Aylar ötdü, il dolanıb başa çata-çatmaz Qaratel bir oğlan doğdu. Göyalının evinə görünməzin şadlıq gəldi. Atanın, ananın, qızların sevinci yerə-göyə sığmadı. Bu xəbər bir tək Göylər obasında olan qohum-qardaşı deyil, yaxın-uzaq Göyən obalarını, ağqoyunluları şad etdi. Göyalı yeddilər üstündə tapılan oğlan üçün qurban üstündən qurban kəsdi. Yenə fağır-füqəraya payladı. Hər kəsə Ziyarət dağının möcüzəsindən, oradan dilənən diləyin eşidildiyindən danışdı. Ağqoyunluların gözündə Ziyarət dağı bir daha ucaldı, böyüdü, müqədziyarətgahlardan birinə çevrildi. Söz gəzdi, söhbət getdi... Kimi dedi: Ziyarət dağında daima ocaq yanır, dumanlı-buludlu qaranlıq gecələri işıqlandırır; kimi dedi: Ziyarət dağının ətəklərindən çıxan çeşmələr şəfa qaynaqlarıdır, bütün dərdlərə dərmandır, sidq-dillə ziyarətə gedənlər naümid qayıtmır. Belə olandan sonra Ziyarət dağına doğru axın artdı, dilək diləyənlərin sayı çoxalıb hesaba gəlmədi.

Göyalı da, Qaratel də öz qiblələrini Ziyarət dağına çevirdilər.

– Min şükür sənə, xudaya, bizi naümid qaytarmadın, – deyə Göyalı Qaratelə baxdı. Onlar ikilikdə öz əllərini Ziyarət dağına doğru qaldırdılar: – Çox şükür sənə ki, qışlara qardaş, bizə də yurdçu verdin. İnnən belə mənim borcum sənə səcdə etmək, dizləri üstə düşüb müqabilində durmaqdır.

Bəli, müəyyən məsləhət-məşvərətdən sonra Göyalının təklifi qəbul olundu. Onun sözü yerə salınmadı. Uşağın adı Şükran qoyuldu.

– Xudaya, sənə min-min, min şükür ki, bizim ürəyimizi açdın, qızları qardaşsız, bizi yurdculsuz qoymadın. Mən onun adını Şükran qoyuram!

Göyalı gündə beş də deyil, on kərə ulu Tanrısına raz-niyaz etdi. Qoyun sürüsünün yarısı qurbanlığa getsə də, onun ovqatı təlx olmadı. Vaxta ki onun iltiması qəbul olunubdur. Göyalı oğlu Şükran da ulu Tanrının pənahındadır, qoyun kəsmək nədir ki! Vaxta ki Göyalının arzu çırağı yanıbdır, hər necə güclü tufan olsa, sönməyəcəkdir! Belə bir etiqad-inamla Göyalının çiçəyi çırtlayır, Qaratelin dən düşən saçı öz-özünə qaralır, cavanlaşır, bir növ qızlaşır, az qala öz böyük qızlarından seçilmirdi. Nabələd adam deyə bilməzdi ki, bu, qızların anasıdır, ha bu qızlar kimin balasıdır!

Bu şad hadisənin üstündən az ötməmiş körpə qızlar birdən-birə boy atdılar, iri qızlar birdən-birə iriləşdilər, qızlar bulağından bircə-bircə su içdilər. Özləri də daha toy-bayram içində olan sayaqda geyindilər-kecindilər. Yeddi qızın bir qardaşı qızların əlində əl-əl gəzdi. Göylər kəndində hamı Şükranı əl üstündə gəzdirdi. Xırdaca qızlarsa Şükranın dövrəsindən əl çəkmədilər.

– Ana, Şükran yatdımı?

– Yatdı, qızlar.

– Yox yaxşı, – deyə qızlar bu həndəvərdən aralandılar, uzaqda da olsa, heç bir kəsdən heç bir cıqqırtı çıxmadı. Göyalı ailəsində görünməzin mehribançılıq başladı. Heç kəs heç kəsə güldən ağır bir söz demədi. Ləzzətli meyvələrdən Şükrana yedirtdilər, bahalı qumaşlardan geydirdilər. Gözəl oğlanın üstünü gözmuncuğuları ilə doldurdular. Şükranın ayaqlarının altında üzərlik yandırıb, onu bədnəzərdən qorudular. İnsafən oğlan özü də misilsiz-müqabilsiz oğlan olmağa, öz hərəkəti, ağlı, kamalı ilə hamının diqqətini özünə cəlb etməyə başladı.

Şükran boy atıb qalxar-qalxmaz Göylər obasının uşaqlarına qarışıb oynamaqda, ya da qabağına düşən atın belinə qalxıb yallama at çapmaqda birinci və baş çıxdı. Şükrana baxanlar dedilər ki, bu oğlan Ziyarət dağının üstündə dayanan ulu Tanrının kəramətinin gələn vaxtına düşübdür. Ulu Tanrı bu uşaqdan öz kəramətini zərrəcə də əsirgəməyibdir. Baxanda bu oğlan qaşdan qara, gözdən köşək, kirpiklərdən sıx, alından enli idi. Bədəni, duruşu, vücudu mütənasib idi. Bu oğlan nə uzundu, nə də gödək. Elə bil ki, bu oğlanın bütün əzası qüdrətin fırçasıyla işlənmişdi. Hamı Şükrana heyran idi. O, mədrəsədə oxumaqda, bilik kəsb etməkdə birinci idi. Elə bil ki, qədimlərdən gələn ağqoyunlulara Allah-taala özü belə bir başbilən, sabah düşmənlərlə döşləşə bilən bir igid oğlan göndərmişdi. Görən deyirdi, bu qismət nəinki bir tək Bəyalı oğlu Göyalıya, bütün ağqoyunlulara bəsdir. Ağqoyunlular fəxr edə bilərdilər ki, onların elindən, Göylər oymağında belə bir oğlan əmələ gəlibdir. Deyirdilər görün hələ sabahına bu necə bir oğlan olacaqdır. Göyalı elə bilirdi ki, ulu Tanrı onun başına elə bir şahanə tac qoyubdur ki, daş-qaşının şöləsi aləmə işıq salır.

Əzizlənən Şükran özünü itirib ucuzlanmırdı. Göyalı öyünürdü, oğlu Şükrana görə qanadlanırdı, ailə yeddilər üstündə tapılan qardaşla fəxr edirdi, Ziyarət dağını unutmurdu. Hər il toplanıb Ziyarət dağına gedirdilər, övliyaların izi tapılmayan daş məqbərələrini ziyarət edirdilər. Hətta adi qara, çopur daşları da belə öpürdülər. Onlar gətirdikləri qurbanlıqlardan axışıb oraya gələn fağır-füqəraya bəsdi deyincə pay paylayır, açdıqları süfrələrə Ziyarət dağının ildən-ilə çoxalan zəvvarlarından çağırırdılar.

– Yeyin-için, qardaşlar, bacılar, – deyə Göyalı da, Qaratel də öz qonaqlarına hörmət edib xoş sifət göstərirdilər. Onlar da yeyirdilər, içirdilər, Şükranı verən qüdrətə şükür edirdilər. Şükran da boy atır, daha on yeddi yaşına çatırdı.

Bəs Göyalı öz sevimli oğlu Şükran üçün daha nə edə bilərdi? Nə edə bilərdi ki, atanın ürəyincə olsun, öz-özündən razı qalsın? Ağ papaqlı, ağ şal çuxalı, qırmızı məstili, qızıl toqqalı, bığ yeri təzəcə tərləyən Şükran üçün məxsusi bir at gərək idi, elə bir at ki, nəinki Göyən obalarında, ağqoyunlu tayfalarında, hətta Arazın o tayı Qaradağda, bu biri tayı Qarabağda əldə çıraq gəzilsə belə tapılmasın, bu bərabərlikdə bir at olmasın. Bu at yelqanadlı olsun, küləkləri yarıb içindən çıxsın, özünü də Şükranı da sağ-salamat çıxarsın. Əgər yağı düşmən Şükranın üstünə düşsə, bu at onu mühasirədən çıxarsın, oxlardan, nizələrdən xilas etsin, Şükrana heç bir zaval toxunmasın.

Şükran belə bir yelqanadlı ata minə bilərdimi? Heç şübhəsiz uşaqlıqdan Göyən düzənində tay-tuş içində at minməkdə el təlimi keçən, mühüm sınaqlardan çıxıb bu yerlərin birinci minicilərindən sayılan Şükran nəinki belə bir atı minə bilərdi, hətta o öz atını təlimləndirərdi, öz ağlı, zəkası ilə, öz çeviklik və cəsarəti ilə bu atı elə öyrədə bilərdi ki, ağqoyunluların hamısı heyran qalardı. Bəlkə heç belə bir at nağıllarda, əfsanələrdə də olmazdı. Bəlkə bu at Zümrüd quşuna, ya od-alovda yanmayan Səməndərə oxşardı? Dönüb onların hər ikisinə meydan oxuyardı?

Göyalı öz oğlunu özündən yuxarıya qaldırmaq, evindən köçürdüyü və köçürmədiyi qızlarını sevindirmək, öz oğul-qız nəvələrinə qürur, fərəh bəxş etmək, xüsusən ona belə misilsiz oğul doğan Qaratelin artıq gümüşlənən saçlarını öz titrək barmaqları ilə tumarlamaq istəyirdi.

– Bir olsun, pir olsun, Qaratel!

– Bəli, Göyalı, bizim biri Allah pir edincə öz amanında saxlasın!

– Heç şübhəsiz, Allah verdiyini öz amanında saxlayacaqdır!

– Son zaman qorxmağa başlamışam, Göyalı!

– Nədən ötrü, nə üçün, Qaratel?

– Bizim Şükranın dilə-dişə düşməyindən yana! Həm də pis-pis ağızlardan çəkinirəm, Göyalı!

– Allah amanında olana heç bir zaval toxuna bilməz, Qaratel!.. Mən ancaq bizim Şükranı verən, yeddi qıza bircə qardaş göndərən, özü də qızlarımızın bəxtini uğurluğa açan, bizə otuzdan artıq oğlan, qız nəvəsi bəxş edən ulu Tanrıma şükür edirəm! Bunlar hamısı Şükranın ayağının uğurlu olmağındandır, Göyəli qızı!

– Bəli, Göyalı oğlu, Göyalı qızlar da, onların uşaqları da, kürəkənlərimiz də Şükranın ayağını uğurlu sayıb, onu öz canlarından əziz tuturlar.

– Hələ Göylər camaatı, hələ Göyən obaları, hələ ağqoyunlular eli!

– Şükür, min-min şükür o Ziyarət dağına, o dağın övliya-ənbiyalarına, Ziyarət dağının yuxarı ulduzlu kəhkəşanında dayanan bu dünyamızı yoxdan yaradan, hikmətlə dolandıran ulu Tanrıya ki, bizə belə fəhmli-fərasətli, gözəl-göyçək oğlan qismət edibdir!

– Əlbəttə, əlbəttə, Göyalı, min-min şükür! Biz bəndələr ona nə qədər də borcluyuq!

Bu şükürlü söhbətdən sonra Göyalı ürəyini açıb öz gümüş saçlı Qaratelinə bildirdi ki, bəs onun ürəyindən necə də bir arzu keçir. Elə bir arzu keçir ki, o, Şükranı ucaltsın, Şükran bu arzu içində nəinki ucalsın, hətta qanad açıb istədiyi səmtə uça bilsin.

– Necə istədiyi səmtə uça bilsin, Göyalı?

– Elə istədiyi səmtə uça bilsin ki, daha bu dünyada heç kəs elə uça bilməsin.

– Yəni sən Şükrana doğrucul qanad almaq istəyirsən?

– Bəli, mən Şükrana elə qanad – elə bir at almaq istəyirəm ki, Şükran onun belinə qonanda qanad aça bilsin, bu at onun altında şəhpərə çevrilsin, bu şəhpər onu küləklərdən keçirsin, bu şəhpərlə o göydə havalanan qartallardan belə ötsün!

– Demək, sən Şükranı daha artıq gözə gətirmək istəyirsən, Göyalı?

– Yox, yox, Qaratel! Allahın bizə bəxş etdiyi Şükran üçün səxavətli olmaq, Allah payının müqabilində şükürlü olmaq istəyirəm!

– Yəni özünü, öz qoyun sürünü dağıtmaq, var-yoxunu da səpələmək istəyirsən?

– Bəli, Qaratel! – deyə Göyalı öz ürəyini açıb dedi. – Qızların uğurla ərə gedib, yeddi qızından evimizdə tək bircəciyi qalıbdır. O da bu gün-sabah öz bacıları kimi qanad açıb uçacaq, yurd-yuvasına düşəcəkdir. Qoy biz qocalmayaq, qoy bizim ürəyimiz açıldıqca açılsın. Bunu da bizə kim verə bilər? Ancaq Şükran! Şükranın misilsiz, müqabilsiz şəhpəri!

Qaratel hər necə razı olub-olmasa da, Göyalı sözündən dönmədi. Göyən obalarını gəzdi, dolandı, xəbər aldı, soraqlaşdı, uzaq ellərə varıb, uzaq-uzaq yerdən öz qalan qoyun sürüsünün çox yarısının qiymətinə ulduz kimi par-par parıldayan bir at aldı. Ona yaraşan qızıllı-gümüşlü yəhər-cilov da düzəltdirdi.

– Oğlum Şükrana bəxşişdir!

– Nə münasibətlə, ata?

– Bu gün oğlumuzun on səkkiz yaşı tamam olur! Mən Şükranı verən ulu Tanrımıza şükür edirəm! Sən mənim ürəyimsən, dirəyimsən, sən mənim Ziyarət dağında dərgah qapısında qəbul olunan iltimasımsan. Sən ulu Tanrımızın öz övladısan.

Şükran öz gözəl-göyçək başını atası Göyalının müqabilində ehtiramla əydi. Sonra da oğlan qayıdıb gendən baxan, ata ilə oğlunun söhbətini dinləyən anası Qaratelin Ziyarət dağının qarı kimi ağaran saçlarından minnətdarlıqla öpdü.

– Mən də ulu Tanrımıza şükür edirəm ki, mənim belə təmiz ürəkli mötəbər atam, anam vardır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

IX

Göyalı ilə Qaratel yenə də qaraltı içində qaldılar, basaratları bağlanan kimi tərpənmədilər, danışa-danışa durdular. Onlar ulu Tanrıya inanmaq-inanmamaq təzadı içində dolaşırdılar. Nə əl-ayaq eləyib tezcə yaylağa qalxa bildilər, nə də aranda əyləşib arxayınlaşa bildilər. Ziyarət dağı onlardan ötrü dar ağacına döndü. Onlar bu dar ağacından asıla-asıla durdular. Ziyarət dağında ulu Tanrıdan diləyib aldıqları Şükranı onun amanında, pənahında saysalar da, yenə də şübhədən xilas ola bilmədilər, qara mozalanın gətirdiyi qaraltılardan qurtara bilmədilər.Nə isə, kələfin ucunu itirib vurnuxdular, vurnuxdular, bütün sözsöhbətlərinə baxmayaraq, üzə açılışıb Şükrana ciddi bir söz deyə bilmədilər. Onlar Şükranın ürəyinə qara qorxu salmaqdan qorxdular, gözlədilər, gözlədilər görək nə olur, bu qaraltı aldadıcıdır, ya necə? Gözlədilər görək ürəklərimizə daman qaraltıların əsli vardır, ya necə? “Axı biz Ziyarət dağına ziyarətə getmişik, biz orada övliya-ənbiya məqbərələrini, qabağımıza çıxan qara daşları öpmüşük, kəlləyə qalxıb ulu Tanrıya dəxil düşüb Şükranı almışıq. Yeddi qızın gözlərini güldürmüşük. Ağqoyunlu elinə bir səvari – Ulduz belində qanad açan ecazkar bir oğlan vermişik. Bəlkə bu mozalan lap adəti mozalandır, aranlarda olan qamışlıqla da qaynaşan, dana-dunanı dingildədən çox qaraca, heyvərəcə mozalanın birisidir? Biz Şükranı artıq istədiyimizdən, onun üstündə tir-tir əsdiyimizdən belə olur? Bəlkə bu gizli xof vahiməni açıb qızlarımıza, yeznələrimizə deyək?.. Bəlkə onlar öz oğul-uşaqları ilə birlikdə bizim ürəyimizə qaraltı salan qara mozalanı bu həndəvərdən qovsunlar? Ulduza da, Şükrana da rahatçılıq versinlər? Biz də ürəkdə qaralmayaq, arxayınlaşaq, arxayın-arxayın yığışılıb yuxarılara, ala yaylaqlara qalxaq?! Orada ala göllərin üstündə – dədə-baba yurdumuzda alaçıq-çadır quraq? Burada düzəni-dağı gözdən keçirə-keçirə yenə də Şükranın Ulduzun belində necə uçmağına, necə dağlardan aşmağına tamaşa edək? Şükranı aran elində, Göyəndə deyil, qar yağınca uzaqlarda, yaylaqda saxlayaq? Özümüz də Ulduza çiçəkli dağ yoncası yedirək? Ulduzu ağ göllərdə çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman qoymayaq Ulduzun üstünə nəinki bir qara mozalan, heç bir qara milçək də qonsun!”

5 min
X

Ancaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”

2 min
XI

Şükranın ölüm xəbəri ildırım itiliyilə hər yana, Göyən oymaqlarının hər yerinə yayıldı. Eşidən, bilən dizinə döydü. Hamı yanıb-yaxıldı. Yaylağa qalxmayıb Göylər oymağında qalanlar çox tezcə Göyalı ilə Qaratelin görünməzin müsibətinə şərik oldular. Onlar Göyalı külfətinə qarışdılar, uşaqlı-böyüklü qara daşın dibinə tərəf axışdılar. Yelqanadlı, ağçuxalı, gümüş xəncərli, qırmızı məsli Şükranı yerdə sərili gördülər. Şükranın papağı kənara düşmüş, ancaq onun şəvə saçları səliqəsini pozmamışdı. Şükranın anası Qaratel oğlunun bir kənara düşən təpəsi güləbətinli ağ papağını götürüb bağrına basdı, sonra da papağı oğlunun sinəsinə atıb öz qırışıq üzündə sağ-islahat qoymadı. Ağqoyunluların adətincə ərgən igid öləndə anası üzünü öz dırnaqlarıyla didişdirməli idi. Ancaq Qaratel üzünü didişdirməklə qalmadı. O, sifətini sivirib sinəsinə tökdü. Haraya yetirən bacının heç biri bədbəxt anadan geriyə qalmadı. Bir an içində onlar öz gözəlliklərini tək qardaşlarına qurban verdilər. Göyalının oğlan, qız nəvələri, ucaboylu-ucaboylu yeznələri də bir-birinə qarışdı. Göyalı özü bir an içində büküldü, kişinin beli doqqalandı. Kəmfürsət qocalıq öz qılıncını çəkib kişinin boynuna qoydu. Şükranın ölümü xoşbəxt ailəni birdən-birə bədbəxtliyə düçar edib, yetimləşdirdi. Başqaları da yetimləşən külfətə qoşuldu. Elə bil ki, hamının bir tək oğlu, ya qardaşı qəflətən öldürülmüşdü. Bu hadisə bir tək Göyalı ailəsi üçün deyil, bütünlüklə Göyən obaları, Ağqoyunlu eli üçün bir müsibət kimi səslənməyə başladı. Ağqoyunluların aranı, dağı az müddət ərzində bir-birinə dəydi. Ayağı yer tutan yola düşdü. At-dəvə belinə qalxan daşlanıb Göylər kəndinə gəlməyə başladı.Qara daşın dibindən götürülən, Göyalının eyvanında qoyulan Şükranın cənazəsi dövrələndi, dam-daş əhatə olundu. Adamlar çoxaldıqca dalğa-dalğa genişləndi, baş-başa verən, çeşmə üstündə ucalan qollu-qanadlı çinarların altı adamlarla doldu. Başbilən Ağqoyunlu ağsaqqalları uşaq kimi ağlaşdılar. Öz ömürlərində çox toy və yas görən kişilər belə tablamayıb, hönkürüb hönkürüşdülər. Hər tərəfdən dəstələnib gələn qara geyimli ağıçı arvadların ağıları sümükləri sızıldatdı. Ağıçılar hələ də üzünə qara yaylıq çəkilməyən Şükranı bir qəhrəman igid kimi oxşadılar. Onlar nəinki indiyə qədər el içində yaranan ağıları yaraşdırdılar, özləri də Şükranı oxşayan ağılardan qoşdular, ağladılar. Axı, heç kəs Şükranın öz Ulduzunun belindən belə yarımçıq yerə salınmasına qıymırdı. Yaxın da, uzaq da Şükrana ürəkdən göynəyirdi, ürəkdən sızlayıb, ürəkdən ağlayırdı.

7 min
XII

Yuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.

7 min

Poems by other poets