XLIII
İkinci günü Mehman rayon mərkəzinə çatdı. Qaloşlu adam əl-ayağa düşdü. Murtuzov eşidən kimi arvadı Yavəri də götürüb Mehmanın görüşünə gəldi. Mehmanın başdansovdu sözündən, soyuq söhbətindən sonra onlar dağılışıb getdilər. Şəhla xanım balaca çamadanı açıb onun içini yoxladı. Burada yalnız bir ətir şüşəsi var idi. Bunu da yəqin ki, yol üçün almış, unutduğundanmı, ya nədənmi, başını açıb tərpətməmişdi. Bu tək şüşə sanki bir gülləyə çevrilib, Şəhla xanımın ürəyindən keçdi:
– Həri, əl üçün yarar, – deyə Şəhla xanım pərtliyindən qızardı.
– Bu miqrof-zad üçün, bəd olmaz!..
– Barı qayıdan baş xalamı görəydin, – deyə saralmağa başlayan Züleyxa dəxi dilləndi. – Onu görsəydin!..
– Mən onu hər gün görürdüm, – deyə Mehman deyintili bir səslə Züleyxaya cavab verdi. – Özü də neçə dəfə istəsən!..
– Heç inanmıram ki, xalam bizə pay göndərməsin?..
– Pay almayan Katibə xala, hansı əsasa görə bacısı qızına pay göndərməli olacaqdı?
– Bizlərdə elə ürək yoxdur ki, oğul evinə gələ, ana öz gəlininə pay göndərməyə, – deyə Şəhla xanım özünü qabağa verib buradan oraya Xatunun kölgəsini qılıncladı, Mehmanın soyuq sifətini anası Xatunun bu səfərki öyrətməsində gördü. – Bir cür sosur analar da olur ki, oğul böyüdüb evli olanda, gözü iynəulduzu kimi daralır...
Mehman bu sözlərə cavab vermədən divan üstündə uzanıb bir az dincəldi, sonra durub idarəyə getdi. Milis rəisi Cabirov prokurorun qayıtdığını eşidib zəng etdi, durub toqqasını çəkə-çəkə gəldi. Gör-görüşdən sonra o, Zərrintac Sərrafzadənin bağça işlərindən israfçılığından məlumat verib:
– Çox işlər açılır, yoldaş prokuror, – deyə Cabirov yanıxdı. – Ancaq iş bir qədər bərkə düşür...
– Bizim qanun qabağında nə bərki ola bilər? – Mehman cavab verdi.
– Dərindən yoxlayıb ətraflı istintaq etmək, müqəssir olarsa, məsuliyyətə cəlb etmək!
– Sözüm istintaqın bərkində-boşunda deyil, – deyə milis rəisi əyləşdiyi stulu bir az da irəliyə çəkdi. – Sözüm o bərkdədir ki, Zərrintac toy eləyib, ikicə gün qabaq yoldaş Kamilova ərə gedibdir
– Bəs Kamilovun öz ailəsi?
– Deyir çoxdan aralanıblarmış!
– Bəs uşaqları?
– Deyir oğlu evlənib, iki qızı da ərə gedib, arvadı da neçə il qabaq xırda qızının yanında ölübdür!
– Bu ki olmadı...
– Bəli, bunlarda belədir! Külfət yığcam olmayan yerdə nə desən baş verər.
– Orası elədir! – Mehman öskürüb boğazını arıtladı. – Bəlkə Kamilov Zərrintacın cinayətkar hərəkətlərindən bixəbərdir?
– Necə? – deyə milis rəisi gözlərini geniş açdı. – Lap özünün köhnə aşnasıdır, onu da, qardaşını da o bura gətirib işə qoyubdur! Qardaşını katib götürüb, bacısını bağçaya keçiribdir. Bəs gecə-gündüz Kamilov orada yeyib-içib buğlananda bilmirdimi ki, bağça müdirəsinin maaşı neçə manatdır?
– Deməli, sizcə sədr arvadı üçün qanun yazılmayıbdır, hə?
– Belə çıxır, yoldaş prokuror! Heç də yaxşı olmadı, ərini iş başında qoyub, arvadını dustaqxanaya qatasan?!
– Həqiqəti aramaq gərəkdir, naçalnik!
– Bəli, ancaq həqiqət, – deyə milis rəisi cavab verdi. – Düzü, nəfəs təngişir, yoldaş prokuror!..
– Döşlü olmaq üçün işin içərisinə girmək gərək! Cinayətkar hansı cildə girmiş olsa, o cildi cırmaq gərək!..
Milis rəisi iri ayaqlı çəkmələrini döşəməyə vura-vura:
– Çox çətin olacaqdır, – deyib çiyinlərini çatdı. – O qalın, özü də yekə cildi qırmaq çox çətin olacaqdır!..
– Bəlkə bu yaxın günlərdə iş asanlaşdı, cild cırıldı, onda bəs necə?..
Milis rəisi yerindən qalxıb qulağını Mehmanın ağzına tutdu:
– Mən ölüm, necə, yoldaş prokuror?.. Pıç-pıç da olsa, yavaş-yavaş bir az!.. Bu zorakı adamın qanunsuz hərəkəti mənim də canımı lap xırtdəyimə yığıbdır!
Mehman acı-acı gülümsəyib:
– Pıçıltı pis şeydir, – dedi, – yoldaş naçalnik!.. Salamatov barədə bizə nə oldu?.. Vaxt çatanda qanun yolunda gur səslə danışmaq, müqəssiri ifşa etməklə, hamıya gur səslə göstərmək gərəkdir!..
– Ay pir olmuş, sən lap hər şeyi qanuna salırsan ki, – deyə rəis Mehmanı süzüb başını buladı. – Əşi, on beş ildir cəhənnəmə kötük yumalayıram, məndən də sirr saxlayırsan? – Cabirov rəncidə olub qaş-qabağını tökdü. – Düzü, mən təzə-təzə xəbər maraqlısıyam, yoldaş prokuror!
– Dövlət işi həm də sirr istəyir, naçalnik!
– Yoldaş prokuror, acığınız tutsa da, ağır adamsınız, – deyə milis rəisi gileyləndi. – Vallah, ağır!.. Əşi, məndən, Cabirdən, daşyonan oğlundan, iyirminci ildən silahdan yapışıb hələ də yerə qoymayandan nə gizlin?
– “Sirrini dosta demə, dostun da bir dostu var”. Bu məsəli də heç olmazsa eşitmisənmi, kitabda oxumusanmı, naçalnik?
– Başınız üçün onları oxumaq çox çətindir! – Naçalnik başını buladı. – Lap o zəncirini qırmış mamırlı adamı tutmaqdan da çətindir!.. Çox qırıq-qırıq yazılır və hekayət kitabları, yoldaş prokuror!.. Düzü, mən çox kəmhövsələyəm. Bu mamırlı köpək balası məndə nerv qoymayıb!.. O gün özün də əcəb gördün. Hələ ağzıbirdə üzünə şax durub deyir ki, on min dərzi məni odlayıb, Qaraqayının dibindən alovuna tamaşa eləmişəm... Daha bu oda-alova, bu on beş il ərzində bir nerv yazıq nə qayırsın?.. Ona görə, başın üçün, yoldaş prokuror, bu nağılabənzər kitabçaları vərəqləyəndə, bu qırıq-qırıq sözlərdən yana hirsim vurur kəlləmə! Hövsələm darıxır, yenə də qəzet oxuyanda sətri boya-boydu, barı!
– Deməli, siz bədii ədəbiyyat oxumursunuz?
– Nə bədiisi, yoldaş prokuror, mən ölüm?
– Roman, hekayə, şeir!.. Əşi belə şeylər eşqə düşən qızların işidir! – deyə güldü. – Mən hara, “Leyli Məcnun” hara?.. – Milis rəisi ağac qoburlu tapançasına nəzər salıb: – İtdən qorxan belə kitabları əlinə alıb gün uzunu gəzdirər, – dedi, – o ki qaldı məsəl barəsində, onun min dənəsini mən sinədəftər bilirəm. “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni!”
– Bax, bu çox yaxşı məsəldir, naçalnik. “Yatma tülkü kölgəsində, qoy yesin aslan səni!”
– Bəli, – “aşına, aşına, çıxdı ocaq başına!” Ya da ki, “burda mənəm, Bağdadda kor xəlifə”.
– Yaman məsəllər bilirsən, naçalnik! “Burda mənəm, Bağdadda kor xəlifə”. Bax, bu söz çox əcəbcə Kamilovu tutur. – Mehman qayıdıb soruşdu:
– Məcəlləni necə, bilirsənmi?
– Hamısını əzbər, – deyə milis güldü. – Neçə-neçə dəfə milis kursu qurtarmışam, sonra da naçalnik kursu. Əvvəl-əvvəl olmuşam milis, lap iyirminci ildən, revkom zamanından! Sonra olmuşam starşı, belə-belə gəlib çıxmışam bu naçalnikə. – Cabirov gülə-gülə əlavə etdi. – Elə eşq kitabları adamın kişiliyini əlindən alar... Yox, canım, mən qız olub, ya təzədən qız saçlı oğlan olub, şeir-məir əzbərləyə bilmərəm! Bax, şura gələn gündən mənimki bu dəstəsi yazılı mauzer olub, bir də o mamırlı köpəklər! Lap kəndir götürüb, yer ölçüb, torpaq bölüşdürəndən bəriyə, bu kolxoza qədər!..
Milis rəisi tapançasının yazısını göstərmək üçün hərlərkən Mehman əlini qaldırıb:
– Bəli, göstərmisiniz, – dedi, – oxumuşam!
– Bax, belə, mənimki atüstüdür! Yox, yoldaş prokuror, mən ölüm bu “Leyli-Məcnun” barədə məni qısnama dara!.. O, eşqnaməni tapşırın zaqsa, çünki onun peşəsi evləndirmək, boşamaqdır! – Cabirov sadəliklə uzun-uzadı gülüb: – Əşi, təzədən məni şerə salmış, şair qayırmayacaqsan ki! – dedi. – Hərənin bir peşəsi var. Sən mənə elə qulağıtüklü mamirlı banditdən danış... Bu zağlı tapança ilə onların atalarını yandırmaqdan danış!.. Keçi oğrusunun dərisini sivirib öz boğazından çıxarmaqdan danış!.. Sosializm əmlakını göz bəbəyi kimi qorumaqdan danış! Elənçik qolçomağın boynunu eşib, onu ufum-ufum ufuldatmaqdan danış!.. At səyirdib səngər almaqdan danış!
Kefi açılan Mehman gülümsəyib:
– Bir də Zərrintacdan danış, – dedi.
– Yox, o barədə yoldaş Kamilov danışsın, çünki o, zaqsı barmağı ilə kabinetinə çağırıb oradaca kəbinini kəsdiribdir!
Mehman əlini alnına qoyub o biri əli ilə milis rəisinin qabağında olan qovluğu götürüb gözdən keçirməyə başladı:
– Mən özüm bu istintaqı əcəbcə davam etdirərəm! – deyə Mehman qəzəblə qeyd etdi: – Kamilovla mən özüm yaxşıca bacara bilərəm!..
– Yox, yox, yoldaş prokuror, – deyə Cabirov, ona toxunan kimi cavab qaytardı. – Mən, mamırlılarla vuruşan Cabir elənçik suyu üfürəüfürə içən kişilərdən deyiləm!
– Mən özüm şəxsən istintaqı davam etdirərəm! – Mehman israr etdi. – Mütləq mən özüm bu işi axıracan apararam!
– Əlbəttə, siz özünüz bu işi axıracan aparsanız, daha yaxşıdır... Mən də kömək etsəm, lap yaxşı. – Cabirov son sözlərini də sadəliklə əlavə etdi. Onu da bilin ki, mən özümü sizlə oda ataram, özüm ölüm, yoldaş prokuror, heç gözümü də bir kərəm qırpmaram!..
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rehimov-mehman-xliii
Use ← → keys to move, R for a random poem
More by this author
Göz qoyub baxanda Şükranla onun Ulduzu arasında elə bir ülfət, elə bir görünməzin dostluq başlamışdı ki, daha çox çətin ki, bunları bir-birindən ayırmaq olardı. Görünürdü Şükran Ulduzsuz, Ulduz da Şükransız nəfəs ala bilmir, onlar bir-birindən ayrı dura bilmirlər. İnsanla insan arasında ülfət, dostluq, bir-birinə bağlılıq, sədaqət, səmimiyyət – əsil insani keyfiyyətlərdəndir. Ancaq insanla at arasında olan ülfət-dostluq da dünya üzündə yox deyildi. Ancaq bu dostluq ki, Şükranla Ulduz arasında başlamışdı, misli-bərabər nəinki Göyəndə, Qaraqoyunlu oymaqlarında, bəlkə də bütün mahalda, yaxud bütün dünyada yox idi. Sanki bu dostluq insanla Ulduz adlanan at arasında deyil, çox nəcib, əsil insanla insan arasında idi. Sanki bunlar bir-birinin dilini tamam-kamal bilir, bir-biri ilə əməlli-başla dillənib danışırdılar. Birdən də ərklə bir-birindən küsür, üstündən az ötüncə barışırdılar. Bu vaxt hər ikisinin gözləri gülür, sevincləri öz yerinə qayıdıb kefləri durulurdu. Elə bil ki, bunların hərəsi itirdiyi dünyanı bir də təzədən tapırdı. Elə bil bunlar ikisi bir can, bir qəlb idi. Birisi bikefdirmi, o birisi də bikefləyirdi; birisinin kefi kökəldimi, o birisinin də kefi kökəlirdi. Şükran nəşələnib nəğmə oxuyunca Ulduz şuxlaşır, öz qəribə kişnərtisi ilə düzü-dünyanı doldururdu. Bəli, Şükranla Ulduz bir-birini ifrat dərəcədə sevir, bir-birinə nəzakət göstərib hörmət edir, bir-birinin xidmətində dururdu. Bir də elə bil ki, birisinin ürəyindən keçəni o birisi bilirdi. Onlar bir-birinin ürəyini sındırmaqdan çəkinirdilər, qorxurdular. Bu iki xilqətin arasında elə bir ülfət yaranmışdı ki, müqayisə mümkün deyildi. Ulduz Şükranı öz qızılı-gümüşü yəhərinin içində daha mənalı görürdü. O, Şükranı qanadları üstündə uçurunca, nəinki ayrı-ayrı adamlar, hətta oymaqlar, obalar, ellər, tayfalar, bir də elə bil ki, bütün çöllər, dərələr, təpələr, çaylar, çeşmələr tamaşaya çıxıb heyran-heyran baxırdılar. Göyalı ilə Qaratel bu oğlanın qüdrəti və sehrilə sevinirdilər.Doğrudur, Ulduz öz qabaqkı yerində, Ərdəhan elində azmı-çoxmu məşq görüb, təlimlənmişdi. Ancaq Şükranın misilsiz saf ürəyi, sevgisi, məhəbbəti Ulduzu ecazkar dərəcəyə gətirib çatdırmışdı, yetirib yetişdirmişdi. Ürəklə olan ürək istəyən kimi olur. Şükranın böyük insan ürəyi Ulduzu da böyük ürək sahibi etmişdi və getdikcə bu ürəklərin hər birisi böyüyür, getdikcə bunların bir-birinə olan məhəbbəti güclənir, aşıb-daşır, bunlar bir-birinə qulluq göstərib xidmət etməkdən yorulmurdular, bir-birinə olan xidmətlərindən son dərəcədə zövq alırdılar, nəşələnirdilər, bir-birinin gözündən öpürdülər. Şükran Ulduza xidmət etməyi başqa bir kəsə tapşırmır, Ulduzu yedirib-içirməyi heç kəsə arxayın olmurdu. İlin isti aylarında Ulduzu yumaq, at ipəklə-qumaşla qurulamaq ilin soyuq aylarında Ulduzu üfürə-üfürə tumarlamaq Şükranın öhdəsində idi.
VIIUlduz doğrudan da Ulduz idi. O, göylərin ulduzlarından da artıq yerin – bu gözəl aləmin Ulduzu idi, onun qaçarağından ağ-ağ şölələr saçılırdı. Elə bil ki, Şükran atdan da artıq Ulduzu minib uçurdu. Axı ta qədimlərdən bəriyə “su – aydınlıq, at – muraddır” deyiblər. Əgər yuxuda su görmüsənsə, aydınlıq olacaq, at görmüsənsə, muradına çatacaqsan. İndi Şükran həqiqətən murada çatmışdı. Ona belə ecazkar qanad, qanaddan da artıq vəfalı dost qismət olmuşdu. Özü də bu vəfalı dostluğun nəcib və gözəldən gözəl rəmzi olaraq ulduzlu oğlanlar əmələ gəlməyə, cavan Şükranın çoxlu-çoxlu şagirdləri yaranmağa başlamışdı. Baxanda bütün Göyən oymaqlarında yeniyetmə cavanlar Şükranı təqlid edir, Ağqoyunlu elində ulduzların sayı çoxalır, az qala bu ulduzların sayı yüzdən yuxarıya qalxırdı. Bu hal Ağqoyunlu elinə olmazın fərəh gətirir, olmazın dərəcədə bu elin qürurunu artırır, başqa-başqa ellər içində ağqoyunluların başını uca edirdi. Bu ulduz atlılar hər yerdə xeyir işə kömək edir, şəri-şeytanı dəmir nallarla tapdayıb keçirdilər. Bu yeniyetmələr yolda yorulanlara kömək əlini uzadır, Şükran sayağı at belinə qaldırıb mənzilə çatdırırdılar. Ancaq bütün ulduzların içində yenə də həmin-həmin Şükranın Ulduzu birinci idi, baş idi, necə ki, özü də Ağqoyunluda birinci idi, baş idi!Xoşbəxtliyin belə süd kimi ağ-çağ çağında birdən-birə qara milçək çıxmağa, süd içindən çıxan qara milçək kimi ürək bulandırmağa başladı. Ürək bulandıran ölü milçəyi qırağa atarlar, ya da ölü milçək düşən süd qabını bir kənara boşaldıb özünü də yaxşı-yaxşı qumla sürtə-sürtə yuyub, yaxalayıb, salavatlayıb bir qırağa qoyarlar; bir azdan da bu qara milçəyin ağ süd içinə necə düşüb-düşmədiyini də unudarlar. Ancaq burada peyda olan elə də adəti qara milçək deyildi, çox yekə, çox da qara bir mozalan idi. Bu mozalan başqa yana da yox, Ulduzun canına ariz olmağa başlamışdı... Ağqoyunlu elinin qoyun sürüləri Ziyarət dağının yan-yörəsindən keçib, yuxarılara, alayaylaqlara yol aldığı zamanda, hələ elin dalı Göyəndən üzülmədiyi bir vaxtda, yaz yaya yaxınlaşdığı günlərdə, qızmarlaşdığı dəmlərdə bu mozalan da qızırdı, qızışırdı, ara-ara Ulduzun üstünə düşürdü. Mozalan Ulduzu dişləyirdi, oradan-buradan çalırdı, Ulduzun qanını sorub-sümürürdü. Əvvəlcə Şükran bu qara mozalanı görə bilmədi, nə qədər göz qoyub, göz gəzdirdisə də, bu qara mozalanı tapa bilmədi. Şükran Ulduzun yaralarını yudu, onun canını qandan təmizlədi, qayıdıb yaralı Ulduzun gözlərindən öpdü, qıdıqlayıb tərpətdi. Ulduzun könlünü aldı, birtəhər köhlənin kefini açdı.
VIIIGörünür bu dünyada xeyir iş, xoşbəxtlik olunca şər də qıraqda durmur, öz gücünü göstərir.Göyalı ilə Qaratel Ziyarət dağının göy gurultusunda necə vahiməyə düşüb, necə güclü gürşaddan gizlənə-gizlənə hər necə yaxşıyamı-yamanamı yozsalar da, görünür, bu mozalan da Ulduzun canına qəsdən ariz olmuşdu. Görünür qara mozalanın göz qamaşdıran Ulduza qəsd etməyi heç də qərəzsiz deyildi. Mozalanın qərəzi ancaq Ulduza deyildi, həm də ən ümdəsi Ulduzdan da artıq Şükrana idi. Elə bil ki, harada, hansı uzaq-yaxında gizlənən, üzə çıxa bilməyən qara şərpaxıllıq bu qara mozalanı öz şeytan bətnindən doğurub vücuda gətirmişdi. Ulduzun və Ulduzla canbir qəlb olan Şükranın üstünə göndərmişdi. Buna görə də mozalan öz qara işindən qalmırdı, öz bildiklərini Ulduza edirdi. Özü də dönüb Ulduzun öz bədənində, ya da başqa bir ağlagəlməyən yerində gizlənirdi. Elə ustalıqla gizlənirdi ki, nəinki bir tək Şükran, bir çox adam öz iki gözünü dörd etsə də, yenə də mozalanı girinə keçirə bilməzdi, qan sorub, qan axıtdığı yerdə onu tutub yox edə bilməzdi. Mozalan elə bicliklə hərəkət edirdi ki, elə bil ki, adəti mozalan deyildi, şər-şeytan idi, bunların cəmi-cümləsi idi! Özü də uçurub-dağıtmaqdan, yıxıb-yaxmaqdan nəşələnən bir düşmən idi. Girəvəçi mozalan hirslənən, qəzəblənən Ulduzun gözündə birdən də böyüyürdü. Mozalanın kinli gözləri şişirdi, dombalanırdı, qamı da şişib-şişib zəhər tuluğuna çevrilirdi. Elə bil ki, bir neçə gürzənin zəhəri mozalanda toplanmışdı. Mozalan hər dəfə Ulduzun girəvəsini alıb onu sancınca, Ulduz çırpınırdı, gömgöy göynəyib yanıb-yaxılırdı ki, qanad alıb düzü-dünya boyu uçduğu Şükranı da öz qanadları üzərində uçurduğu, külli-aləmə səs saldığı zamanda yenə də mozalan onun ovqatını təlx edib, qanını zəhərləyirdi. Ancaq Şükran nə qədər göz qoyub baxsa da, mozalan Şükranın şahin gözlərinə görünmürdü. Hansı sehrləsə mozalan özünü sağ-salamat saxlayır, Ulduza bildiklərini edir, ondan heç bir fənalığını əsirgəmirdi. Qara mozalan öz qara cildinə girib birdən zəhərli ilana, birdən də qara bir əjdahaya çevrilirdi. İndi nə etmək olardı? Necə Ulduz bu mozalandan öz canını xilas edə bilər, öz əvvəlki nəşəsini qaytarıb, öz vəziyyətini düzəldə bilər, yenə də öz kişnərtisi ilə Göyən düzənlərini doldura bilərdi? Necə Ulduz yenə də ağqoyunluların gözündə parlaya bilər, Göyalı ilə Qaratelin, bunların oğul-uşağının – bütünlüklə Göylər obasının tütək çalan çobanlara qədər hər kəsi güldürə bilərdi? Necə Ulduz öz parlaqlığı ilə görəneşidən kəslərin ürəklərini aça bilərdi? Bir halda ki, bu qara mozalan, elə bil ki, qara bir məşum kölgə, dəhşətli bir kabus idi və öz dəhşətilə də Ulduzun başının üstünü almışdı, girəvəsini kəsmişdi, onu baş qaldırıb göz açmağa qoymurdu. Qara mozalan nəinki Ulduzun, Ulduzdan da artıq Şükranın ovqatını təlx edib qanını qaraldırdı, özü də Şükrandan ötüb Göyalını vahiməyə salırdı ki, gümüş saçlı Qaratelin ürəyinə hey qara damcılar damızdırırdı. Elə belə fikirləşəndə qara mozalan göz qabağında idi. Ancaq əslində heç də göz qabağında deyildi. Aydın idi ki, Ulduzu çalan, Ulduzun damarlarından yapışıb onun qanını axıdan, canına öz zəhərini yeridən heç bir ilan-əqrəb deyildi, qaraca bir mozalan idi. Əgər bu qaraca mozalan adicə mozalansa, canına şər-şeytanın qaraca nəfəsi dolmayıbsa, niyə bəs çəkilib getmir, niyə rədd olub uzaqlaşmır? Demək, qara mozalanın işi, qəsdi bu növrağı pozmaq idi, bu xanimanı dağıtmaq idi, bu müqəddəs nəşəyə zəhər qatmaq idi. Göyalı nəslinin çörəyini zəhərlə yoğurmaq idi, bəxtəvər ailəni ağlatmaq idi, ağqoyunluları qara yasa batırmaq idi. Şükranı doğan gümüşsaçlı, xoşbəxt Qarateli bədbəxt etmək idi. Bəs ayrı cür isə onda niyə bir küləkdə qayaların birinə çırpılmasın, yaxud Ulduzun qaça-qaça qopardığı toz-tozanağın içində itib-batıb qalmasın? Hey, hər yandan sağ-salamat çıxsın, diribaşlıq göstərib yaxa qurtarsın, alçaq qəsdini yerinə yetirməyincə, Ulduzun ürəyinə sağalmaz dağ çəkməyincə bir yanda qopub qalmasın?! Qara mozalan bu növrağı hey pozmaqdan, Göyalı ailəsinin sinəsinə dağ çəkib düyün qoymaqdan zövq alsın?! Baxanda bir qara dombagöz nə idi ki, Şükranın, ya Ulduzun ayaqları altına düşüb məhv olmasın? Amma nə edəsən ki, qar mozalan nə əl verir, nə də bunlardan hər birisinin ayaqları altına düşürdü. Getdikcə mozalan həyasızlaşır, sırtıqlaşır, öz zəhmlənən qara sir-sifətilə Göyalı külfətinin gününü göy əsgiyə düyürdü. O, Ulduzun şəhpərini qırıb Şükranın şöhrətini yox etmək istəyirdi. Şükranın köşək gözlərini söndürmək, Göyalının yurdculunu yoxa çıxarıb, onun ocağını keçirmək istəyirdi. Qara məqsədindən üzülməyən, qara qəsdinin yolunda yorulmaq bilməyən qara mozalan getdikcə daha da qatilləşirdi. Ulduzun qanını gündən-günə tez-tez sormaqdan, zəhərləməkdən başqa bicliyə, hiyləyə də keçirdi.
IXGöyalı ilə Qaratel yenə də qaraltı içində qaldılar, basaratları bağlanan kimi tərpənmədilər, danışa-danışa durdular. Onlar ulu Tanrıya inanmaq-inanmamaq təzadı içində dolaşırdılar. Nə əl-ayaq eləyib tezcə yaylağa qalxa bildilər, nə də aranda əyləşib arxayınlaşa bildilər. Ziyarət dağı onlardan ötrü dar ağacına döndü. Onlar bu dar ağacından asıla-asıla durdular. Ziyarət dağında ulu Tanrıdan diləyib aldıqları Şükranı onun amanında, pənahında saysalar da, yenə də şübhədən xilas ola bilmədilər, qara mozalanın gətirdiyi qaraltılardan qurtara bilmədilər.Nə isə, kələfin ucunu itirib vurnuxdular, vurnuxdular, bütün sözsöhbətlərinə baxmayaraq, üzə açılışıb Şükrana ciddi bir söz deyə bilmədilər. Onlar Şükranın ürəyinə qara qorxu salmaqdan qorxdular, gözlədilər, gözlədilər görək nə olur, bu qaraltı aldadıcıdır, ya necə? Gözlədilər görək ürəklərimizə daman qaraltıların əsli vardır, ya necə? “Axı biz Ziyarət dağına ziyarətə getmişik, biz orada övliya-ənbiya məqbərələrini, qabağımıza çıxan qara daşları öpmüşük, kəlləyə qalxıb ulu Tanrıya dəxil düşüb Şükranı almışıq. Yeddi qızın gözlərini güldürmüşük. Ağqoyunlu elinə bir səvari – Ulduz belində qanad açan ecazkar bir oğlan vermişik. Bəlkə bu mozalan lap adəti mozalandır, aranlarda olan qamışlıqla da qaynaşan, dana-dunanı dingildədən çox qaraca, heyvərəcə mozalanın birisidir? Biz Şükranı artıq istədiyimizdən, onun üstündə tir-tir əsdiyimizdən belə olur? Bəlkə bu gizli xof vahiməni açıb qızlarımıza, yeznələrimizə deyək?.. Bəlkə onlar öz oğul-uşaqları ilə birlikdə bizim ürəyimizə qaraltı salan qara mozalanı bu həndəvərdən qovsunlar? Ulduza da, Şükrana da rahatçılıq versinlər? Biz də ürəkdə qaralmayaq, arxayınlaşaq, arxayın-arxayın yığışılıb yuxarılara, ala yaylaqlara qalxaq?! Orada ala göllərin üstündə – dədə-baba yurdumuzda alaçıq-çadır quraq? Burada düzəni-dağı gözdən keçirə-keçirə yenə də Şükranın Ulduzun belində necə uçmağına, necə dağlardan aşmağına tamaşa edək? Şükranı aran elində, Göyəndə deyil, qar yağınca uzaqlarda, yaylaqda saxlayaq? Özümüz də Ulduza çiçəkli dağ yoncası yedirək? Ulduzu ağ göllərdə çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman qoymayaq Ulduzun üstünə nəinki bir qara mozalan, heç bir qara milçək də qonsun!”
Poems by other poets
Gözəllər aşiqi az olmamışam,Hamısı yan keçir indi yanımdan;
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
Ey sürməli çeşmin iki badami-siyahEy sürməli çeşmin iki badami-siyah,Yüzün çəmən, hüsnü xəttin mehri-giyah.
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,