IV
Doğrudan da Bəyalı oğlu Göyalının arayıb-axtarıb, neçə-neçə yüz qoyun verib, böyük məmnuniyyətlə aldığı ulduzlu atın misli-müqabili heç yanda yox idi. Bu at bir tamaşa idi. Baxan elə bilirdi bu at parlaq bir ulduzdur, göydən yerə düşüb... Bu atın adını Ulduz qoyub qulağına çağırdılar. Baxanda Ulduz boydan uca, ayaqlardan xırdaca, biləklərindən nazik, ancaq beldən mis kimi tökmə və möhkəm idi. Ulduzun ortası qarınlı deyil, incə idi. Yalmanı sıx, göyəm idi. Ulduzun yalı qınından sivrilən qəhrəman qılıncını andırırdı. Baxanda Ulduzun gözləri yanır, od-alov içində şölələnirdi. Ulduzun qaçarağına ox süzdürən olsa belə, çatmazdı. Ömründə Ulduzu öz qaçarağının tozu tutmazdı. Baxa bilməzdi Ulduz göylə uçur, ya yerdən uça-uça uçarağa qalxır. Ulduzun belinə gümüşlü-qızıllı yəhər qoyan Şükran atın belində ay kimi yaraşıqlı, ulduz kimi tamaşalı görünürdü. Elə bil ki, bu oğlan olmazın əfsanəvi süvari, misilsiz minici idi. Ulduz qanada qalxanda oğlanın ağ qoyunun yunundan toxunan ağ çuxası da ağ-ağ qanad açırdı. Şükranın qınından sivirib çıxardığı göy zağlı ləzgi xəncəri Ulduzun üstündə şimşək kimi oynayırdı. Şükran gündən-günə Ulduza yeni-yeni təlim keçir, ona sehrli əməllər öyrədirdi. Əvvəldən də az-çox təlim görən, uzaq Ərdəhan elində təlimlənən, indi də Göyəndə ayrıca məşq keçib təlim alan Ulduz Şükranın dilini, Şükran da Ulduzun dilini əzbərdən bilirdi. Şükran desəydi: “Ulduz, yat”, Ulduz dərhal yatardı. Desəydi: “Ulduz, bu dağ-daşı bir göz qırpımında öt”, Ulduz ötərdi. Şükran Ulduzun belində olsun-olmasın, Ulduz alışıb isinişdiyi minicisindən hər hansı bir əmr aldımı, dərhal yerinə yetirirdi.
Şükran da Ulduzun alovlanan gözlərindən öpür, ona kişmiş yedirir, baş-gözünü sığallayır, lazım gəlincə öz minici libasını sadəcə mehtər libası ilə əvəz edib, onu dımaqlarından təpəsinə qədər üfürə-üfürə tumarlayırdı. Şükran həmişə Ulduzu çeşmənin gözündə suvarırdı. Ulduz göydə sayrışan ulduzun ən parlağı kimi parlayır, parıldayırdı. Baxan deyərdi Şükranı kəhkəşanlar aləmində səltənət quran ulu Tanrı elə bu Ulduzu da veribdir Şükrana. Ulduza da Şükran kimi misilsiz-müqabilsiz süvari qismət olubdur. Baxanda bunlar bir-birinin məftunu, aludəsi, vurğunu idi. Şükranın hayqırtısı Ulduzun kişnərtisinə, Ulduzun da kişnərtisi Şükranın hayqırtısına qarışıb, Göyən düzənlərini doldurur, Ziyarət dağına səs-səda salır, fasiləsiz əks-sədaları ilə bütün bu aləmi dilə gətirib dilləndirirdi...
Ağqoyunluların at örüşlərində Ulduzla Şükranın qabağına çöp salan görünmürdü. Şükran da, Ulduz da hər hansı paxıllıqdan yuxarılarda, əl və ün çatmaz zirvələrdə dururdular. Heç bir ağqoyunlu minicisi Şükranla Ulduza qibtə edə bilmirdi. Uzun cıdır yarışında Ulduzun çaparağına nəinki heç bir adlı-sanlı at çata bilmir, hətta onun tozuna belə yetişən görünmürdü. Demək olar ki, bütün Ağqoyun miniciləri ötüşmək bəhanəsilə Göyən cıdırına toplanırdı. Amma, əslində Şükranın Ulduzun belində necə oyun çıxarıb, olmazın məharət göstərdiyinə tamaşa edirdilər. El-oba, ağqoyunlu miniciləri qüdrətdən yaranan bu qoşa xilqətə əhsən deməkdən, xeyir-dua verib amin söyləməkdən yorulmaq bilmirdilər. Hər necə bərk-boş, dağ-daş, çınqıllı uçurum olursa olsun, Şükran öz Ulduzunun belinə qondumu, üzünü hansı bir səmtə yönəltdimi, heç bir qorxusu yox idi. Ulduz heyrətamiz ustadlıqla, görünməzin cəsarət və çevikliklə bu çətin sınaqlardan qələbə ilə çıxacaqdı, öz minicisini ata-tuta sıldırımlardan, daş qayalıqlardan çıxaracaqdı, alqışlayanların müqabilində öz minicisi ilə birlikdə şux qulaqlı başını əyəcəkdi, öz güclü kişnərtisinə aləmə səs salıb, hamını matməəttəl edəcəkdi.
– Əhsən, əhsən belə Ulduza!
– Əhsən, əhsən belə süvariyə, ağqoyunluların birinci minicisinə!
– Şükür, şükür, Ziyarət dağına!
– Çox şükür, Şükranı da, Ulduzu da öz amanında saxlayan ulu Tanrıya ki, biz ağqoyunlulara belə bir tamaşa, belə bir zövq-səfa bəxş etmişdir!
Toplanan adamlar tərifdən qalmırdılar:
– Baxanda hər ikisi şimşəkdir, – deyirdilər. – Şükran da, Ulduz da od-alovdur, ildırımdır!
Belə vaxtda, Şükran öz ulduzunu çaparaq oynatdığı vaxt oğlan yerdə öz-özünə oynayan bir uşaq gördü. Şükran tezcə atını saxladı, enib Ulduzun ayaqları altına düşən uşağı tozun-torpağın içindən götürüb qucağına qaldırdı, qanad açan Ulduzun üstündə gəzdirdi, sonra da ata-tuta qaytarıb öz doğma anasına verdi:
– Al uşağı, qız! Bir də gözdən qoyma! Yoxsa bilməzlər, uşağın at ayaqları altına düşər.
– Bəs Şükranın Ulduzunun ayaqlarının altına düşməyən uşağa nə ad vermək olar?
– Şükrandan da artıq bir oğlan!
– Əgər bu uşaq qızsa, kimə bənzədək?
– Onu mən deyə bilmərəm!
Sevgili qıza işarə olunduğunu alınca Şükran qıpqırmızı qızardı. Tezcə Ulduzu tərpədib aralandı. Sonra Sevgilinin gözlərinin qabağında Ulduzu hərləyib Göyən düzənində hey çapır-çapırdı.
– Ay qız Sevgili, nə vaxtacan sevginiz gizli qalacaqdır?
– Nə sevgisi, gəlinbacı?
– Adam sevgisi! Siz elə bilirsiniz ki, bu Göylər oymağında adamların gözləri görmür? Göylər adamı çörəyi qulağının dibinə yeyir?!
– Görünür, gəlinbacı, sevgi güclü olsa, vaxt yetişsə, vədə çatışsa, hamı da bilər!
– Axı, daha nəyi gözləyirsiniz? Daha bu yay ötüb payızına gəlincə toyunuzu çaldıraq, ağqoyunluların ağçuxalılarını Göylərin Göyən düzəninə gətirək, qoy davullar dov-dov vursun. Qoy ağsaçlı, ağsaqqallı ozanlarımız saz çalsınlar, qoy ozanlar oxusunlar, qoy sonra da qız-gəlinlərimiz, ərgən oğlanlarımız lap qocalarımıza qədər yallı tutsunlar! Qoy Göyalı oğlu Şükranla Elşad qızı Sevgilinin xeyir işində göydəki mələklər də Göyən tamaşasına çıxsınlar. Qoy ulu Tanrımız özü də dayandığı kəhkəşanlı təlin üstündən, Ziyarət dağının baş qülləsindən bizə baxsın. Göylər bizə əhsən, afərin desin. Axı ulu Tanrı özü Şükranı yeddilər üstündə nəzir-niyazdan sonra veribdir. Axı Şükran əvvəlcə ata-anasının, bacılarınınsa da, getdikcə bizim hamımızın, Göylər oymağının, göyənlilərin, ağqoyunlu elinin ağçuxalı, Ulduz atlı oğlanı olubdur. Heç bir el çadırda bizim ağçuxalıların qabağına çöp sala bilməz. Bax, sənin Şükranın belə oğlandır. Allahın kərəminə şükür eləmək, toyu da tezləşdirmək gərəkdir, Sevgili!
– Arada nişan olmamış nə toy, ay gəlinbacı?
– Biz sizin nişanınızı da, toyunuzu da bir yerə qatarıq!
– Bəlkə sən söyləyənlərdən Şükran heç bir şey bilmir?!
– Bəs sən necə?
– Mənmi, gəlinbacı?
– Bəli sən, Sevgili Elşad qızı!
– Mən də... heç nə... bilmirəm, gəlinbacı...
– Bəlkə sən bilmirsən... ancaq Şükran bilir?
– Şükranın bildiyi nədən bilinir?
– Ulduz üstündə qanad açmağından, Göyən düzənlərini gəzə-dolana sənə tamaşa etmək üçün çeşməyə gəlməyindən!
– Belə olsaydı, Şükranın dili açılmazdımı? Şükranın ürəyi açılmamışdırmı?
– Hər hal dil iqrar üçündür!
– Düzdür, dil iqrar üçündür, ancaq sevgi üçün ürək gərəkdir. Sevgiliyə söz demək üçün, onu ürəklə ovsunlamaq Şükranın yolunu kəbəmizə-çeşməmizə salmaq üçün Sevgili gərəkdir, Elşad qızı Sevgili!
– Atam Elşad eşitsə, məni tikə-tikə doğramazsa, gəlinbacı?
– Atan Elşad Elbəy oğlu bilməmiş olmaz! Köhnə ovçunun gözündən heç nə yayınmaz!
– Yox, nə ovçu atam, nə qoyunçu anam, nə xırda bacılarım, nə də böyük qardaşlarım bir şey bilirlər!
– Demək, bircə siz ikiniz hər şeyi bilirsiniz?
– Düzü, hələlik bircə mən ağılsız, ağlı başından oynayan kamalsız bilirəm, ya bilmirəm!
– Sevginin əsil əlaməti öz ağlını, kamalını itirməkdir, bir könüldən min könülə sevdiyinə vurulmaqdır! Ağlını, kamalını itirib-itirib el içində dəli-divanə olmaqdır!
– Bəli, aşiq-məşuq belə olmalıdır. Eşq atəşinə düşüb yanmalıdır. Şükransız yaylağa getməyib, aranda, Göyəndə yana-yana qalmalıdır!
– Sən tamamən, gəlinbacı, mənim sirrimi açdın!
– Eşqin açılan sirrinə ulu Tanrı heç nə deməz, Elşad qızı!
Belə bir vaxtda ağsaçlı Qaratel saralmağa başlayırdı:
– Çox yamanca qorxuram, Göyalı!
– Nə üçün, Qaratel, ürəyin açılmaqdansa sıxılmağa başlayır? – deyə Göyalı göynəyirdi. – Mən səndən, Göyəm qızı, heç cür baş açmıram!
– Yenə də əvvəllərdə, Ulduzu almaq istəyən zamanlarda qorxduğum kimi, ondan da artıq qorxuya, vahiməyə düşürəm, Göyalı! – deyə Qaratel hər iki əlini qoynuna qoyurdu. Göyalı hiddətlənirdi.
– Yenə də deyirəm, ağzını uğura aç, ana!
– Mən də ağzımı uğura açmaq istəsəm də, uğursuz qaraltı ürəyimə damır, Göyalı! – Arvad titrətmə tutunca qoynuna qoyduğu əllərini qoynunda ovuşdururdu. – Elə bil ki, çox yamanca bir müsibət baş verəcəkdir... Elə bil ki, hansı bir sıldırımdansa Ulduz uçacaqdır... Elə bil ki, Şükran əlimizdən çıxıb gedəcək, günümüz qaralacaq, günəşimiz sönəcək, başımızı ucaldan daş-qaşlı tacımız torpağa gömüləcəkdir!
Bəyalı oğlu ilə Göyəm qızının söhbəti qızışırdı:
– Sən uğursuz-uğursuz az söylən, ana!
– Mən ürəyimi, ürəyimə daman uğursuz qara-qara damcıları səndən gizlətmək istəmirəm, Göyalı!
– İndi əmrin nədir, Qaratel? İndi fərmanın nədir, Göyəm qızı!
– Təvəqqəm Şükranı Ulduzdan düşürməkdir, Göyalı! Onu dildən-dişdən qurtarmaq, gömgöy göyərən gözlərdən uzaqlaşdırmaqdır!
– Demək, Şükranın şəhpərini sındırmaqdır?
– Yox, Şükranı tək daha heç yana buraxmayıb, özcə yanımızda sağ-salamat saxlamaqdır!
– Bəlkə sən, Qaratel, Şükranın əlinə bir toppuzbaş çomaq verəsən, başına da bütöv bir qoyun dərisindən bir yastı-yapalaq papaq qoyasan, çiyinlərinə də bir tüksüz yapıncı, ya palaz cecimdən cürcənək salasan, çarıqlı-patavalı toz-torpaqda çapalayan bir çoban-çoluq edəsən?!
– Mən Şükranı eləcə bir çoban-çoluq cərgəsində sağ-salamat görmək istəyirəm, Göyalı!
– Onda mən torpağa gömülləm, Göyəm qızı! Mən Şükrana alışmışam, onun üstündə əsirəm!
– Bəs qalanları? Bəs sənin başqa-başqa övladların? Bəs sənin son ildə cer-cehizlə köçürdüyün sevimli qız, sonbeşiyin?
– Mən qızlarımın hamısını çox sevirəm, bir-birindən artıq sevirəm, ata məhəbbətilə istəyirəm! Şükran isə mənim ulu Tanrımdır!
– Dedim ki, Göyalı oğlu, Şükrandan yana qara daman ürəyim qorxudadır! Ulduzun belində Şükrana heç bir zaval toxuna bilməz, xanım!
– Elə Ulduza görə qorxuram. Axıracan ata etibar etmək olarmı?!
– Elə də arvada.
– Bəs sən necə, Göyalı?
– Mən qara saçları üstümüzdəki Ziyarət dağının qarı kimi ağaran Qaratelimə həmişə etibar eləmişəm, – deyə Göyalı ömür yoldaşının ağaran saçlarını sağ əlilə sığalladı. – Bizim aramızda paklıq olmasaydı, heç o ucalıqda Ziyarət dağına dırmana bilərdikmi? Ulu Tanrımıza qovuşub Şükranı diləyə bilərdikmi? Şükrana bu tamaşada misilsiz bir yelqanadlı at ala bilərdikmi?
– Yox, heç yox, Bəyalı oğlu Göyalı!
– Daha onda niyə öz etiqadını itirirsən, Göyəm qızı?
Qaratel titrəyən əlini tir-tir titrəyən, danışdıqca çırpınan ürəyinin üstünə gətirdi:
– Düzü, ürəyimə hey qara damcıdır, damır!
– Şeytana lənət de, Göyəm qızı!
– Min-min lənət şeytana, şərə!..
– Tanrıya da min-min şükür de, Göyəm qızı!
– Bəli, bəli, Göyalı oğlu! Ulu Tanrımıza, Ziyarət dağımızın övliya-ənbiyalarına min-min şükür!
Belə söz-söhbətdən sonra Bəyalı oğlu Göyalı ömür yoldaşı Göyəm qızı Qarateli toxtatmağa, arxayınlaşdırmağa cəhd edir, ancaq Göyəm qızı hər necə toxtamaq, Şükrandan arxayınlaşmaq istəsə də, arxayınlaşıb toxtaya bilmir, onun ürəyinə qara damcı damır, damırdı...
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-kesilmeyen-kisnerti-iv
Use ← → keys to move, R for a random poem
More by this author
Çoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.
IVGünlər çox sürətlə gəlib keçdi. Onilliyi qurtaran hər şagird ali məktəbə ərizə verib daxil olmaq üçün çalışdı. Mehman evlərinə gəlib anasını çağırdı.– İndi məsləhətin nədir, ana, oxuyum, ya yox?..
VMehman sənədlərini təqdim edib hüquq fakültəsinə daxil oldu. Builki qəbulun yekunları haqqında fakültənin dekanı professor Məlikzadə məruzə edəndə Mehmanın adı üzərində də böyük bir iftixarla dayandı:– Kim deyə bilər ki, tələbələrin ən yaxşısı ancaq tibb institutuna, ya sənaye, ya başqa-başqa institutlara gedirlər?.. Yaxud bacarıb oralara girə bilməyənlər, sonra dönüb bizə gəlirlər?
VIBu müddət ərzində Mehmanı gözdən qoymayıb, əldən buraxmayan Züleyxa yenə də ona aşiqanə məktublar yazır, gecələrin ağır yuxusuzluğundan, gündüzlərin dözülməz qərarsızlığından şikayətlənirdi. Mehman, Züleyxadan aldığı kağızları diqqətlə oxuyur, əlinə qələm alıb rədd cavabı yazmaq istəyir, ancaq qələmi dayandırıb, onu bir kənara buraxırdı... Hər bir məktubu alanda o, cavabını bu gün-sabaha salır, sonra qayıdıb dərsə ciddiyyətlə girişir, yenə də arada məktubları unudurdu... Mehman fakültənin son kursuna keçəndə fakültənin tərtib etdiyi bütün müsamirələrə, Züleyxa öz xalası vasitəsilə çağırış vərəqəsi əldə edir, buraya müntəzəm gəlirdi. Müsamirlərin bir çoxunda o, Mehmanı görməsə belə, yenə buradan üzülmür, əl çəkmirdi. Bir axşam Dövlət Dram teatrında yeni bir əsərin ilk tamaşası gedirdi. Katibə xala bu tamaşa üçün əldə etdiyi iki biletin birini Züleyxaya, o birini də Mehmana vermişdi. Lakin Züleyxanın haman tamaşaya gedəcəyindən Mehmanı xəbərdar etməmişdi. Onlar hərəsi ayrı-ayrı gələrək qabaq sırada yan-yana oturmağa məcbur olmuşdular. Bu hal Züleyxanı ürəkdən açdığı halda Mehmanı darıxdırırdı. Teatra gələn tanış-biliş yoldaşlar Mehmana altdan-altdan baxır, onu üstüörtülü işarələrlə təbrik edirdilər... Tənəffüs zamanları Mehman Züleyxanı sırada qoyub, gəzintiyə təkcə özü çıxırdı. O, istəyirdi ki, tamaşanı yarımçıq buraxıb getsin, ancaq tamaşanın müvəffəqiyyəti, salonu doldurub titrədən alqış səsləri, bu qayda ilə səhnənin bütün salonu fəth etməsi, axır pərdələrin birisində müəllifin səhnəyə çıxarılacağı hər kəs kimi Mehmanı da tutub, burada saxlayırdı. Salonda əyləşənlər ya qoca olsun, ya cavan səhnə ilə yaşayırdı... Sənətin hakim əli öz xariqüladə qılıncını sıyırıb düz birbaş göyə qaldırmışdı. Hər bir kəs ürək döyüntüsü ilə bu qılıncın necə enəcəyini gözləyirdi. Axırıncı tənəffüs fasilələri artıq adamları darıxdırır, bütün ürəklər səhnə ilə birgə çırpınırdı. Sevgililər kimlə oturduqlarını, az qala necə oturduqlarını belə unudurdular. Mehmanla Züleyxanın yan-yana oturmağı get-gedə Mehmana təsir edirdi. Züleyxanın buruq-buruq olmuş qara saçları, uca boyu, qabarıq döşləri, cazibəli baxışları bu arada daha Mehman üçün biganə qalmırdı...Axırıncı pərdə düşüb tamaşa bitincə onlar istər-istəməz qoşa çıxdılar...
Poems by other poets
Səkənəm qürbətdi, ismim filankəs,Bü gün gördüm canan gəzən yerləri.
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Mənzumə: Gənə bilmirəm bu nə güftardırGənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,