XLV
Gecə uzun yol gələn Vahidov gün çeşit yerinə qalxınca evinə döndü. Aşırılıb atdan düşdü, katibin dönəcəyini gözləyən xidmətçi kişi kəhər atı şəhərin kənarındakı tövləyə apardı. Vahidov pilləkənyuxarı qalxdı. Əynindəki boz şinelini və gün bozartmış papağını çıxarıb koridordakı asmadan asdı. Balaca oğlunu yatırdan Səlimə ayaq səsinə durub qapını açdı və:
– Haradasan, Mərdan? – deyə ərini süzdü. – İki gündür zəng etmirsən.
– Dağlıq kolxozlarda idim, Səlimə, – deyə Vahidov uzun hörüklərini başının dövrəsinə dolamış Səliməyə cavab verdi. Səlimə də ərini diqqətlə gözdən keçirdi. Vahidovun qara saçları bir-birinə qarışmış, onun sarımtıl saqqalı qıvrılıb ağbəniz sifətində yapıxmış, qısa bığları yana doğru uzanmışdı. O, rayon mərkəzindən iki həftə bundan əvvəl çıxmışdı. Raykomun büro qərarına əsasən rayon fəallarının qabaqcıllarından otuz nəfəri səfərbərliyə alınaraq, kolxozlarda başlanacaq yaz əkini üçün yerlərə göndərilmişdi. Vahidov özü də katib müavini Cəlilovu öz yerində qoyub, bir gün sonra rayonun dağlıq kolxozlarına çıxmış, bu ətrafda həm yaz əkininə hazırlıq işlərini yoxlamış, həm də arıçılıq fermalarının təşkili ilə məşğul olmuşdu. Raykom katibi Vahidov, bu işlər arasında vaxt tapıb ilk partiya və komsomol təşkilatlarının işlərini də nəzərdən keçirməklə, partiyaçı və komsomolçularla müsahibə etmiş, onlara göstərişlər vermişdi. Vahidov həm də bu səfəri zamanı iki məktəbin sinif otaqlarına girərək, burada gedən dərslərə qulaq asmış, tənəffüs zamanı müəllimlərlə müsahibə etmiş, öz fikrini onlara söyləmiş, məktəblərin ehtiyacları barəsində yerli sovet və partiya təşkilatlarına tapşırıq vermişdi. Beləliklə, Vahidov bu iki həftə içərisində yerlərdə gedən işlərlə qaynayıb qarışmış, belə bir vaxtda saqqalının uzanmasına fikir verməmişdi. İndi bu cəhət, Səlimənin diqqətini özünə cəlb edir, o, yorğun-arğın düşmüş ərini süzməyə başlayırdı:
–Nə belə çox diqqətlə baxırsan, Səlimə? – deyə Vahidov gülümsər sifətlə arvadından soruşdu:
– Saqqal sənə əcəb yaraşır, Mərdan, – deyə Səlimə ərinin qolundan tutub birinci otağın qapısını açdı. – Yoxsa evindən yadırğamısan, yoldaş?..
– Uşaqların haradadır, qızların! – deyə Vahidov uşaqların küncdə qoyulmuş yazı stoluna göz gəzdirdi. – Nəcibə, Rəfiqə haradadır?..
– İkisi də bir az əvvəl məktəbə yollandılar. Özləri də axşam gec yatmışdılar, yolunu gözləmişdilər.
– Bəs böyükdən nə xəbər var? – Bakıdan, Salmandan?
– Məktubu dünən gəlibdir, – deyə Səlimə qızların stoluna yaxınlaşıb, başı açılmış zərfi gətirdi. Vahidov zərfi açıb məktubu çıxartdı. Məktub iki səhifəlik, cızıqlı poçt kağızında yazılmışdı. Salman öz məktubunda dərslərindən yazır, tələbələrin çox sevdikləri professor Məlikzadənin ağır surətdə xəstələndiyini təəssüflə qeyd edirdi. Məktubu diqqətlə oxuyan Vahidov qaytarıb onu zərfə qoydu.
– Bəs, sonbeşiyin necədir?..
– Bu evi bir-birinə qarışdırmaqda misli yoxdur, sənin bu qılıncqalxanlı oğlunun...
– Bəs nə əcəb görünmür? Yoxsa qırraşıb yəhərdən düşmək də bilməzdi!..
– Çox tezdən durmuşdu, mən başını birtəhər tovlayıb əlim-qolum açılsın deyə, səndən bir az qabaq otaqda yatırtdım!
Vahidov ara qapını açıb ikinci otağa keçdi. Elxan kiçik çarpayıda mışıl-mışıl yatmışdı. Onun toppuş əlləri yanlara sərilmiş, balaca taxta qılınc, kiçik karton qalxan da bir kənara atılmışdı.
– Bu çox igid və qəhrəman olacaqdır, – deyə ata, oğlunu gülümsər sifətlə oxşadı. – Sənin bu Elxan oğlun igid olacaqdır, Səlimə!
– Qılınc tovlamağına, qalxan oynatmağına nə söz ola bilər? – deyə Səlimə ərinin yanına gəldi. – Bir də görürsən ki, şüşəni sındırıb parçalarını araşdırır! Ata oğlunun qara qıvrım saçlarını tumarladı, əyilib alnından öpdü. Uşaq üzünə batan “tikanlı saqqal”dan diksindi, qurcalanıb hər iki əlini yumruqladı, sonra hər iki əli ilə burnunu ovuşdurdu, ata və ana geriyə çəkildilər.
– Daha nə var, nə yox Səlimə? – deyə Vahidov birinci otağa dönüb stulda əyləşdi: Səlimə ayaq üstə dayanaraq:
– Bakıdan dönən prokuror səni soruşurdu, – deyə o, ərinə məlumat verdi. – Bir də, bu iki-üç gündür Kamilovun zəngi ara verməyibdir!..
– Aydındır, – Vahidov sarımtıl saqqalını qaşıdı. – Sonra nə var?
– Üç dəfə gecə saat birdə Bakıdan sənə zəng vurublar!
– Hansı idarədən?
– Dedilər Mərkəzi Komitədəndir!
– Bəs nə cavab verdin?
– Dedim Vahidov ucqar kolxozlardadır. Katib müavini Cəlilov onun yerindədir.
– Bir müavin də ki, buradadır, – deyə Vahidov əlini atıb Səlimənin biləyindən yapışdı. – Şəfqət bacısı! – deyə onun əlini dodaqlarına gətirib öpdü. – Mərhəmət bacısı!..
– Şəfqət, ya mərhəmət bacısı sənin bu Elxanından yana hər gündə güclə “yarım günlüyə” göz açır!
– Mən bütün günə də etiraz etmirəm, Səlimə!
– Adı “yarım gün”dür, ancaq özü bütöv gündən də çox çıxır, – deyə Səlimə Mərdana yaxın stulda əyləşdi.
– Demək, sənin davan donluq üstündədir, Səlimə xanım! – deyə Vahidov qısaca darağını cibindən çıxarıb pırtlaşıq saçlarını daradı. – Dava yorğan üstündədir!..
– Ondan da başqa, bu “yarım ştat” sözündən əsla xoşlanmıram... “Yarım ştat”, “yarım adam” görün heç bu da sözdür?!.
– “Elxan Biləgənlini” bağçaya ötürsən, “bütün ştat” olarsan, Səlimə!
– Zərrintac Sərrafzadə olan yerə heç Elxan Biləgənlini götürmək olar?.. O dəvədəlləyinin əlinə heç uşaqmı vermək olar?
– Bu yaxın zamanlarda oranın işi ilə əsaslı surətdə məşğul olacağıq, – deyə Vahidov nəfəsini dərdi. – Gərək Cabirov özü də oranı yoxlamağa başlamış olsun!
– Yoxlama başlayıbdır, – deyə Səlimə eşitdiyini xəbər verdi. – Zərrintac da hər yana səs salıb ki, bəs Səlimə xanım mənim bağçama göz dikibdir... Özü də Kamilovun adı ilə bizə yamanca hərbə-hədə gəlirmiş!..
– Bəs sən? – deyə Vahidov diqqətlə və tələbkar bir nəzərlə Səliməni süzdü. – Neçə dəfə tapşırmışam ki, kənar işə qarışma, Səlimə!
– Mən əgər Mərdanı mülahizə etməsəydim, bir partiya namizədi kimi, Cəlilova şikayətə gedərdim. Nə üçün axı, hansı əsasa görə o Sərrafzadə Zərrintac məni dilə-dişə salmaq istəyir?!. Bağçasını yoxlamağa başlayan gündən lap ağzını Allah yoluna qoyubdur, o pörtüb-partdıyan, yeriyəndə yeri yırğalayan arvad!..
– Təqsir Kamilovdadır, – deyə Vahidov ayağa durub saqqalını qırxmaq üçün ayna qabağına yönəldi.
– Nə üçün sən təqsiri öz üstündən atırsan, Mərdan? – deyə Səlimə ərinin üzünü qırxması üçün ülgücü və sair şeyləri stolun gözündən çıxartdı.
– Bəli, təqsir həm də bizdədir, məndə! – deyə Vahidov etiraf etdi.
– Ümdə təqsir məndədir!..
– Ah, o Zərrintac, o Zərrintac!! – deyə Səlimə yanıxa-yanıxa söyləndi. Bir budaqda oturub min budağı yırğalayandır, özü də prokurorun arvadı Züleyxa ilə bacılıq olubdur, hər yerdə Züleyxadan, onun anası Şəhladan söz salır, əl-qolunu ölçə-ölçə danışır, adam olanın gözünə kül üfürüb astadan orda-burda pıçı-pıçı eləyir ki, bax – “açsam, prokuror ovcumda, yumsam, prokuror yumruğumdadır”.
– Prokuror çox təmiz adamdır, Səlimə!
– Ancaq qayınanası cilov gəmirən, dərisinə sığmayan, gözləri yeri-göyü seçməyəndir! Kürəkəni Bakıya gedəndən qayıdana kimi qızını da yanına salıb, bu aranı sallana-sallana gəzir, üzünü göyə tutub ulduza danışırdı!..
– Mehman təmiz vicdanlı bir prokurordur, Səlimə!
– Əgər dişi Kamilova batsa idi, o Sərrafzadənin bağçasını özü öz əli ilə bir yaxşı-yaxşı ələk-xəlbirdən keçirsə idi, əcəb olardı!
– Onlar ələk-xəlbirdən keçirdərlər, – deyə Vahidov hazırlıq görüb üzünü qırxdı, dodaqlarını örtmüş bığlarını qayçı ilə kəsib düzəltdi... Cüzi yeməkdən və istirahətdən sonra o, ayağa durub geyindi, raykoma yönəlmək istəyəndə telefon zəng etdi. O, dönüb telefon dəstəyini götürdü.
– Bəli, salam, – dedi, – gəlmişəm!.. Prokurorun gəlməyinimi?.. Eşitdim... Raykoma gələ bilərsiniz. Bir azdan, – Vahidov dəstəyi qaytarıb aparatın üstünə qoydu!
– Yəqin ki, Kamilovdur! – deyə Səlimə soruşdu.
– Özüdür, bəli!
– Nə isə çox döşü atlanmış danışır, – deyə Səlimə raykom katibinin sifətində əmələ gələn qətiyyəti hiss etdi. – Axı elə də yaxşı deyil ki, o dərisinə sığmayan Zərrintac bu dağ zorbalıqda kişinin qəyyumluğunu eləyir, axırda da durub atası yerdə bir ağsaqqalın evinə dürtülür?.. Axı ad birdir, belə doydaq hərəkətlər adama toxunur, adam istəmir ki, burada katibdən sonra adı gələn sədrin adına bir şey deyilsin?..
– Doğrudur, Səlimə adı çox-çox təmiz saxlamaq gərəkdir!
– Axı, o zorbalıqda adam: “dəvə başını pambığa soxub, heç kəs görmür” deyə güman eləyən kimi, niyə bəs o da ötüb-keçəni, yayları buraya gələn nəvələrini mülahizə eləmir?.. Niyə bəs bu Kamilov oturduğu yerin hörmətinə fikir vermir?.. Mərdan, bəs sən, bir yoldaş və raykom katibi kimi, demirsənmi ona, niyə belə yaramaz-yaramaz işlər görürsən, Kamilov!..
– Demək, sinən dolubdur, Səlimə! – deyə Vahidov açmaq istədiyi qapını təkrar qapayıb ayaq saxladı.
– Sinəmdə söz çoxdur, ancaq sən deyirsən qarışma, mən də qarışmıram, Mərdan!
– Yox, Səlimə, sən öz yerində, öz şəfqət bacılığında olsan, orada öz işlərinizə qarışsan yaxşı olar!..
– “Yarım ştat”, “yarım adam!” eləmi?
– Yox, bütün adam ol, ancaq öz işində, şəfqət bacısı ol! – deyə Mərdanın sifəti allandı. – Bizim məsul işçilər, heç bir zaman vəzifə işlərini ev işləri ilə dolaşıq salmamalıdırlar! Yoxsa bilməzsən maarif müdiri, kimdir, müəllimləri təyin edən kimdir?
– Onu da maarif şöbə müdirinin özünə demək gərəkdir!
– Demişik, başa salmışıq, Səlimə!
– Sözü nə olub o maarif müdirinin?
– Raykomda üzr istəyibdir!
– Üzrlə günah yuyulsa üzr istəyən çox olardı!
– Yox, Səlimə, hər bir günahı da şişirdib gücləndirmək olmaz, işin tərbiyəvi tərəfi də vardır! – Mərdan Vahidov boz bir sifət aldı: – “Bütün ştat”a sözüm ola bilməz! Ancaq təvazökarlıq lazımdır, bildinmi? Heç bir zaman münasibətləri qarışıq salmaq olmaz!..
– Bəli, Mərdan!..
– Aydındır, ya yox, Səlimə?
– Aydındır, bizim iyirmiillik həyatımız gün kimi aydındır, Vahidov!
– Daim aydınlıq! – deyə Vahidov təkrar qapını açdı, – hər zaman aydınlıq, ev ilə xidmət işlərini qarışıq salmaq olmaz!
– Belə çıxır ki, Mərdan, biz...
– Nə cür çıxsa da, şəfqət bacısı, Səlimə xanım, raykomun birinci katibi vardır! – deyə Vahidov cəld eyvandan düşüb raykom binasına tərəf yol aldı. Səlimə yol gəlib, yorğun düşən ərini əsəbiləşdirdiyi üçün təəssüf edib:
– Bizim həyatımız həmişə aydın olubdur, – deyə əlini başına dolanmış qara hörüklərində gəzdirib, doluxsunmuş gözlərini sildi. – Bu aydınlıq daim olacaqdır, Mərdan!.. “Elxan Biləgənli”nin doğma atası!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehman-xlv
Use ← → keys to move, R for a random poem
More by this author
Məmalik xanın birbaşa Tehrandan öz xanımının üstünə xarici mamaça gətirmək xəbəri Ərmağanın başında Savalan şimşəyindən də güclü çaxdı. Vücudunda isti cərəyan gəzdi. Bu cərəyan onun qızışan ürəyində qaynadı. Sanki yanar ocağın üstündə qaynayan qazan nəinki buxarlanmağa, hətta od tutub yanmağa, köz rəngi alıb qızarmağa başladı: – Necə xarici xanım, necə firəng həkimi, necə mamaça?”. Ərmağan bilmədi yerin altındadır, ya üstündə!.. Yaxud hava qaranlıqlaşanda, Savalanda ildırımlar oynaşanda həlakular imarətinin külafirəngisindədir? Atası atlanıb gedəndən sonra Ərmağanın ürəyində əmələ gələn yara bir də cırmaqlandı, qanadıldı. Məmalik xanın yeganə qızının gözləri cəllad gözləri kimi ağına qədər qızardı. O, qılınc götürüb kimin boynunu desən vurmağa hazır olan mirqəzəb görkəmini aldı. İndi nəinki Məhtabanı, ya onun bətnindəki körpəni öz qanına qəltan etmək, lap qoca Məmalikin də boynunu vurmaq Ərmağandan ötrü bir qurtum su içmək kimi asan bir şeydi. Yalnız onda Ərmağan xanımın alovlanan ürəyi sərinlərdi: “Necə yəni o boyda Ərdaha xanlığını öz əlindən çıxarmaq?! Necə yəni Məmalik mülkündə Ərmağan xan olmamaq, bütün Ərdaha mülkünü Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanın düzdən-əyridən düzəldib meydana qoyduğu varisinə vermək?! Bu, heç ola bilərmi?! Əsla!..”.Ərmağan xanımın başında oynayan şimşək sanki Savalan dağının zirvəsində oynayan şimşəyə qarışırdı, Ərmağan arada bir Savalana baxır, xanlara bəla kəsilən, onların təbirincə “qaçaq-quldur” məskəni sayılan Savalan heç də mirqəzəbə çevrilən xanıma havadar durmurdu. Əksinə öz üsyançıları ilə Ərmağana düşmən kəsilirdi. Dağın zirvəsində çaxan şimşəklər Savalan ətəklərini tutur, geniş düzənləri, Həlaku, Məmalik torpağını əhatə edirdi. Ərmağan xanım dəli olmaq dərəcəsinə gəlir, öz-özünə söylənirdi:
Məhtaban 11Xarici xanım ərköyünlüklə xan imarətində dolanır, heç də əndərunbirunun qayda-qanununu tanımaq istəmirdi. O, üzünə salıb arada Məhtabanı da özü ilə əndərun bağçasına endirirdi. Xarici xanım əndərunda olanda qoca gülçü ilə hey zarafatlaşıb əylənirdi. O, qocadan becərdiyi qızıl güllərin növünü soruşur, ağ əllərinə tikan batmasın deyə dəri əlcək geyib, xoşladığı güldən öz balaca qayçısı ilə kəsib dəstə düzəldirdi. Əlvan güllərin ətri bir-birinə qarışır, xarici xanım məst olunca qoxulayır, sonra da Məhtabanın burnuna tuturdu:– Xanım, qoxulayın, ciyərləriniz üçün faydalıdır! – deyirdi.
Məhtaban 12Məhtaban barhəmlini yerə qoydu. Xarici mamaça körpəni öz qayda-qanunu ilə tutdu. Məmalik xanın əsil arzusunun yerinə yetdiyini, oğlan uşağı doğulduğunu görüncə xarici xanım yerdən göyəcən sevindi. O, əndərundan gətirdiyi cavan xadiməyə ağ xalat geydirdi, onun köməyi ilə körpəni çimizdirib yuyundurdu, yançaqlarını şapalaqlayıb, bir qədər səsləndirib cığıldatdı. Sonra cavan ananı huşa gətirib:– Xanım, oğlunuz olubdur, – deyə onu təbrik etdi. – Gözünüz aydın, xanın diləyi yerinə yetibdir! Olan-qalan rəngi də süddüyan sarısı ikimi saralan Məhtaban hər necə ağrı çəksə də, analıq hissi ilə gülümsədi, razıməndlik əlaməti olaraq, təbibinin müqabilində uzun, qara kirpiklərini endirdi. Mamaça fürsəti fövtə vermədən özünü nizama salıb bir neçə addım o tərəfdə, öz otağında intizarda dayanan xanın qapısını döymədən içəri girdi:
Məhtaban 13Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddud göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı. Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kəs nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncını onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan, ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz? Bəli, alov aləmi bürüyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.
Poems by other poets
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.