Getdi Sayan Hindelyana,Təbətə,
Tanrı özü verir sənə uğuru.
Axşam üstü o bir kəndə yetişdi,
Tanrı özü verır sənə uğuru.

Ev yiyəsi yemək verdi qonağa,
Sonra onu çəkdi yüngül sınağa,
– Suyumuz yox, qızım gedib bulağa,
Tanrı özü verir sənə uğuru.

Qız gəlsəydi sənə qulluq edərdi,
Sən yatanda qoruyardı, güdərdi,
Sən haraya getsən sənlə gedərdi,
Tanrı özü verir sənə uğuru.

Qocalmışam,suya gedə bilmirəm,
Sürünürəm bunca,ancaq ölmürəm,
Gəl deyirəm, ölüm deyir gəlmirəm,
Tanrı özü verir sənə uğuru.

Sayan dedi: – Bulaq burdan uzaqdır,
Ata dedi: – Yolu tikan, alaqdır,
Ancaq qızım igid qızdır, qıvraqdır,
Tanrı özü verir sənə uğuru.

Sayan dedi: – Mən gedərəm yardıma,
Qız tuş gələr birdən meşə qurduna,
Həm də sərin su verərəm atıma,
Tanrı özü verir sənə uğuru.


Gəldi, gördü qız danışır bulaqla,
Suyun dili, qulağı var deyəsən.
Bulaq deyir, gir qoynuma, sərinlə,
Suyun dili, qulağı var deyəsən.

Qız deyir ki, su dərindir, bataram,
Mən boğulsam hardan, nədən tutaram,
Bulaq deyir harayına çataram,
Suyun dili, qulağı var deyəsən.

Bulaq deyir: – Qorxma,Tan-tan, gəl bəri,
Mən ilığam, həm də sərin, lap sərin,
Atan məni Buzbulağa döndərib,
Suyun dili, qulağı var deyəsən.

Sayan gülür, qıza neçə söz deyir,
– Ay qız, atan səni çoxdan gözləyir,
Diksinərək, çəkinərək qız deyir:
– Ah, sən kimsən?!
– Mən atanın qonağı.
– Qoy gözləsin, mən sevirəm bulağı,
– Çox gözəlsən dolu üzün, yanağın,
Suyun dili, qulağı var deyəsən.
– Yox-yox qızlar oğlan sevir, bulaq yox,
– Düz deyirəm, o oğlandır, bulaq yox,
Dili vardır onun, ancaq dodaq yox,
Suyun dili, qulağı var deyəsən.

Uşağıydıq, oynayırdıq durmadan,
Atam gördü, dedi, kimdi bu oğlan,
Dedim, məni çox-çox sevir bu oğlan,
Suyun dili, qulağı var deyəsən.

Çay qurudu, göl qurudu, quraqlıq,
Nə bir meşə, nə uçarsu, nə bağlıq,
Tək var idi bizdə dəli uşaqlıq,
Suyun dili, qulağı var deyəsən.

Çox axtardıq, nə su tapdıq, nə bulaq,
Tanrı bizə sevgi verdi busayaq,
Mən qız oldum, bu oğlansa Buzbulaq,
Suyun dili, qulağı var deyəsən.


Sayan dedi: – Düz deyirsən, gözəl qız,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.
Sayan dedi: – Ver götürüm tuluğu,
Sən götürsən sınar qolun, topuğun,
Mən qorxuram bu bulaqdan açığı,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.

Tuluq yaman ağır gəldi Sayana,
Sayan çəkdi onu o yan-buyana,
Lakqıldadı, o güc gəldi oğlana,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.

Bunu görüb qız əl atdı tuluğa,
Çəkdi, vurdu o tuluğu qoltuğa,
Girdi iti atdımlarla otluğa,
Tuluq döndü qoltuqaltı yasdığa,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.

Ata dedi: – Mənim qızım oğlandır,
Qoldan, qıçdan o güclüdür, sağlamdır,
O qız deyil, mənim oğul balamdır,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.

Sayan dedi: – O, bulağla danışır,
Bulaq ondan, o bulaqdan yapışır,
Qız əyilir hərdən onla öpüşür,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.

Ata dedi: – Onlar uşaq olublar,
Oynayıblar, birgə yaşa dolublar,
Nədəndirsə indi ayrı qalıblar,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.

Qız dedi ki, on il qabaq, ata sən,
Dedin, haray quraqlığın əlindən,
Su axtardıq, üç gün, dörd gün onla mən,
Su tapmadıq, boş qayıtdıq yenidən,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.

Oğlan dedi: – Gəl gedməyək lap uzaq,
Bu yaxında əlimizlə yer qazaq,
Qaza-qaza biz taparıq bir bulaq,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.

Bir neçə gün eşələndik, əlləşdik,
Acıqlandıq, hərdən də bir dilləşdik,
Ev-eşiyi unudaraq çölləşdik,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.

Oğlan üç yol düşük düşdü, sağaldı,
Su göründü, sular artdı, çoxaldı,
Oğlan mənə söz demədən yoxaldı,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.

Tanrılaşdı, bulaqlaşdı o, deyən,
Hərdən gedib danışıram onla mən,
Bulaq sevir, mən bulağı ürəkdən,
Tanrı gücdür, sudur, oddur, ocaqdır.


Sayan qıza baxa-baxa saraldı,
Sevən oğlan bir az solar, saralar.
Qoca dedi: – Niyə belə dəyişdin,
Sevən oğlan bir az solar, saralar.

Qız da dedi: – Qonaq, niyə dəyişdin,
– Dəyişdim ki, görüm bu iş nə işdi,
Niyə bulaq sənə beş söz demişdi,
Sevən oğlan bir az solar, saralar.

– Yox mən onu diyə bilməm, soruşma,
Yaxşı olar sən bu işə qarışma,
Küsər bulaq, çətin olar barışmaq,
Sevən oğlan bir az solar, saralar.

Çox istəsən get özündən soruş sən,
O söyləsə, sən beş sözü bilərsən,
And içmişəm, diyə bilməm bunu mən,
Sevən oğlan bir az solar, saralar.

Ata dedi, qız açmadı beş sözü,
Kövrələrək yaşla doldu göy gözü,
– Tanrı baxır, bağışlamaz o bizi,
Sevən oğlan bir az solar, saralar.

“Beş söz” yaman düşündürdü Sayanı,
Burda sevdi alaçığı obanı,
Sevdi, qızla gəzdi, onla hər yanı,
Sevən oğlan bir az solar, saralar.

Ata gördü Sayan ilə qızını,
Vurdu ora-bura qoca özünü,
Açammadı Buzbulağın sözünü,
Sevən oğlan bir az solar, saralar.

Hər gün Sayan baş əyərək bulağa,
Onun ilə verdi dodaq-dodağa,
Dedi, danış o beş sözü qonağa,
Sevən oğlan bir az solar, saralar.
Bulaq susdu, danışmadı, dinmədi,
Öz andından, öz sözündən dönmədi,
Öz tanrılıq zirvəsindən enmədi,
Sevən oğlan bir az solar, saralar.


Sayan qızı çox sevirdi ürəkdən,
Bizə sevgi bağışlayan ürəkdir.
Gəldi, ona sevgisindən söz açdı,
Bizə sevgi bağışlayan ürəkdir.

Sayan getdi bir ay sonra qayıtdı,
Yaz yetişdi, ilk sevgini ayıltdı,
Yenə gəlib o Tan-tana söz atdı,
Bizə sevgi bağışlayan ürəkdir.

Dedi: – Sənsən Mindiyarda tək varım,
Əkbitənə səni gəlin aparım,
Minel olsun sənin doğma diyarın,
Bizə sevgi bağışlayan ürəkdir.

Ata bunu eşidərək ağladı,
Ürəyində nə vardısa laxladı,
Bu söz onun ürəyini oxladı,
Sonra yenə o, Sayanı yoxladı,
Bizə sevgi bağışlayan ürəkdir.

O yoxladı sevgisini Sayanın,
Gördü, qızı bu sevgidən oyanıb,
O, iki yol arasında dayanıb,
Bizə sevgi bağışlayan ürəkdir.

Dedi: – Sayan burda qalsın ərsayaq,
Qızım getsə, bu el-ocaq qalacaq,
Onda burda nələr-nələr olacaq,
Bizə sevgi bağışlayan ürəkdir.

Qıza dedi: – Sevgi iki başlıdır,
Diyən Sayan səndən bir az yaşlıdır,
Sevgi yolu tikanlıdır, daşlıdır,
Bizə sevgi bağışlayan ürəkdir.
Get Sayana, saxla, qalsın burada,
Sən harada, o da olsun orada,
Kəbinizi kəssin böyük yaradan,
Bizə sevgi bağışlayan ürəkdir.

Tan-tan dedi: – Könlüm mənə sus deyir,
Atam isə mənə doğru söz deyir,
Sevinərik biz evlənsək, düz deyir,
Bizə sevgi bağışlayan ürəkdir.

Axşam oldu, bulağ üstə yollandı,
Buzbulağın dörd yanına dolandı,
Sevgi üstə yeni sevgi qalandı,
Baxışları aşağıya sallandı,
Bizə sevgi bağışlayan ürəkdir.

Bulağ dedi: – Niyə belə tutqunsan,
Mən görürəm çox əzginsən, yorğunsan,
Diyən Tan-tan, sən Sayana vurğunsan,
Bizə sevgi bağışlayan ürəkdir.

Səni sevən oğlan gəlib, nə yaxşı,
Mən də ollam sənin bulağ qardaşın,
Sən böyüdün, mənsə qaldım az yaşlı,
Bizə sevgi bağışlayan ürəkdir.

Sənə görə mən burda sağ qalmışam,
Sən böyüdün, mənsə uşaq qalmışam,
El-obaya sərin bulaq olmuşam,
Sevinirəm burada yurd salmışam,
Bizə sevgi bağışlayan ürəkdir.


Tan-tan sildi göz yaşını, ağladı,
İki sevgi yaşayanlar yazıqdır.
Dedi: – Səni çox sevirəm, Buzbulaq,
Iki sevgi yaşayanlar yazıqdır.

Sayan səni məndən də çox istəyir,
Belə oğul az tapılar, mində bir,
– Ürəyim yox, atam ona get deyir,
İki sevgi yaşayanlar yazıqdır.
Bulaq dedi: – Mən bulağam, tanrıyam,
Mən sevgidən, ev-eşikdən ayrıyam,
Mən səninçin ancaq belə duruyam,
İki sevgi yaşayanlar yazıqdır.

Mən səninçin bulaq oldum, çağladım,
Uşaq ikən sənə könül bağladım,
Tanrı bizim sevgimizi yoxladı,
İki sevgi yaşayanlar yazıqdır.

Qız bulağla sonda belə görüşdü,
Yalaşaraq, qucaqlaşdı, öpüşdü,
Sular coşdu, löhmə-löhmə qarışdı,
İki sevgi yaşayanlar yazıqdır.

Sayan getdi gecə yenə bulağa,
Çəkdi yenə o bulağı sınağa,
Döndü onun qabağında yumağa,
İki sevgi yaşayanlar yazıqdır.


Sayan üç yol Buzbulağa əyildi,
Gənci qorxmaz ər eləyən sevgidir.
Dedi, yenə mən gəlmişəm yanına,
Gənci qorxmaz ər eləyən sevgidir.

Dedi, bulağ, yalvarıram mən sənə,
Öz gücünü, öz sevgini ver mənə,
Məni də qoy yarıtanrı yerinə,
Gənci qorxmaz ər eləyən sevgidir.

Bulaq dedi: – Sən çox yaxşı bir ərsən,
Mən bilirəm sən Tan-tanı sevirsən,
Bu sevgini mənə açıb deyirsən,
Gənci qorxmaz ər eləyən sevgidir.

Sənə çoxdur mənim böyük inancım,
Məndə duru inancdandır hər damcı,
Məndə qalır tanrımızın saxlancı,
Gənci qorxmaz ər eləyən sevgidir.

Qalır saxlanc bu suların altında,
Gizlədiblər onu yerin qatında,
O saxlancdır, böyük tanrı adında,
Gənci qorxmaz ər eləyən sevgidir.

Ancaq qazıb sən çıxarma saxlancı,
Qoy bilməsin nə acıqan, nə qancıl,
Toxunmasın ona oğru, yabançı,
Gənci qorxmaz ər eləyən sevgidir.

O Tan-tanın olmalıdır, bağışdır,
O, tək qızın sevgisində naxışdır,
Saxlanc deyil, toydur, görüş, barışdır,
Gənci qorxmaz ər eləyən sevgidir.

Tanrı özü gəlib suya girəcək,
O saxlancı Tan-tanqıza verəcək,
Onun gözəl qız toyunu görəcək,
Gənci qorxmaz ər eləyən sevgidir.

Qoca ata Sayanəri güdürdü,
Deyiləni bir-bir, söz-söz udurdu,
O, özünü tanrıyla bir tuturdu,
Gənci qorxmaz ər eləyən sevgidir.

Ata gecə qazdı, sökdü bulağı,
Saxlancyerə toxunanda ayağı,
Öldü, düşdü əlindəki çomağı,
Gənci qorxmaz ər eləyən sevgidir.

Sevgililər onu itmiş bildilər,
Bir-birinin göz yaşını sildilər,
Durub yenə bulağ üstə gəldilər,
Gənci qorxmaz ər eləyən sevgidir.

Gördülər ki, bulaq suyu çəkilib,
Altındakı böyük saxlanc sökülüb,
Hər bir yana qızıl-gümüş tökülüb,
Gənci qorxmaz ər eləyən sevgidir.
Gördülər ki, qoca ölüb, yıxılıb,
Dar gövdəsi yumaq kimi yığılıb,
Şimşək vurub, döşü-başı dağılıb,
Gənci qorxmaz ər eləyən sevgidir.


Sevgililər ağladılar, susdular,
Saxlancların yiyəsi var, tanrıdır.
Buzbulaqda ağı yeri qurdular,
Saxlancların yiyəsi var, tanrıdır.

Bir səs gəldi, sevgililər, durmayın,
Ta qocaya ağı yeri qurmayın,
Ağı deyib özünüzü yormayın,
Saxlancların yiyəsi var, tanrıdır.

Mən tanrıyam, sizi yaxşı görürəm,
O saxlancı alıb sizə verirəm,
Buzbulaqdan al gül, çiçək dərirəm,
Saxlancların yiyəsi var, tanrıdır.

Ağac əkin Buzbulağın başında,
Su axacaq gecə, gündüz daşından,
O da tanrılaşıb körpə yaşından,
Saxlancların yiyəsi var, tanrıdır.

O saxlancla buğda, arpa, ot əkin,
Mindiyara uzun-uzun yol çəkin,
Başkənd salın, yaraşıqlı ev tikin,
Saxlancların yiyəsi var, tanrıdır.


On il keçdi, çoxlu bulaq çağladı,
Bulaq tanrı vergisidir, görgüsü.
Buzbulağın üstə ağac əkdilər,
Bulaq tanrı vergisidir, görgüsü.

On il keçdi, son qoyuldu ürküyə,
Sevgililər çevrildilər sevgiyə,
Çevrildilər bulaq kimi güzgüyə,
Bulaq tanrı vergisidir, görgüsü.

Bura yeni ölkə oldu, el oldu,
Hər bir yanı tarla oldu, gül oldu,
Sevgi dönüb bir çağlayan dil oldu,
Bulaq tanrı vergisidir, görgüsü.

Tan-tan üç yol ana oldu, doğaraq,
İlk uşağa ad qoydular Buzbulaq,
Tanrı sevinc duydu hər gün baxaraq,
Bulaq tanrı vergisidir, görgüsü.


Harda suda bir yonulu daş gördün,
Buzbulaqdır,o uşağın yontası,
Durna görsən öz-özünə tək uçur,
Buzbulaqdır, onun sevgi durnası.

Harda suda üzən ağ quş görəndə
Bil,Tan-tandır, Sayanərin sonasi,
Harda bir tək ağac gördün yellənir
Odur körpə Buzbulağın anası.

Harda gördün döyüş-vuruş basarı,
O Tunqərdir, Sayanərin atası,
Harda gördün bolluq, dəniz, bağ, meşə
Nan-Sayandır, Mindiyarın ortası.
Bir qız görsən el toyunda oynayır
Buzbulaqdır, sayanərin artası.


Biri yaydır biri qışdır, yovuşur,
Bərki, boşu birləşdirən sevgidir.
Çox özünü atıb-tutma, əyil bir,
Yeri, göyü birləşdirən sevgidir.

Ağzı, burnu, qıçı, qolu üzülür,
Gözü çay tək,özü su tək süzülür,
Yaranışın, dolanışın özülü,
Bərki, boşu birləşdirən sevgidir.

Gizli sevir haradasa tanrı da,
Ceyran, maral, ayı, qurd-quş, arı da,
Gizli sevir susqun qoca, qarı da,
Suyu, odu birləşdirən sevgidir.

Qorxaq, varlı sevgisini gizlədir,
Utancaqlar öz-özünü pisləyir,
Yuxuda da sevgisini səsləyir,
Yeri, göyü birləşdirən sevgidir.

Sevibsənsə çox gizlətmə,açıqla
Sevgisoylar öz-özünə arıqlar,
Sevgisindən ey utanan yazıqlar,
Suyu, odu birləşdirən sevgidir.
Göz yaşından çələng hörən sevgidir.

Güllənirsən üzdən, sevgi gələndə,
Sevinirsən ağlayanda, güləndə,
Tanrısoysan yaşayanda, öləndə,
Varı, yoxu birləşdirən sevgidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love