Dolanışı başa düşmək olmayır,
Çox qışqırıb, səsi batıb torpağın.
Göy gurlayır, şimşək çaxır arabir,
Çox qışqırıb, səsi batıb torpağın.

Yerin səsi gedib göyə çatmayır,
Bulud daha yerə qaş-göz atmayır,
Ay yatsa da hərdən, günəş yatmayır,
Çox qışqırıb, səsi batıb torpağın.

On min ildir Tur,Bax köçüb gediblər,
Torpaq olub dolanışda, itiblər,
Çiçək olub yerdə, suda bitiblər,
Çox qışqırıb, səsi batıb torpağın.

Gücər hanı, Bacar hanı, Qayaquş,
Fırlan-fırlan yeniləşir quruluş,
Dayanışla, yaranışla, dolanış.
Çox qışqırıb, səsi batıb torpağın.

Dəyişməyən bir sevgidir, bir tanrı,
Dəyişməyən iri göllər axarı,
Dəyişməyən böyük turqlar diyarı,
Dolan-dolan kim nə sayaq bacarır.
Çox qışqırıb, səsi batıb torpağın.
Tanrı bilir Sərtüz bir yox, ikidir,
Onun yolu tanrılara sevgidir,
Yazıları yaranışa vergidir,
Hamı onla pis işlərin tərgidib,
O, tanrılar elçisinin ilkidir,
Öyüdləri, inanışı bərkidib,
Çox qışqırıb, səsi batıb torpağın.


Tunq düşünür, sanki görür bunları,
Bir-birindən güclü gəlir gələnlər.
Balaşq kimdir, Kumar kimdir, Sanna kim,
Bir-birindən güclü gəlir gələnlər.

O söyləyir, gedin deyin yerincə,
Sanna qorxur göstərişi biləndə,
Yaralıdır, ağrı çəkir, gəlincə...
Çıxır evdən, düşür yeni gilincə,
Bir-birindən güclü gəlir gələnlər.
Ad-san qoyur, yol-yurd qoyur gedənlər.

Kimsə daldan torba salır başına,
Çəkir onu atın yəhər qaşına,
Atlı çapır, dönür Humay quşuna,
Bir-birindən güclü gəlir gələnlər,
Ad-san qoyur, yer-yurd qoyur gedənlər.

Nə səs-səmir, nə qışqırıq, nə görən,
Kimdir belə qız qaçıran bu ərən,
Kimdir belə at səyirdən, at sürən,
Bir-birindən güclü gəlir gələnlər,
Ad-san qoyur, yer-yurd qoyur gedənlər.

Sanna dedi: – Burax məni, yaramaz!
Gətirdiyin bu, xurcundur, ya palaz?
Səni yaxşı tanıyıram, dap-dayaz,
Bir-birindən güclü gəlir gələnlər,
Ad-san qoyur, yol-yurd qoyur gedənlər.

Sən Daryaşsan, o gün qaçdın döyüşdən,
Yalançısan, qaçarısan hər işdə,
Üz döndərdin Tunqər qoyan gedişdən,
Bir-birindən güclü gəlir gələnlər,
Ad-san qoyur, yol-yurd qoyur gedənlər.

– Düz tapıbsan, mən Daryaşam, gözəlim,
Deyən sənlə işlərimiz düzəlir,
Ancaq gərək çətinliyə dözəlim,
Bir-birindən güclü gəlir gələnlər.
Ad-san qoyur, yol-yurd qoyur gedənlər.

Bizi Balasq atlıları gözləyir,
Arxadan da yaraqlılar izləyir,
Balasqel də Mindiyarı pisləyir,
Bir-birindn güclü gəlir gələnlər,
Ad-san qoyur, yol-yurd qoyur gedənlər.

– Yenə niyə sən çıxıbsan özündən,
Burax məni, itil mənim gözümdən,
Qışqıraram, tanıyarlar səsimdən,
Bir-birindən güclü gəlir gələnlər,
Ad-san qoyur, yol-yurd qoyur gedənlər.

– Balasqelin atlıları qabaqda,
Parsel uzaq, uzaq səsdən, soraqdan,
Əl ataraq Sanna tutur yaraqdan,
Bir-birindən güclü gəlir gələnlər,
Ad-san qoyur, yol-yurd qoyur gedənlər.


Tunqər deyir: – Sanna niyə gəlmədi?
Hamı hər gün nəyi isə gözləyir.
Görünür ki bir iş gəlib başına,
Hamı hər gün nəyi isə gözləyir.

Gecə düşür, Balaşq gedir qayıtmır,
Öyüd-möyüd, bunlar Turqu ovutmur,
Açıqlıdır, söz-möz onu soyutmur,
Hamı hər gün nəyi isə gözləyir.
Günçıxmadan Tunqər çıxır ovlağa,
O uzanır ala-yaşıl otlağa,
Göz gəzdirir dörd-bir yana, qoruğa,
Söz ataraq yoldan keçən qonağa,
– Hardan belə -deyir- bizim torpağa,
Hamı hər gün nəyi isə gözləyir.

– Gəlirəm ki, qucum doğma yerimi,
Ancaq yolda aparırlar birini,
Sürütdəyə-sürütdəyə ərini,
Ağlar qoyur qızı belə görəni,
Balasqsayaq dindirirlər hərəni,
Hamı hər gün kimi isə gözləyir.

Tunqər deyir: – Bu Balaşqdır,Sannadır,
Köçün üzü deyən Balasq yanadır,
Söylə, qardaş, bu yol üzü haradır,
Hamı hər gün nəyi isə gözləyir.

– Balasqeldir, bax, görünür uzaqdan,
Tunqər qalxır, tutur iti yaraqdan,
Çil-çil atla birdən qopur torpaqdan,
Azqınları yaxalayır cınahdan,
Hamı hər gün nəyi isə gözləyir.

Deyir: – Durun, tutuqları buraxın,
Qoyun yerə əlizdəki yarağı,
“Yox” deyənin kəsiləcək qırtlağı,
Hamı hər gün nəyi isə gözləyir.

Balasqelli yaraqlılar yeddi yüz,
Tunqərinsə ovçuları yüz əlli,
Sıralanıb dayanırlar üz-bəüz,
Hamı hər gün nəyi isə gözləyir.

Balaşq, Sanna yara içrə tanınmaz,
Kimlikləri, ad-sanları anılmaz,
Azqınlarsa quldurlardır, danılmaz,
Bunca yaxın tanış-tunuş yanılmaz,
Hamı hər gün nəyi isə gözləyir.


Tunqər deyir: – Buraxınız yerınci,
Başçılara yaraşmayır oğurluq,
Kimdir burda oğrubaşı, söyləyin,
Başçılara yaraşmayır oğurluq.

Tunqər deyir: – Ahay, yeygin, qarıncıl,
Burax tutuq apardığın yerinci,
Ya da dad bu qoşaağız qılıncı,
Başçılara yaraşmayır oğurluq.

Tunqər deyir: – Kəs, qır batman qılıncım,
Bu toplumdan qalsın ancaq sonuncu,
Yaralılar yerdə yalın, yarımçıq,
Başçılara yaraşmayır oğurluq,

Qoşaağız qılınc kəsir, doğrayır,
Eldəbirlə Kumar ara saxlayıb,
Oxu, yayı, bizucları yoxlayır,
Yüzbaşının yekə başı laxlayır,
Bir qılıncla yerə düşür, ağnayır,
Daryaş yenə basıqlığa uğrayır,
Başçılara yaraşmayır oğurluq.

Sanna dedi: – Mənim işim qarışdı,
Mən gəlirdim, yolda yolum dolaşdı,
Burda duran örtüküzlü Daryaşdı,
Daryaş gəlib daldan məndən yapışdı,
O, başıma palaz-xurcun atmışdı,
Tunqər, gəlib yaxşı bizə yanaşdın.
Tunqər, Daryaş durdu qarşı-qarşıya,
– Mən qancılam -dedi- Minminbaşıya,
Odur yardım gəlir Parsel qonşuya,
Başçılara yaraşmayır oğurluq.

Bunu deyib o,Turqərdən yapışdı,
Qılınc, bizuc, topbuz ilə çarpışdı,
Sonra onla yaxalaşdı, dartışdı,

Soyunaraq, güləşərək qarpışdı,
Qan, tər, palçıq bir-birinə qarışdı,
Nəsə gücü onun qat-qat artmışdı.
Yeni toplum gəlib artıq çatmışdı,
Başçılara yaraşmayır oğurluq.

Tunqər, Sanna, Kumar, Balaşq, Eldəbir,
Görək kimlər görək kimə güc gəlir,
Ancaq Balasq atlıları çox ölür,
Başçılara yaraşmayır oğurluq.


Üç gün döyüş gedir, aclıq, susuzluq,
Döyüşdə say üstün gəlir, ya qılınc.
Balaşq düşür, son anını yaşayır,
Döyüşdə say üstün gəlir, ya qılınc.

Tunqun gücü, öcü, hayı azalır,
Qızıl qanı üz-gözündə qızarır,
Saralaraq üzü-bənzi sozarır.
Döyüşdə say üstün gəlir, ya qılınc.

Nərildəyir qaplan kimi yaralı,
“Ölüm” diyə o düşünür qapalı,
“Su” söyləyir, hərdən gözü qaralır,
Döyüşdə say üstün gəlir, ya qılınc.

Daryaş görür onda kirpikəsdini,
Baxışında acı küsdü-küsdünü,
Quzqun kimi alır başı üstünü,
Döyüşdə say üstün gəlir, ya qılınc.

– Mən Daryaşam,-Deyir bərkdən Tunqərə,
Sonda, ərən, gəlib çıxdın bu yerə,
Mindiyarı gəlin bölək üç yerə,
Balasqelə, Parsdiyara, Hindelə,
Döyüşdə say üstün gəlir, ya qılınc.

Silkələnib Tunqər qalxır ayaqa,
O, əl atır yenə qanlı yaraqa,
Birdən bir səs gəlir çatır qulağa,
Səs yayılır dalğa-dalğa uzağa,
Döyüşdə say üstün gəlir, ya qılınc.

Qız toplumu haray-haray yetişir,
Dəyişdirir bu gəlişlə gedişi,
Vurur, yıxır, kəsir qanlı döyüşü,
Daryaş görür üstünlüklər dəyişib,
Əl saxlayır, dayandırır döyüşü,
Döyüşdə say üstün gəlir, ya qılınc.

Qızlar tək-tək, dolu kimi yağırlar,
Qancıllara şimşək olub çaxırlar,
On-on, yüz-yüz ön sıraya çıxırlar,
Acıqandan yaraqları yığırlar,
Döyüşdə say üstün gəlir, ya qılınc.

Əkbitəndən toplum gəlir, düzülü,
Balasqelin könlü bağrı, üzülür,
Bu gəlişdə böyük vuruş sezilir,
Daryaşınsa laxlam-laxlam özülü,
Üz-gözündə qanlı qorxu sezilir,
Acığından ağzı-burnu büzülür,
Döyüşdə say üstün gəlir, qılınc yox.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets