Muğanel söylənci
Muğanelin yerincliyi Aranda,
Hər bir yerin başbiləni yerincdir.
Muğanelin ilk yerinci Dəmirqız,
Hər bir yerin başbiləni yerincdir.
Qarşıladı Ağüzəri sevinclə,
Ağüzər də qucaqlaşdı yerinclə,
Ellər gəldi, gülər üzlə,ölç-biçlə,
Hər bir yerin başbiləni yerincdir.
Geyinmişdi qız al-ipək, alxara,
Gözəl saçlar, bir də qaşlar qap-qara,
Iki daraq sancılmışdı saçlara,
Hər bir yerin başbiləni yerincdir.
Qarayanız, dadlı-duzlu Dəmirqız,
Çəkir gözü yanaq, dodaq, dil ağız,
Dilə gəlir dinqır, dohol, saz qopuz,
Hər bir yerin başbiləni yerincdir.
Bacı baxır, qardaşını tanımır,
Üzü-gözü, əl-ayağı his, çamır,
Batıb gedib Eldəbirin hay-hayı,
Hər bir yerin başbiləni yerincdir.
Ağüz deyir: – Qardaşındır, Eldəbir,
– Nə söylədin, nə buyurdun, bu kimdir?!
– Söylədim ki, qardaşındır, Eldəbir,
Hər bir yerin başbiləni yerincdir.
Lap yaxına getdi, baxdı Dəmirqız,
Yanlış sevgi baş-gözü də dəyişər.
Bir də baxdı, tanımadı qonağı,
Yanlış sevgi baş-gözü də dəyişər.
Tanıyanda bacı sanki bayıldı,
Bu səs, hay-küy dörd bir yana yayıldı,
Bir an keçdi, yerinc bacı ayıldı,
Yanlış sevgi baş-gözü də dəyişər.
– Ah, Eldəbir, sənsən, qardaş,mən bacın,
– Ah, bacı! Mən bir qancılam, yabançı!
Mənəm qansız! Aldadılmış yalançı!
Yanlış sevgi baş-gözü də dəyişər.
Bacı, qardaş qucaqlaşdı, ağladı,
Göz yaşları ürəkləri dağladı,
Oxa döndü, hər baxanı oxladı,
Yanlış sevgi baş-gözü də dəyişər.
Ağüzərin yaddan çıxdı sevgisi,
Artdı onda Dəmirqızın çəkisi,
Parıldadl göz yaşının güzgüsü,
Yanlış sevgi baş-gözü də dəyişər.
Dedi: – Qardaş, olan olub keçibdir,
Ana çoxdan dolanışdan köçübdür,
Indi hərə öz yolunu seçibdir,
Yanlış sevgi baş-gözü də dəyişər.
Get Başevə, üst-başını dəyişdir,
Burda hamı yaxın tanış-bilişdir,
Mən bilmədim bu sınaqdır, nə işdir,
Yanlış sevgi baş-gözü də dəyişər.
Ağüz dedi “Mindiyarım, Minelim,
El oğula, oğul elə dayaqdır.
Mən gəlmişdim öz sevgimin dalınca
El oğula, oğul elə dayaqdır.
Qız ayrıdır, mən də ondan ayrıyam,
Gərək hələ sevgimə çox yarayam,
Qılıncımla bu ölkəni qoruyam,
El oğula, oğul elə dayaqdır.
Mən tələsdim, sən tələsmə ürəyim,
Sən dilə tut, ovut, yaşat istəyi,
Sən də bir az döz, yuxalma, diləyim,
El oğula, oğul elə dayaqdır.
Dəmirqızın burda yerinc adı var,
Onu burda tanrı bilir adamlar,
Muğaneldən çox iş umur Mindiyar,
El oğula, oğul elə dayaqdır.
Bu sevgini öncə gərək Turq bilə,
Turq adıyla mənim sevgim yüksələ,
Gərək bunca çox gözləyim mən hələ,
El oğula, oğul elə dayaqdır.
Yazıq sevgi, odsan, yaman bəlasan,
Düz yol getsən soysan, toysan, qolaysan,
Yox kal olsan, toy yox, qanlı olaysan,
El oğula, oğul elə dayaqdır.
Toy-düyündə, çalhaçalda Muğanel,
Bir günlükdür hər sevinci elatın.
Çıxdı gözəl bir geyimdə Eldəbir,
Bir günlükdür hər sevinci elatın.
Ancaq bir az baş-aşağı, utancaq,
Gözlərində qorxaq, əzgin qanacaq,
O, yüz il də “ana” deyib yanacaq,
Bir günlükdür hər sevinci elatın.
Soyuq baxır ona ellər, obalar,
Soraq gəlir bu an, “Yolda atlı var”,
Yaxınlaşır Ağüzərə bir çapar,
Bir günlükdür hər sevinci elatın.
Yazı verir minbaşıya yaraqlı,
Turq göndərib çox tələsik, qaytaqlı,
Ölkə ilə, Parsa ilə o bağlı,
Bir günlükdür hər sevinci elatın.
“Qız toplumu yürüş edib Parselə,
Darvidellə Parsel verib əl-ələ,
Çatan kimi yerincliyi al ələ
Bir günlükdür hər sevinci elatın.
Uğureldə Tuncər ağır gündədir,
Ordan ora yollanarsan, gör, nədir?
Pis yoldadır Muğelin də öndəri,
Bir günlükdür hər sevinci elatın.
Dəmirqızı ordan göndər Duzdağa,
Vergi üstə çoxu qalxıb ayağa,
Dönməsələr qoy əl atsın yarağa,
Bir günlükdür hər sevinci elatın.
Qalxdı Ağüz dedi: – Tələs Dəmirqız,
Tələs geri qalma, işə gecikmə.
Turq buyurur, sən gedəsən Duzdağa,
Tələs geri qalma, işə gecikmə.
Mən Parselə, Uğurelə, Muğelə...
Yazılıda çox göstəriş var hələ,
Sevinc bitdi, sevgi bitdi, bax, belə,
Tələs geri qalma, işə gecikmə.
Eldəbiri aparıram özümlə,
Döyüşkəndir, çıxmaz mənim sözümdən,
Sənin kimi olar işdə, dözümdə,
Tələs geri qalma, işə gecikmə.
Bir də sənə deyiləsi sözüm var,
Qalsın hələ sonralara qalanlar,
Sən özündən muğayat ol gülyanaq,
Tələs geri qalma, işə gecikmə.
Vergi üstə savaş gedir Duzdağda,
Sözlə anlat, tez yapışma yaraqdan,
Uğur yarat, mən sevinim uzaqdan,
Tələs geri qalma, işə gecikmə.
Çaptı getdi uzaq yola üç atlı,
Atlar sanki quş oldular, qanadlı,
Üç minelli, mindiyarlı, elatlı,
Tələs geri qalma, işə gecikmə.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-muganel-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
İlişmişdi ortalıqda Darvidel,Ortadakı iki yandan döyülür.
Sanna-Qaratel söylənciQaratelin səsi incə, çəkimli,– Hamı gərək borclu bilsin özünü,
Sannanın qaçırılması söylənciDolanışı başa düşmək olmayır,Çox qışqırıb, səsi batıb torpağın.
Döyüş söylənciBalasqelin yolu dolu atlıdır,Hər üzləşmə on min ölüm deməkdir.