazlar,
Yıxılana qarşı qalxıb durmazlar,
Hər budağın kökü, kökün təki var.

Mindiyarı onlar sısqa biliblər,
Toplum çəkib üstünüzə gəliblər,
Ancaq nədən toplumları bölüblər,
Hər budağın kökü, kökün təki var.


– Ancaq Turqız, düz deyirsən bunu sən,
Vurmaz igid qancılı da arxadan.
Balasqellə vuruşarkən Asurel,
Vurmaz igid qancılı da arxadan.

Toplumları biz İlamda əylərik,
Tanı şahdan son göstəriş dilərik,
Hamı birgə, bir ağızdan söylərik,
Vurmaz igid qancılı da arxadan.

– Mən Turqızam, bir özüməm, bir atım,
At üstündə çapa-çapa ox atım,
Bir yürüşlə Asurelə od qatım,
Vurmaz igid qancılı da arxadan.

– Gəl topluma, dur bizimlə yanaşı,
Sənə, bacım, qılınc, qalxan yaraşır,
Gərək olsa başlayarıq savaşı,
Vurmaz igid qancılı da arxadan.


Tuncər dedi: – Gözləyərik, görərik,
Kim olsan da acıqanı güclü bil.
Yoxsa bizi aldadırlar, busurlar,
Kim olsan da acıqanı güclü bil.

Toplumları çayqırağa yaydılar,
Zirvələrdə güdükçülər qoydular,
Özlərini ayıq-sayıq saydılar,
Kim olsan da acıqanı güclü bil.

Turqız getdi soraqlasın olanı,
Getdi gördü gözlərilə yalanı,
Yaraqlılar yollar boyu qalanıb,
Kim olsan da acıqanı güclü bil.

Tuncər getdi meşə boyu, çay boyu,
Busqularda beş-beş, on-on ər qoyub,
Turqız ilə hər bir yana söz yayır:
Kim olsan da acıqanı güclü bil.


Mindiyarın toplumları qayıtdı,
Dardakını dara çəkmək yaramaz,
Qayıdırlar meşə boyu, çay boyu,
Dardakını dara çəkmək yaramaz.

Tuncər, Günay çox ölçdülər, biçdilər,
Meşə yolu, çay yolunu seçdilər,
Acıqanın arxasına keçdilər,
Dardakını dara çəkmək yaramaz.

Asur dedi: – Gedək qıraq onları,
Bunca alaq o alınmaz diyarı,
Qoy desinlər onlar elə bunları,
Dardakını dara çəkmək yaramaz.

Onlar çaya, yarğanlara endilər,
Pozuldular, tutuqlara döndülər,
Busqudakı yaraqlılar dedilər,
Dardakını dara çəkmək yaramaz.


Tuncər çatdı toplumuyla arxadan,
Gözlənilməz yerdən vurum ağırdır.
Susuzluqdan onlar suya girmişdi,
Gözlənilməz yerdən vurum ağırdır.

Minellilər yarğan boyu dik, uca,
Qancılları tutdu oxa, bizuca,
Qoymadılar Asur şahı tək qaça,
Gözlənilməz yerdən vurum ağırdır.

Asur şahı tutub tutuq aldılar,
Şəlitləyib səyəziyə saldılar,
Üç gün onlar meşələrdə qaldılar,
Gözlənilməz yerdən vurum ağırdır.

Dördüncü gün dönüb yola düşdülər,
Çaylar kimi çırpındılar, daşdılar,
Başçılara qoşma, mahnı qoşdular,
Gözlənilməz yöndən vurum ağırdır.


Tuncər dedi: – Turqız olsun yüzbaşı,
Hər kəs gərək dəyərlənə işiylə,
Günay baxdı, bir az küsdü, pisikdi,
Hər kəs gərək dəyərlənə işiylə.

Tuncər dedi:-ilk sorağı o verdi,
Asur şahın bicliyini o gördü.
Buna görə acıqanlar gəbərdi,
Hər kəs gərək dəyərlənə işiylə.

Çıxdı yola öyünərək Tanı şah,
Gördü sevən ürəkləri bir, qoşa,
Dedi: – Minel igidləri, min yaşa,
Hər kəs gərək dəyərlənə işiylə.

Dedi:--Bacar basar çıxıb Xançuda,
Öc alıbdır üç qardaşdan, qoçudan,
Düzər olub onu təkcə acıdan,
Hər kəs gərək dəyərlənə işiylə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets