Ana söylənci
Bir gün Tunqər anasıyçin darıxdı,
Çox yaraya toxdaq-dərman anadır.
Görməmişdir Dəmirqızı bir ildir,
Çox yaraya toxdaq-dərman anadır.
Duzdağ əski Nuhçatanın bölgəsi.
Deyirdilər ona Daşduz ölkəsi,
İsti yayı, ancaq sərin kölgəsi,
Çox yaraya toxdaq-dərman anadır.
Yerinc idi bu torpaqda Dəmirqız,
Burda idi duz yatağı, daşağız,
Tükənməzdi burda lay-lay qaya duz,
Çox yaraya toxdaq-dərman anadır.
Duz gedirdi burdan tez-tez Çinelə,
Gəmilərlə daş duz böyük Hindelə,
Duzdağ, Daşduz deyirdilər bu elə,
Çox yaraya toxdaq ata-anadır.
– Ana, gəldim səni görüm, günaydın,
Bu yollarda sürünürəm biraydır,
– Gəlibsənsə üç ay burda qalaydın,
Çox yaraya toxdaq ata-anadır.
Eşitmişəm istəyirsən bir qızı,
Bilmirəm ki bunu bilir qız özü,
O böyükdür səndən neçə yaş düzü,
Çox yaraya toxdaq ata-anadır.
– Nə olsun ki, böyük olsun ya kiçik,
Mən sevirəm, sevgi yaşda biz birik,
Qız da bilir, ancaq dinmir hələlik,
Çox yaraya toxdaq ata-anadır.
Görüşməyib görməsə də Tunq nədən,
Vurulmuşdu Elçiçəyə ürəkdən,
Yorulmuşdu o Elçiçək deməkdən,
Çox yaraya toxdaq ata-anadır.
O bilmirdi qız sevirmiş Ağüzü,
Ağüzünsə Elçiçəkdə yox gözü,
O saymayıb çox sevgini, çox sözü,
Çox yaraya toxdaq ata-anadır.
Tunqər isə çox oxşayır ataya,
Ona oxşar olub çıxıb ortaya,
İstəyib ki atasını addaya,
Çox yaraya toxdaq ata-anadır.
Dəmirqızı bunlar yaman göynədir,
Deyir, bunlar sevgi deyil, heç nədir,
Çox sözləri öz oğlundan gizlədir,
Çox yaraya toxdaq ata-anadır.
Nə düşübsən şellən-şellən gəzirsən,
İstəyirsən sağ qalasan sayıq ol.
Toplum gəlir Nuhçatanın üstünə,
İstəyirsən sağ qalasan sayıq ol.
Belə dedi Tivə kənddə bir kişi,
Ayıq saldı kənddə tanış-bilişi,
Axsaq idi, sınıq idi yerişi,
İstəyirsən sağ qalasan sayıq ol.
– Özüm gördüm yaraqlını,altı yüz,
Başçı təndir şişi kimi dübbədüz,
Altı yüz baş qızmış-qızıx bir öküz,
İstəyirsən sağ qalasan sayıq ol.
Dəmirqıza çatdırıldı bu sözlər,
“Daraşıblar Duzdağelə öküzlər
Yekəbaşlar, şiş udmuşlar, iblislər,
İstəyirsən sağ qalasan sayıq ol.
Yüz atlıyla Yerinc çıxdı Duzdağa,
“Dayan” dedi çağrımamış qonağa,
Qızıxmışlar əl atdılar yarağa,
İstəyirsən sağ qalasan sayıq ol.
– Siz kimsiniz, bura duzdağ elidir,
Nuhçatandır, bu hamıya bəllidir,
Başçınızın başı deyən yellidir.
İstəyirsən sağ qalasan sayıq ol.
– Kimliyimiz alnımızda yazılıb,
Qılıncımız üzərində qazılıb,
Kirpiklərdən oxlarımız asılıb,
İstəyirsən sağ qalasan sayıq ol.
– Baş apama, çıx ortaya yarışaq,
– Yaxşı olar vuruşmadan barışaq,
Sən qadınsan, geyinibsən ərsayaq,
İstəyirsən sağ qalasan sayıq ol.
– Mən qadınam, sən kişidən qabağam,
Döyüşlərdə Mindiyara dayağam,
Əyilməyən, kütləşməyən yarağam,
İstəyirsən sağ qalasan sayıq ol.
– Mən qadına əl qaldıra bilmərəm,
Qadın vursa, qanım axsa silmərəm,
O, başımı kəssə belə ölmərəm,
İstəyirsən sağ qalasan sayıq ol.
Bir səs gəlir birdən-birə uzaqdan,
Arxa, söykənc güc gətirir ürəyə.
– Ana, gözlə, mən gəlirəm, tələsmə,
Arxa, söykənc güc gətirir ürəyə.
Altı yüzə qarşı yüz ər çox azdır.
Şeşələnmək bunca oynaq qotazdır,
Hamı bilir şeşələnən dayazdır,
Arxa, söykənc güc gətirər ürəyə.
Tunqdur. Gəlir yardımına ananın,
Tunqdur, bu gün yuxudan gec oyanıb,
Kimdir bitən burda ottək yabanı
Arxa, söykənc güc gətirər ürəyə.
Tunqu görüb hamı çaşır, tutulur,
Dəmirqızın yay qaşları çatılır,
Oxlu yaylar sona kimi dartılır,
Arxa, söykənc güc gətirər ürəyə.
Ana deyir: – Tunq, burdayıq, elliyik,
Biz danışıq aparırıq hələlik,
Bu üzləşmə tanışlıqdır, gileylik,
Arxa, söykənc güc gətirər ürəyə.
Düşür atdan boyun əyir yüzbaşı,
Gülür onun dolu üzü, göz-qaşı,
Danışığı sıralarda dolaşır,
Söykənc, arxa güc gətirər ürəyə.
Deyir: – Tunqər, biz gəlmişik görüşə,
Gəlməmişik sizlə duraq döş-döşə,
Gəlməmişik vuruşmağa, döyüşə,
Söykənc, arxa güc gətirər ürəyə.
Bizik Balasq toplumunun qopuğu,
Keçmişlərin, olmuşların qalığı,
Biz olmuşuq Balasqelin atığı,
Söykənc, arxa güc gətirər ürəyə.
Hər bir yerdə sınıqların sınığı,
Soyuqluğun, saymazlığın yazığı,
Biz olmuşduq Mindiyarın yanığı,
Bizik onun bayrağının sayığı,
Biz olmuşduq artıqların artığı,
Ancaq Minel ölkəsinin ayığı,
Bizik Düzər,Yüzər, Odər qoruğu,
Qan hayqıran yaraların ovuğu,
Söykənc, arxa güc gətirər ürəyə.
Biz ayrıldıq Balasqeldən bir təhər,
İllər boyu alçaldılmış beş yüz ər,
Biz çox idik qol-budaqlı ərənlər,
Söykənc, arxa güc gətirər ürəyə.
Balasqeldən bizi yer-yer qovublar,
Üç min ildir bizi artıq sayıblar,
Onlar ölkə başçısına uyublar,
Bizi belə yersiz, yurdsuz sayıblar,
Söykənc, arxa güc gətirər ürəyə.
Biz gəlmişik Mindiyara yaşayaq,
Mindiyarın bayrağını daşıyaq,
Bizim qorunc yerimizdir bu başraq,
Söykənc, arxa güc gətirər ürəyəş
Tunqər dedi: – Gəlibsiniz, göz üstə,
Bizim ölkə doğma elə doğmadır.
Yal-yaraqla gəlmisiniz, nədəndir,
Bizim ölkə doğma elə doğmadır.
Tunqər dedi: – Sizi işdə görərik,
Onda sizə yer-yurd, inanc verərik,
Onda böyük döyüşlərə girərik,
Bizim ölkə doğma elə doğmadır.
– Gələ-gələ orda-burda döyüşdük,
Çapdıq, soyduq, qancıllarla deyişdik
Yaraq tapdıq, yaraqlandıq vuruşduq,
Bizim ölkə doğmalara doğmadır,
İndi bizə iş buyurun, qulluq yox,
Döyüşçü tək baxın bizə, tutuq yox,
Vuruşqanıq, yaraqlıyıq, yazıq yox,
Bizim ölkə doğmalara doğmadır.
Tunqər dedi: – Çəkinməyin heç nədən,
Uğurelə apararam sizi mən,
Çiçək iyi duyarsınız o yerdə,
Bizim ölkə doğmalara doğmadır.
Tivi kəndi yüz qoyunu bəyirtdi,
Qonaqlara qulluq etdi, yedirtdi,
Üç min illik ayrılığı kiriltdi,
Sızıltının buzlarını əritdi,
Bizim ölkə doğmalara doğmadır.
Tunq sonra da çəkinməyib heç nədən,
Atasına, anasına demədən,
Yola düşdü Uğurelə kənbəkənd
Bizim ölkə doğmalara doğmadır.
Arxasınca getdi onun on takım,
Sevgisinə doğru idi hər addım,
Uzun yollar sevgisini çoxaltdı,
Bizim ölkə doğmalara doğmadır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-ana-soylenci-2
Use ← → keys to move, R for a random poem
More by this author
Çapdı Bacar Hindel üstə inamla,İnam olsa, adam işdə yorulmaz.
Devdağ söylənciAncaq Hindel ər-arvadı ayırdı,Təklik yeni evlənəni sarsıdar.
Tanrılarla görüş söylənciÇiçək açdı, bolluq oldu bu yerdə,Ölkə artar başçı yaxşı olanda.
Qarı xaqan söylənciQarı Xaqan alıb qırdı Xançunu,Biri qurur, biri qırır, dağıdır.
Poems by other poets
Yenə çaxır ildırım, yenə yağış tökülür,Elə bil ki, asiman parçalanıb, tökülür.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,