Görüş söylənci
Uğureldə yerinc idi Elçiçək,
Qıtlıq olmur qadın yerinc olanda.
On beş ildə dəyişmişdi elatlar,
Qıtlıq olmur qadın yerinc olanda.
El çox işi özü görüb keçirdi,
Sulu yeri, yalı əkib biçirdi,
Gah yaylağa, gah qışlağa köçürdü,
Qıtlıq olmur qadın yerinc olanda.
Elçiçək də baş çəkirdi yurdlara,
Alaçıqdan, aullardan kəndlərə,
Əl çəkirdi çiçəklərə, otlara,
Qıtlıq olmur qadın yerinc olanda.
Onu hərdən hort qoyurdu ilmələr,
Yaylıqlarda incə-incə tikmələr,
Daş yazmalar,daş üstündə çəkmələr,
Qıtlıq olmur qadın yerinc olanda.
Soyumuşdu sevgi, sevinc içində,
Yanılmışdı ölçü bilməz seçimdə,
O tapmadı daha Ağüz biçimdə,
Qıtlıq olmur qadın yerinc olanda.
Çox elçilər gəlib getdi on ildə,
Çinel, Minel, Hindel, bir də Muğeldən,
Boş döndülər, səs çıxmadı tək əldən,
Qıtlıq olmur qadın yerinc olanda.
Başı uca, Alnı açıq Uğurel,
Nə yaxşı ki, yerincimiz “şort” deyil,
Eşidirdi olmuşları anagil,
Qıtlıq olmur qadın yerinc olanda.
Ancaq hərdən kövrələrək, gülərək
Ana olmaq istəyirdi Elçiçək,
Körpə iyi, bağırtısı, yaş bələk,
Qıtlıq olmur qadın yerinc olanda.
Ağsaqqallar yağlı dilə uymuşdu,
Öyüd-möyüd söyləməkdən doymuşdu,
Hərdən qızı öyüb tanrı saymışdı,
Bunu bütün Uğurelə yaymışdı,
Qıtlıq olmur qadın yerinc olanda.
Kimi isə gözləyirdi Elçiçək,
İlk sevginin ilk qorudur gözləmək.
Ancaq kimi, nəyi bu qız gözləyir,
İlk sevginin ilk qorudur gözləmək.
Biri vardı, Yerincevi busurdu,
Elçiçəyə tez-tez qulaq asırdı,
Sevgisini deyə bilmir, susurdu,
İlk sevginin ilk qorudur gözləmək.
O kim idi, neçə kəndin yiyəsi,
Qırx sürüsü, beş naxırı, pəyəsi,
Sözü vardı Elçiçəyə deyəsi,
İlk sevginin ilk qorudur gözləmək.
Yerincevdə minbaşıydı, çox çevik,
Əlindəydi on beş takım, beş bölük,
Ancaq içi-çölü yaman örtülü,
İlk sevginin ilk qorudur gözləmək.
Azdan, çoxdan varıb, dönüb gülüncə
Sevgisini bildirmişdi yerincə,
“ Yerinc, səni sevəcəyəm ölüncə”
İlk sevginin ilk qorudur gözləmək.
Çopur idi, atar idi ad-sanı,
Yerincevin yolu üstə ormanı,
Ovlaq idi ormanının hər yanı,
İlk sevginin ilk qorudur gözləmək.
Yerinc deyib Atar sanki ölürdü,
Çoxdan idi yerinc bunu bilirdi,
Altdan-altdan bu sevgiyə gülürdü,
İlk sevginin ilk qorudur gözləmək.
O bilirdi Atar sulu yer tutub,
Yerlərinə yeni-yeni yer qatıb,
Orda-burda gizli-gizli yer satır,
İlk sevginin ilk qorudur gözləmək.
Uğurelin səsləncləri gurladı,
Səslənc inam, qorxu-ürkü yaradır.
Döyüş, vuruş sorağıdır bu səslənc,
Səslənc inam, qorxu-ürkü yaradır.
Soraq gəldi, beş yüz atlı, minbaşı,
Dayanmadan yoxuş aşır, dağ aşır,
Tələsmədən Uğurelə yanaşır,
Səslənc inam, qorxu-ürkü yaradır.
Yerinc dedi: – Gedin, görün kim ola,
Yol azıblar, çıxıbdılar bu yola,
Yol verməyin eldə qorxu yayıla,
Səslənc inam, qorxu-ürkü yaradır.
Beş takımla Atar çapdı ovlağa,
Qılınc çəkib o yeridi qabağa,
Qorxu-ürkü gəldi gələn qonağa,
Tunqu görcək o çevrildi yumağa,
Səslənc inam, qorxu-ürkü yaradır.
Tunqər dedi: – Sən nəçisən, ay qotur,
– Mən Elçiçək yaraqlısı, şah odur.
Yerinc odur, bu ovlağı o tutub.
– Yavaş danış, ay dombagöz, ay qotur,
Səslənc inam, qorxu-ürkü yaradır.
Hər sözündən salxım-salxım buz qopur.
Səslənc inam, qorxu-ürkü yaradır.
– Mən Elçiçək vurğunuyam,Tunqərəm,
Mən gəlmişəm öz sevgimi göstərəm,
Çəkil yoldan, buyururam son kərə,
Səslənc inam, qorxu-ürkü yaradır.
Atar baxdı, domba gözlər oynadı,
Ürəyində açıq coşub qaynadı,
Çapdı birdən Tunqər üstə o atı,
Səslənc inam, qorxu-ürkü yaradır.
– Elçiçəyə qara yaxma! O deyir,
Eldən başqa o heç kəsi sevməyir,
Bu ovlaqlar onunkudur, çap geri!
Səslənc inam, qorxu-ürkü yaradır.
Qılıncların şaqqıtısı qopanda,
Bir-birinin üstə ərlər çapanda,
Eldəbir də daşı qoyub sapanda,
Gələnlərin üstlərinə atanda
Tunqər vurdu, Atar aşdı atından,
Bir səs gəldi sanki bulud qatından,:
– Eldəbirəm, Sarıqaya ardında,
Səslənc inam, qorxu-ürkü yaradır.
– Sən kimsənsə, qılıncını at yerə.
Çox özünü oxşadırsan Tunqərə,
Qoyma sənə sapand daşı göndərəm,
Səslənc inam, qorxu-ürkü yaradır.
– Mən Tunqərəm, minminbaşı, minbaşa,
– Mən Eldəbir, sənin ana qardaşın.
– Onda gəlin bir-birizlə barışın.
Səslənc inam, qorxu-ürkü yaradır.
Görüşdülər Tunqər ilə Eldəbir,
Tanrı gülür görüşəndə yaxınlar.
Ordan-burdan deyib soraq tutdular,
Tanrı gülür görüşəndə yaxınlar.
Elçiçəyin ilk sevgisi dəbərir,
O görəndə dağ gövdəli Tunqəri.
Ürəyində yeni sevgi göyərir
Tanrı gülür görüşəndə yaxınlar.
Baş əyirlər Elçiçəyə birbəbir,
Tunqər, Balaşq, Atar, bir də Eldəbir,
Tanrı özü sevgi payı göndərib
Uğureli toy yerinə döndərib,
Tanrı gülür tapışanda yaxınlar.
Tunqər baxır qıza gözlər alışır,
Elçiçəyin baxışları sayrışır.
İki ürək bir sevgidə tapışar,
Tanrı gülür görüşəndə yaxınlar.
O sevinir, bu uğunur, sevincək,
Sözlər incə, baxış incə, bel incə,
Hamı baxır Tunqər ilə Yerincə,
Tanrı gülür öpüşəndə yaxınlar.
Qız itirir sanki bir az özünü,
O çəkməyir Tunqdan bir an gözünü,
Bu görüşdən tükənərkən dözümü,
Çəkinməyib açıq deyir sözünü,
Tanrı gülür sevişəndə yaxınlar.
Birdən deyir o utana-utana:
– Sən necə də oxşayırsan atana,
Ərənlikdə bənzəyirsən anana.
Tanrı gülür sevişəndə yaxınlar.
Tunqər deyir: – Mənim sevgim tükənməz,
Dağ püskürər, sönər gedər, Tunq sönməz,
Tanrı dönsə Elçiçəkdən o dönməz,
Tanrı gülür sevişəndə yaxınlar.
Mən buraya sənin üçün gəlmişəm,
Ürəyimə səni yaxın bilmişəm,
Hələ səni görməmişdən sevmişəm,
Tanrı gülür sevişəndə yaxınlar.
Çox çəkinmə, ana sevgi, şəngül ol,
Sevgi yaşa, işə, gücə baxmayır.
Yaşlı olsa bir-birini sevənlər,
Sevgi yaşa, işə gücə baxmayır.
Tunqər Yerinc bir-birinə vuruldu,
Gözlərinin güzgüləri duruldu,
İçlərində “neynim” sözü qırıldı,
Sevgi yaşa, işə gücə baxmayır.
Onlar atla tez-tez ova çıxdılar,
Bulaq kimi sızıb, çay tək axdılar,
Gün tək çıxıb, bulud kimi yağdılar,
Qoltuq dolu çöl çiçəyi yığdılar,
Düzə enib yenə dağa qalxdılar,
Sevgi yaşa, işə, gücə baxmayır.
Hərdən maral, ceyran, cüyür gördülər,
Qurdla, tülkü, ayı, qaplan gördülər,
Meşələrdən alma, armurd dərdilər,
Sevgi yaşa, işə, gücə baxmayır.
Atar baxdı, acığından qıvrıldı,
Tunqa qarşı acıqana çevrildi,
Hər baxanda bir də öldü, dirildi,
Sevənləri izləməkdən yoruldu,
Sevgi yaşa, işə, gücə baxmayır.
Bir gün güddü, qulağını şəklədi,
Tunqu ovda yavaşcadan təklədi,
Busqu qurdu, ordan başın diklədi,
Sevgi yaşa, işə, gücə baxmayır.
Oxu qoydu, yayı çəkdi, buraxdı,
Qorxusundan bir az çaşdı, karıxdı,
Ox dəymədi, atar lapdan duruxdu,
Sevgi yaşa, işə, gücə baxmayır.
Tunqər döndü, çapdı ona çaparı,
Qılınc vurdu, yerə sərdi Atarı,
Yüzbaşını qan götürüb apardı,
Sevgi yaşa, işə gücə baxmayır.
Tunqər dedi: – Daldan vurma iyidi,
Bir də ovu, acıqanı at, iti,
Sən kiminin gövdəsində ox bitir,
Mənim isə bu qılıncım çox iti,
Get özünü Yerincevə tez yetir,
Sevgi yaşa, işə, gücə baxmayır.
Atar öldü, başsız qaldı var-yoxu,
Başa çatmır var, yer güdən sevgilər.
Atar üçün ağı dedi Elçiçək,
Başa çatmır var, yer güdən sevgilər.
Sevgililər qırx gün qaldı küsülü,
Ayrılıban görüşləri kəsilir,
Sevgilər var el obadan asılı,
Kəbinləri öncə göydə kəsilir,
Başa çatmır var, yer güdən sevgilər.
Ağı yeri, alaçıqlar yığıldı,
O ayrılıq, küsülülük dağıldı,
Sevgiləri sanki bir də doğuldu,
Başa çatmır var, yer güdən sevgilər.
Yenə ovlar, alaçıqlar, aullar.
Gəldi yola ayrı düşən o yollar,
Ova getdi sevgililər, oğullar,
Başa çatmır var, yer güdən sevgilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-gorus-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Daryaş baş-baş geyimində oturub,El deyib ki, daldan gələn bərk gələr,
Besyar söylənciAxtarırdı Daryaş ucu-bucağı,El deyib ki, gücsüz olan bic olar.
Besyar, Tunqər söylənciYola düşdü Əkbitinə gecə ikən,Ağır işə getmə iki ürəkli.
Gücdəbir söylənciAğ üz dedi: – Oğlum, yenə ayıq ol,Üzdə hər nə görürsənsə örtükdür.
Poems by other poets · Love
Bir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,
OlacaqsanMən eylə bilirdim kı, mənə yar olacaqsan,Aləmdə məne yari-vəfadar olacaqsan,
Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idiEy xoş ol günlər ki, bəzmimdə nigarım var idi,Zövqi-didar ilə könlümdə qərarım var idi.
Özümə yetikdirİnsanın könlündə məhdud deyildirMənalı ömür-gün, şirin, xoş niyyət,