Mehman sənədlərini təqdim edib hüquq fakültəsinə daxil oldu. Builki qəbulun yekunları haqqında fakültənin dekanı professor Məlikzadə məruzə edəndə Mehmanın adı üzərində də böyük bir iftixarla dayandı:

– Kim deyə bilər ki, tələbələrin ən yaxşısı ancaq tibb institutuna, ya sənaye, ya başqa-başqa institutlara gedirlər?.. Yaxud bacarıb oralara girə bilməyənlər, sonra dönüb bizə gəlirlər?

Professor Məlikzadə o cümlədən Mehmanın onillik şəhadətnaməsini götürüb çeşməyini gözlərinə gətirdi, bütün fənləri oxudu: – Əla, əla, əla! – O qurtaranda bütün salon əl çaldı. Hamı yerindən dönüb boylandı. Mehman oturduğu yerdə sığışılıb balacalaşdı.

– Kimdir o?

– O kimdir?

Professor Məlikzadə gözlərini gəzdirib:

– Xahiş edirəm, adını çəkdiyim tələbə ayağa qalxsın! – deyə təklif etdi.

Hamı yan-yörəsinə baxdı. Mehmanı tər basdı. O, cıqqır çıxara bilmədi. Professor salona təkrar müraciət etdi.

– Yoxdurmu, Mehman?

– Yoxdur, yoxdur!

– Yəqin bura gəlməyibdir?

– Söz çatar!..

– Onunku indidən gətirdi!

– Bəli, burada da bəri başdan!..

Professor əlini qaldırınca səslər kəsildi, o məruzəsinə davam etdi. Mehmanın adı hüquq fakültəsinə yayıldı. Bir neçə gün sonra respublika qəzetində professor Məlikzadənin builki tələbə qəbulu haqqında geniş bir məqaləsi dərc edildi. Başqa qəbul edilənlərlə bərabər bu məqalədə Mehmanın adına da xeyli yer verilmişdi.

Mehman böyük həvəs və ciddiyyətlə dərsə girişdi. O tədris kitablarından başqa, ən qədim dövrlərdən başlayıb gələn hüquq elmlərinə aid kitabları da ciddi oxumağa başladı. Mehman fakültənin qiraətxanasından çıxmaq bilmir, qədim zamanlardan bəri insan hüququ barəsində gedən döyüş və mübarizələr onun marağını cəlb edirdi. Mehmanın şöhrəti getdikcə fakültədə artır və yayılırdı. Onun natiqlik məharəti isə hamını heyran etməyə başlayırdı.

Bir gün professor Məlikzadə öz kabinetində əyləşəndə ağsaçlı Məlikə xanım qapı arasından:

– İcazə varmı? – deyə nəzakətli bir səslə soruşdu. Professor başını qaldırıb:

– Buyurun, – dedi. Qapının ağzına yeriyib müəlliməni qarşıladı.

– Mənim oğlum sizin hüquq fakültəsində oxuyur... Ürəyim durmadı. Gəldim sizdən soruşam...

Professor müəlliməyə kürsü göstərdi, hər ikisi əyləşdi.

– Oğlunuz kimdir?

– Mehman!

Professor iftixar hissilə:

– Gözəl baladır, – dedi, – çox mahir bir natiqdir, – o, barmağını zəngin düyməsinə dayadı. Ucaboylu, ortayaşlı bir qadın gəldi. Professor qolundakı saata baxdı:

– On dəqiqədən sonra tənəffüs olacaq, Mehmanı yanıma çağırmağınızı xahiş edirəm!

Ucaboylu, ortayaşlı katibə xala çıxdı, papirosunu yandırıb damağına aldı: “Bəlkə bu xanımın da qızı, bizim Şəhla xanımın qızı Züleyxa kimi Mehmana vurğun kəsilibdir? – Katibə xalanın beyni tüstülər içində dumanlandı. – Görək...”

Professorla müəllimə söhbətə girişdi. Professorun Mehman haqqında olan tərifləri haqq-hesaba gəlməz oldu. O, ağsaçlı müəlliməsini görüncə gözləri yaşardı, onun qarşısında öz qara, qıvrımsaçlı başını əydi, müəllimənin əlini öpdü. Məlikə xanım mehmanın əlini tutub silkələdi, sonra onun boynunu qucaqlayıb geniş alnından öpdü. Professor təəccüblə:

– Siz bu şəhərdə ana-bala bir yerdə olmursunuzmu? – deyə soruşdu, – çox-çox qəribədir?!.

– Mən onun müəlliməsiyəm! – Məlikə xanım öz sabiq şagirdini şəfqət dolu bir nəzərlə süzdü, – ikinci anası...

Professor başı ilə:

– Çox gözəl, – deyə müəllimənin bu hərəkətini təqdir etdi, – çox doğru, çox da düzgün!

– Mehman utanır, mən özüm gəldim... Gəldim ki, görəm bizim uşaq necədir?.. Burada necə oxuyur?.. Bizim məktəbin bayrağını uca saxlaya bilirmi?

– Bəli, çox uca!

– Çünki biz məktəbimizin adını çox uca tuturuq!

– Böyük vətənpərvərlik konkret işdən başlayır!..

Bir azdan zəng vuruldu, müəllimə Mehmanı oxşayıb onu dərsə ötürdü.

– Hüquq elmi. Bəli, çox böyük elmdir, – deyə professor öz sahəsini tərifə başladı. – Çox böyük elmdir, Məlikə xanım! Bu inqilab və tarix boyu olan bir çox böyük qovğalar insan hüququ uğrunda olmuşdur! Vladimir İliç özü də bu elmi oxumuşdur. O, böyük insan öz ömrünügününü bu hüquq və ədalət yolunda vermişdir!

– Bu belədir, ancaq nədənsə tələbələr buraya bir qədər ağır gəlirlər, – deyə müəllimə təəssüf hissilə qeyd etdi.

– Niyə, niyə, daha indi çox yaxşı gəlirlər, – deyə professor etiraz etməyə başladı, – gəlirlər!.. Çox yaxşı gəlirlər. Mehman kimi gələcəkli gənclərin buraya gəlmələri sübut edir ki, bizim hüquq elminə çox böyük maraq vardır!.. Bizdə gözəl həkimə, gözəl mühəndisə, gözəl aqronoma, gözəl müəllimə olan ehtiyacdan, daha az olmayan bir ehtiyac həm də təmiz vicdanlı hüquqşünaslardır!.. Lakin bir həqiqət də var ki, ötüb keçmişin qalıqları, o ara düzəldənlər, o təkbir dəllallar da, arada heç bir iş görmürlər, – professor səsini həyəcanla qaldırdı. – Bir həqiqət var ki, orda-burda gizlənmiş o üfunətli tör-töküntülərdən olan ara adamları da bizim bəzi hüquq işçisinin ləkələnməsində heç az iş görmürlər!.. Cilddən-cildə girən bu bürüncəkli adamlara qarşı çox kəskin, çox amansız mübarizə aparmaq lazımdır ki, təmiz süd içindən çıxan qara milçəklər kimi, onlar təmiz könlü bulandırıb işlərimizin düz və sürətlə getməsinə əngəl törətməsinlər!

– Bəli, işıqlı iş mübarizəsiz olmur!..

Bu danışıqlardan sonra onlar öz söhbətlərini bitirdilər. Məlikə xanım bir ana qayğısı ilə Mehmanı professora təkrar-təkrar tapşırıb salamatlaşdı.

Fakültənin son kursuna keçəndən sonra Mehmanı təcrübəyə göndərdilər. O özünün güclü məntiqi, valehedici nitqi, işə tam bir vicdan və ədalətlə yanaşması ilə hamını heyran etməyə başlayırdı. Dekan Məlikzadə isə yeri düşdükcə bu hadisəni hər yerdə xüsusi sevinclə qeyd edirdi:

– Bizim xalqımız üçün nəzəriyyəçi hüquqşünaslardan ibarət ictimai xadimlər də çox-çox lazımdır!.. Biz istəyirik ki, bizim hüquq tarixi, bizim hüquq qaydaları, ta qədim dövrlərdən başlayaraq hərtərəfli, elmi surətdə tədqiq edilsin, dərindən dərinə öyrədilsin! – Professor Məlikzadə təkidlə göstərərək, – bu xüsusda gərək qalın-qalın, çoxcildli kitablar yaransın!.. Bir xalqın hüququ və dövləti varlığa hər hansı elmdən qabaq, hüquq elmində öz əksini tapır... Bizdə indi çox qüvvətli bir nəsil – gənclik yetişməyə başlamışdır! Mən istəyirəm ki, bizdə nəinki ali təhsilli hüquq işçiləri, bizdə hüquq alimləri, akademiklər belə yetişsin!.. Belə olduqda biz dövləti quruluş və ictimai inkişafımız üçün daha çox qazanmış olarıq!.. Bizdə gərək hüquq elmlərinin ali tədqiqat institutu düzəldilsin. Burada bizim keçmişin ağıllı və tərəqqipərvər dövlət xadimləri, onların qanun-qaydaları da dərindən dərinə öyrənilsin!..

Professor öz çıxışlarında bu cəhətləri inadla qeyd edir, gələcəyi olan gənclər içərisində Mehmanın adını xüsusi bir hiss ilə çəkirdi:

– Biz tamamən əmin oluruq ki, bizim elmə xüsusi bir sevgi bəsləyən, bu işə sönməz alov, ehtirasla yanaşan qeyrətli bir gənclik bu cəhəti də elmi bir yüksəkliyə qaldıracaqdır. Xalq kütlələrinin nəzərdə tutan hüquq elmi öz böyüklük və öz əzəmətini gündən-günə artırır!.. Ədalətlə düzəlmiş qanun vətəndaşların hüququnu təmin edir, yaradıcı, ictimai faydalı əməyin keşiyində dayanır, bizim inkişaf və yüksəlişimizə xidmət edir!

Professor, fakültənin rəhbəri kimi öz fikirlərini tələbələrinə aşılamağa çalışır, Mehmanı da o cümlədən gözdən qoymurdu, buranı qurtarandan sonra, onu hüquq fakültəsində saxlamağı, ondan böyük elmi işçi yetişdirməyi qərara alır, yeri düşdükcə bu fikrini söyləyirdi. Mehman isə bu barədə qəti fikrini hələ ki demir, professoru ancaq ehtiramla dinləyir, hüquq elminin üstünlüklərini etiraf və təsdiq edirdi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XLV

Gecə uzun yol gələn Vahidov gün çeşit yerinə qalxınca evinə döndü. Aşırılıb atdan düşdü, katibin dönəcəyini gözləyən xidmətçi kişi kəhər atı şəhərin kənarındakı tövləyə apardı. Vahidov pilləkənyuxarı qalxdı. Əynindəki boz şinelini və gün bozartmış papağını çıxarıb koridordakı asmadan asdı. Balaca oğlunu yatırdan Səlimə ayaq səsinə durub qapını açdı və:– Haradasan, Mərdan? – deyə ərini süzdü. – İki gündür zəng etmirsən.

19448 min
XLVI

Vahidov kəndlərdə olduğu zaman qeydlər edib yazı apardığı balaca bloknotlarını nəzərdən keçirdi, kimə nə tapşırıq vermək lazımsa, ayrı bir vərəqdə qeyd etdi. Rayon üzrə görülmüş işlər nə qədər çox olsa da, görüləsi işlər daha artıq idi. Bu işlər və mübarizələr içərisində Kamilovun, doğrudan da, qayda-qanuna sığmaz hərəkətləri Vahidovu daha çox düşünməyə başlayırdı. Bir də, prokurorla sədr arasında başlayan ixtilafa qarşı raykom katibi artıq öz açıq münasibətini göstərməli idi. Belə bir vaxtın çatdığını Vahidov görürdü. “Burada kim daha haqlıdır?” – deyə Vahidov öz-özünə sual verir, bir yanlışlıq olmasın deyə öz mühakiməsindən təkrar-təkrar keçirirdi. Bu axtarışda Vahidovun nəzərləri bir övlad məhəbbəti ilə qara qıvrımsaçlı Mehmanın üzərində dayanırdı. Mübarizə və gərginlik indi hər yerdə vardır, özü də dərin və kəskindir! Yeni həyat ciddi müqavimətlərdən, sinfi düşmən qalıqlarının fitnəkar qarğularını qırıb dağıtmaqdan, üz-üzə döyüşüb vuruşmaqdan keçib inkişafa doğru getməkdir! Bəli, baxanda keçən illərdəkinə nisbətən, bu kolxoz daha möhkəmlənir, o biri kolxozda ötən ildəkinə nisbətən məhsul daha çoxalır, məktəblərin sayı ilbəil artır, yeni həyat qaynayır, yüksəlir... Ancaq köhnəlik yenə inkişafa azmı mane olur? Baxanda Kamilov kimisi geriyə qalır, istər-istəməz köhnəliklərin qalıqlarına əsir düşür.Vahidov düşünür, qeyd və mühakimə edirdi:

194415 min
XLVII

Kamilov yenə də üstü şəkilli qutusunu çıxarıb bir papiros da çəkdi, boz tüstüsünü üzüyuxarı səqfə doğru buraxdı. Demək, Kamilov münaqişəyə girib, hər kimə bir söz demək istəyirsə, o, Vahidovu əsəbiləşdirir, acığını tutdururdu. Kamilov münasibətləri seçməyə çalışır, bu son neçə gün ərzində, ürəyinin bərk sıxılmağının səbəbini özü üçün aydın etmək istəyirdi. Görünür, Kamilov özünü yuxarıya çəkərək Sərrafzadə kimisi ilə bağlanmaqla, Murtuzov kimisini özünə əlaltı etməklə, Qaloşlu adama hüsn-təvəccöh göstərməklə bu qaynar, mübariz hərəkətdən yavaş-yavaş qopub aralanmış, bəlkə də özünü bu hərəkətə qarşı qoymuşdur! Öz xudpəsəndlik mərəzi ilə yaşayıb, gözü yan-yörəsini seçməyən Kamilov, indi daha özünü təklənən görürdü. Onun komsomol komitəsi katibi Əhmədova, təbliğat şöbə müdiri Cəlalzadə haqqında dediyi sözlərin Vahidov tərəfindən geriyə qaytarılması, indi də elə bil ki, bir top kimi Kamilovun başına dəyirdi! Bu danışığın son dəqiqələrində Vahidov əlini yelləyərək Zərrintacla bağlanmaqda onu müttəhim etmiş, “dəvə oynayanda qar yağar” demişdi... “Bu dəvə kimdir, bu qar nədir?” – Kamilov öz papirosunu çeynəyə-çeynəyə sümürür, sanki güclü bir qarın başına ələndiyini görürdü. Kamilov düşündükcə gizli, giziltili bir üşütmə onun əsəbiləşən vücudunda atlı qarışqa kimi gəzinirdi. Sanki Kamilov qorxunc bir qızdırma keçirir, ağızdolusu əsnəyib ayılmaq üçün vaxt gözləyirdi... Axı, Kamilov öz ömründə az-çox bərkdən-boşdan çıxmışdı?.. İndi birdən-birə o, tərk-silah olub öz boynunu əyə bilərdimi?.. Kamilov papiros çəkə-çəkə çalxanırdı. – İndi görəsən, Vahidovun kabinetindən əli dəstavüzlü çıxan Əhmədov, bu söhbəti bu şəhərdə kimə, hətta telefonla bütün kəndlərə necə yayacaq, bu danışıq üç mindən yuxarı komsomolun dilində görəsən necə dolanacaqdır?.. Görəsən, hələ bu kabinetdəki deyişmə və bozarışma hansı ucqar kəndlərə çatacaq? Oralarda nələr danışılacaqdır?.. Bəs niyə belə olur?.. – deyə Kamilov özlüyündə axtarış edirdi. – Bəli, onlar mənə qarşıdır, – deyə o, qaşqabağını sallayıb fikirləşirdi. – Üstüörtülü bir narazılıq olsa da, görünür ki, bunların hamısı bu teliburma prokurorun, o Salamatov kimilər haqqında olan qərarları qurdalayıb tərpətməyindən, həbsxananın ağzını açıb elələrini sərbəst buraxmağından, fağır Murtuzov demiş, yorulub usanmadan bu işləri qurcalamağından üzə çıxmışdır?.. “Fili cələyə salmaq olmaz!” – Bu sükut zamanı Kamilovun fikri çözələnib dolanır, papirosundan uzanan boz tüstü içində gəzinirdi. – Bəli, bu bir cələdir!.. Ancaq Kamilov bir fil, bütün bu əhvalatlar da bir cələdirmi?.. Yox, əsla yox!.. – Kamilov papirosunu sümürdükcə, duman kimi boz tüstü onun başı üzərində dolandıqca o öz vəziyyətinin ağırlaşdığını, nəfəsinin təngləşdiyini hiss edirdi. İrəlicə ona elə gəlirdi ki, daha Kamilov barəsində bir dil tərpədib heç bir söz demək olmaz!.. Bəli, lap az qala ki, Kamilovsuz bu dağlara belə gün çıxmazdı?!. Ancaq gör indi iş nə yerə çıxıb ki, yollar belə haçalanıbdır?.. Axı, deyəsən, indi Kamilov, öz sınıq-salxaq dəstəsi ilə sürətlə gedən böyük bir axından qoparılıb bir kənara atılıbdır?! – Kamilov papirosunu çəkə-çəkə dönüb Vahidovun başı üzərindən asılan rayon xəritəsinə baxdı, udqunub özünə bir sual verdi: “Bəs bu neçə ildə mənim burada işim nə olmuşdur?” – Onun qulağına ancaq öz bağırtısı gəlirdi... Hərə bir iş görmüşdür! O isə hey bağırmış, bu bağırtılar içində də bu dağgövdəli adama hamıdan artıq bir iş gördüyünü güman etmişdi. İndi işdən qaçmaq, aralanmaq, bir kənara tullanıb atılmaq qorxusu onun qabağına çıxınca soyuq bir üşütmə keçirir, görürdü ki, o, nəinki qurubyaradan qaynar adamlardan, hətta iş yerlərindən, bu təbiətin özündən belə qopub aralanmışdır!.. Bəs Kamilov bu iş yerlərinə getməmişdirmi? Getmişdir, az da yox, çox getmişdir! Ancaq bəs Kamilov bu iş yerlərində nə etmişdir?.. O, burada bir kəsi dinləmədən söyüb-söylənmiş, çığır-bağır salmış, şişə-şişə, köpə-köpə oradan geriyə dönmüşdü. Kamilov öz gövdəsini xəyali bir sürətlə gözləri qabağından keçirib, sanki özünü olduğu kimi birinci dəfə görürdü. Lakin bu hal Kamilov üçün çox müdhiş görünürdü... Kamilov elə güman edirdi ki, bu həqiqət bir məngənə kimi onu sıxcalayır, bəlkə də onu heç eşitmək istəmirdi!.. – Getməyinə mən getmişəm, bəs necə ola bilər ki, mən Kamilov, heç bir şey etməmişəm?! Heç ola bilməz ki, mən heç bir şey etməyim?! Görünür, bu özü də məni gözügötürməyənlərin, mənim bədxahlarımın sözləridir ki, mənim özümü belə öz gözümdən salmaq istəyirlər?!. “Bağça müdirəsi Zərrintac Sərrafzadə sənin qızın yerindədir!” Azdımı belə cavan gəlin alanlar? “Qocalıqda yorğalıq”, balam, kimə nə? Bu paxıllıq kimin ürəyinə nə azar salıbdır?.. Görün heç bu da bir işdirmi?.. Cavan arvad alanlara, “dəvə oynayanda qar yağar” desən, onda nəinki qışda, yayın qızmar günlərində də göydən gələn ağ papaqlamalar kəsməz!..– Kamilovun fikri xəyal surətinə çevrilir, öz ailəsinə tərəf dönürdü, o düşünürdü. – “Onlar bir neçə aydan sonra yenə də bura yaylağa gələndə mənə nə deyərlər?.. Deməzlərmi ki, baba, bu nə əhvalatdır?.. Bəs mənim qızlarım?.. Bu Zərrintaca onlar nə cür baxarlar?.. Deməzlərmi ki, atacan, niyə bəs, belə?.. Hər nə cür baxsalar, hər nə desələr, qoy onlar bu aləmə göz gəzdirib barmaqlarını qaldırıb göstərsinlər ki, mən təkəm! Bir də günah öz deyingən analarında olub ki, külfəti söküb-dağıdıb, özü də hirs-hikkəsindən torpağa gedibdir... – Kamilovun gözləri Vahidovun stol üstündə açıq qoyduğu “Hophopnaməyə” zilləndi.

194413 min
XLVIII

Şəhər kənarındakı klub oğlanla dolmuşdu. Bu gün burada mühazirə olacaqdı. Komsomol komitəsinin katibi Əhmədov bu mühazirəyə qulaq asmaq üçün aktivdən ətraf kəndlərə göndərmiş, komsomolçularla birlikdə başqa gənclər də çağırtdırmışdı. O bu yığıncağı xüsusi səylə təşkil etmişdi. Əhmədov hamının toplandığını görərək salon tərəfdən pilləkən yuxarı səhnəyə qalxıb, stolun arxasına keçdi, əvvəlcə qırmızı örtüyü çəkişdirib onun ora-burasını düzəltdi, dolu su qrafinini ortadan bir kənara qoyub balaca zınqrovu əlinə alıb səsləndirdi:– Yoldaşlar! – deyə komsomol katibi, göz gəzdirib salonun diqqətini topladı, sonra əlini geriyə daranmış şəvə saçlarında gəzdirib səsini ucaltdı: – Bizim bugünkü mühazirəmiz yeni sovet adamının, daha doğrusu, gənclərimizin mənəvi saflığı haqqında olacaqdır!.. Ancaq mən, mühazirədən qabaq sizin bura toplanmağınızdan istifadə edərək, bir müqəddimə kimi, sizə bir neçə kəlmə demək istəyirdim!.. Bizim raykom komsomol, son zamanlar özünə görə bir neçə təşəbbüslər etmiş, gələcəkdə də edəcəkdir. – O, qrafindən stəkana su tökdü, içmədən bir kənara qoyub davam etdi. – Biz məhəlli təsərrüfat şöbəsinin, yəni kommunxozun işinə, mütəşəkkil surətdə, dörd yüz yetmiş nəfər gəncin ongünlük, sabahdan axşama qədər fədakar köməyini düzəldib hov vermişik! Belə ki, stansiya arxını dəhnədən düzəldib, o sıldırım göy qayanı çarpanaq-çarpanaq çapıb, əbədilik daş novu salmışıq ki, su da o nova gəlir! Bizim komsomol da elə bir yoldaş olub ki, Fərhaddan da yaxşı külüng çalıbdır!.. Nədən ki, hər ilin selli baharında bu şəhər ayağı qıjıltılı çay köpüklənib kükrəyir, dağlar aşağı qollu-budaqlı ağacları süpürrəyib gətirir, bu dəhnəni də sil-süpür eləyib Araza aparır... Amma indi əgər bütün Qafqaz dağlarının seli toplanıb bura gəlsə, bu dəhnənin yanından qanadlı bir yel olub ötə bilməz? Niyə? Çünki bizim komsomol ordusu tər töküb zəhmət çəkmişdir! Niyə? Çünki demişik ki yoldaşlar, qoy bizim bu şəhərimizin gecəsi də gündüzü kimi çıraqban olsun!.. Qoy hər bir yandan kəndlər boylanıb bura baxanda görsünlər ki, doğrudan da bizim şəhərin gecəsi necə də çilçıraqban içində parıldaşır!..

194412 min

Poems by other poets