Göyalı ilə Qaratel yenə də qaraltı içində qaldılar, basaratları bağlanan kimi tərpənmədilər, danışa-danışa durdular. Onlar ulu Tanrıya inanmaq-inanmamaq təzadı içində dolaşırdılar. Nə əl-ayaq eləyib tezcə yaylağa qalxa bildilər, nə də aranda əyləşib arxayınlaşa bildilər. Ziyarət dağı onlardan ötrü dar ağacına döndü. Onlar bu dar ağacından asıla-asıla durdular. Ziyarət dağında ulu Tanrıdan diləyib aldıqları Şükranı onun amanında, pənahında saysalar da, yenə də şübhədən xilas ola bilmədilər, qara mozalanın gətirdiyi qaraltılardan qurtara bilmədilər.

Nə isə, kələfin ucunu itirib vurnuxdular, vurnuxdular, bütün sözsöhbətlərinə baxmayaraq, üzə açılışıb Şükrana ciddi bir söz deyə bilmədilər. Onlar Şükranın ürəyinə qara qorxu salmaqdan qorxdular, gözlədilər, gözlədilər görək nə olur, bu qaraltı aldadıcıdır, ya necə? Gözlədilər görək ürəklərimizə daman qaraltıların əsli vardır, ya necə? “Axı biz Ziyarət dağına ziyarətə getmişik, biz orada övliya-ənbiya məqbərələrini, qabağımıza çıxan qara daşları öpmüşük, kəlləyə qalxıb ulu Tanrıya dəxil düşüb Şükranı almışıq. Yeddi qızın gözlərini güldürmüşük. Ağqoyunlu elinə bir səvari – Ulduz belində qanad açan ecazkar bir oğlan vermişik. Bəlkə bu mozalan lap adəti mozalandır, aranlarda olan qamışlıqla da qaynaşan, dana-dunanı dingildədən çox qaraca, heyvərəcə mozalanın birisidir? Biz Şükranı artıq istədiyimizdən, onun üstündə tir-tir əsdiyimizdən belə olur? Bəlkə bu gizli xof vahiməni açıb qızlarımıza, yeznələrimizə deyək?.. Bəlkə onlar öz oğul-uşaqları ilə birlikdə bizim ürəyimizə qaraltı salan qara mozalanı bu həndəvərdən qovsunlar? Ulduza da, Şükrana da rahatçılıq versinlər? Biz də ürəkdə qaralmayaq, arxayınlaşaq, arxayın-arxayın yığışılıb yuxarılara, ala yaylaqlara qalxaq?! Orada ala göllərin üstündə – dədə-baba yurdumuzda alaçıq-çadır quraq? Burada düzəni-dağı gözdən keçirə-keçirə yenə də Şükranın Ulduzun belində necə uçmağına, necə dağlardan aşmağına tamaşa edək? Şükranı aran elində, Göyəndə deyil, qar yağınca uzaqlarda, yaylaqda saxlayaq? Özümüz də Ulduza çiçəkli dağ yoncası yedirək? Ulduzu ağ göllərdə çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman qoymayaq Ulduzun üstünə nəinki bir qara mozalan, heç bir qara milçək də qonsun!”

Dedilər, yox, bu qaraltı gərək qovulsun, bizim fikrimizdə qaraltı gəzməsin, dolanmasın, ürəyimizə heç bir qara damcı dammasın, biz tərəddüdə düşməyək, tövbə edək, sarsıyan inam-etiqadımızı qaytaraq, yaylaqdan qayıdan baş yenə də Ziyarət dağına yollanaq, yenə də qurban kəsək, nəzir verək, yenə də ikilikdə həmin qülləyə qalxaq, ulu Tanrımız qarşısında diz çökək, tərəddüd göstərdiyimizə, xüsusən Qaratelin şəkk-şübhəsinə, inam-etiqadını bunca süstləşdiyinə, Məkkə ziyarətinin kara gəlməyəcəyi inamsızlığına görə hey tövbə edək. Guya bu qara əjdaha öz güclü nəfəsilə neçə adamı desən öz kamına çəkib dirigözlü uda bilər!

Hər birisi ayrı-ayrı düşünən, əslən birlikdə düşünüb ümumən eyni məfhum üstündə vahimə keçirən Göyalı ilə Göyəm qızı Qaratel bir az əvvəlki iztirablarından sonra titrəyə-titrəyə, qorxa-qorxa Allah dərgahında durmağa başladılar. Onlar indilik buradan uzaqlaşmaq, düşündükləri kimi yaylağa varmaq, sonra Aran elinə enincə Göyalının Məkkə səfərinə hazırlaşmaqla, hələlik Ziyarət dağına yollanmaq, düşündükləri kimi özlərini ulu Tanrının ixtiyarına vermək, bu qaraltılardan biryolluq qurtarmaq istədilər.

Onlar Göyalının Məkkə ziyarətinə qədər etiqadsızlıq, inamsızlıq göstərdiklərinə görə ulu Tanrı qarşısında öz günahlarını yuyub təmizlənmək, paklanmaq istədilər.

Onlar dinməz-söyləməz durdular, bir-birinə sığındılar, ürəklərinə daman qara damcıların həmin-həmin damdıqlarını duysalar da, dinmədilər, özlərini özlərindən gizlədilər!..

Lakin qara mozalan öz qara işindən qalmadı. O daha amansızca-amansızca gözlərini şişirdə-şişirdə Ulduzu dişlədi, zəhərlədi, qanını qaraltdı, ona əzrail kəsildi. Ulduzun gözünün işığını aldı, onu Şükranın bağladığı yaşıl yoncalıqda, çopur qara daşın qabağında öz ip-imlığının dolaşığına saldı, Ulduzu tər basdı. Qara qayanın daldasından göz qoyan Şükran kəmfürsət mozalanı yaxşıca-yaxşıca görmək, onun girəvəsini əlinə keçirib qəfildən tutmaq, vurub əzmək, təpikləri altına alıb tapdamaq, yox etmək, Ulduzu da dolaşıqdan qurtarıb qırağa qaçırmaq, tərini soyutmaq, onu tumarlamaq, belinə qızıllı-gümüşlü yəhərini qoyub, qızıllı-gümüşlü yüyəni ilə cilovlamaq, kefini açmaq, atılıb belinə minmək, ürəkləri qaralan ata-ananı da qaraltıdan qurtarmaq, onları sevindirmək, güldürmək, ürəklərini açmaq istədi. Şükran istədi ki, ürəkləri qaralan Göyalı ilə Qaratel görsünlər ki, daha mozalan yoxdur, Şükran yenə də ağçuxalı cavanların el-gün içindədir, bir tək ağçuxalı Şükran deyil, yüz ağçuxalı Şükran vardır, o da başçıdır.

İndi Şükran bu qara qayanın daldasında gizlənməklə, böyürdən başını çıxarıb baxmaqla Ulduzu dəliləşdirən, Ulduzluqdan çıxaran, qəzəbləndirən, cinləndirən qara mozalanı qəflətən tutub rədd edərdisə, necə də xata-balanı sovuşdurar, necə də Ulduzun o göz-bu gözündən öpər, necə onu da, özünü də fəlakətdən, müsibətdən xilas edərdi!

Lakin mozalan da mozalan görkəmində qalmırdı. O, Ulduzun gözündə ilan, əjdaha görkəmi alırdı. Şükranasa görünmürdü, gizlənirdi, uçub itirdi. Əgər o, Şükranın nəzərində də eləcə dəyişib şişib-şişib böyüsəydi, o öz göy zağlı xəncərini gümüş qınından çıxarar, həmin ilan-əjdahanı doğrayıb parçalayardı. Ancaq bu qaraltı öz fitnəkarlığı ilə Şükrana görünmürdü.

Ancaq oğlan qəti fikirdə idi. Mozalan hər necə şəklə düşsə də, hansı sirrə görə gözlərinə necə bir qaraltı çöksə də, bu dəfə əl çəkdi yox idi. Şükranın canı boğazına yığılmışdı. Daha təhəmmül etmək, səbir göstərmək mümkün deyildi.

Baxanda burada iki tərəf var idi. Gürələşən, şeytanlaşan, mozalanlaşan qapqara tərəf. O tərəf ki, Göyalı ilə Qaratelin ürəyinə dəhşətli qaraltılar gətirirdi. O tərəf ki, işıqlı gözlərə zülmət çökdürürdü. O tərəf ki, çürüdür tökür, çürüdüb tökdüyünə görə də öz qara qanadları ilə, qara sir-sifəti ilə qaradan qəhqəhə çəkirdi: “Mən uçurdum, mən dağıtdım, mən məhv etdim” deyirdi. Öz qara-qura şeytanlarını başına toplayıb qara-qara çalğı çaldırıb, qara-qara oyun çıxarır, qara-qara qıvxırıq qoparırdı. Öz qara qıvxırığı ilə insan nəşəsini də qaraldırdı. Ağçuxalı Şükran bu uğursuz, dəhşətli qaralığa qarşı çıxmağı, bu qaraltını tutub boğmaq qəsdini qarşısına qoydu. Özü də ancaq indicə, bax, buradaca! Onlar indicə, bax, buradaca qarşı-qarşıya durmalıydılar. Ancaq qarşı-qarşıya! İki tərəf qarşı-qarşıya: xeyir-şər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XV

Şükranın dəfnində Göyən düzənində insan dəryası təlatümə gəldi. İndiyə qədər görünməyən insan dalğası Göyən düzənində dalğalandı. Axı eşidən də Göyənə gəlmişdi, necə deyər, eşitməyən də, bilən də gəlmişdi, bilməyən də, yaxın da gəlmişdi, uzaq da. Ağqoyunlulardan başqa qaraqoyunlular da gəlmişdi, həkərəlilər də, bərgüşadlılar da, əlyanlılar da, müsəlmanlar da, zarıslılar da, ovşarlar da, mərzli-mərcanlılar da Arazın bu tayı qarabağlılar da, o tayı qaradağlılar da axın-axın Göyənə gəlmişdilər. Bilməyənlər bilənlərə, eşitməyənlər eşidənlərə qoşulub gəlmişdilər. Hər yanda, hər yerdə insan axını başlayınca, bu axından qalmaq qeyri-mümkün olmuşdu. Göyən düzəni öz ömründə görmədiyi min-min adamla dolmuşdu. Hamı bu müsibətə, faciəyə, bu ağır dərdə şərik olmağa gəlmişdi. Şükranın dəfni Göyəndə görünməyən insan toplanışına səbəb olmuşdu. Elə bir toplanış ki, nə ucu görünürdü, nə də intəhası. Adət üzrə arvadlar ayrıca toplanmışdılar, kişilər də ayrı. Ağçuxalı igidlər qara çuxalar geymişdilər. Onlar Ulduz atlarının belinə qara-qara örtüklər örtmüşdülər. Onlar piyadalanmışdılar. Atlarını yedəklərinə almışdılar. Məğrur başlarını döşlərinə sallamışdılar. İnsan axınının ardınca gəlməyə başlamışdılar. Bəs Şükranın Ulduzu? Qatil sayılan Ulduz harada qalmışdı? Bəlkə Ulduz öldürülmək qorxusundan yana qaçıb Göyənin dərin dərəsində gizlənmişdi? Xeyr, Ulduz nə qorxmuşdu, nə qaçmışdı, nə də bir yanda gizlənmişdi. İndi Ulduz heç kimdən, heç nədən qorxmurdu. Ulduz çox yamanca kədərlənmişdi. O, Şükranın ən yaxın dostlarından da artıq kədərlənmişdi. Onlardan da artıq göz yaşı tökməyə başlamışdı. Ancaq Ulduz bütün bu axının ardınca başını sallaya-sallaya, yenə də gözlərindən qanlı yaşlar tökə-tökə gəlməyə başlamışdı. Heç kəs də bilmirdi niyə bu qara at bu dəfn mərasiminə qoşulmuşdu? Görən də deyirdi: nə çoxdur Göyən düzən-dərələrində özbaşına buraxılan, əldən düşəndən sonra çölə ötürülən boş-bekara at! Bu atları nə cavanlardan, nə də oğru-əyridən qorğanan vardır. Belə atlar işdən düşüb, kardan çıxınca səllimi buraxılırdılar. Bu atlardan da ölən ölür, itən itir, batan batırdı. Əgər tək-tükü də qışın çovğunundan sağ çıxırdısa, baharın bolluğuna çatırdısa, istəyən kasıb-kusubun gərəyinə gələ bilirdi. Bəs Şükranın Ulduzu necə? Ulduz özbaşına buraxılsa belə, onun üzünə baxan olacaqdımı? Ulduzun necə bir Ulduz olduğunu bilincə, ona dəyib-dolaşan olmasa belə, bir kəsin gərəyinə gələcəkdimi? Görünür nə belə bir ata ürəyi yanan, nə də bir gərəyə gəldiyini güman edən tapıla biləcəkdi! Axı kim uğursuz ata, hətta özbaşına buraxılsa belə, sahib olardı? Kim Şükranı qətlə çatdıran atı tanıyıb-bilincə öz qapısına qoyardı? Heç kim, heç kəs! Əgər belə atı tanıyan-bilən olsaydı, onda mütləq daşa basardı, əlinə düşən odundan, yarmaçadan, qara tikan gör-kötüyündən görünüb atın başına çırpardı! Üstəlik də obanın itlərinə tutduruq verib bu həndəvərdən uzaqlaşdırardı. Əgər bu qara atın həmin qatil at olduğunu bilən olsaydı, çox yəqin ki, qəzəblənərdi, bu dəfn mərasimindən əvvəlmi, sonramı birbaşa bu uğursuz atın üstünə dönərdi, bəlkə də elin əli ilə bu at daşqalaq olardı. Göyən düzəni də ən böyük daşqalaq altında qalardı.– Bu nədi, balam? – deyə üstündən əsrlər ötsə belə soruşan tapılardı. – Bu nə boyda daşqalağıdır!

6 min
XVI

Axşamüstü yeddi bacanağın yeddisi də Göyalının qapısında ocaqlama qurub baş-başa verdi. Onlar öz ömür yoldaşlarının tək qardaşını boy atıb qalxan, tez-tez “Şükran dayının canı haqqı” – deyib and içən uşaqlarının sevdiyi, qürrələndiyi misilsiz adamı itirmişdilər. Xüsusən Göyalının oğlan nəvələrinin dilindən Şükran dayı düşmürdü. Demək, Şükranın ölümü bütün elə-obaya təsir edib hönkür-hönkür ağlatdığından da artıq bu irili-xırdalı Göyalı ailəsini ağlatmışdı. Ağlatmışdı da az idi, bünövrədən sarsıtmışdı. Elə bil ki, Göyalı ailəsi yer zəlzələsinin mərkəzinə düşmüşdü. Burada hamı yara almışdı, hamı sınıq-sınıq, şilşikəst olmuşdu. Göyalının sarsıntısı dəhşətli, Qaratelin sarsıntısı olmazın dərəcədə fəlakətli idi. Qaratelin gümüş saçları pırtdaşmışdı. Öz qanından, oğlu Şükranın qanından onun qar kimi ağ saçlarında uzun müddətdə izi itməyən talalar qalmışdı. Baxanda Qaratelin gözləri genişlənmişdi. Bu gözlərdə başaçılmaz vahimə yaranmışdı. Qaratel danışmırdı, danışa bilmirdi, heç bir işə qarışmırdı, qarışa bilmirdi. Ancaq Qaratelin gözləri də, işarələri də Şükranı həlak edən Ulduzu çox tezcə tapmağı, çox tezcə onu oxa tutub tələf etməyi israr edirdi. Bu at tapılsa belə, onu saxlamaq çətin, saxlamamaq da çətindi. Belə bir vəziyyətdə istər-istəməz dost dönüb düşmən olmuşdu. Ən dəhşətlisi də öz dostunun düşmən olması deyildimi? Ən ağırı da öz dostunla düşmən düşmək deyilmi?Qara mozalan öz qara niyyətini çox yamanca qaralıqla yerinə yetirmişdi. Bu qara Mozalan hər iki dostun – Ulduzun da, Şükranın da qanını içmişdi. Qara mozalan öz qara mozalanlarına qarışıb haradasa kefə başlamışdı. Dönə-dönə dönüb baxan, diqqət yetirən olsaydı, görərdi, yəqin edərdi, bütün şəkk-şübhədən, hər hansı bir iştibahdan çıxardı, necə də qara paxıllıq, qara iblislik, qara şərəşürlük, qara qatillik öz qaradan qara işini görmüşdü, elə bil ki, qara şeytan geniş Göyən düzənində ürəyindən xəbər verən belə bir uçqunu açmaqla öz kinli ürəyini güldürmüşdü. Öz qara qəhqəhəsilə Göyən düzənini dönə-dönə doldurmuşdu. Bu şər-şeytan çox yamanca qələbə çalmışdı. Azdan çox törəmişdi. Bir damcı zəhər bir sərkərdəni yerə sərmişdi. Belə idi!..

5 min
XVII

Üstündən on gün ötdü. Qara at qapıya gəldi, Göyalının adamlar seyrəkləşən həyətinə girdi. Müqəssir oldu-olmadı, Ulduz divana gəlmişdi. Ulduzu görən ailə ağladı. Getdikcə gözləri genişlənən Qaratelin qəzəblə dolan gözləri yandı. Onun göz yaşları kirpiklərində qurudu. Ulduz özü ilə buraya başaçılmaz təzad gətirdi. Kimdə Ulduza qarşı kin, kimdə də gizli tərəhhüm doğdu. Kimi Ulduza Şükranın qanadları kimi, kimi də qəddar qatili kimi baxırdı. Götürüb baxanda hər iki tərəf öz-özlüyündə düz idi. Qara mozalanın qara hərəkətindən xəbərdar olmayan, qara daşın qabağında Ulduzu didə-didə qanını necə axıtdığını, necə hirsləndirib gözlərini qaraltdığını bilməyənlər Ulduzu yolundan azan, cızığından çıxan nankor bilirdilər. Bu nankoru da Şükranı qətlə çatdırmaqda ən ağır cəzaya, ən qəzəbli divanə layiq görürdülər. Heç bir başqa səbəb arayıb-axtarmadan bu atın məhvini, özü də Göylər kəndinin ortasında oxa tutulmağını, Göylər obasının itlərinə yedirdilməsini düzgün hesab edirdilər. Deyirdilər ki, qoy belə dönük çıxan Ulduza bundan da yaman divan tutulsun. Yoxsa ayrı cür heç kəsin ürəyi soyumayacaqdır...Qapıya gələn qara ata hər kəs belə bir kinlə, nifrətlə baxıb udqunurdu. Bu ata tərəhhüm edənlər, bu qətli təsadüfi xata sayanlar, mozalanamı, milçəyəmi görə nallı təpiyə yol verilməyin nəticəsində belə bir bədbəxtlik baş verdiyini gümana gətirənlər öz fikirlərini gizləyirdilər. Gizlənənlər isə özlərini büruzə verir, hər kəs bu ata şəxsən divan tutmaq üçün özünü qabağa verməyə cəhd edirdi. Ələlxüsus da Göyalının yeznələri. Yeddi bacanağın yeddisi də bu atdan intiqam almaq üçün özlərini yeyib-tökürdülər. Lakin onlar unutmamışdılar ki, Göyalı necə də Şükranın ox, kamanını qəbrə qoymamağı təklif etdi, Şükranın ox, kamanı ilə bu atdan intiqam alacağını el qabağında elan etdi. Göyalının ürəyi az-çox soyusun deyə, bu atı oxa tutmaq, obanın içində də olmasa, bir qıraqda gəbərtmək, Göyən dərələrinin qurd-quşuna yem eləmək gərək idi. Bu gərək işi də ürəyi intiqam alovları içində yanan ata görməliydi. Onda bəlkə Göyalı az-az özünə gələ bildi? Əgər bu divanı oğlunu itirən bədbəxt ata oğlunun qatilinə tutsaydı, ümumin nəzərində insaflı, ədalətli iş olardı. Yoxsa döşünə döyən yeznənin heç birisinin burada yeri yox idi. Ümumin nəzərində yerinə düşərdi ki, Göyalı bu ata bir ox atdığı halda Qaratel də bir ox ataydı, ata-ana bəsdi deyincə bu qatil atı oxlayaydı. Onda bəlkə atanın da, ananın da ürəyi az-az soyuyaydı, nitqi tutulan ana az-az da olsa özünə gələrdi. Onda bəlkə ana həyatda sağ-salamat qalan qızlarını da, nəvələrini də nəzərə alardı, az-az toxtardı, dəli-divanə olmaq qorxusundan da sovuşardı. Yoxsa ayrı cür ananı geri qaytarmaq mümkün olmazdı.

5 min
XVIII

Qara şeytanın qara qurğusu qara mozalan qara qəsd üçün öz qara rəngini Ulduza yaxıb bu dünya üzündə uğursuzluğun qara kabusuna döndərmişdi. Ulduz öz Şükranının, igid qəhrəmanını; ağ çuxalı, ağ papaqlı, gümüş xəncərli, qırmızı çekməli səvarisinə dəmir nallı təpik çalmaqla öz taleyinə də təpik çalmışdı. Şükran ölmüşdü. O torpaq altındadır. Ulduz da ölmüşdür, ancaq torpaq üstündədir. Belə bir fəlakət olandan sonra, əlbəttə, torpaq altında, gözlərdən iraqda olmaq qat-qat yaxşıdır. Sürünə-sürünə, sürüklənə-sürüklənə, gözdən düşə-düşə, nifrətlə süzülə-süzülə, lənətlə damğalana-damğalana bu qara at kimi yas içində qalmaqdansa, ölüm yaxşıdı! Deməli, qapıya gələn qara at üçün tale ölüm yolu açmışdı. Elə bil qara ölüm onu səsləyirdi: gəl-gəl qara at! Gəl mən səni düşdüyün qara gündən xilas edim! Gəl, gəl qara kabusluğunu ortadan götürüm! Axı sənin qalmağın əzab-əziyyət, işgəncədir! Sənin ulduzun Ziyarət dağının başı üstündə batıbdır. Dayanma, durma, gəl qaranlığa qovuş! Gəl, bu dünyanın heçliyini, puçluğunu bildirən bu şit-şitəngə işıqda əlləşmə, çapalama! Sən qaranlığa qovuşub işıqdan uzaq ol! Daha heç kəs burada səni daş-qaya ilə vurmayacaq! Bu qaranlıqda heç kim burada səni hədələməyəcək! Heç kəs səni uğursuzluq timsalı sayıb qəzəb və nifrətlə süzməyəcəkdir. Sən qaranlıqda öz azadlığını tapacaqsan!Qara mozalanın şeytan-şər zərbələrini axıra qədər tutdurmaq, öz qara qəsdlərini axıra qədər yerinə yetirmək, qara don geydirdikləri Ulduzu axıracan aparıb axırına daş atmaq istəyirdilər. Gah mozalan cildində Ulduzu çalmaqla, gah qaranlığı işıqdan, ölümü yaşamaqdan üstün tutmaqla həmin qara mozalan qara atı qaranlığa çəkirdi. Qara at həmin tərəfə çəkilirdi. Şükransız belə işıqlı dünyadansa ona qaranlıq, ölüm yaxşı gəlirdi. Belə yaşamaqdansa yaşamamaq yaxşı deyilmi? Zəhərlənəndən sonra yaşamaq kimə, nəyə gərəkdir? Demək, mozalan öz şeytan qurğusu ilə kimini çox, kimini az da olsa zəhərləmişdi. Göyalı ailəsinin içində mozalanın fitnə-fəsadı nəticəsində zəhərlənməyən, ürəyi tir-tir titrəməyən tək bircə nəfər də olsa yox idi! Bəs Ulduz? Bu dünya üzündə ən ağır cəzanı Ulduz özünə verməmişdimi? Bundan belə gözlənilən cəza bu «əzanın müqabilində nə idi? Ölüm! Öldürülmək! Nəfəsi varkən Ulduz Şükranı axtarırdı! O öldürdüyü süvarisini axtarırdı. Ancaq Ulduz bir də, bir də duyurdu, bilirdi ki, Şükran orada qara qayanın qabağında, onun nallı təpiyi ilə qətlə çatdırılıbdır. Bu təpikdən çevikliklə çovuyan mozalan Şükranı onun dəmir nallı təpiyinə tuş edibdir. Ziyarət dağına gedən cığırın yanında Şükran qara torpağa gömülübdür. Üstü də qara tikanla tikanlanıb, ağ-qara, boz göy rəngli daşlarla daşlanıbdır.

6 min

Poems by other poets