Heyvərələrlə vuruş söylənci
Turq yollandı Yeraltının yoluna,
Yeraltında nələr vardır, nələr yox,
Düyün yollar, dolaq yollar, düz yollar,
Yeraltında nələr vardır, nələr yox.
Tutulurdu yavaş-yavaş yer üzü,
Bürüyürdü toranlıqlar gündüzü,
Tanımırdı lap yaxından üz üzü,
Yeraltında nələr vardır, nələr yox.
Tanınmayan səs-söz, haray, bağırtı,
Yağıntıya bənzəməyən yağıntı,
Hər yer yanğın, hər yer tüstü, dağıntı,
Yeraltında nələr vardır, nələr yox.
Quşlar tərsə – beli üstə uçurdu,
Ceyran ürküb dalı-dalı qaçırdı,
Günəş ay tək solğun işıq saçırdı,
Yeraltında nələr vardır, nələr yox.
Nə görsəydin əyintiydi, baş-ayaq,
Yel əsirdi, fırlanırdı çaysayaq,
Bulaq göllər, göl bulaqlar daşqalaq,
Yeraltında nələr vardır, nələr yox.
Kişnəyirdi nəsə tez-tez Şimşəkat,
Tutulursan görünməmiş görəndə,
Dişi tayın çağırırdı elə bil,
Tutulursan görünməmiş görəndə.
Birdən quduz bir heyvərə göründü,
Turq üstünə dördayaqlı süründü,
Boynu uzun, gözü-ağzı dərindi,
Tutulursan görünməmiş görəndə.
Atılanda Turq üstünə arxadan,
Bir qurd ona ağız atdı qorxmadan,
Qorxu aldı iki yanı arada,
Tutulursan görünməmiş görəndə.
Onlar birdən dəlisayaq boğuşdu,
Boz heyvərə kirpi sayaq yığışdı,
Qılınc endi boğazına, sığışdı,
Tutulursan görünməmiş görəndə.
Ana qurdu Turq tanıdı yenə də,
Südlü döşlər sallanırdı hələ də,
O gəlmişdi Turqla birgə meşədən,
Tutulursan görünməmiş görəndə.
Bir səs gəldi, Qızçiçəyin səsiydi,
“Vuranların vuran əli sağ olsun!
Göyöskürək tanrısını öldürdün,
Vuranların vuran əli sağ olsun.
Qızılcanın çil-çil olub dərisi,
O heyvərə heyvərələr tanrısı,
O qoruyur qanlı qancıl Alpisi,
Vuranların vuran əli sağ olsun.
Ağzı çaydır, su daşlanır ağzından,
Yüz ayının çəkisində azından,
Ancaq hey yox gövdəsinin yarsında,
Vuranların vuran əli sağ olsun.
Sarılığın tanrısı da quduzdur,
O heyvərə donuzsayaq donuzdur,
Döşü, başı oxbatmazdır, toppuzdur,
Vuranların vuran əli sağ olsun.
Ancaq qaçıb o, Alpisin əlindən,
Qızılcanı vursan, vur sən belindən,
Çıxacaqsan onda Alpis çölündən,
Vuranların vuran əli sağ olsun.
İgid olsan, qızılcayla bacarsan,
Gəlib məni qayalıqdan açarsan,
Alpis ilə üzləşməkdən qaçarsan,
Vuranların vuran əli sağ olsun.”
Bir il idi Turq yolları ölçürdü,
Yol yolçuya düz olmağı öyrədir,
Qurtarırdı ana südü çörəyi,
Yol yolçuya düz olmağı öyrədir.
Son əppəyi son döyüşdə yeyirdi,
Alçiçəyi yada salıb öyürdü,
Qızılcanı, sarılığı söyürdü,
Yol yolçuya düz olmağı öyrədir.
Dağ döşündən bulud endi torpağa,
Bir heyvərə yolda durdu ayağa,
Yaşıl idi, oxşayırdı batlağa,
Yol yolçuya düz olmağı öyrədir.
Caynaq atıb lapdan Turqdan yapışdı,
İki qancıl bir-biriylə çarpışdı,
Qanlar axdı, bir-birinə qarışdı,
Yol yolçuya düz olmağı öyrədir.
Turqu alıb dartdı, göydə saxladı,
Yarağını, geyimini qoxladı,
Qılıncını görüb, içdən laxladı,
Yol yolçuya düz olmağı öyrədir.
Onun üstə cumdu birdən ana qurd,
Gözlənilməz səs də qorxu yaradır.
Heyvərənin ayağını çeynədi,
Gözlənilməz səs də qorxu yaradır.
Qorxub Turqu aldı o, sol əlinə,
Turq qılıncı vurdu onun belinə,
Səs yayıldı Yeraltının çölünə,
Gözlənilməz səs də qorxu yaradır.
Qızılcanın beli sındı, çökdü o,
Caynağıyla yeri eşib sökdü o,
Titrəyərək qan içində səkdi o,
Gözlənilməz səs də qorxu yaradır.
Alpis gəldi, dişi Qorat üstündə,
Atda, qurdda, quşda sevgi suçu var,
Dedi:-yaxşı görüşümə gəlibsən,
Atda, qurdda, quşda sevgi suçu var.
Gəlibsənsə səni alıb yaxaram,
Yeraltında ölməyinə baxaram,
Bacarın da acığını çıxaram,
Atda, qurdda, quşda sevgi suçu var.
Qorat birdən şahə qalxdı, kişnədi,
Tayın görüb, yüyənini çeynədi,
Alpis dedi:-dəli atım, neynədin?
Atda, qurdda, quşda sevgi suçu var.
Alpis aşdı atdan, yerə sərildi,
Şimşəkqılınc başı üstə gərildi,
O, bir öldü, sanki bir də dirildi,
Atda, qurdda, quşda sevgi suçu var.
Alpis durub qaçdı, yer-yer gizləndi,
Yamanlıqdan acıq çıxdı yaxşılıq.
Yeraltında yandı iplər, kəndirlər,
Yamanlıqdan acı çıxdı yaxşılıq.
Çıxdı yenə tutuqluqdan Qızçiçək,
Addım-addım Turqa yaxın gələrək,
Yuxudaydı sanki, qalxdı gülərək,
Yamanlıqdan acıq çıxdı yaxşılıq.
Üz tutaraq yerə, göyə, bağırdı,
Yeraltından Alçiçəyi çağırdı,
Dedi: – Doğmam, bu ayrılıq ağırdı,
Yamanlıqdan acıq çıxdı yaxşılığ.
– Yerüstünə gəlləm, ollam bir qonaq,
Mən görünməz olacağam, bil, ancaq,
Özüm deyil, səsim-sözüm olacaq,
Yamanlıqdan acıq çıxdı yaxşılıq.
Turq yıxıldı, dili, gözü tutuldu,
Düşər oldu, qızılcaya qatıldı,
Qızçiçəyin ağ qaşları çatıldı,
Yamanlıqdan acıq çıxdı yaxşılığ.
Qızılcayla çarpışanda, sən demə,
Qızılcaya yoluxubdu Turq dədə,
Yoxsa niyə yıxılaydı, o nədən,
Yamanlıqdan acıq çıxdı yaxşılıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-heyverelerle-vurus-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Yeddi tanrı dolanışa dayaqdır,Hər bir ulu bir tanrıdan yaranıb.
Sevgi söylənciGöz oxşayır, bir də ürək oynadırGözəllərin beli, gözü, dodağı.
Yol yoldaşı söylənciBaxıb Manay çox şeyləri duyurdu.Duyulmayan duyğuları qız duyar.
Asurla döyüş söylənciGəldi qoça başbilənlər Başevə,El diridir, uman yeri vardırsa.
Poems by other poets
Sonna məndən kim, nə bolmuş ya nədirVarAcanımda yanədir.
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli