Görünür bu dünyada xeyir iş, xoşbəxtlik olunca şər də qıraqda durmur, öz gücünü göstərir.

Göyalı ilə Qaratel Ziyarət dağının göy gurultusunda necə vahiməyə düşüb, necə güclü gürşaddan gizlənə-gizlənə hər necə yaxşıyamı-yamanamı yozsalar da, görünür, bu mozalan da Ulduzun canına qəsdən ariz olmuşdu. Görünür qara mozalanın göz qamaşdıran Ulduza qəsd etməyi heç də qərəzsiz deyildi. Mozalanın qərəzi ancaq Ulduza deyildi, həm də ən ümdəsi Ulduzdan da artıq Şükrana idi. Elə bil ki, harada, hansı uzaq-yaxında gizlənən, üzə çıxa bilməyən qara şərpaxıllıq bu qara mozalanı öz şeytan bətnindən doğurub vücuda gətirmişdi. Ulduzun və Ulduzla canbir qəlb olan Şükranın üstünə göndərmişdi. Buna görə də mozalan öz qara işindən qalmırdı, öz bildiklərini Ulduza edirdi. Özü də dönüb Ulduzun öz bədənində, ya da başqa bir ağlagəlməyən yerində gizlənirdi. Elə ustalıqla gizlənirdi ki, nəinki bir tək Şükran, bir çox adam öz iki gözünü dörd etsə də, yenə də mozalanı girinə keçirə bilməzdi, qan sorub, qan axıtdığı yerdə onu tutub yox edə bilməzdi. Mozalan elə bicliklə hərəkət edirdi ki, elə bil ki, adəti mozalan deyildi, şər-şeytan idi, bunların cəmi-cümləsi idi! Özü də uçurub-dağıtmaqdan, yıxıb-yaxmaqdan nəşələnən bir düşmən idi. Girəvəçi mozalan hirslənən, qəzəblənən Ulduzun gözündə birdən də böyüyürdü. Mozalanın kinli gözləri şişirdi, dombalanırdı, qamı da şişib-şişib zəhər tuluğuna çevrilirdi. Elə bil ki, bir neçə gürzənin zəhəri mozalanda toplanmışdı. Mozalan hər dəfə Ulduzun girəvəsini alıb onu sancınca, Ulduz çırpınırdı, gömgöy göynəyib yanıb-yaxılırdı ki, qanad alıb düzü-dünya boyu uçduğu Şükranı da öz qanadları üzərində uçurduğu, külli-aləmə səs saldığı zamanda yenə də mozalan onun ovqatını təlx edib, qanını zəhərləyirdi. Ancaq Şükran nə qədər göz qoyub baxsa da, mozalan Şükranın şahin gözlərinə görünmürdü. Hansı sehrləsə mozalan özünü sağ-salamat saxlayır, Ulduza bildiklərini edir, ondan heç bir fənalığını əsirgəmirdi. Qara mozalan öz qara cildinə girib birdən zəhərli ilana, birdən də qara bir əjdahaya çevrilirdi. İndi nə etmək olardı? Necə Ulduz bu mozalandan öz canını xilas edə bilər, öz əvvəlki nəşəsini qaytarıb, öz vəziyyətini düzəldə bilər, yenə də öz kişnərtisi ilə Göyən düzənlərini doldura bilərdi? Necə Ulduz yenə də ağqoyunluların gözündə parlaya bilər, Göyalı ilə Qaratelin, bunların oğul-uşağının – bütünlüklə Göylər obasının tütək çalan çobanlara qədər hər kəsi güldürə bilərdi? Necə Ulduz öz parlaqlığı ilə görəneşidən kəslərin ürəklərini aça bilərdi? Bir halda ki, bu qara mozalan, elə bil ki, qara bir məşum kölgə, dəhşətli bir kabus idi və öz dəhşətilə də Ulduzun başının üstünü almışdı, girəvəsini kəsmişdi, onu baş qaldırıb göz açmağa qoymurdu. Qara mozalan nəinki Ulduzun, Ulduzdan da artıq Şükranın ovqatını təlx edib qanını qaraldırdı, özü də Şükrandan ötüb Göyalını vahiməyə salırdı ki, gümüş saçlı Qaratelin ürəyinə hey qara damcılar damızdırırdı. Elə belə fikirləşəndə qara mozalan göz qabağında idi. Ancaq əslində heç də göz qabağında deyildi. Aydın idi ki, Ulduzu çalan, Ulduzun damarlarından yapışıb onun qanını axıdan, canına öz zəhərini yeridən heç bir ilan-əqrəb deyildi, qaraca bir mozalan idi. Əgər bu qaraca mozalan adicə mozalansa, canına şər-şeytanın qaraca nəfəsi dolmayıbsa, niyə bəs çəkilib getmir, niyə rədd olub uzaqlaşmır? Demək, qara mozalanın işi, qəsdi bu növrağı pozmaq idi, bu xanimanı dağıtmaq idi, bu müqəddəs nəşəyə zəhər qatmaq idi. Göyalı nəslinin çörəyini zəhərlə yoğurmaq idi, bəxtəvər ailəni ağlatmaq idi, ağqoyunluları qara yasa batırmaq idi. Şükranı doğan gümüşsaçlı, xoşbəxt Qarateli bədbəxt etmək idi. Bəs ayrı cür isə onda niyə bir küləkdə qayaların birinə çırpılmasın, yaxud Ulduzun qaça-qaça qopardığı toz-tozanağın içində itib-batıb qalmasın? Hey, hər yandan sağ-salamat çıxsın, diribaşlıq göstərib yaxa qurtarsın, alçaq qəsdini yerinə yetirməyincə, Ulduzun ürəyinə sağalmaz dağ çəkməyincə bir yanda qopub qalmasın?! Qara mozalan bu növrağı hey pozmaqdan, Göyalı ailəsinin sinəsinə dağ çəkib düyün qoymaqdan zövq alsın?! Baxanda bir qara dombagöz nə idi ki, Şükranın, ya Ulduzun ayaqları altına düşüb məhv olmasın? Amma nə edəsən ki, qar mozalan nə əl verir, nə də bunlardan hər birisinin ayaqları altına düşürdü. Getdikcə mozalan həyasızlaşır, sırtıqlaşır, öz zəhmlənən qara sir-sifətilə Göyalı külfətinin gününü göy əsgiyə düyürdü. O, Ulduzun şəhpərini qırıb Şükranın şöhrətini yox etmək istəyirdi. Şükranın köşək gözlərini söndürmək, Göyalının yurdculunu yoxa çıxarıb, onun ocağını keçirmək istəyirdi. Qara məqsədindən üzülməyən, qara qəsdinin yolunda yorulmaq bilməyən qara mozalan getdikcə daha da qatilləşirdi. Ulduzun qanını gündən-günə tez-tez sormaqdan, zəhərləməkdən başqa bicliyə, hiyləyə də keçirdi.

Mozalan çalışırdı ki, qəzəbə dolan Şükran öz Ulduzunu bir sütuna möhkəm-möhkəm bağlasın, öz əlinə qamçı da yox, bir zoğal dəyənək götürsün, o ki var Ulduzu döysün, əzib-əzişdirsin, qol-qanadını qırıb xurd-xəşil etsin; axır ki, bu qol-qanadlı Ulduzu bir qulağı sallaq əfələ çevirsin. Kinlənən Ulduz da bir gün girəvəsinə salsın, bir yolla Şükranı həlak etsin!

Mozalan hər necə araya girib Ulduzun qanını qaraltdığı kimi Şükranın da qanını qaraltsa da, yenə də Şükran Ulduzdan dönmür, qardaş qardaşından dönməyən, onun ağır xəstəsini becərən kimi, Şükran da kefi pozulan, hirslənən, əsəbiləşən, nəticədə xəstələnən Ulduzu becərirdi. Belə vaxtlarda mozalan xəbis-xəbis susur, gizlənirdi. Şükran isə onu öz dili ilə dindirə-dindirə kefini açırdı: Ulduzla oynayırdı, bir qədərdən ona ağrı-acısını unutdururdu. Elə bu zamanda Şükran mozalanı rədd olub gedən zənn edib, fışqırıq çala-çala qızıllı-gümüşlü yəhərlə Ulduzu yəhərləyib yüyənləyirdi, onun belinə qalxırdı. Ulduz da qanad açıb, uçub-uçurdu. Ulduzun belə uçduğunu, Şükranın isə öz Ulduzunun üstündə qol-qanad açdığını görən Göyalı da, Qaratel də özlərinə qayıdıb sevinirdilər. Ata ilə ananın sevinci yerə-göyə sığmırdı.

– Görürsənmi oğlunu, Qaratel?

– Görürəm, Göyalı!

– İndi necə bəs, Qaratel? Deyəsən mozalan atdan əl çəkibdir.

– Görmürsən at necə dincdir.

– Deyirəm, Göyalı, mozalan yoxkən tez tərpənək, tezcə keçək yuxarılara, buzlu yaylaqlara, Göyənin kürə kimi qızaran qızmarından qurtaraq!

– Tərpənək, Qaratel, tərpənək!

– İlahi, sən lap məni öldür, – deyə Qaratel duaya döndü: – Amma bir tək bizim Şükranımızın müsibətini bizə göstərmə! Bu mozalanı ya öldür, ya Ulduzdan uzaq elə!

– Qız, uğursuz qız, barı, gizlə bu uğursuz sözlərini! Etiqadını möhkəm elə!

– Məni qınama, Göyalı!

– Gizlə bu uğursuzluğu, Qaratel! Axı, burada nə var ki! Sən hansı haqla gözümün işığı Şükran barəsində nigarançılıq çəkirsən?

Qaratel gözlərində qaynaşan göz yaşlarını silməyə başladı. Bilmirəm, Göyalı, niyə ürəyim belə səksəkədədir. Deyirəm, ulu Tanrı öz verdiyi oğlu amanında saxlar. Bəs niyə o, ürəyimizə qara damcılar dammağa qoyur? Niyə bəs biz burulğanlardan boğuluruq?

– Sən özün özünü burulğanlarda boğursan, Qaratel!

– Bəs onda sən niyə boğulursan, Göyalı?

– Ulu Tanrı özü bilir ki, sən özün məni burulğanlara salıb boğursan, Qaratel!

– Mən hər necə bir burulğanda boğulsam da, sən boğulma, Göyalı! Mən boğulum ki, Şükranın yaman gününü, müsibətini görməyim, Göyalı!

– Sən ulu Tanrımızın qabağında öz inamını itirmə, Qaratel!

– Düzü, mən ürəyimə daman qara damcılardan yana öz inametiqadımı itirirəm!..

– Qız, bunca asi düşmə, qız!

– Axı, niyə mən bunca iztirab çəkim, Göyalı?

– Məgər, Göyəm qızı, bizim Şükranın varlığı sənin üçün başdanbaşa iztirabdır?

– Şükran mənim şükürümdür, Göyalı!

– Onda bəs elə lap indicə diz çök, ulu Tanrıya şükür et!

– Hey ona şükür edirəm, amma arxayınlaşa bilmirəm. Ürəyimə daman qara damcılar məni qorxudur, Göyalı! Qaralan ürəyim bu qara damcılardan yana hey tir-tir titrəyir. Şükran üçün qorxuya, vahiməyə düşürəm!

– Yenə də ulu Tanrı qarşısında etiqadsızlıq, inamsızlıq, Qaratel? Axı qız, Ziyarət dağının ulu Tanrısının pənahından olana nə zaval?

– Sən də hey bu sözləri vürd eləmə, Göyalı!

– Bəs necə, özün də elə dillə deyirsən?

– Düzü, sən, Qaratel, mənim arxayın ürəyimi qara şübhələrlə doldurmusan, – deyə Göyalı bilmirdi nə etsin, ürəyini dolduran qara damcılardan necə qurtarsın. – Sənin uğursuz sözlərin, bilirsənmi necə də mənim inam aləmimə zəlzələ salıbdır, Göyəm qızı!

– Sən bil ki, Göyalı, uğursuzluq dildən ürəyə axmayıbdır, ürəkdən dilə gəlibdir!

– İlahi, ilahi, Göyən düzəninin bir qara mozalanı nədir ki, biz belə vahiməyə düşmüşük? Belə uğursuz iztirab burulğanları içində boğuluruq?

– Mənim qaralan ürəyim deyir ki, biz boğulacağıq, Göyalı! Ala yaylağa köçmək də məni rahat eləməz. Gəl lap tezcə, lap indicə sən Şükranı Ulduzdan aralat!

– Mən gündən-günə qanad açan Şükranın qanadını necə qırım, Göyəm qızı?

– Kişi, sən bu sözləri əzbərləmə, mən deyənə əməl et!

– Bəlkə özün oğluna deyəsən, özün öz təklifinə əməl edəsən?

– Əməl edərəm, Göyalı! Sinəmi açıb Şükrana yalvararam, deyərəm: oğul, Ulduzdan uzaq düş! Deyərəm ki, sən Ulduzun belinə qalxan gündən mənim ürəyim qorxudadır!

– Bəs sənin yerə-göyə sığmayan sevinclərin necə, Göyəm qızı?

– Sevinclərim həmişə üzdən olubdur, Göyalı!

– Bəs niyə elə gülmüsən, elə şaqqıldayıb, şadlanmısan?

– Ürəyimi unutduğum vaxtlarda gülmüşəm, şaqqıldayıb şadlanmışam, Göyalı!

– Demək, sən ürəyinin ayıq vaxtında gülməmisən, ürəksiz şadlanmısan?

– Əzəldən ürəyim titrətmə içində olubdur, titrəyə-titrəyə də qan axıdıbdır!

– Görünür Şükranı ulu Tanrıdan diləyəndə də, ondan alanda da!

– Şükran bizə səadət gətirdiyindən artıq fəlakət gətirməsin barı! Ulu Tanrı, sən özün bizi Şükranın müsibətindən, fəlakətdən xilas et!

– Hər necə olsa da, Göyalı, mən Ulduzu Şükrandan, Şükranı da Ulduzdan aralayacağam! – deyə Qaratel qərarını verdi. Göyalı gömgöy göyərdi.

– Demək, sən qorxduğun qəzadan qaçacaqsan, arvad!

– Bəli, qaçacağam, kişi!

– Ulu Tanrımızın pənahına şübhə edəcəksən?

– Bəli, mən şübhədəyəm, Göyalı, şübhədən də xilas ola bilmirəm, Göyalı!

– Sən gavurlaşırsan, Qaratel!

– Doğrudan da, Göyalı, mən etiqadımı itirib gavurlaşıram. Ancaq sən müsəlmanlaş, Məkkə ziyarətinə get, Məkkə daşını bəsdi deyincə öp!

– Mən, Qaratel, Şükran üçün Məkkə ziyarətinə getmək barədə ulu Tanrıya and içirəm. Təki Şükrana heç bir zaval toxunmasın. Mən Məkkə ziyarətgahında da dəvə kimi ayaqyalın olub, Məkkəyi-mükərrəmənin dövrəsinə dolanacağam, oradan bizim dünyamızın böyük qibləgahından üz tutub ulu Tanrımıza yalvaracam, deyəcəyəm ki, ey bizi yoxdan yaradan ulu Tanrı, sən həm Ziyarət dağının üstündəsən, həm də Məkkə məbədinin. Sən hər yerdə hər zaman varsan. Sən bizə bəxş etdiyin Şükranı öz pənahında saxla! Sən qara-qara damcılara bizim ürəyimizdən çıxart. Qoy biz Şükrana toy edək. Ona gözəl-göyçək bir Sevgili qız alaq, onun toyunda ellikcə oynayaq. Sən Şükranı xoşbəxt elə, sən bizdən sonra Şükranı bizim yurdumuzda yurdcu elə. Qoy həmişə bizim Göyəndən – Göylər oymağından Ziyarət dağına doğru bizim ocağımızın tüstüsü uzansın!.. – Bəyalı oğlu Göyalı öz gələcək Məkkə ziyarətindən, orada necə ulu Tanrıya yalvarıb-yapışmağından xeyli danışdı. Ancaq ağ saçlı Qaratel heç bir vəchlə ovunmadı, ovuna da bilmədi. O öz ağ saçlı başını tuta-tuta ürəyində başlayan tərəddüd içində ağlayıb; ağlayıb:

– İlahi, sən bizə qəzadan qaçmağa aman ver! – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXXIII

Murtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:

19447 min
XXXIV

Yavər Murtuzova qazanları qaydaya salandan sonra əlini döşlüyünə silə-silə mətbəxdən eyvana çıxdı. Bu son söhbət zamanı Züleyxa ilə açılışan Qaloşlu adam Yavəri görmüş, Məmmədxanın işi barəsində onu qızışdırıb Züleyxa ilə Şəhla xanımın üstünə yönəltmişdi.– Qız, qırsaqqız olub yapışarsan yaxalarından – deyə Qaloşlu adam sözünün axırında təkidlə ona tapşırmışdı. – Lap qırsaqqız!.. quyruğu qapı arasında qalmış kimi hey çapalayıb vurnuxacaqlar!..

194413 min
XXXV

Bəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!

19448 min
XXXVI

Mehman respublika prokurorluğunda, öz keçmiş məktəb və hüquq fakültəsi yoldaşlarından bir qrupla görüşdü. Gənc prokurorların hamısı bir-biri ilə mehribancasına salamlaşdılar, öz yoldaşlarının iş-gücündən soruşub əhvallaşdılar. Bir ay bundan qabaq hüquq fakültəsində respublika prokurorluğuna işlər müdiri vəzifəsinə keçirilən Katibə xala qoltuğunda dəftər qapıdan boylanıb:– Yoldaş prokurorlar! – deyə onları öz yanına çağırdı. – Rica edirəm, bir mənim öz yanıma zəhmət çəkin!..

19446 min

Poems by other poets