Uruyer söylənci
Sevinc dolu söylənc idi Uruyer,
Dağ görəndə ürək dönüb dağ olur.
Dörd bir yanı uca kərpic hörmələr,
Dağ görəndə ürək dönüb dağ olur.
Böyük taxıl saxlanc evi görünür,
Tanrıların tək-tək evi nə hündür.
Uruyerə gələn-baxan öyünür,
Dağ görəndə ürək dönüb dağ olur.
Ninəsovun evi tunc-tunc hörmədən,
Keçmək olmur ara ora girmədən.
Nə görübsən bu yerləri görmədən,
Dağ görəndə ürək dönüb dağ olur.
Nənsov ona söyləyirdi bunları,
Söyləncləri ana duzlu danışar.
Düzər ona qulaq asır maraqla,
Söyləncləri ana duzlu danışar.
Dedi: – Oğlum, düzər, dinlə sən məni,
Danışıram sənə oğlum deyəni.
Mən deyəni el-obalar bəyənir,
Söyləncləri ana duzlu danışar.
Yazı yazım bu gün Turər qardaşa,
İzn istəyim, sən bizimlə qal, yaşa.
Bölgəmiclə qardaş olun baş-başa,
Söyləncləri ana duzlu danışar.
Çox danışıb deyən səni yormuşam,
Qalır elin danışığı, yazısı.
Dediklərim həm qalıncdır, həm öyüd,
Qalır elin danışığı, yazısı.
Sən bunları ürəyinə yaz, qoru,
Mən də palçıq görülərə qazdırım.
Keçmişləri gələcəyə yazdırım,
Qalır elin danışığı, yazısı.
Bölgəmicin anasıyam bil ki mən,
Bu Başevdə sən çəkinmə heç nədən.
Çox sevindim burda səni görəndən,
Qalır elin danışığı, yazısı.
Göydən bura gəldi Yengisoy,
Göydən düşən yarıtanrı adamdır.
Qıllı idi: boynu, başı, kürəyi,
Göydən düşən yarıtanrı adamdır.
Yonulmuşdu sanki daşdan, dəmirdən,
Qızarmışdı sanki qızmar təndirdə.
O, baxırdı bizə bir az hündürdən,
Göydən düşən yarıtanrı adamdır.
İlk baxışdan oğlum onu bəyəndi,
Yarıtanrı gəlişinə güvəndi.
Dedi ona, yarış qoyaq, gəl indi,
Göydən düşən yarıtanrı adamdır.
Öncə baxıb bir-birinə güldülər,
Güc gələnlər qardaş olsa yaxşıdır.
Ürəklərdən öc-acığı sildilər,
Güc gələnlər qardaş olsa yaxşıdır.
Güləşdilər, tutaşdılar, daşdılar,
Eşələnib, yumalanıb aşdılar.
Bu yarışa qılınc, topbuz qoşdular,
Güc gələnlər qardaş olsa yaxşıdır.
Yarış artdı, döndü döyüş yerinə,
Qan qarışdı hərdən alın tərinə.
Bağırdılar hərdən biri-birinə,
Güc gələnlər qardaş olsa yaxşıdır.
Qorxunc idi ilk baxışda Yengisoy,
İçi yuxa olur qorxunc görünən.
Bölgəmic də tutarlıydı, yenilməz,
İçi yuxa olur qorxunc görünən.
Eşələndi, qum üst-üstə qalandı,
Qucaq-qucaq oldu, yana tullandı.
Yorğun düşdü, qollar yerə sallandı,
İçi yuxa olur qorxunc görünən.
Urulular maraqlandı qoçaqla,
Çiyni tüklü, boynu tüklü qonaqla.
Gülüb onu göstərdilər barmaqla,
İçi yuxa olur qorxunc görünən.
Onlar on gün yarışdılar durmadan,
Yarış, gülən hamılıqda sevincdir.
Ellər baxıb atıldılar, düşdülər,
Yarış, güləş hamılıqda sevincdir.
Hey tükəndi, güc qurtardı qoçlarda,
Dözüm dizdən, durum yorğun qıçlarda.
Qan, tər, palçıq sallanmışdı saçlardan,
Yarış, güləş hamılıqda sevincdir.
Mən atıldım arasına onların,
Dedim: – Durun, üz-gözünüz sapsarı.
Bir dincəlin, ara verin siz, barı,
Yarış, güləş, hamılıqda sevincdir.
– İnnən belə - dedim - qardaş olunuz,
Bir qılınc qaldırsın iki qolunuz.
Qoy bir olsun hər bir yerdə yolunuz,
Qardaş olun başarlıqdır qardaşlıq.
Bax, o gündən bunlar qardaş oldular,
İsinişib bir-birinə qaldılar.
Döyüşlərdə bir yumruqlu qoldular,
Qardaş olun, başarlıqdır qardaşlıq.
Yüz il keçdi, qurtarmadı vuruşlar,
Yüz il döyüş, başar-başa yarışlar.
Qan-qadalar, çox ölümcül barışlar,
Qardaş olun, başarlıqdır qardaşlıq.
İndi budur, yaralıdır qardaşlar,
Bərk yaranı tez sağaldan Tanrıdır.
Oğlum, sən də bir yardım et bunlara,
Bərk yaranı tez sağaldan Tanrıdır.
Bölgəmicə qımıs içirt, sağalsın,
Ürəyində at durumu çoxalsın.
Ağrıları, sızıltısı yoxalsın,
Bərk yaranı tez sağaldan Tanrıdır.
Sildi, yudu yaraları Düzər də,
Qol-qıç, gövdə əzilmişdi yüz yerdən.
Dava-dərman daşıdılar şəhərdən,
Bərk yaranı tez sağaldan Tanrıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-uruyer-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Getdi Sayan Hindelyana,Təbətə,Tanrı özü verir sənə uğuru.
Alanər söylənciOx dalınca Alan getdi Batıya,Dörd bölgəyə bölünübdür yaranış.
Alanərlə minbaşının görüş söylənciEnib girdi dərinliyə Alan da,Dayaz-dərin, alçaq-hündür, bitişik.
Çatanər söylənciOx dalınca Çatan getdi durmadan,Ad dəyişir, ancaq el, yol dəyişmir.
Poems by other poets
Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,Və ya ənbər saçılmış yari-siminbər kənarında.
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Qələtdir qocaya novcəvan sevməkQələtdir qocaya novcəvan sevmək,Sevgi sevgisinə bərabər gərək.