Turq yazını oxuyarkən sevindi,
Hər söz hər şey öz yerində yaxşıdır.
O kişnərti eşidərək dikəldi,
Hər söz hər şey öz yerində yaxşıdır.

Şaha qalxdı qabağında Şimçəkat,
Bu at ilə istəyini qur, yarat,
Bu at ilə gəzməlidir bu Elat,
Hər söz, hər şey öz yerində yaxşıdır.

Durub öpdü onun qaşqa alnından
Şimşəkqılınc asılmışdı boynundan,
Dayanmışdı bir qurd onun yanında,
Hər söz hər şey öz yerində yaxşıdır.

Turq tanıdı qurdu, dedi, ana Qurd!
O, bozsayaq, kürəntəhər, qara Qurd,
«Turq» söyləyib gəlib çıxıb bura Qurd,
»Qurdər« deyib gəlib çatıb hara Qurd,
Hər söz hər şey öz yerində yaxşıdır.

Dedi: – Ana, Qurd oğlunu gəzirsən,
İzlədikcə bizi bizdən bezibsən,
Mən bilirəm sən Qurdərdən küsübsən,
Öz əlini sanki ondan üzübsən,
Hər söz hər şey öz yerində yaxşıdır.

Sənin oğlun Parsdiyarda şah olub,
O, diyarın ucalığı sayılır,
Artıq hər kəs öz yerinə qoyulur,
Hər söz hər şey öz yerində yaxşıdır.

Mən duymuşdum, izləyirsən sən bizi,
Atdayaraq keçib çayı, dənizi,
Hər keçilməz dağı, çölü, hər düzü,
Eşidibsən biz danışan hər sözü,
Hər söz hər şey öz yerində yaxşıdır.
Biz gedirik Çinə, gedək bizimlə,
Döyüşləri görəcəksən gözünlə,
Düzümlüsən yenə gözlə dözümlə,
Səni varram Mindiyara özümlə,
Hər söz hər şey öz yerində yaxşıdır.

Qurd süründü qarnı üstə, uladı,
Şələsayaq quyruğunu buladı,
O Turqərin əllərini yaladı,
Hər söz hər şey öz yerində yaxşıdır.

– Mən gedirəm xaqanlarla görüşə,
Son qoyaram başlamadan döyüşə,
Mən qoymaram qan qatıla bu işə,
Hər söz hər şey öz yerində yaxşıdır.

Bunu deyib Turq atına «ho», dedi,
Qurd, qartalı, atım, dalda qoy, dedi,
Qalsın dalda bu dağ, dəniz, çay, dedi,
Hər söz hər şey öz yerində yaxşıdır.

Dedi: – Sağ ol vurğun, yorğun, Brəhmən,
Çox şey ələ aldım səndən, bildim mən,
Budda ollam mən də yeri gələndə,
Hər söz hər şey öz yerində yaxşıdır.


Öz yerindən götürüldü Şimşəkat,
Çölü, düzü yol eləyən inamdır.
Qurdla, qartal cumdu onun dalınca,
Çölü, düzü yol eləyən inamdır.

Turq inamla atı çapdı Çinelə,
O baxmadı qızmar günə, yel- selə,
Axmamışdı döyüşlərdə qan hələ,
Çölü, düzü yol eləyən inamdır.

Qartal, qılınc qanadını yellədi,
Qurd yoruldu, ara-sıra ləhlədi,
At dırnaqla çölü-düzü, bellədi,
Gözlərini yollar Turqa zillədi,
Çölü, düzü yol eləyən inamdır.

Dedi: – Tanrım, məni ora yetir sən,
Nə olacaq qan yer - göyü götürsə,
Ac uşaqlar ataların itirsə,
Bu döyüşlər aclıq, qıtlıq gətirsə,
Çölü, düzü yol eləyən inamdır.

Yol getdilər onlar üç gün, üç gecə,
Çinçay yerə yorğun - arğın gəlincə,
Çinellilər bunu görüb bilincə,
Turqər adı döndü toya, sevincə,
Çölü, düzü yol eləyən inamdır.

Turq Sansını soruşaraq tutuldu,
Turq Yanqunun sevgisinə qatıldı,
«Dinti» dedi, cod qaşları çatıldı.
Çölü, düzü yol eləyən inamdır.

Dedilər ki, gec gəlibsən görüşə,
El obadan hamı girib döyüşə,
Turq son qoysa qan qoxuyan bu işə,
Yurd, el-oba çiçəklənər, dəyişər,
Çölü, düzü yol eləyən inamdır.

Turq o yerə axçam üstü yetişir,
Görür ərlər yaxalaşır, bitişir,
Əl-qol atıb bir-birilə didişir,
Çölü, düzü yol eləyən inamdır.


Turq bağırdı: – Əl saxlayın, qardaşlar!
Səsdən, sözdən öncə ürək titrəyir.
Budda məni göndəribdir buraya,
Səsdən, sözdən öncə ürək titrəyir.
O göndərib məni bura, barışa,
Barışmasaz, deyib, yer-göy qarışar,
Öz yerizə qayıdınız bir başa.
Səsdən, sözdən öncə ürək titrəyir.

Deyib, «mənəm ölüm-dirim gücündə,
Mənə doğru gəlin düz yol seçəndə,
Duru olun işdə, əkin, biçində,
Iki varlıq mənəm, mənim içimdə,
Yada salın məni yeyib içəndə,
Döyüş vuruş keçir mənim ölçümdən,
Mənəm baş-baş siz varlıqdan köçəndə,
Qurtarmayır heç kəs mənim öcümdən»,
Səsdən, sözdən öncə ürək titrəyir.

«Çöl varlığa girmə» - «uyma» deyir o,
«O dadlıdır, onu sayma» deyir o,
«Yeyəndə də az ye, doyma» deyir o,
«- İç üzünə yamaq qoyma», deyir o,
«Çöl üzünə tüstü yayma» deyir o,
Yoxsulları yedirt, soyma, deyir o,
Səsdən, sözdən öncə ürək titrəyir.

Biri dedi: – Sənə kəsi, Turq ata,
Qoy sağ olsun bunca həm Turq, həm Budda,
Biz ac, susuz qayıdarsaq Elata,
Nə yeyəcək ana, arvad, beş arta,
Qarın adlı boş dəyirman nə dartar,
Səsdən, sözdən öncə ürək titrəyir.

Biri dedi, bu döyüşlər olmasa,
Ev çapmasaq, bizə bir şey qalmasa,
Bunun ilə evə çörək almasaq,
Biz olarıq gecə quşu, yarasa,
Səsdən, sözdən öncə ürək titrəyir.


Turq bağırdı: – Susun, qorxun tanrıdan,
Hamı gərək öz içinə bağlana.
Tanrı deyir, mənəm sənin içində,
Hamı gərək öz içinə bağlana.

Yaşamağa tanrı yerlə yurd verib,
Sürü, ilxı, naxır verib, ot verib,
Yaşamağa bizə suyla od verib,
Sərtüz, Budda tanrımıza and verib,
Hamı gərək öz içinə bağlana.

Biri dedi: – Qocalıbsan, ay kişi,
Bilməlisən varlıq çoxdan dəyişib,
Gəl, böyütmə, Turqər ata, bu işi,
Hamı gərək öz içinə bağlana.

Turq söylədi: – Onda tək-tək vuruşaq,
Güləş ilə kələzdənək, yarışaq,
Basar, basıq, oradaca barışaq,
Hamı gərək öz içinə bağlana.

Biri dedi: – Güləşərəm sənlə mən,
Görək kimin nə iş gəlir əlindən,
Görüm yarı tanrısansa, bəs nəsən,
Sən deyənlər yoxdur, ata, bəs nədən,
Hamı gərək öz içinə bağlana.

Hər ikisi birdən atdan düşdülər,
Güləşdilər yeri qat-qat eşdilər,
Tərlədilər, pöşdələnib bişdilər,
Hamı gərək öz içinə bağlana.

Birdən göydən şimşək düşdü, yel əsdi,

Yerə yağış, duman çiskin tələsdi,
İki toplum arasını bu kəsdi,
Hamı gərək öz içinə bağlana.
Başbaşılar, minbaşılar susdular,
Baş əyərək Turqa qulaq asdılar,
Yaraqlılar qaçıb yolu azdılar,
Kim göründü, onu çapıb basdılar,
Hamı gərək öz içinə bağlana.


Turq gördü ki, iki Xaqan döyüşür.
Bir incə söz acı öcü azaldır.
Dedi: – Durun, vuruşmayın bu gecə,
Bir incə söz acı öcü azaldır.

Dedi: – Xaqan yaranmayıb vuruşa,
Xaqan gərək el işinə qarışa,
O apara kiçikləri barışa,
Samballı söz acı öcü azaldır.

Dedi: – Sayqı göstəriniz ataya,
Qan düşməsin gərək bizim araya,
Qılıncını qoydu Turqər ortaya,
Samballı söz acı öcü azaldır.

Vuruş nəyin üstündədir, bəllidir,
Bir soydandır hamı, yaxın ellidir,
Bir yaranıb, ancaq ayrı dillidir,
Biri susqun, biri isə yellidir.
Samballı söz acı öcü azaldır.

Biri ded: – Təbətdiyar bizimdir,
Var olmamış Təbət yoxdan bizimdir,
O dağ yeri Budda vaxtdan bizimdir,
Samballı söz acı öcü azaldır.

Biri dedi: – Bizi dəli edirlər,
Sürüləri süpürləyib gedirlər,
Gecə gəlib gündüz gözdən itirlər,
Samballı söz acı öcü azaldır.
Belə dedi, elə dedi Xaqanlar,
Ağızlarda pis qoxulu yalanlar.
Dilə gəldi olmayanlar, olanlar,
Yumaqlandı dilə gəlməz – qalanlar,
Samballı söz acı öcü azaldır.

İki Xaqan bir-birini söyürdü,
Bir-birini yumruqlayıb döyürdü,
Hərdən onlar özlərini öyürdü,
Turqa hərdən yumruq, təpik dəyirdi,
Samballı söz acı öcü azaldır.

Bir də baxıb gördülər ki, toplumlar,
Alver edib çox- çox yaxın olublar,
Aralığa yoxsul süfrə salıblar,
Bir- birinin qayğısına qalıblar,
Samballı söz acı öcü azaldır.


Hindel Çinel Xaqanları baxdılar,
Sözün gücü qılıncdan da itidir.
Baxıb baxıb bir- birinə, güldülər,
Sözün gücü qılıncdan da itidir.

Dedilər ki, bu acları öyərək,
Bir-birinə qırdıraydıq biz gərək,
Onlar göyü yumruqlayıb təkbətək,
Üstümüzə Qaplan kimi gələcək,
Sözün gücü qılıncdan da itidir.

Turq düşündü, «qan düşməsə, qan ancaq,
Ölkə bir gün əllərindən çıxacaq,
Odur, onlar yenə toplum yığacaq,
Yerə - göyə od vuracaq, yaxacaq,
Bir-birini boğazlayıb boğacaq,
Su yerinə yenə də qan axacaq»,
Sözün gücü qılıncdan da itidir.

Turq üz tutdu yenə böyük tanrıya,
Dedi, tanrım, gir özün də araya,
Birgə eli qan- qadadan qoruyaq,
Sözün gücü qılıncdan da itidir.

Dedi, Alpis el obanı saraltdı,
Qıtlıq ilə günlərini qaraltdı.
Tanrım, bizi niyə belə yaratdın,
Sözün gücü qılıncdan da itidir.

Var olanlar səndən inam, güc alır,
Bu güc ilə bir- birindən öc alır,
Yaşamaqçün gücü verib borc alır,
Sözün gücü qılıncdan da itidir.

Bu andaca çopur Xaqan astadan,
Qılınc ilə Turq atanı arxadan,
Vurur, onu götürməkçün aradan,
Sözün gücü qılıncdan da itidir.

Qartal görür, çırpır ona özünü,
Caynağıyla tökür iki gözünü.
Cırmaq-cırmaq yarır onun üzünü,
Sözün gücü qılıncdan da itidir.

Yaraqlılar bunu görüb sarsılır,
Iki toplum bir- birinə qısılır,
Turq önündə ikisi də basılır,
Hamı sanki bir tanrədan asılı,
Sözün gücü qılıncdan da itidir.

Yara qalır Turqun enməz başında,
Yara onu yeyir qoca yaşında,
Yaralanır qıçı qızıl quşun da,
Sözün gücü qılıncdan da itidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets