Xançu söylənci
Xançu oldu Minellinin,
Baş əydilər çinellilər,
Düzər yurdu aldı ələ,
Baş əydilər çinellilər,
Döyüş-vuruş ara verdi,
El barışda bolluq gördü,
Ona Düzər, xaqan birdi,
Baş əydilər çinellilər.
Dirrik gəldi boz çöllüyə,
Yaşlar qalxdı on əlliyə,
Yer yiyəsi Minelliyə
Baş əydilər çinellilər.
Tanrı bizə yardım elə,
Biz tanıyaq özümüzü.
Qarışmışıq özgəliyə,
Biz tanıyaq özümüzü,
Söylə, nədir bu yar-yaraq,
Bu qan-qada, bu səs-soraq,
Özümüzdə özül quraq
Özümüzü tanıyaq biz.
Oçaq sönür, od irişir,
Göydən göndər göstərişi,
Arıtlanıb yüz dəyişib
Özümüzü tanıyaq biz.
Ulu ocaq, tüstülənmə,
Alovların oynaq olsun.
Göydə ulduz, ay sönsə də
Alovların oynaq olsun.
Ulu ocaq, saxla bizi,
Yanılanda yoxla bizi,
Yala, dağla, ağlat bizi,
Alovların oynaq olsun.
Ulu ocaq, tüstü, çəndir,
Yeri isit, günəşləndir,
Duman, bulud, sis nədəndir.
Alovların oynaq olsun.
Önər, başçı, başbilənin
Biri gəlir, biri gedir.
Gecə, gündüz oxşarında
Biri gəlir, biri gedir.
Dirrik ipdir, dartım, gərgin,
Biz o ipdə iki düyün,
Hərə qalır beş-altı gün
Biri gəlir, biri gedir.
Hara belə, görgör qoca,
Kim dirriyi qoyub qaçar,
Düyün salan, düyün açan,
Biri gəlir, biri gedir.
– Durum gedim görüşünə,
Atam məndən küsə bilər.
On ildir ki, ayrılmışıq,
Atam məndən küsə bilər.
Aylar ötüb, illər keçib,
Ayrılıqdan paltar biçib,
Yoxsa qoyub burdan köçüm,
Atam məndən küsə bilər.
Durna quşum, bulud sürüm,
Məndən ona soraq verin,
Atam Turər şahı görün,
Atam məndən küsə bilər.
Sarı xaqan bir də gəldi,
Xançu batdı qızıl qana,
Özü dalda gizlənmişdi,
Xançu batdı qızıl qana.
O çıxmasın üzə deyə
Güc vermişdi döyüşçüyə,
Basılmışdı, bir də niyə
Xançu batdı qızıl qana.
Altdan, üstdən qamış geyim,
Arxalığı tuncdan geyib,
Vurun-deyib,-qırın-deyib,
Xançu batdı qızıl qana.
Düzər qırıb ön sıranı
O xaqanı axtarırdı.
Yarıb keçib sıraları
O xaqanı axtarırdı.
Qılınc iti, topbuz ağır,
Dörd bir yanda çığır, bağır
Xaqan durub daldan baxır,
O xaqanı axtarırdı.
Ox yağırdı döşə-başa,
Səs düşmüşdü dağa-daşa,
Son qoymaqçın bu savaşa,
O xaqanı axtarırdı.
Birdən bir səs eşidildi,
– Qan içənə aman yoxdur.
Mən Gücərin sonbeşiyi,
– Qan içənə aman yoxdur.
Mən Bacaram, yüz-yüz yaşım,
Nələr çəkib burda başım,
Dağıdaram, dağı-daşı,
Qan içənə aman yoxdur.
Sarı xaqan, al çomağı,
Tök üstündən yar-yarağı,
Gəl güləşək ər sayağı,
Qan içənə aman yoxdur.
Sarı xaqan qılınc çəkdi,
Qılıncıyla aşdı, düşdü,
Çomaq dəydi sağ çiynindən
Qılıncıyla aşdı, düşdü.
Baş əzildi döşə girdi,
Üç çomaqla o gəbərdi,
Çomaq deyil, bu, dəmirdi,
Qılıncıyla aşdı, düşdü.
Getdi toplum sorağına,
Qatdı onu qabağına,
Kim tuş gəldi çomağına,
Qılıncıyla aşdı, düşdü.
Yenə üç gün döyüşdülər,
Minellilər, çinellilər.
Səpələndi sağa, sola,
Minellilər, çinellilər.
Düz, çöl qanla yuyulmuşdu,
Yaralılar bayılmışdı,
Hardan hara yayılmışdı
Minellilər, çinellilər.
Sıra-sıra qırılmışdı,
Qarın, döş-baş yarılmışdı.
Sarsılmışdı, yorulmuşdu
Minellilər, çinellilər.
– Biz vuruşmaq istəmirik,
Çinellilər, əl saxlayın,
Xaqan çıxsın qoy ortaya,
Çinellilər, əl saxlayın.
Min illərdir biz qonşuyuq,
Qonşuluqda biz yaxşıyıq,
Toy-düyündə yanaşıyıq,
Çinellilər, əl saxlayın.
Xaqan yüz il qana batıb
Çinellini qırıb çatıb,
Yaraqları yerə atın,
Çinellilər, əl saxlayın.
Çinellilər barış deyə
Yaraqları atdı yerə,
Bunu görüb hamı qaçdı,
Yaraqları atdı yerə.
Sağ qalanlar adamdılar,
Bir-birindən utandılar,
At yallayıb atdandılar,
Yaraqları atdı yerə.
Qaldı tək-tük mənəm deyən,
Öz-özünü yersiz öyən,
Ölümlərə, gülün, deyən
Yaraqları atdı yerə.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-xancu-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Sevinc dolu söylənc idi Uruyer,Dağ görəndə ürək dönüb dağ olur.
"Sev" tanrısı İştar söylənciBir ay çəkdi, sağaldılar qardaşlar,Sağalanda qol güclənir ikiqat.
Ölümsüz yaşam söylənciOtanapişt ölməz idi, yenilməz,Təkcə Tanrı ölməz olur, yenilməz.
Yürüş söylənciƏkbitənə Yürüş yerinc – şah oldu,Dincəl olur yasdan sonra toy-düyün.
Poems by other poets
Bacıoğlu, a qırışmal, bu nə sözdür, nə kələk?Aramızda a gədə, “sən” nə demək, “mən” nə demək?
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
MənimçünKimsənəm yox mənə yazsın bir namə,Qürbət içrə bu diyarə mənimçün.
Aman anaFəraq oldu bu cavana,Halal ilə aman ana,