Tunqla Alpisin vuruşu söylənci
Tunqər gəldi,yolda qırx min yaraqlı,
Ağır olur ata-oğul nisgili.
Acıqlıydı, küsülüydü özündən,
Ağır olur ata-oğul nisgili.
Onu görüb Alpis geri oturdu,
Mindi atı yürüyünü artırdı,
O, Turq ilə döyüşünü qurtardı,
Ağır olur ata-oğul nisgili.
Daryaş mindi,çapdı Şimşəkquyruğu,
Qaldı yerdə toplumunun qalığı,
Tunqər çapdı, tutsun sırtıq yoluğu,
Gözlərində ata-oğul nisgili.
Tunqər çapdı,tutdu onu arxadan,
Bir səs qopdu o yekəbaş lovğadan,
Gizlənmişdi yarğansayaq çalada,
Gözlərində basıqlığın nisgili.
Dedi: – Məni Alpis tanrı aldadıb,
Ələ alıb qanığımı qaraldıb,
Dilə tutub məndən qancıl yaradıb,
Pis ayaqda hamımızı o atıb,
Gözlərində basıqlığın nisgili.
Mən qaçmırdım, aldadırdım səni mən,
Çox da böyük, lap böyüksən, hər nəsən,
Öpməlisən burda mənim əlimdən,
Gözlərində basıqlığın nisgili.
Gözləmədi, çapdı Şimşəkquyruğu,
Şimşək çaxdı onun ipək quyruğu,
Çil-çilatın yandı yalı, çulluğu,
Gözlərində basarlığın nisgili.
Tunqər ona qoşa-qoşa ox atdı,
Atıb onun yalmanını qanatdı,
Kəsdi qaçmaq yollarını daraltdı,
Gözlərində ata-oğul nisgili.
Gəlib onu şəlitdədi götürdü,
Bu döyüşü Tunqər belə bitirdi,
O, Daryaşı Əkbitənə gətirdi.
Gözlərində ata-oğul nisgili.
Böyük tanrı baxır bizə ucadan,
Pis ayaqda tanrılardan yapışın.
Alpis bezdi, döndü yenə Altyerə,
Pis ayaqda tanrılardan yapışın.
Oğul gərək bir inanca inansın,
Döyüşlərdə, vuruşlarda sınansın,
Öymələnsin, yaxşılıqla qınansın,
Pis ayaqda tanrılardan yapışın.
Dörd oğlunu Tunqər qatdı sınağa,
Yola saldı dağa, daşa, çaylağa,
Ata, deyib onlar getdi uzağa,
Yaxın-yaxın, uzaq-uzaq torpağa,
Pis ayaqda tanrılardan yapışın.
Ana dedi: – Tanrı sizi qoruyar,
İnanc sizə hər bir yerdə yarayar,
Gəncliyiniz yaxşı yolda qarıyar,
Pis ayaqda tanrılardan yapışın.
Odərpayın üztutması, kəsisi,
Pis ayaqda tanrılardan yapışın.
Dörd qardaşı tanrılara tapşırdı,
Pis ayaqda tanrılardan yapışın.
Dedi: – Tanrım, dörd qardaşı Qam elə,
Ovsunlanmış sevgilərdən yan elə,
Sevgiləri qarışmasın qan ilə,
Pis ayaqda tanrılardan yapışın.
Dedi, tanrım, anaları bağışla,
Pis ayaqda tanrılardan yapışın,
Tanrılıqdır dörd ər doğan ana da,
Pis ayaqda tanrılardan yapışın.
Sevgilim yox, oğlum, qızım da yoxdur,
Yanan Ocaq mənə isti, soyuqdur,
Yer üzündə artarlarım nə çoxdur,
Pis ayaqda tanrılardan yapışın.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-tunqla-alpisin-vurusu-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Çəkib dirrik cızığını,Bir, bölünüb iki yerə,
Qaraşla Tuncərin vuruş söylənciTuncər dedi: – Gümüşatım, çap gedək,Pis ayaqda yad olammaz doğmalar.
Qızbal söylənciSoraq çatdı, Darvideldən el köçür,Kimsəsizlik tutur köçün yerini,
Tanı söylənciTanı bala qol-budaqlı gənc idi,Güclü olur kökü dərin ağaclar.