Qoca sevgisi söylənci
Turq danışır, danışdırır onları,
Tanrı çatır son ayaqda yardıma.
Hamı Turqun qabağında baş əyir,
Tanrı çatır son ayaqda yardıma.
Turq söyləyir: – Alpis qopub yerindən,
Gəlir gizli Üstyerə də o hərdən,
Yanır, donur buralarda çöl, çəmən,
Tanrı çatır son ayaqda yardıma.
Deyir Turpar, mənim yolum daş- kəssək,
Mən gedirəm Pasdiyara, gəl gedək,
Mənim yolum Parsdiyardan keçəcək,
Daryaşı da orda görüm mən gərək,
Tanrı çatır son ayaqda yardıma.
Turq deyir: – Qız, bizə söylə adını,
– Atam mənim Sona qoyub adımı,
Tanrı bala, duza qatıb yurdumu,
Tanrı çatır son ayaqda yardıma.
Turqla Turpar yola düşüb gedirlər.
Çapıb çapıb onlar gözdən itirlər.
Çayı, gölü, dağı, düzü ötürlər,
Tanrı çatır son ayaqda yardıma.
Gücdəbirsə yerə əyir başını,
O, evinə qayıtmaqdan daşınır,
Yola düşüb qovur istək quşunu,
Tanrı çatır son ayaqda yardıma.
Sona diki yavaş-yavaş tək qalxır,
Buzəkçədən damla-damla su axır,
Qız yorğundur, düşüncəli, yol ağır,
Ağaclardan yarpaq yağır, gül yağır,
Tanrı çatır son ayaqda yardıma.
Turq soruşur kimliyini Turparın,
Kimlik qılınc tutarında yazılar.
Dedi: – Döyüş işlərində necəsən?
Kimlik qılınc tutarında yazılar.
Danışıqdan bilir Turpar qoçaqdır,
Haradasa bir az sınıq sayaqdır,
Yaşı azdır, boyu enməz bayraqdır,
Gəncdir ancaq dayaqsıza dayaqdır,
Kimlik qılınc tutarında yazılar.
Axşam üstü bir daxmaya çatırlar,
Çox qonaqcıl olur yoxsul daxmalar.
Qapı döyüb içəriyə girirlər.
Çox qonaqcıl olur yoxsul daxmalar.
Görürlər ki, yanır, sönür bir soba,
Üzüquylu düşüb qalıb bir qoca,
Hər yer boşdur, lütdür, yoxsul, yalıncaq,
Çox qonaqcıl olur yoxsul daxmalar.
Görürlər ki, qoca ölüb acından,
Yaşı çoxdur, doxsan olar azından,
Paslı qurum, torpaq vardır saçında,
Çox qonaqcıl olur yoxsul daxmalar.
Aparırlar, yeri yüngül qazırlar,
Basdırırlar son evində, susurlar,
Dörd bir yanı gəzib yer-yer busurlar,
Çox qonaqcıl olur yoxsul daxmalar.
Gəlirlər ki, bağlasınlar daxmanı,
Öz yerinə qoyub beli, yabanı,
Söndürsünlər ocaqsayaq sobanı,
Görürlər ki, qoca dim-dik dayanıb,
Bərk tutubdur əlindəki payanı,
Çox qonaqcıl olur yoxsul daxmalar.
Qoca deyir: – Yaxşı ərlər, sağ olun,
Belə olar yaxşılığın düz yolu,
Qazdığınız sonev artıq boş qalıb,
Kimsə məni ordan çəkib çıxarıb,
Çox qonaqcıl olur yoxsul daxmalar.
Siz gəlməmiş sizi gələn görmüşəm,
Mən özümü ölülüyə vurmuşam,
Sizə sınaq yoxlaması qurmuşam,
Uduq dərib öz qınıma varmışam,
Çox qonaqcıl olur yoxsul daxmalar.
Siz necə də yaxşı adam çıxdınız,
Pisliklərin dam – daşını yıxdınız,
Siz kimsəsiz kimi mənə baxdınız,
Yaxşılıqla məni bir də doğdunuz,
Acgözlüyü, dargözlüyü boğdunuz,
Çox qonaqcıl olur yoxsul daxmalar.
Turqər dedi: – Danış, qoca, yaxşı ol,
Acgözlüyə, dargözlüyə qarşı ol,
Gəl Minelə, Mindiyara qonşu ol,
Çox qonaqcıl olur yoxsul daxmalar.
Qoca dedi: – Mən çox zəngin ər idim,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Üç oğluma verdim bütün varımı,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Mən tək qaldım, orda-burda darıxdım,
Alpis girdi ürəyimə, karıxdım,
Bir qız gördüm bağda, yaman duruxdum,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Biz görüşdük iki kərə, üç kərə,
Çiynim, burnum qalxdı, dəydi göylərə,
Nəyim vardı verdim isti yellərə,
Zəngin olmaq qısmır olmaq deməkdir.
O bir dedi, mən bir dedim, qovuşduq,
Bir-birinə qatışaraq öpüşdük,
Tanış – tunuş yanından dik sovuşduq,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Evlənərək düşdüm sevgi yoluna,
Batdım qadın şirinliyi balına,
Bir gün gəlib o qız girdi qoluma,
Dedi, ölsən, nə qalacaq duluna,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Dedim, gözəl bunu sonra bilərik,
Varlanarıq, biz də zəngin ölərik,
Altyerdə də birgə deyib gülərik,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Oğullarım məni yazıq gördülər,
Mənə qızıl, gümüş, quruş verdilər,
Gedib yenə qınlarına girdilər,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Ancaq qadın sökdü hər gün böyrümü,
Əyri qoydu tez-tez düzü, əyrini
İrəliyə düşən yoxsul gerini,
Gözə soxdu məndən çox-çox yerini,
Çox qonaqcıl olur yoxsul daxmalar.
Sonra dedi: – Gərək səni qorxudam,
Üç qardaşın evlərini dağıdam,
Qanlarını su yerinə axıdam,
Çox qonaqcıl olur yoxsul daxmalar.
Sonra gördüm gündə birin aldadır,
O yaramaz əyri-üyrü yoldadır,
Varım gedib, əlim quru koldadır,
Çox qonaqcıl olur yoxsul daxmalar.
Gördüm mənə oğullarım gülürlər,
Onlar sanki hər bir şeyi bilirlər,
Utanırlar, diri ikən ölürlər,
Çox qonaqcıl olur yoxsul daxmalar.
Qoydum, qaçdım, gəldim, düşdüm buraya,
Daş-daş tikib girdim yoxsul daxmaya,
Üz çevirdim mən özgəyə, doğmaya,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Bir gün getdim, sonev qazdım özümə,
Tanrı baxdı, güldü qara üzümə,
Yer altında saxlanc dəydi gözümə,
Gücüm artdı, dözüm gəldi dizimə,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Dedim tanrı, qoy hamını yoxlayım,
Gələnləri bir-bir qonaq saxlayım,
Yaxşıları qucum, pisi dağlayım,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Ölülüyə vurdum tez-tez özümü,
Hər qonağın görüm iç, çöl üzünü,
Mən eşidim atda-butda sözünü,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Gələn gördü mən ölmüşəm gərildi,
Ölüydüsə ölü görüb dirildi,
Evi çapdı, getdi, gözü bərəldi,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Çoxu gördü, basdırmadı yoxsulu,
Neçəsi də yazıq, ortaq, asılı,
Neçəsi də boş qayıtdı, küsülü,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Birdən birə siz gəldiniz, siz, qoşa
Deyin, necə dirilməsin bu qoca,
Bu ürəklə gələn, səni min yaşa,
Hələ vardır yaranışa yaraşan,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Sonevimdən sıçrayaraq çıxdım mən,
Sizdən qabaq döndüm bura yenidən,
Siz var olduz, mən qoca da dəyişkən,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Oğullarım gəlib məni tapacaq,
Saxlanc isə sizə, sizə çatacaq,
Siz kimiyə çata bilər o ancaq,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Gedək, sizə onun yerin göstərim,
O sonevdə saxlanc yeri çox dərin,
Ya da sizə beş at yükü göndərim,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Turqər dedi: – Yaşa qoca, yüz belə,
Yaşamağa gücün, sevgin var hələ,
Çətinlikdən çıxıb verək əl-ələ,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Biz gedirik çoxlu saxlanc açmağa,
Sənin kimi qocaları qucmağa,
Qartal kimi yaşamağa, uçmağa,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Saxlanc qalsın, gərək olar çoxuna,
Saxlanc dönsün su yoluna, arxına,
Alma, ərik, armud, üzüm bağına,
Zəngin olmaq qısmır olmaq deməkdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-qoca-sevgisi-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Arielli Məniş gözəl qız idi,Gözəl elə hər bir yerdə gözəldir.
Ağı söylənciGücər oğlu Bacar durub gözləyir,Oğul boyda atasına oxşayar.
Qızçiçək söylənciBacar çıxıb yolda düşüb qalmışdı,İlan ödü yeməkdəydi içini.
İki döyüş söylənciÇox çəkmədi Başevdəki toy-düyün,Pisin yaxşı, yaxşının pis günü var.
Poems by other poets
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarındaMüsəlsəl zülfdür çin-çin olub dilbər kənarında,Və ya ənbər saçılmış yari-siminbər kənarında.