Ağüz, Ağat vermişdilər baş-başa,
Çap, ayağın yerdən qopsun, dədəm at.
Baş qoymuşdu Ağüz atın yalına,
Çap, ayağın yerdən qopsun, dədəm at.

Parsel təkdir, Manayqız da tək qalıb,
Ağrı onun ürəyinə iz salıb,
Gözlərinə yaş yerinə buz dolub,
Çap, ayağın yerdən qopsun, dədəm at.

Gendir burun pərələri Ağatın,
İpək yalın dalğasında ağ yatım,
Yol dolanbac, dağ qorxulu, çən qatı,
Çap, ayağın yerdən qopsun, dədəm at.

Əl çatmazdır Mindiyarın ölkəsi,
Dolambacdır yollarının döngəsi,
Enir, qalxır atlıların kölgəsi,
Çap, ayağın yerdən qopsun, dədəm at.
Manayqızın ala gözü qızarıb,
Yanaqları tək qalmaqdan sozarıb,
Göz yaşıdır təkcə onun bol varı,
Çap, ayağın yerdən qopsun, dədəm at.


Düz duymuşdu Manayqızı Ağüzər,
Olmuşların ilk duyumu duyğudur.
Son illərdə o, pis günə qalmışdı,
Olmuşların ilk duyumu duyğudur.

Parsel vergi verməyirdi, beş ildi,
Bunu Manay gec anladı, gec bildi,
Cümər öldü, Parsa öldü, Xruş yox,
Olmuşların ilk duyumu duyğudur.

Qocalmışdı öz içində dul yerinc,
Yerinclikdə nə dinclik var, nə sevinc,
Ən yaxını bir qalxandı, bir qılınc,
Olmuşların ilk duyumu duyğudur.

Çuqçu başı qarşıladı Ağüzü,
Parsellidən açıq dedi hər sözü,
Danışdıqca ağlamsındı o özü,
Olmuşların ilk duyumu duyğudur.


Ağüz dedi: – Çuqçuları götür get,
Axtarmaqla tapmaq olar itəni.
Gəz hindeli, Misireli büs-bütün,
Axtarmaqla tapmaq olar itəni.

Mənim oğlum Tunqər burda qalacaq,
Hələlik o burda yerinc olacaq,
Darvideli, Körfəzeli alacaq,
Axtarmaqla tapmaq olar itəni.

Min yaraqlı göndərərəm buraya,
Qız toplumu gəlsin dursun sıraya,
Onlar el-el, yurd-yurd girsin araya,
Axtarmaqla tapmaq olar itəni.
Bu itgiyə bir aydınlıq gətirin,
Olanları yazın, mənə yetirin,
Qancılların işlərini bitirin,
Axtarmaqla tapmaq olar itəni.

Başev yenə Əkbitəndir, əzəldən,
Bu işlərə mən baxıram, təkcə mən,
Burda Yerinc Tunqər olur, bir də sən,
Axtarmaqla tapmaq olar itəni.

Tunqər dedi: – Mən gedərəm Hindelə,
Ağüz dedi: – Burada qal sən hələ,
Darvideli yola gətir, tut dilə,
Axtarmaqla tapmaq olar itəni.


Çuqçubaşı Tunqər ilə bir oldu,
Ağır gündə birlik çatar haraya.
Ağır işdən yapışmağa güc gərək,
Ağır gündə birlik çatar haraya.

Çuqçubaşı dedi: – Burda ayıq ol,
Parslar yaraq oğurlayır, sayıq ol,
Həm bu yurda, həm özünə qoruq ol,
Ağır gündə birlik çatar haraya.

Tunqər dedi: – Özgə paltar geyərəm,
Soruşsalar, Hindeldənəm deyərəm,
Hindellini, Parsellini öyərəm,
Ağır gündə birlik çatar haraya.

İlk günlərdə belə etsən yaxşıdır,
Ev-ev gəzib, yol-yol getsən yaxşıdır,
Didik, qara çalma örtsən yaxşıdır,
Ağır gündə birlik çatar haraya.

Parsellilər soyuqdurlar, acıqlı,
Minellidən, Hindellidən yanıqlı,
Darvidelli qapalıdır, qılıqlı,
Ağır gündə birlik çatar haraya.

Tunq bağladı qara şalla belini,
Yamsıladı hərdən pars-hind dilini,
Hər qapıya bir-bir çəkdi əlini,
Ağır gündə birlik çatar haraya.

Beş gün gəzdi, düşdü Körfəz düzünə,
Düşənmədi Manayqızın izinə,
Altıncı gün bir ev dəydi gözünə,
Ağır gündə birlik çatar haraya.

Evin damı, qap-bacası tökülüb,
Əyri-üyrü çay daşından tikilib,
Qapı-baca, dam-daş uçub sökülüb,
Ağır gündə birlik çatar haraya.

Qulağına bir səs gəldi uzaqdan,
Yaxınlaşdı, qulaq asdı qıraqdan,
Bir dilənçi oturmuşdu bucaqda,
Ağır gündə birlik çatar haraya.

Tunqər gedib addımladı irəli,
Yaxaladı beş ər onu, on əlli,
Hamısı da Darvidilli, Parsdilli,
Ağır gündə birlik çatar haraya.

Birdən çomaq dəydi onun boynuna,
Düşdü Tunqun key əlləri yanına,
O atıldı toküntülər qoynuna,
Ağır gündə birlik çatar haraya.

O yaxından bir inilti eşidir,
Bu, kim ola, bu qadındır, kişidir,
Deyən, bu da beş kişinin işidir,
Ağır gündə birlik çatar haraya.


– Səs yiyəsi, kimsən, bura, haradır,
Qaranlıqda çoxu səsdən tanınır.
– Mən Yerincəm, əlim, qıçım bağlıdır,
Qaranlıqda çoxu səsdən tanınır.
Bunlar məni daraçəkib döyürlər,
Hər gün gəlib alçaldırlar, söyürlər,
Parsellini, hindellini öyürlər,
Qaranlıqda çoxu səsdən tanınır.

– Mən yoxsulam, kimsəsizəm, yazığam,
Varda, gücdə, doğmalıqda qırığam,
Elə bil ki, bu yerlərdə artığam,
Qaranlıqda çoxu səsdən tanınır.

Dolaşıram boş-boşuna elləri,
Mən özümə yurd etmişəm çölləri,
Ac-yalavac, gecələrim, günlərim,
Qaranlıqda çoxu səsdən tanınır.

Mən bilirəm sən yerincsən, Manayqız,
Mənsə yoxsul bir kimsəsiz, bir yalqız,
Eşitmişəm sən qancılsan, amansız,
Qaranlıqda çoxu səsdən tanınır.

– Yox tərsinə, mən düz yoldan qalmadım,
Bu ellərdən beş il vergi almadım,
Elə qarşı məndə acıq olmadı,
Qaranlıqda çoxu səsdən tanınır.

Sən çox gəncsən, məni sonra qanarsan,
Başa düşüb sonra məni anarsan,
Tanıyarsan kimliyimi, yanarsan,
Qaranlıqda çoxu səsdən tanınır.

– Mən aclıqdan-Əkbitəndən gəlirəm,
Tanıyıram səni, sənə gülürəm,
Sən Turq şahın bacısısan, bilirəm,
Qaranlıqda çoxu səsdən tanınır.

Mən gəlmişəm, bu el mənə yaxındır,
Könlüm bura, buralara vurğundur,
Parsam, Parsel acdır, coşqundur,
Qaranlıqda çoxu səsdən tanınır.

– Yox bunları tanımırsan hələ sən,
Unudulur, pislik olur yaxşılıq.
Qırx ildir ki, saxlayıram parseli,
Unudulur, pislik olur yaxşılıq.

Gəlib gizli məni lapdan tutublar,
Sürddəyib məni bura atıblar,
Yerinc deyib daş-kəssəyə qatıblar,
Unudulur, pislik olur yaxşılıq.

Verməyiblər vergi, yoldan azıblar,
“Turqa vergi verilmişdir” yazıblar,
Bunu alıb ordakılar susublar,
Unudulur, pislik olur yaxşılıq.

– Düz iş görüb Parsel səni susdurub.
– Susdurmayıb, o mənə qan qusdurub.
– Yaxşı səni bu dusdaqda basdırıb.
Unudulur, pislik olur yaxşılıq.

Bir səs gəldi: – Ay kimsəsiz gəl bəri,
Biz eşitdik danışdığın sözləri,
Tapşırırıq sənə bu gün bu yeri,
Unudulur, pislik olur yaxşılıq.

Parsellitək Tunq göstərdi özünü,
Tərsə dedi bilə-bilə sözünü,
Yalan ilə örtdü sözün düzünü,
Unudulur, pislik olur yaxşılıq.


Bunu bilib dusdaqbaşı söylədi:
Hər bir işdə ölçü-biçi gərəkdir.
Eşitdim ki, təpinibsən yerincə,
Hər bir işdə ölçü-biçi gərəkdir.

Sən bizdənsən, biz də səndən, yaxşıdır,
Minel, parsel bir-birinə qarşıdır,
Indi burda yerinc çuqçubaşıdır,
Hər bir işdə ölçü-biçi gərəkdir.
Biz üç aydır ev-eşikdən ayrıyıq,
Üç aydır ki, günü, ayı sayırıq,
El içində yalan sözlər yayırıq,
Hər bir işdə ölçü-biçi gərəkdir.

Sən qal burda, gecə ona qorunc ol,
Kimsə gəlsə aldat, ona görünc ol,
Bir gecəlik gedək evə qayıdaq,
Bir gecəlik sən də burda qal qonaq,
Yemək-işmək dolu burda cağ-bacaq,
Hər bir işdə ölçü-biçi gərəkdir.

Tunqər baxdı, inanmadı, gülərək,
Dedi: – Yerinc deyən bu gün öləcək,
Gecə ikən basdırılsın o gərək,
Hər bir işdə ölçü-biçi gərəkdir.

Basdırarıq, təki ölsün, qalmasın,
Yanında qal, haray-həşir salmasın,
Sözə tut ki, səsi-küyü olmasın,
Hər bir işdə ölçü-biçi gərəkdir.

Belə dedi dusdaqbaşı Tunqərə,
Dedi, birdən səs-küy salar ellərə,
Bu səs düşər Mindiyarda dillərə,
Hər bir işdə ölçü-biçi gərəkdir.


Tunq gözlədi, Manayqıza yan aldı,
Hərdən gücü doğru olur yalanın.
Yalan dedi o, yaralı yerincə,
Hərdən gücü doğru olur yalanın.

Axşam düşdü, günəş batdı, saraldı,
Gecə gəldi, yer-göy qat-qat qaraldı,
Gör-görünclər, görünmələr daraldı,
Hərdən gücü doğru olur yalanın.

Tunqər getdi, girdi onun qoluna,
Aldı ölgün gövdəsini dalına,
O tələsik çıxdı Parsel yoluna,
Hərdən gücü doğru olur yalanın.
Çuqçubaşı Tunqu görüb sevindi,
Dedi: – Onun yer-yurdunu nə bildin,
Bununla da ən böyük iş görüldü,
Hərdən gücü doğru olur yalanın.

Manayqızın üzü, başı yaralı,
Düşüncəsi, göz bəbəyi daralıb,
Ölü kimi üzü-gözü saralıb,
Hərdən gücü doğru olur yalanın.

O danışmaq istəyirdi olanı,
Olanlardan doğru-doğru yalanı,
Tunq deyirdi hərdən yerdə qalanın,
Hərdən gücü doğru olur yalanın.

Bir də Manay elə bil ki ölürdü,
Tunqa baxıb hərdən azca gülürdü,
Yalan san ki qulağını dəlirdi,
Hərdən gücü doğru olur yalanın.

Tunqər dedi: – Çuqçu başı, becid ol,
Apar onu Əkbitənə, igid ol,
Yolda ona arxa dayan, öyüd ol,
Hərdən gücü doğru olur yalanın.

Toplumunla gecə ikən çıx yola,
Bu, Başevdə sevinc olar, toy olar,
Qızı görcək çox gözlərə yaş dolar,
Hərdən gücü doğru olur yalanın.

Elə bu an elə girdi min atlı,
Onlar çapıb gəlmişdilər qanadlı,
Ağız odlu, baxış odlu, göz odlu,
Hərdən gücü doğru olur yalanın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets