XLIV
Page 1 of 2
Mehman barəsində Kamilovun respublika prokurorluğuna göndərdiyi narazılıq teleqramına baxmayaraq, onun belə tez qayıdıb gəlməyi, prokurorluğun işinə birbaş girişməyi Kamilovu narahat edirdi. – “Necə ola bilər ki, mən boyda dağın teleqramı nəzərə alınmasın?” – Kamilov vurnuxur, heç bir yanda özünə yer tapa bilmirdi... Buna görə də o, hər hansı bir kağızı öz qabağına sərsə də, onu yarımçıq buraxır, bir sətir belə başına girmirdi, cinlənir, az qala durub daş-divarı gəmirmək istəyirdi, – “Bu nə işdir ki, heç mən özüm də baş tapmıram?” – deyə o gəzinirdi. Kamilov əsəbiliklə dartıb pəncərəni açsa da, yenə hava ona azlıq edir, hövlündən ürəyi az qala ağzına gəlirdi. Bu qayda ilə iş vaxtı qurtarınca Kamilov öz kabinetində gəzindi, evinə döndü, geyinib-keçinib yol gözləyən Zərrintaca baş ağrısından şikayətləndi. Cavan arvad qocanın bu halına yanıb təcili həkim çağırmaq istədi, ancaq Kamilov razı olmadan əlini qaldırıb yellədi... Kamilov öz əsl mərəzini Zərrintaca açmaq, onun yanında öz gücsüzlüyünü göstərmək istəmirdi. Axı bu neçə vaxt ərzində Zərrintac Kamilovu dağ boyda bir adam saydığı halda, o durub öz paxırını necə açsın, özünü alçacıq bir təpəcik kimi göstərsin?.. Yox, əsla belə şey ola bilməz!.. Heç bir zaman Kamilov kimi bir dağ bu işə getməz, öz şəstini əyib sındırmazdı?!. Axı heç bilmək olmur, bu cavan oğlan haradan prokuror olub bura gəldi, Kamilovun bu möhürlü qərarlarını araq-varaq eləyib, onun ovqatına belə acı soğan doğradı?..
Axı nə üçün Vahidov bu Mehmandan belə bərk yapışıb, öz hərəkəti ilə ona ürək-dirək verir?.. Raykom katibi Mərdan Vahidov rayon prokuroru Mehman Atamoğlanovla bax gör necə də qoşa gəzir, vağzala getmək üçün katib özü prokurorun qapısına öz maşınını göndərir, o, Kamilov kimi bir rütbə sahibini burada qoyub, dünənki bir uşağa bel bağlayır, onun sözünə qüvvət verir?.. Bəli, deyəsən axı Kamilovun nüfuzu bir zəlzələyə düşür?.. Niyə bəs belə?.. Kamilov özünün laxladığını hiss edirdi!.. Bu zəlzələdən necə çıxmaq?.. O, bu hissləri özünə yaxın buraxmaq, bacardıqca özünü sındırmaq istəmirdi. Kamilov düşündükcə az qala özü də özündən çəkinir, öz gücsüzlüyünü özündən belə gizlədirdi... Zahiri bir bağırtı-çığırtı, hədə-hərbə gəlmək, beləliklə də öz günlərini başa vurmaq, özünü məğlubedilməz, kürəyi yerəgəlməz, Rüstəm-Zal hesab etmək də ona kömək etmirdi. Axı necə ola bilərdi ki, o öz dolaşdığını boynuna alsın? – Heç belə şey olardımı?.. Kamilov yatdığı yerdə eşələnir, dağ boyda iri gövdəsi ilə oyan-buyana aşır, dəmir çarpayını titrədirdi... Qəflət yuxusuna qapılıb yatmaq olmazdı!.. Durmaq, ağır addımlarla öz kabinetinə getmək, telefon dəstəyindən yapışmaq, ora-bura zəng etmək, işdən-gücdən söz salmaq gərək idi!.. Qoy hər bir kəs, o cümlədən Kamilovun özü də görsün ki, o dağ boyda bir adam necə də gur-gur guruldayır, onun səsi necə də güclü və qulaqbatırıcı bir heybətlə çıxır!.. Yox, qapanıb evdə oturmaq heç də yaramazdı. Bu hal Kamilov üçün indi hər şeydən qorxulu görünürdü. Kamilov öz kabinetini, niyə indi hər vaxtda olduğundan artıq sevir, buranı heç tərk etmək belə istəmirdi. Axı irəlicə o qədər də xoşlamadığı bu kabinet indi Kamilov üçün niyə belə qəşəngləşir... Bax, divar saatı, boyun-boyuna verən stullar, üstü örtüklü stollar, yumşaq divanlar, xüsusən sirr və güc əlaməti olaraq küncdə dayanan o polad kassa, stol üstünə düzülmüş telefonlar, bu pəncərələrdən görünən yal-yamaclar, dağ-daşlar indi hamısı, bax, bir gör nə dərəcədə Kamilovun xoşuna gəlir?.. Axı niyə indiyə kimi bu kabinet Kamilova belə göyçək görünmürdü? Hələ ki, ortalıqda elə bir şey olmadığı halda, niyə bəs Kamilov belə bir təşvişə düşübdür? Özü də bunu dərk edə bilmirdi. “Axı ürəyim niyə belə qurğuşun kimi ağırlaşsın?” Görünür, hamısı o Mehmandan, o Salamatov kimiləri haqqında olan qərarları qurdalayıb tərpətməyindən gəlir?!. Axı olmazdımı ki, Kamilov öz qaba və səhv hərəkətlərinə bir nəzər salsın?.. Onda Kamilovun şəstinə dəyməzdimi? Yox, tezcə kabinetə dönmək, stoldan yapışmaq, telefonçuların üstünə bağırmaq, öz gücünü sınamaq!.. Kamilov ayağa durub fısıldaya-fısıldaya geyindi, Zərrintaca bir söz demədən qapıdan çıxdı, özünü təngnəfəs kabinetə saldı, lampanı yandırdı, buradakı müxəlləfatı diqqətlə gözdən keçirdi. O, stula əyləşib telefon dəstəyindən yapışdı, zəngi zəng üstdən çaldı, doğrudan da o, hər yana səs saldı, hər dəfə ona “bəli-xeyr”lə cavab verildi. Bəs belə isə, bu nə vəlvələdir ki, Kamilovun canına düşübdür? O ayağa durub astadan fit çaldı, özünü toxtadıb ələ almağa çalışdı, gəzindi, sonra Murtuzova zəng vurdu.
– Murtuz, bir bura gəl, oğul!..
Kamilov “baş üstə” sözünü gözləmədən dəstəyi aparatın üstünə qoyub əllərini, ütüdən sürtülüb parlayan qalife şalvarının cibinə qoydu. Kamilov yoğun və kötük qılçalarına baxa-baxa gəzindi. Bir azdan döşü atlanmış Murtuzov başını içəriyə salıb:
– Salam, – deyə ehtiyatla soruşdu, – gəlmək olarmı?
– Buyurun, Murtuz!..
– Bəli!.. Buyruq sizindir, qulluq bizim!
– Nə var, nə yox, Murtuz?..
– Sağlığınız, yoldaş Kamilov!..
– Bəs döşün niyə elə atlanır?
– Bir qədər yeyin gəldim!..
– Çox da əcəb elədin, Murtuz. – Kamilov qayıdıb öz yerində oturdu, şirlənmiş şəkilli ağac qutusunu çıxarıb açdı, bir papiros götürüb kibritlə yandırdı. – Yaxşı da elədin ki, yeyin gəldin, Murtuz! – Kamilov qurcalanıb: – Hə, prokuror necə qayıdıbdır? – deyə papirosunu çeynəyə-çeynəyə çəkdi. – Sənin o yekəxana naçalnikin?..
– Naçalnikin kefi kök görünür!
– Nə barədə kefi kök görünür?..
Kamilov çırtması ilə papirosun külünü vurub külqabıya tökdü.
– Hansı tərəfdən kefi kök görünür, sənin naçalnikinin?
– Məlum olur ki, işi yaxşı çıxıbdır!
Kamilov Mehman barəsində “yaxşı” sözünü eşitmək istəmədiyindən:
– “Yaş” çıxıbdır? – deyə sözü azdırmaq istədi.
– Yaxşı! – deyə Murtuz təkrarən qeyd etdi, – görünür, çox yaxşı.
– Eyib etməz, biz də onu elə bu meydanda yaxşıca sındırarıq ki, qulaqlarının cingiltisi qırx ilə çəkər. – Kamilov papirosunu təkrar çırtmaladı. Bu dəfə papiros külqabıdan tüstülənməyə başladı. – Heç eyib etməz!.. – O bir papiros daha çıxarıb qutunu örtdü, qapağına döyəcləməyə başladı: – Hə, necə?..
– Görünür, bu Mehman yaranan gündən komsomol yaranıbdır, yoldaş Kamilov!
– Necə komsomol?
– Belə ki, əsla usanmaq, yorulmaq bilmir. İşləri hey dərindən-dərinə qurdalayır!..
– Demək, sən də üzdə üzürsən? – Kamilov ətli və əsəbi barmaqlarını qoşalayıb gözləri qabağında oynatdı.
– Mən deyirəm bu günün sabahı da vardır, Kamilov!
– Ona görə də bu qədər prokurorun dalından dəymisən, hə?
Murtuzov heysizcə gülüb daz başını buladı, diz üstündə saxladığı günlüyü bozarmış kepkasını övkələdi.
– Məndən çox siz dəymisiniz, yoldaş Kamilov!
– Rüstəm-Zalınmı? – Kamilovun kefi bir az açılan kimi oldu.
– Onunmu?.. O, pəhləvanınmı?.. O, xortumlu şalvar təkəşinmi?..
– Çoxusu da Zərrintac xanım üçün! – deyə Murtuzov qorxudan çıxmaq, ürəkaçan bir söz danışmaq istədi... – Rüstəm-Zal Zərrintaca qurban getdi. Küştüyə tab gətirməyib, kürəyini yerə verdi, hə, hə, hə!..
– Zərrintac niyə?.. – Kamilov yeni yandırdığı papirosunu var gücü ilə sümürdü. – Öz-özünə quyu qazdı o Rüstəm-Zal... – Kamilovun saralan ətli sifəti, öz papirosunun tüstüsü içində itdi. -- Quyunu qazan özü düşər, eşitməmisənmi bu məsəli?..
– Ancaq güclü bir barmaq da oldu!
– Güclü, ya gücsüz, barmaqsız şey olarmı? – Kamilov iri gövdəsini çəkdi. – O bizə ling qoymaq istəyirdi, deyirsən, yəni biz ona heç bir çeçələ barmaq da uzatmayaydıq?..
– Sizin çeçələ barmağınız, dünyanın hər bir lingindən canlıdır, yoldaş Kamilov!
– Keçinin əcəli gələndə çobanın çomağına sürtüşər. – Kamilov, ona bir qüvvət gəlmiş kimi, gəzindi. Murtuzov Kamilovu gözdən keçirib:
– Ancaq bu prokuror çox yaman bir girəvədən yapışıbdır, – dedi, – çox yaman yerdən!..
– Baxma, bu xamır hələ çox su götürər, – deyə Kamilov Mehmanı gözləri qabağına gətirib hirsləndi. – Özü də az yox, çox su, Murtuz!..
– Düzü, mənim gözüm bu Atamoğlanovdan heç su içmir, – deyə Murtuzov ayağa qalxdı.
– Kamilov əlini Murtuzovun çiyninə qoyub onu yerə oturtdu. – Yoxsa familiyası səni qorxudubdur? – “Atam-oğlan-ov!”
– Familiyası nə üçün? – Murtuzov stulda yerini bərkitməyə çalışdı. – Özünün hər yanı qurdalamağı, hər yana burun uzadıb baş salmağı, düzü, hələ Vahidovdan başqa, sizin yolunuzu saxlamayıb, kölgənizi qılınclayan, son zaman dil-boğaza qoymayıb sizi bu kommunxozun yarıtmaz işləri barəsində dilə-dişə salan komsomol katibi Əhmədovla kluba qoşa getməyi, forma cəhətdən sizə müavin sayılan, ancaq gecə-gündüz sizin bu stola göz dikən torpaq şöbəsi müdiri aqronom Cabbarzadə ilə. ülfət etməyi, düzü, adamın kürkünə birə, ürəyinə üşütmə salır.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehman-xliv
Use ← → keys to move, R for a random poem
More by this author
Görünür bu dünyada xeyir iş, xoşbəxtlik olunca şər də qıraqda durmur, öz gücünü göstərir.Göyalı ilə Qaratel Ziyarət dağının göy gurultusunda necə vahiməyə düşüb, necə güclü gürşaddan gizlənə-gizlənə hər necə yaxşıyamı-yamanamı yozsalar da, görünür, bu mozalan da Ulduzun canına qəsdən ariz olmuşdu. Görünür qara mozalanın göz qamaşdıran Ulduza qəsd etməyi heç də qərəzsiz deyildi. Mozalanın qərəzi ancaq Ulduza deyildi, həm də ən ümdəsi Ulduzdan da artıq Şükrana idi. Elə bil ki, harada, hansı uzaq-yaxında gizlənən, üzə çıxa bilməyən qara şərpaxıllıq bu qara mozalanı öz şeytan bətnindən doğurub vücuda gətirmişdi. Ulduzun və Ulduzla canbir qəlb olan Şükranın üstünə göndərmişdi. Buna görə də mozalan öz qara işindən qalmırdı, öz bildiklərini Ulduza edirdi. Özü də dönüb Ulduzun öz bədənində, ya da başqa bir ağlagəlməyən yerində gizlənirdi. Elə ustalıqla gizlənirdi ki, nəinki bir tək Şükran, bir çox adam öz iki gözünü dörd etsə də, yenə də mozalanı girinə keçirə bilməzdi, qan sorub, qan axıtdığı yerdə onu tutub yox edə bilməzdi. Mozalan elə bicliklə hərəkət edirdi ki, elə bil ki, adəti mozalan deyildi, şər-şeytan idi, bunların cəmi-cümləsi idi! Özü də uçurub-dağıtmaqdan, yıxıb-yaxmaqdan nəşələnən bir düşmən idi. Girəvəçi mozalan hirslənən, qəzəblənən Ulduzun gözündə birdən də böyüyürdü. Mozalanın kinli gözləri şişirdi, dombalanırdı, qamı da şişib-şişib zəhər tuluğuna çevrilirdi. Elə bil ki, bir neçə gürzənin zəhəri mozalanda toplanmışdı. Mozalan hər dəfə Ulduzun girəvəsini alıb onu sancınca, Ulduz çırpınırdı, gömgöy göynəyib yanıb-yaxılırdı ki, qanad alıb düzü-dünya boyu uçduğu Şükranı da öz qanadları üzərində uçurduğu, külli-aləmə səs saldığı zamanda yenə də mozalan onun ovqatını təlx edib, qanını zəhərləyirdi. Ancaq Şükran nə qədər göz qoyub baxsa da, mozalan Şükranın şahin gözlərinə görünmürdü. Hansı sehrləsə mozalan özünü sağ-salamat saxlayır, Ulduza bildiklərini edir, ondan heç bir fənalığını əsirgəmirdi. Qara mozalan öz qara cildinə girib birdən zəhərli ilana, birdən də qara bir əjdahaya çevrilirdi. İndi nə etmək olardı? Necə Ulduz bu mozalandan öz canını xilas edə bilər, öz əvvəlki nəşəsini qaytarıb, öz vəziyyətini düzəldə bilər, yenə də öz kişnərtisi ilə Göyən düzənlərini doldura bilərdi? Necə Ulduz yenə də ağqoyunluların gözündə parlaya bilər, Göyalı ilə Qaratelin, bunların oğul-uşağının – bütünlüklə Göylər obasının tütək çalan çobanlara qədər hər kəsi güldürə bilərdi? Necə Ulduz öz parlaqlığı ilə görəneşidən kəslərin ürəklərini aça bilərdi? Bir halda ki, bu qara mozalan, elə bil ki, qara bir məşum kölgə, dəhşətli bir kabus idi və öz dəhşətilə də Ulduzun başının üstünü almışdı, girəvəsini kəsmişdi, onu baş qaldırıb göz açmağa qoymurdu. Qara mozalan nəinki Ulduzun, Ulduzdan da artıq Şükranın ovqatını təlx edib qanını qaraldırdı, özü də Şükrandan ötüb Göyalını vahiməyə salırdı ki, gümüş saçlı Qaratelin ürəyinə hey qara damcılar damızdırırdı. Elə belə fikirləşəndə qara mozalan göz qabağında idi. Ancaq əslində heç də göz qabağında deyildi. Aydın idi ki, Ulduzu çalan, Ulduzun damarlarından yapışıb onun qanını axıdan, canına öz zəhərini yeridən heç bir ilan-əqrəb deyildi, qaraca bir mozalan idi. Əgər bu qaraca mozalan adicə mozalansa, canına şər-şeytanın qaraca nəfəsi dolmayıbsa, niyə bəs çəkilib getmir, niyə rədd olub uzaqlaşmır? Demək, qara mozalanın işi, qəsdi bu növrağı pozmaq idi, bu xanimanı dağıtmaq idi, bu müqəddəs nəşəyə zəhər qatmaq idi. Göyalı nəslinin çörəyini zəhərlə yoğurmaq idi, bəxtəvər ailəni ağlatmaq idi, ağqoyunluları qara yasa batırmaq idi. Şükranı doğan gümüşsaçlı, xoşbəxt Qarateli bədbəxt etmək idi. Bəs ayrı cür isə onda niyə bir küləkdə qayaların birinə çırpılmasın, yaxud Ulduzun qaça-qaça qopardığı toz-tozanağın içində itib-batıb qalmasın? Hey, hər yandan sağ-salamat çıxsın, diribaşlıq göstərib yaxa qurtarsın, alçaq qəsdini yerinə yetirməyincə, Ulduzun ürəyinə sağalmaz dağ çəkməyincə bir yanda qopub qalmasın?! Qara mozalan bu növrağı hey pozmaqdan, Göyalı ailəsinin sinəsinə dağ çəkib düyün qoymaqdan zövq alsın?! Baxanda bir qara dombagöz nə idi ki, Şükranın, ya Ulduzun ayaqları altına düşüb məhv olmasın? Amma nə edəsən ki, qar mozalan nə əl verir, nə də bunlardan hər birisinin ayaqları altına düşürdü. Getdikcə mozalan həyasızlaşır, sırtıqlaşır, öz zəhmlənən qara sir-sifətilə Göyalı külfətinin gününü göy əsgiyə düyürdü. O, Ulduzun şəhpərini qırıb Şükranın şöhrətini yox etmək istəyirdi. Şükranın köşək gözlərini söndürmək, Göyalının yurdculunu yoxa çıxarıb, onun ocağını keçirmək istəyirdi. Qara məqsədindən üzülməyən, qara qəsdinin yolunda yorulmaq bilməyən qara mozalan getdikcə daha da qatilləşirdi. Ulduzun qanını gündən-günə tez-tez sormaqdan, zəhərləməkdən başqa bicliyə, hiyləyə də keçirdi.
IXGöyalı ilə Qaratel yenə də qaraltı içində qaldılar, basaratları bağlanan kimi tərpənmədilər, danışa-danışa durdular. Onlar ulu Tanrıya inanmaq-inanmamaq təzadı içində dolaşırdılar. Nə əl-ayaq eləyib tezcə yaylağa qalxa bildilər, nə də aranda əyləşib arxayınlaşa bildilər. Ziyarət dağı onlardan ötrü dar ağacına döndü. Onlar bu dar ağacından asıla-asıla durdular. Ziyarət dağında ulu Tanrıdan diləyib aldıqları Şükranı onun amanında, pənahında saysalar da, yenə də şübhədən xilas ola bilmədilər, qara mozalanın gətirdiyi qaraltılardan qurtara bilmədilər.Nə isə, kələfin ucunu itirib vurnuxdular, vurnuxdular, bütün sözsöhbətlərinə baxmayaraq, üzə açılışıb Şükrana ciddi bir söz deyə bilmədilər. Onlar Şükranın ürəyinə qara qorxu salmaqdan qorxdular, gözlədilər, gözlədilər görək nə olur, bu qaraltı aldadıcıdır, ya necə? Gözlədilər görək ürəklərimizə daman qaraltıların əsli vardır, ya necə? “Axı biz Ziyarət dağına ziyarətə getmişik, biz orada övliya-ənbiya məqbərələrini, qabağımıza çıxan qara daşları öpmüşük, kəlləyə qalxıb ulu Tanrıya dəxil düşüb Şükranı almışıq. Yeddi qızın gözlərini güldürmüşük. Ağqoyunlu elinə bir səvari – Ulduz belində qanad açan ecazkar bir oğlan vermişik. Bəlkə bu mozalan lap adəti mozalandır, aranlarda olan qamışlıqla da qaynaşan, dana-dunanı dingildədən çox qaraca, heyvərəcə mozalanın birisidir? Biz Şükranı artıq istədiyimizdən, onun üstündə tir-tir əsdiyimizdən belə olur? Bəlkə bu gizli xof vahiməni açıb qızlarımıza, yeznələrimizə deyək?.. Bəlkə onlar öz oğul-uşaqları ilə birlikdə bizim ürəyimizə qaraltı salan qara mozalanı bu həndəvərdən qovsunlar? Ulduza da, Şükrana da rahatçılıq versinlər? Biz də ürəkdə qaralmayaq, arxayınlaşaq, arxayın-arxayın yığışılıb yuxarılara, ala yaylaqlara qalxaq?! Orada ala göllərin üstündə – dədə-baba yurdumuzda alaçıq-çadır quraq? Burada düzəni-dağı gözdən keçirə-keçirə yenə də Şükranın Ulduzun belində necə uçmağına, necə dağlardan aşmağına tamaşa edək? Şükranı aran elində, Göyəndə deyil, qar yağınca uzaqlarda, yaylaqda saxlayaq? Özümüz də Ulduza çiçəkli dağ yoncası yedirək? Ulduzu ağ göllərdə çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman qoymayaq Ulduzun üstünə nəinki bir qara mozalan, heç bir qara milçək də qonsun!”
XAncaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”
XIŞükranın ölüm xəbəri ildırım itiliyilə hər yana, Göyən oymaqlarının hər yerinə yayıldı. Eşidən, bilən dizinə döydü. Hamı yanıb-yaxıldı. Yaylağa qalxmayıb Göylər oymağında qalanlar çox tezcə Göyalı ilə Qaratelin görünməzin müsibətinə şərik oldular. Onlar Göyalı külfətinə qarışdılar, uşaqlı-böyüklü qara daşın dibinə tərəf axışdılar. Yelqanadlı, ağçuxalı, gümüş xəncərli, qırmızı məsli Şükranı yerdə sərili gördülər. Şükranın papağı kənara düşmüş, ancaq onun şəvə saçları səliqəsini pozmamışdı. Şükranın anası Qaratel oğlunun bir kənara düşən təpəsi güləbətinli ağ papağını götürüb bağrına basdı, sonra da papağı oğlunun sinəsinə atıb öz qırışıq üzündə sağ-islahat qoymadı. Ağqoyunluların adətincə ərgən igid öləndə anası üzünü öz dırnaqlarıyla didişdirməli idi. Ancaq Qaratel üzünü didişdirməklə qalmadı. O, sifətini sivirib sinəsinə tökdü. Haraya yetirən bacının heç biri bədbəxt anadan geriyə qalmadı. Bir an içində onlar öz gözəlliklərini tək qardaşlarına qurban verdilər. Göyalının oğlan, qız nəvələri, ucaboylu-ucaboylu yeznələri də bir-birinə qarışdı. Göyalı özü bir an içində büküldü, kişinin beli doqqalandı. Kəmfürsət qocalıq öz qılıncını çəkib kişinin boynuna qoydu. Şükranın ölümü xoşbəxt ailəni birdən-birə bədbəxtliyə düçar edib, yetimləşdirdi. Başqaları da yetimləşən külfətə qoşuldu. Elə bil ki, hamının bir tək oğlu, ya qardaşı qəflətən öldürülmüşdü. Bu hadisə bir tək Göyalı ailəsi üçün deyil, bütünlüklə Göyən obaları, Ağqoyunlu eli üçün bir müsibət kimi səslənməyə başladı. Ağqoyunluların aranı, dağı az müddət ərzində bir-birinə dəydi. Ayağı yer tutan yola düşdü. At-dəvə belinə qalxan daşlanıb Göylər kəndinə gəlməyə başladı.Qara daşın dibindən götürülən, Göyalının eyvanında qoyulan Şükranın cənazəsi dövrələndi, dam-daş əhatə olundu. Adamlar çoxaldıqca dalğa-dalğa genişləndi, baş-başa verən, çeşmə üstündə ucalan qollu-qanadlı çinarların altı adamlarla doldu. Başbilən Ağqoyunlu ağsaqqalları uşaq kimi ağlaşdılar. Öz ömürlərində çox toy və yas görən kişilər belə tablamayıb, hönkürüb hönkürüşdülər. Hər tərəfdən dəstələnib gələn qara geyimli ağıçı arvadların ağıları sümükləri sızıldatdı. Ağıçılar hələ də üzünə qara yaylıq çəkilməyən Şükranı bir qəhrəman igid kimi oxşadılar. Onlar nəinki indiyə qədər el içində yaranan ağıları yaraşdırdılar, özləri də Şükranı oxşayan ağılardan qoşdular, ağladılar. Axı, heç kəs Şükranın öz Ulduzunun belindən belə yarımçıq yerə salınmasına qıymırdı. Yaxın da, uzaq da Şükrana ürəkdən göynəyirdi, ürəkdən sızlayıb, ürəkdən ağlayırdı.